Avropa Parlamentinin vəsaitlərini oğurlamaqda təqsirli bilinən Fransanın Milli Birlik Partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Penə dəstək üçün petisiyaya artıq 250 min imza gəlib.
“Məni dəstəkləmək üçün açılan və bir neçə gün ərzində 250 min imza toplayan petisiya hər kəsə öz qəzəbini ifadə etməyə imkan verən xüsusi dinc aksiyadır”, - Le Pen sosial şəbəkədə - X-də yazıb.
Müraciət partiyanın saytında yerləşdirilib. Onlayn imzalana bilər. O, xüsusilə qeyd edir ki, məhkəmə prosesləri “Marin Le Peni gözdən salmaq və Partyanı zəiflətmək” məqsədi daşıyır.
Müraciətdə deyilir: “Bu, müxalifətin haqq səsini boğmaq cəhdidir”.
Noyabrın əvvəlində Fransa prokurorları Le Penin Avropa Parlamentinin vəsaitlərini mənimsəmə işi üzrə 5 il müddətinə azadlıqdan məhrum edilməsini tələb etmişdi. Eyni zamanda, ittiham tərəfi ondan bu müddətin üç ilini şərti olaraq, qalan iki il müddətində azadlıqdan məhrumetmə cəzasını elektron qolbaq taxmaqla və ya azadlığın məhdudlaşdırılmasının digər daha az sərt variantları ilə əvəz edilməsinə icazə verilməsini xahiş edir.
Bundan əlavə, prokurorluq siyasətçidən 300 min avro cərimə ödəməsini tələb edir. Nəhayət, prokurorlar hesab edirlər ki, Le Penə beş il müddətinə seçkilərdə iştirak qadağan edilməlidir. Əgər bu tələb məhkəmə tərəfindən təmin olunarsa, o, 2027-ci ildə keçiriləcək prezident seçkilərində namizəd kimi iştirak edə bilməyəcək.
Le Pen özü də əvvəllər bəyan etmişdi ki, o, nə Fransa qanunlarını, nə də Avropa Parlamentinin qaydalarını pozub. Onun sözlərinə görə, prokurorluq onun siyasi karyerasını məhv etməyə çalışır.
Rizvan CƏFƏROV,
“Azərbaycan”