14 Oktyabr 2026 08:45
361
SİYASƏT
A- A+
ABŞ Konqresinin "erməni hərbi əsirlər" ritorikası siyasi manipulyasiya xarakteri daşıyır

ABŞ Konqresinin "erməni hərbi əsirlər" ritorikası siyasi manipulyasiya xarakteri daşıyır


ABŞ Konqresinin bəzi üzvlərinin növbəti dəfə "erməni hərbi əsirlər" və ya "siyasi məhbuslar" ritorikası ilə çıxış etməsi və tərəfimizdən - Milli Məclisin deputatları və qeyri-hökumət təşkilatları nümayəndələrinin birgə imzası ilə ünvanlanmış dolğun cavab məktubu Cənubi Qafqazda formalaşan yeni geostrateji reallıqlar fonunda Qərbdəki bəzi siyasi dairələrin ikili standartlar siyasətini bir daha çılpaqlığı ilə üzə çıxarır. 

Vaşinqton Sammitindən sonra Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması, delimitasiya və demarkasiya mexanizmlərinin işə düşməsi, eləcə də regionda kommunikasiyaların bərpası istiqamətində atılan tarixi addımlar fonunda ABŞ Konqresindən bu cür qərəzli tezislərin dövriyyəyə buraxılması təsadüfi xarakter daşımır. Burada əsas məqsəd beynəlxalq hüquq normalarını və suveren dövlətin yurisdiksiyasını təhrif etməklə, transmilli erməni lobbisinin siyasi konyunkturasına xidmət etmək və Bakı ilə İrəvan arasında vasitəçisiz, birbaşa ikitərəfli dialoq müstəvisində əldə olunan dinamik irəliləyişi ləngitməkdir. 

Milli Məclisin deputatı Bəhruz MƏHƏRRƏMOV qəzetimizə açıqlamasında deyib ki, konqresmenlərin məktubunda işlədilən ifadələr beynəlxalq hüququn təməl prinsipləri, o cümlədən suveren bərabərlik, dövlətlərin daxili işlərinə qarışmamaq və milli məhkəmə yurisdiksiyasına hörmət prinsipləri ilə köklü ziddiyyət təşkil edir: "Məsələnin hüquqi müstəvidə təhlili göstərir ki, Vaşinqtondakı müəyyən siyasi dairələr tərəfindən "siyasi və hərbi liderlər" kimi pərdələnməyə çalışılan şəxslər, əslində, Azərbaycanın suveren ərazilərində otuz ilə yaxın müddətdə mövcud olmuş qanunsuz xunta rejiminin rəhbərliyində təmsil olunmuş, sülh və bəşəriyyət əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq və etnik təmizləmə əməllərində birbaşa iştirak etmiş təqsirləndirilən şəxslərdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və beynəlxalq cinayət hüququnun presedentlərinə uyğun olaraq, milli ərazidə törədilmiş ağır cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin mühakimə olunması dövlətin müstəsna suveren hüququdur. Beynəlxalq humanitar hüququn, xüsusən 1949-cu il Cenevrə konvensiyalarının müddəalarına əsasən, müharibə cinayətləri və terror əməlləri törətməkdə şübhəli bilinən şəxslər "hərbi əsir" statusuna malik ola bilməzlər. Bu şəxslər universal yurisdiksiyanın və milli cinayət-cəza hüququnun təsiri altında ədalətli məhkəmə araşdırmasına cəlb olunublar, onların müdafiə hüquqları, prosessual təminatları tam şəkildə ödənilib, sübutlar və şahid ifadələri məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymətini alıbdır. Buna görə də konqresin məhkəmə hökmlərini siyasiləşdirmək cəhdi açıq və qərəzli şəkildə Azərbaycanın məhkəmə hakimiyyətinin müstəqilliyinə və suverenliyinə müdaxilə cəhdidir".

