Albaniyanın Baş naziri Edi Rama ölkədəki zorakı etirazlar fonunda istefa verməkdən imtina edib. O, etirazlara görə Rusiya və İran da daxil olmaqla "xarici qüvvələri" günahlandırıb. Rusiya Xarici İşlər Nazirliyi ittihamları rədd edib.
Albaniyada Baş nazir Edi Ramaya qarşı artıq 6-cı gündür davam edən etirazlar bazar günü daha da alovlanıb. Buna baxmayaraq, hökumət başçısı birsaatlıq çıxışında istefa verməyəcəyini bildirib. Ardınca polis etirazçılara qarşı su şırnaqları və gözyaşartıcı qazdan istifadə edib. Nümayişlərin əsas mərkəzlərindən biri Tiranada Albaniya Təhsil Nazirliyinin qarşısındakı ərazi olub. AFP agentliyi xəbər verir ki, izdiham dağıldıqdan sonra etirazçılar paytaxtın mərkəzinə yollanıblar və bu da saatlarla davam edən zorakı toqquşmalara səbəb olub. Etirazçılar daş, Molotov kokteyli və fişəng atıblar, zibil konteynerlərini yandırıb, hakim partiyanın qərargahının və digər obyektlərin pəncərələrini sındırıb, polis bölməsinə və Daxili İşlər Nazirliyinin binasının girişinə od vurublar. AFP-nin məlumatına görə, 19 polis əməkdaşı da daxil olmaqla ümumilikdə 28 nəfər yaralanıb. Etiraz həftəsi ərzində yaralananların ümumi sayı 272 nəfər olub, onlardan 169-u polis əməkdaşıdır.
Bu arada Avstriyada bildiriblər ki, Albaniya hakimiyyəti E.Ramanın Vyanaya səfərini və oktyabrın 19-da keçirilməsi planlaşdırılan Kansler Kristian Ştoker ilə danışıqlarını ləğv edib.
Xatırladaq ki, etirazlar oktyabrın 13-də Tiranada keçirilən mitinqlə başlayıb. İştirakçılar universitetlərdəki problemlərin, o cümlədən yüksək təhsil haqqı və korrupsiyanın həll edilməsini tələb ediblər.
Oktyabrın 17-də hökumətinin ideoloqlarından biri olan Aleksandr Dugin Albaniyadakı nümayişçiləri dəstəkləyib. O, etirazların “albanların oyandığını” göstərdiyini bildirib. Rusiyanın Tiranadakı səfirliyi nümayişlərlə bağlı birbaşa şərh verməyib, lakin Rusiya vətəndaşlarını "ehtiyatlı olmağa və izdihamlı yerlərdən çəkinməyə" çağırıb.
Oktyabrın 18-də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Tirananın Rusiya və İrana qarşı etirazlara müdaxilə ittihamlarına münasibət bildirib: "Xeyr, Edi Rama, etiraz edən sizin ölkənizin vətəndaşlarıdır və məsuliyyəti başqalarına yükləməməlisiniz. Öz daxili problemlərinizi həll edin".
Rizvan CƏFƏROV