16 May 2026 08:45
570
İQTİSADİYYAT
A- A+
Yeni çağırışlar TAP-ın genişləndirilməsini tələb edir

Yeni çağırışlar TAP-ın genişləndirilməsini tələb edir


Bu kəmərin təməlinin qoyulmasından 10 il keçir


Avropaya yeni mənbədən və yeni marşrutla qaz axınını təmin edən TAP-ın (Trans-Adriatik Qaz Boru Kəməri) təməlinin qoyulmasından 10 il keçir. Təməlqoyma mərasimi 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində keçirilib və orada Azərbaycanın, Yunanıstanın, ABŞ-nin, Albaniyanın, İtaliyanın, Türkiyənin, Gürcüstanın, Bolqarıstanın yüksəkvəzifəli şəxsləri, Avropa Komissiyasının və konsorsiuma daxil olan şirkətlərin səlahiyyətli nümayəndələri iştirak ediblər.

"Cənub qaz dəhlizi"nin sonuncu seqmenti olan TAP-ın çəkilişi bir neçə il davam edib və onun istifadəyə verilməsi ilə "Cənub qaz dəhlizi" tam sistem kimi işə düşüb. 

3500 kilometrlik bu dəhliz vasitəsilə Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılan qaz Gürcüstana, Türkiyəyə və Avropaya çatdırılır. Beləliklə, "Cənub qaz dəhlizi" üç kəmərdən - genişləndirilmiş CQBK (Cənubi Qafqaz Boru Kəməri), TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) və TAP-dan ibarətdir.

TAP uzun məsafə qət edərək Azərbaycan qazını İtaliyanın cənubuna, bu ölkədən də Qərbi Avropaya çatdırır. Kəmərin uzunluğu təxminən 878 kilometrdir. Marşrutun 550 kilometri Yunanıstanın, 210 kilometri Albaniyanın ərazisindən, 105 kilometri Adriatik dənizinin altından keçir və sonuncu, bir neçə kilometri İtaliyada quru sahəyə çıxır. Burada kəmər həmin ölkənin qaz nəqliyyatı şəbəkəsi ilə birləşir. Qeyd edək ki, TAP-ın səhmdarları BP (20 faiz), SOCAR (20 faiz), "Snam S.p.A." (20 faiz), "Fluxys" (19 faiz), "Enagas" (16 faiz) və "Axpo" (5 faiz) şirkətləridir.

2020-ci ilin son günündən başlayaraq TAP ahəngdar və təhlükəsiz şəkildə işləyir. Kəmərin daşıdığı Azərbaycan qazının ixrac coğrafiyası genişlənir. Bu gün ölkəmizdən Gürcüstan və Türkiyədən başqa, Yunanıstan, Bolqarıstan, İtaliya, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya, Slovakiya, Ukrayna, Suriya, Almaniya və Avstriya qaz alır. Göründüyü kimi, bunların 10-u Avropa İttifaqına üzv dövlətlərdir. 

Xatırladaq ki, Gürcüstana qaz CQBK ilə 2006-cı ildən çatdırılır. Türkiyə Azərbaycan qazını BTƏ (Bakı-Tbilisi-Ərzurum) kəməri ilə 2007-ci və TANAP-la 2018-ci ildən idxal edir. Avropaya isə ölkəmizdən qaz nəqli, qeyd edildiyi kimi, 2020-ci il dekabrın 31-də TAP-ın işə düşməsi ilə başlayıb. TAP-ın istifadəyə verilməsi və artıq ahəngdar fəaliyyət göstərməsi ölkəmiz üçün mühüm tarixi hadisədir. Regionun və Avropanın enerji təhlükəsizliyində önəmli əhəmiyyətə malik "Cənub qaz dəhlizi"nin sonuncu hissəsinin yekunlaşması həm də Azərbaycan qazını gözləyən bütün ölkələr, layihədə tərəfdaşlıq edən şirkətlər üçün böyük hadisə kimi dəyərləndirilir.

Yeri gəlmişkən onu da qeyd edək ki, 2026-cı ilin yanvar-mart ayları ərzində Azərbaycan xarici ölkələrə 6,5 milyard kubmetr təbii qaz ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 8,3 faiz artım deməkdir. İxracın istiqamətləri isə belədir: Avropa - 3 milyard kubmetr, Türkiyə - 2,4 milyard kubmetr (bunun 1,5 milyard kubmetri TANAP vasitəsilə), Gürcüstan - 0,8 milyard kubmetr, Suriya - 0,3 milyard kubmetr. Bu dövrdə ölkədə ümumi qaz hasilatı 12,6 milyard kubmetr təşkil edib. 

