Almaniyada 17-45 yaş arası kişilərin xaricdə üç aydan artıq qalmaq üçün əvvəlcədən hərbi orqanlardan icazə alması tələb oluna bilər.
Bu dəyişiklik 1 yanvar tarixindən qüvvəyə minən “Hərbi Xidmətin Modernləşdirilməsi” Qanunu çərçivəsində tətbiq edilir. Yeni qanun Ukraynada baş verən müharibədən sonra yaranan təhlükəsizlik riskləri fonunda ölkənin müdafiə imkanlarını gücləndirmək məqsədi daşıyır.
Almaniya Müdafiə Nazirliyinin sözçüsü açıqlamasında təsdiqləyib ki, 17 yaşdan yuxarı kişilər xaricdə üç aydan çox qalmaq istədikdə əvvəlcədən razılıq almalıdırlar. Bildirilib ki, bu qaydanın məqsədi etibarlı və funksional hərbi qeydiyyat sistemini təmin etməkdir. Açıqlamada, həmçinin qeyd olunub: “Fövqəladə vəziyyət yaranarsa, xaricdə uzun müddət qalan şəxslər barədə məlumatlı olmalıyıq”.
Mövcud qanunvericiliyə əsasən, bu cür icazələrin adətən verilməsi nəzərdə tutulur. Lakin qaydanın pozulacağı halda hansı tədbirlərin görüləcəyi hələlik açıqlanmayıb.
Qeyd edək ki, bu tələbin hüquqi əsası 1956-cı ildə qəbul edilmiş “Hərbi Xidmətə Çağırış” Qanununa söykənir. Sözügedən qanuna sonuncu dəfə ötən ilin dekabr ayında dəyişiklik edilib. Əvvəllər xaricdə uzunmüddətli qalma barədə məlumat vermək öhdəliyi yalnız milli müdafiə və ya səfərbərlik vəziyyətində qüvvədə olurdu. Nazirlik rəsmilərinin sözlərinə görə, oxşar müddəa Soyuq Müharibə dövründə də mövcud olub, lakin praktik əhəmiyyət daşımayıb. Yeni qanun çərçivəsində Almaniya 2035-ci ilə qədər aktiv hərbi personalın sayını hazırkı 180 mindən 260 minə çatdırmağı planlaşdırır.
Ötən ilin dekabr ayında Almaniya parlamenti könüllü hərbi xidmət modelini də təsdiqləyib. Bu qərara əsasən, yanvar ayından etibarən bütün 18 yaşlı gənclərə silahlı qüvvələrə qoşulmaq istəyib-istəmədiklərini müəyyənləşdirmək üçün sorğular göndəriləcək. 2027-ci ilin iyul ayından başlayaraq isə onların mümkün müharibə şəraitində xidmətə yararlılığı xüsusi qiymətləndirmədən keçiriləcək. Qadınlar könüllü əsasda hərbi xidmətə qoşula bilsələr də, Almaniya Konstitusiyasına görə məcburi xidmətə cəlb edilə bilməzlər. Bununla belə, hökumət təhlükəsizlik vəziyyətinin daha da gərginləşəcəyi və ya könüllülərin sayının az olacağı təqdirdə məcburi hərbi xidmət variantının da nəzərdən keçirilə biləcəyini istisna etmir.
Yeni qanun cəmiyyətdə birmənalı qarşılanmayıb. Xüsusilə, gənclər arasında etiraz aksiyaları keçirilib.
Xatırladaq ki, Almaniyada məcburi hərbi xidmət 2011-ci ildə, keçmiş kansler Angela Merkel dövründə ləğv edilmişdi. Hazırkı kansler Fridrix Merts isə Bundesveri Avropanın ən güclü ənənəvi ordularından birinə çevirmək niyyətində olduqlarını bəyan edib.
Təhminə VERDİYEVA,
“Azərbaycan”