Azərbaycan iqlim dəyişikliyinin yumşaldılması və uyğunlaşdırılması sahəsində nümunəvi addımlar atır.
AZƏRTAC xəbər verir ki, bunu Afrikanın Səhiyyə Təşkilatları Assosiasiyasının rəhbəri, İqlim Dəyişikliyi və Tərəflər Konfransı üzrə Qlobal Vətəndaş Cəmiyyəti Konsorsiumunun sədri Uzodinma Adirieje AZƏRTAC-a müsahibəsində deyib.
COP29-da iştirak edən Uzodinma Adirieje iqlim dəyişikliyi ilə bağlı öhdəliklərin tam yerinə yetirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, karbon emissiyalarını azaldarkən cəmiyyətlərin bərpaolunan enerji imkanlarına malik olmasına xüsusi diqqət yetirilməlidir: “Bərpaolunan enerji mövcuddur, lakin bunun tətbiqi və istifadəsi maliyyə tələb edir. Kasıb insanlardan odun yandırmaqdan imtina edib bərpaolunan enerjiyə keçməyi tələb edə bilməzsiniz. Resurslar mövcud olmadıqda bu, utopiya kimi görünür. Buna görə də iqlim dəyişikliyinə dair əvvəlki öhdəliklər tam yerinə yetirilməli və yeni səylər sıfır emissiya hədəfinə 2030-cu ilədək, hətta daha tez nail olmaq üçün artırılmalıdır”.
O bildirib ki, COVID-19 pandemiyası bir çox məqsədlərə çatmağı çətinləşdirsə də, Dayanıqlı İnkişaf Məqsədləri üçün hədəf tarixi hələ də 2030-dur. Buna görə də bütün maraqlı tərəflərin öz səylərini ikiqat artıraraq iqlim dəyişikliyinin yaratdığı problemləri - daşqınlar, eroziya, aclıq, xəstəliklər və digər fəsadları aradan qaldırması zəruridir.
Azərbaycandakı bərpaolunan enerji sahəsindəki irəliləyişləri xüsusi vurğulayan Uzodinma Adirieje qeyd edib: “Bir həftədən çoxdur ki, Bakıdayam və gördüklərim məni heyrətə gətirdi. Burada bərpaolunan enerji potensialının yaradılmasına yönəldilmiş səmimi səylərin şahidi oldum. Hesab edirəm ki, Azərbaycan iqlim dəyişikliyinin yumşaldılması və uyğunlaşdırılması sahəsində nümunəvi addımlar atır”.
Qonaq, həmçinin COP29-un yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdıraraq bildirib: “Azərbaycanda təşkil olunan COP29 əvvəlki konfranslarla müqayisədə istisna təşkil edir. Burada gördüklərim və eşitdiklərim məni heyran etdi. Azərbaycan hökumətini, COP29-un təşkilatçılarını və media nümayəndələrini təbrik edirəm. Biz indi bir daha gördük ki, bu ilin fevralında təşkilatımız Azərbaycanda bu konfransın keçirilməsinin dəstəklənməsi barədə doğru bəyanatlar verib. Azərbaycan dünya üçün nümunəvi işlər görür”.