Yeni çağırışlar qarşısında Azərbaycan qazına tələbat artır. 2022-ci il oktyabrın 1-də Bolqarıstanın paytaxtı Sofiyada Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) istifadəyə verilməsi də bu tələbatdan irəli gəlir. Ümumi uzunluğu 182 kilometr olan IGB Bolqarıstanın və Yunanıstanın qaz nəqli şəbəkələrini birləşdirir. Kəmər Azərbaycan təbii qazını Bolqarıstana çatdırır. Bu məqsədlə Bolqarıstanın "Bulgargaz EAD" dövlət şirkəti "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. 2023-cü il dekabrın 10-da isə Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektoru fəaliyyətə başladı. Bu layihələrin reallaşması TAP-ın inkişafında mühüm bir mərhələnin başlanğıcı, "Cənub qaz dəhlizi"nin yeni qollarla diversifikasiyasının göstəricisi kimi qiymətləndirilir. Bunların ümumən Cənub-Şərqi Avropanın şaxələndirilmiş enerji təchizatında, istehlakçıların sərfəli və təmiz enerjiyə çıxışında strateji əhəmiyyət daşıdığı şəksizdir.

Dəhlizin genişləndirilməsi, ixracın şaxələndirilməsi isə zamanın çağırışıdır. Bu barədə 2015-ci ildən başlayaraq hər il Bakıda keçirilən "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının iclaslarında ətraflı söhbət gedir. Cari il martın 3-də keçirilən 12-ci toplantıda Prezident İlham Əliyev bu barədə belə demişdir: "Biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik. Artıq Avropanın daha iki ölkəsinə - Almaniyaya və Avstriyaya qaz tədarükünə başlamışıq. Beləliklə, hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır. Qarşıdakı illərdə Azərbaycanın yataqlarından yeni qaz hasilatı ilə əlaqədar olaraq hasilat həcmlərini artırmaq imkanımız mövcuddur. Lakin bunun üçün şübhəsiz ki, ötən dəfə də qeyd etdiyimiz kimi, mövcud qaz nəqli infrastrukturlarının genişləndirilməsi üzərində düşünməliyik. Çünki bu gün "Cənub qaz dəhlizi" artıq tam yüklənmiş vəziyyətdədir. Biz bazarda mövcud tələbatı və qlobal vəziyyəti nəzərə alaraq, artacaq tələbatı qarşılamaq məqsədilə əlavə genişləndirmə və interkonnektor imkanlarını araşdırırıq. Məqsədimiz ixracı maksimum səviyyəyə çatdırmaqdır".


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İyunun 8-i Ümumdünya Okeanlar Günüdür

14:28
08 İyun

Şalva Papuaşvili: Ermənistanla Azərbaycan arasında dialoq Gürcüstan üçün çox vacibdir

14:13
08 İyun

İsveçrədə Qarabağ atına həsr olunan abidə açılıb

14:11
08 İyun

Zəka Muradov: Səyyar ASAN xidmət fəaliyyət coğrafiyasını genişləndirir

14:06
08 İyun

Bahar Muradova: Asılılıq yaradan rəqəmsal mexanizmlər ciddi sosial nəticələrə səbəb olur

14:03
08 İyun

Neft bazarında bahalaşma: geosiyasi risklər qiymət artımını sürətləndirir

14:01
08 İyun

Kaya Kallas Yaxın Şərqdəki müharibədə yeni eskalasiya barədə xəbərdarlıq edib

13:56
08 İyun

Ukrayna Rusiyanın bir neçə mühüm obyektinə zərbələr endirib

13:51
08 İyun

“Turizmdə təhlükəsizlik” – BİRGƏ TƏLİM

13:47
08 İyun

İsrail İranın neft-kimya kompleksinə zərbə endirib

13:42
08 İyun

Pakistanın şimal-qərbində 27 silahlı öldürülüb

13:41
08 İyun

Azərbaycan–Litva dostluğuna və repressiya qurbanlarının xatirəsinə həsr olunmuş tədbir

13:39
08 İyun

Səfir: “ASAN xidmət”in Gürcüstana gəlməsi dövlətimizin xaricdə yaşayan vətəndaşlarımıza daimi diqqətini göstərir

13:23
08 İyun

Sabah bəzi yerlərdə yağış yağacaq

13:23
08 İyun

İran ABŞ ilə əlaqələri davam etdirəcəyini açıqlayıb

13:17
08 İyun

Yaxın Şərqdə artan gərginlik fonunda neft kəskin bahalaşıb

13:09
08 İyun

İsveçdə tarixin ən isti yaz mövsümü qeydə alınıb

13:02
08 İyun

Litva səfiri: Ortaq tarixi yaddaş xalqlarımız arasında həmrəyliyi gücləndirir

12:45
08 İyun

İsrail İranın hava hücumundan müdafiə sistemlərinə zərbələr endirib

12:36
08 İyun

Cənubi Qafqazdan Balkanlara uzanan strateji körpü: Azərbaycan-Serbiya münasibətləri 

12:29
08 İyun

Yanvar-may aylarında istehlakçılara 87 milyon manat ƏDV qaytarılıb

12:25
08 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!