Deputat qeyd edib ki, politoloji baxımdan isə zaman-zaman eyni mövzunun gündəmə gətirilməsinin arxasında bir neçə strateji hədəf dayanır. İlk növbədə ABŞ-dəki daxili siyasi mübarizə və erməni diaspor təşkilatlarının maliyyə-siyasi dəstəyini qazanmaq istəyi konqres üzvlərini obyektiv reallıqları təhrif etməyə təhrik edir. İkincisi, Cənubi Qafqazda əldə olunan tarixi sülh imkanlarını, xüsusilə "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında" Sazişin paraflanması və regional nəqliyyat-kommunikasiya layihələrinin reallaşması ilə yaranan yeni geoiqtisadi konyunkturanı həzm edə bilməyən xarici mərkəzlər və imperialist məqsədlər hədəfləyən dairələr humanitar məsələləri manevr və təzyiq rıçağına çevirməyə çalışırlar. "Təxminən 241 kvadratkilometr ərazinin guya Azərbaycan tərəfindən "işğal edildiyi" barədə verilən birtərəfli qiymətləndirmələr də delimitasiya və demarkasiya kimi sırf ikitərəfli texniki-hüquqi prosesə kənardan qanunsuz müdaxilə etmək, nəticəni əvvəlcədən diktə etmək cəhdidir. Məlumdur ki, beynəlxalq hüquqda sərhədlərin müəyyənləşdirilməsi prosesi üçüncü tərəflərin subyektiv siyasi bəyanatları ilə deyil, dövlətlərin qarşılıqlı razılığı və tarixi-hüquqi sənədlər əsasında həyata keçirilən ikitərəfli komissiyaların fəaliyyəti tərkibində tənzimlənir", - deyə o əlavə edib.

O diqqətə çatdırıb ki, Milli Məclisin və QHT-lərin konqresmenlərə cavab məktubunda təmkinlə, lakin prinsipiallıqla xatırladıldığı kimi, əsl humanitar fəlakət və beynəlxalq hüquq pozuntusu otuzillik işğal dövründə Azərbaycan xalqına qarşı törədilib. Otuz ildən artıq müddətdə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini nümayişkaranə şəkildə pozan, bir milyondan çox azərbaycanlını etnik təmizləməyə məruz qoyan, 4010 soydaşımızın taleyini qeyri-müəyyən saxlayan və işğaldan azad edilmiş torpaqları 1,5 milyondan çox mina ilə çirkləndirərək faktiki olaraq mina terroru həyata keçirən Ermənistana qarşı Konqresin susqunluğu dərin mənəvi və hüquqi paradoksdur. Əgər ABŞ Konqresi, doğrudan da, universal humanitar dəyərlərə və mədəni irsin qorunmasına sadiqdirsə, diqqətini kütləvi məzar yerlərinin müəyyənləşdirilməsinə, minatəmizləmə fəaliyyətinə və Ermənistanda, eləcə də keçmiş işğal olunmuş ərazilərdə dağıdılmış Azərbaycan dini-mədəni irsinin bərpasına yönəltməlidir.

B.Məhərrəmov vurğulayıb ki, ABŞ-nin Azərbaycanla strateji tərəfdaşlıq imkanlarını məhdudlaşdıran və köhnəlmiş soyuq müharibə dövrünün rudimenti sayılan "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin qüvvədə saxlanılması və ya şərtləndirilməsi də  sülh prosesinə destruktiv təsir göstərən amillərdəndir: "Konqres bu maddənin tam ləğvi ilə Cənubi Qafqazda davamlı sülhə, regional reinteqrasiyaya və Vaşinqton Sammitinin ruhuna uyğun olaraq iki ölkə arasında yeni tərəfdaşlıq mərhələsinin başlamasına real töhfə verə bilər. Bu baxımdan konqresdəki müəyyən qrupların erməni hərbi cinayətkarlarını gündəmə gətirmək cəhdləri hüquqi əsasdan məhrumdur, sırf siyasi manipulyasiya xarakteri daşıyır və Azərbaycanın suveren yurisdiksiyası, milli təhlükəsizliyi və qətiyyətli sülh gündəliyi qarşısında heç bir hüquqi və ya siyasi təsir gücünə malik deyildir".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb YENİLƏNİB

21:58
14 Oktyabr

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

19:37
14 Oktyabr

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

19:36
14 Oktyabr

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib

19:35
14 Oktyabr

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib  

19:34
14 Oktyabr

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb

19:32
14 Oktyabr

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib  

19:31
14 Oktyabr

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər  

19:30
14 Oktyabr

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir  

18:48
14 Oktyabr

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

18:45
14 Oktyabr

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

18:44
14 Oktyabr

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib 

17:52
14 Oktyabr

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib  

17:51
14 Oktyabr

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

17:50
14 Oktyabr

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib  

17:48
14 Oktyabr

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

17:37
14 Oktyabr

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

17:36
14 Oktyabr

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır 

17:34
14 Oktyabr

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

17:33
14 Oktyabr

Azərbaycanın enerjisində “yaşıl dönüş”

17:31
14 Oktyabr

Albaniyada tələbə etirazları iğtişaşlara çevrildi  

17:18
14 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!