09 May 2024 10:57
194
CƏMİYYƏT
A- A+

Alman faşizmi üzərində qələbədən 79 il ötür  

 

1945-ci il mayın 8-də axşam saatlarında sovet radiosunun məşhur diktoru Yuri Levitan Kremlə çağırılır və ona Ali Komandanlığın Qələbə barədə çıxışı təqdim edilir. Bundan 35 dəqiqədən sonra onun əzəmətli, nadir tembrə malik nüfuzedici səsi ilə Almaniya üzərində qələbə qazanıldığı elan olunur.

Sovet ordusu Şimali Qafqazdan başlayaraq düşmən yuvasının mərkəzi Berlinə qədər uzanan yolu 1 418 günə qət edib. Faşizm üzərində qələbə 20 milyon insanın qanı bahasına qazanılıb. Bu müharibə imperiyaya daxil olan xalqlar tərəfindən xilaskar və ədalətli savaş hesab olunur, Hitler Almaniyası tərəfdən isə işğalçı xarakter daşıyırdı.

AZƏRTAC İkinci Dünya müharibəsində qazanılmış Qələbədə Azərbaycan xalqının və Bakı neftçilərinin tarixi roluna bir daha qısaca nəzər salır.

1941-1945-ci illərdə xalqımız istər ön cəbhədə, istərsə də arxa cəbhədə böyük qəhrəmanlıq nümunəsi göstərərək müharibədə Qələbəyə mühüm töhfə verib. Hətta belə bir ifadə də işlənir: almanlar üzərində qələbə Nikulinin mühərrikləri, Yakovlevin təyyarələri, Məmmədəliyevin yüksək oktanlı benzini hesabına qazanılıb.

Həqiqətən də Bakı nefti Qələbənin qazanılmasında əvəzsiz rol oynayıb. Müharibənin ilk günündən Azərbaycan neftçiləri gecə-gündüz çalışaraq, cəbhənin və iqtisadiyyatın bütün sahələrini yanacaqla təmin ediblər. Əbəs yerə deyildi ki, almanların planına əsasən 1941-ci il sentyabrın axırınadək Bakı işğal olunmalı, onun nefti alman şirkətlərinin sərəncamına verməli idi. Artıq bu plan üzərində böyük bir siyasi xətt yeridilirdi. Bakının hətta hərbi məntəqəyə çevrilməsi ilə bağlı qərar çıxarılmışdı.

Təkcə bir faktı xüsusi olaraq qeyd etmək yerinə düşər ki, 1941-1945-ci illərdə müharibə aparan Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb. Müharibə illərində yüksək oktanlı aviasiya yanacağının kəşf olunması Qələbəyə verilən əvəzsiz töhfələrdən biridir. Sovet aviasiyası məhz bundan sonra cəbhədə düşmənə ağır zərbələr endirməyə nail oldu.

Müharibə illərində Azərbaycandan cəbhəyə yeddi tondan çox donor qanı göndərib, azərbaycanlılar döyüşən ordunun ərzaq və isti geyimlə təchizatında fəallığı ilə seçilib.

Dünya hərb tarixinə ən dağıdıcı və dəhşətli müharibə kimi daxil olan 1941-1945-ci illər müharibəsinin başlandığı ilk gündən on minlərlə azərbaycanlı könüllü olaraq savaşa atılıb. Azərbaycan xalqı cəbhəyə ümumilikdə 640 mindən çox oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb.

Müharibə illərində göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabit müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Azərbaycandan olan döyüşçülər bir sıra Avropa ölkələrin azad olunmasında da yaxından iştirak ediblər.

Partizan hərəkatında iştirak edən soydaşlarımızın qəhrəmanlıq nümunələri saysız-hesabsızdır. İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının heç vaxt yaddaşlardan silinməyən qəhrəmanlıq və şücaəti gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsi olub.

Azərbaycan xalqı faşizmə qarşı müharibədə həlak olanların xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir. Müharibə iştirakçıları, veteranlar dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. 9 may – Faşizm üzərində Qələbə Günü ərəfəsində Prezident İlham Əliyevin müharibə veteranlarının sosial müdafiəsinin daha da möhkəmləndirilməsi ilə bağlı sərəncamlar imzalaması artıq ənənə halı alıb. Azərbaycan Prezidentinin 2024-cü il 2 may tarixli Sərəncamı ilə 1941–1945-ci illər müharibəsində iştirak etmiş şəxslərə 2 min manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına min manat məbləğində birdəfəlik maddi yardım verilib. Həmin Sərəncam ümumilikdə 3 minə yaxın şəxsə şamil olunub və onlardan 30 nəfəri İkinci Dünya müharibəsi iştirakçılarıdır.

Zaman keçir, illər ötdükcə bu qələbənin mahiyyəti və tarixi əhəmiyyəti bütün dünya üçün böyük məna kəsb edir. Azərbaycanda elə ailə, elə ev tapmaq olmaz ki, İkinci Dünya Müharibəsinin itki, ağrı və məhrumiyyətləri ondan yan keçmiş olsun. Ona görə də alman faşizminin qarşısını almaq üçün həyatlarını qurban vermiş Azərbaycan vətəndaşları bu gün də böyük minnətdarlıq hissi ilə yad edilir. Onların nümayiş etdirdiyi qəhrəmanlıq nümunələri xatirələrdə əbədi yaşayacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video