Bəzi Qərb dövlətləri seçicilər qarşısındakı öhdəliklərini yerinə yetirə bilmirlər
Avropa idarəolunmaz hala düşüb. Aİ ölkələrinin sakinləri siyasətçilərin uşaq kimi dava salmasından şikayətlənirlər. Amerikanın nüfuzlu "The Wall Street Journal" (WSJ) nəşri yazır ki, hökumətlər hələ ən aktual və kəskin olanları - miqrantların sayının artması, Ukraynadakı münaqişə və iqtisadi durğunluğu saymasaq, sadə məsələlərdə belə ortaq dil tapmaqda çətinlik çəkirlər.
Bu yaxınlarda keçirilən debatda bir alman seçicisi kansler Olaf Şoltsu kəskin tənqid edib: "Hökumət ölkəni idarə etmək iqtidarında deyil, nazirlər isə uşaq kimi dava salırlar. Şolts isə bu "zərbəni" dəf etmək əvəzinə, opponentin haqlı olduğunu etiraf edib. Həqiqət budur ki, siz haqlısınız. Bəs siz nə edərdiniz?"
Dialoq bir vaxtlar nümunəvi idarəetmə modeli kimi nümayiş etdirilən Avropanın ən böyük iqtisadiyyatında ciddi rezonans doğurmayıb. İndi artıq hamı tərəfindən qəbul edilir ki, siyasətçilərin razılaşa biləcəyi çox az şey var. Onlar nəinki razılaşmaları praktikada tətbiq etmək, adi razılalaşmalara gəlməkdə belə çətinlik çəkirlər.
İfrat sağçı "Almaniya üçün Alternativ" Partiyasının son seçki uğurları Şoltsun parçalanmış hökumətinə daha bir zərbə vurub.
Onilliklər ərzində Almaniya ilə yanaşı Avropa İttifaqının hərəkətverici qüvvəsi olan Fransa, iyun seçkilərinin nəticələrinə əsasən parlament kürsülərinin bir çox partiya arasında bölünməsindən sonra oxşar siyasi iflic vəziyyətindədir.
Sol partiyaların koalisiyası Milli Assambleyada yerlərin əksəriyyətini qazansa da, prezident Emmanuel Makron sağ mərkəzçi hökumət qurub. Bu qərar onun hökumətini Marin Le Penin rəhbərlik etdiyi ifrat sağçı "Milli Birlik" Partiyası qarşısında xüsusilə həssas edib. Əgər millətçi partiya hökumətə etimadsızlığa səs vermək və ya təqdim olunan büdcəni dəstəkləməkdən imtina etmək qərarına gəlsə, müvəqqəti tarazlıq dərhal pozulacaq.
Siyasi parçalanma və qütbləşmə ölkəni yalnız sol və sağ partiyalar arasında müxtəlif koalisiyalar vasitəsilə müvəqqəti idarə edə bilən siyasi liderlərin əl-qolunu bağlayıb. Hökumətlər ən aktual problemlərdən bəzilərinin - artan mühacirlərin, Ukraynadakı münaqişənin və durğun iqtisadiyyatın öhdəsindən gəlmək bir yana dursun, hətta əsas məsələlərdə də ümumi dil tapa bilmirlər.
"Eurasia Group" konsaltinq şirkətinin baş direktoru və Aİ-nin sabiq rəsmisi Müctəba Rəhman yaranmış acınacaqlı vəziyyəti belə izah edir: "Liderlər zəruri təcili tədbirlərə dair konsensus ətrafında çoxluq təşkil edə bilmirlər və etməyəcəklər. Populist dalğalanmanın səbəbləri - zəif iqtisadiyyat və kütləvi miqrasiya ilə mübarizə aparmaq üçün qətiyyətli islahatların olmaması bu pis dairəni davam etdirir".
Nəticədə, Aİ və üzv hökumətlər seçicilər qarşısında öhdəliklərini yerinə yetirmirlər və rəqibləri ABŞ və Çindən daha da geri qalmaq riski ilə üzləşirlər. Paralel olaraq artan borclanma xərcləri və ləng iqtisadi artım, hətta Almaniya kimi bir vaxtlar güclü dövlətlərdə belə əhalinin vergi yükünün artmasına səbəb olur.
Şoltsun SDP, "Yaşıllar" və biznes tərəfdarı Azad Demokratların daxil olduğu işıqfor koalisiyası, sorğuların nəticələrinə görə əksər insanların daha az aktual hesab etdiyi bəzi məsələlərdə - marixuananın leqallaşdırılması və gender kimliyinin identifikasiyasında razılığa gələ bilib.
Bir sıra digər məsələlərdə konsensusa gəlmək mümkün deyil. Avropa ölkələri Ukraynanın ehtiyaclarını ödəmək üçün silah istehsalının artırılmasına nail olmaq və ya miqrasiya ilə bağlı qitə miqyasında siyasət haqqında razılığa gəlmək üçün mübarizə aparır. Almaniya hökuməti mənzil böhranını yumşaltmaq, bürokratik əngəlləri azaltmaq, infrastrukturu yaxşılaşdırmaq və cinayətləri azaltmaq üçün verdiyi vədləri yerinə yetirə bilməyib. Almaniyada korporativ gəlir vergisi oxşar inkişaf səviyyəsinə malik ölkələr arasında ən yüksəkdir, infrastruktur dağılır. Məsələn, ötən ay Drezdendə təmir işlərinin ləngiməsi səbəbindən Elba çayının üzərindəki körpü uçub.
Makronun dövlət xərclərini azaltmaq vədlərinə baxmayaraq, reallıqda Fransanın büdcə kəsiri və borcu yalnız onun hakimiyyəti dövründə artıb. Ölkənin iqtisadi inkişafındakı əsas problemlər kütləvi işsizlik, maliyyəyə zəif çıxış, qeyri-sabit vergi siyasəti, səmərəsiz hökumət bürokratiyası, siyasi və makroiqtisadi qeyri-sabitlik, ixtisaslı kadr çatışmazlığı ilə bağlıdır.
Rizvan CƏFƏROV,
"Azərbaycan"