Azərbaycan Respublikası davamlı inkişaf yolunda tarixi nailiyyətlər əldə edərək dünya birliyində böyük nüfuz qazanıb. 30 ilə yaxın müddət ərzində işğal altında qalan torpaqlarımız 44 günlük Vətən müharibəsində azad olunub. 2023-cü ilin sentyabrında Qarabağda aparılan antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilərək separatizmə birdəfəlik son qoyulub. Tarixi ədalətin təntənəsi olan bu hadisə beynəlxalq hüquqa hörmətlə yanaşan dövlətlər tərəfindən obyektiv qiymətləndirilir, Azərbaycanın haqlı mövqeyi dəstəklənir. Təəssüf ki, bütün bunları həzm edə bilməyən, erməni lobbisinin təsiri altında olmaqla ikili standartlar mövqeyi tutan bəzi Qərb dairələri xarici müdaxilələr və hibrid təhdidlər vasitəsilə Azərbaycana qarşı təzyiq göstərməyə çalışırlar.
COP29 kimi mötəbər beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi qərarının verilməsindən sonra xarici dairələrin ölkəmizə qarşı böhtan kampaniyası və ideoloji təxribatları güclənib. Hakimiyyətin əldə etdiyi uğurlara kölgə salmaq, ölkəmizin dünyada qazandığı nüfuza xələl gətirmək və əsassız bəyanatlarla ictimai rəyi çaşdırmaq üçün mediada və sosial şəbəkələrdə hər cür vasitələrə əl atılır.
Bu fikirlər fəlsəfə üzrə fəlsəfə doktoru Vüqar Səlimovun "Xarici müdaxilələr və hibrid təhdidlər" sərlövhəli məqaləsində yer alıb.
AZƏRTAC məqaləni təqdim edir.
Prezident İlham Əliyev bu il sentyabrın 23-də VII çağırış Azərbaycan Milli Məclisinin ilk iclasında bildirmişdir ki, xarici dairələr, xüsusilə Ermənistanın arxasında dayanan ölkələrin qəbul etdikləri qərarlar, qətnamələr və açıqlamalar verməsi ölkəmizə qarşı çirkin oyunların hələ bitmədiyini göstərir. Azərbaycanın uğurlarını həzm edə bilməyənlər yeni planlar hazırlayırlar. Qarayaxma, iftira və böhtan kampaniyalarının da məqsədi məhz budur. Azərbaycan Prezidenti qeyd edib: "Azərbaycan iqtidarı bunu bilir, ictimaiyyət də bunu bilməlidir. Ona görə bizim arxayınlaşmağa heç cür haqqımız yoxdur". Dövlətimizin başçısının çıxışından göründüyü kimi, xarici müdaxilələrin və hibrid təhdidlərin qarşısının alınması vacib məsələlərdən biridir. Buna görə də Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 30 sentyabr tarixli qərarı ilə parlamentin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının yaradılması Prezident İlham Əliyevin çıxışından irəli gələn mühüm addımlardan biri oldu.
Hazırda xarici dairələrin böyük canfəşanlıqla ölkəmizlə bağlı əsassız ittihamlar irəli sürməsi 2012-ci ildə "Eurovision" mahnı müsabiqəsi, 2015-ci ildə isə I Avropa Oyunlarının keçirildiyi günləri xatırladır. Həmin vaxt Azərbaycan adıçəkilən tədbirlərə evsahibliyi edirdi, indiki kimi, erməni diasporunun təsiri ilə ölkəmiz davamlı olaraq hibrid təhdidlərə məruz qalır, beynəlxalq təşkilatlarda qeyri-obyektiv xarakterli qətnamələr qəbul edilir, dünya dövlətlərini respublikamızda keçiriləcək tədbirlərdə iştirak etməkdən çəkindirməyə çalışılırdı. Məlumdur ki, həmin mənfur niyyətlər baş tutmadı, hər iki tədbir ölkəmizdə yüksək səviyyədə təşkil edilərək keçirildi.
Əvvəllər olduğu kimi, yenə də anti-Azərbaycan xarici dairələrin xətti ilə ölkəmiz haqqında mənfi rəy formalaşdırmaq üçün qərəzli sənədlər qəbul olunur, feyk məlumatlar əsasında "araşdırmalar" dərc edilməklə beynəlxalq ictimai rəydə yanlış təsəvvürlərin formalaşmasına çalışılır. Əslində, bu il oktyabrın 3-də ABŞ-nin bir qrup konqresmeninin bu ölkənin Dövlət katibinə müraciəti və Avropa Parlamentinin oktyabrın 24-də qəbul etdiyi "Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər" adlı qətnamə Azərbaycana qarşı hibrid təhdidlərin təzahürüdür. Xalqımız bu cür əməllərin mahiyyətinə yaxşı bələddir, eləcə də erməni təəssübkeşliyi çəkən xarici dairələrin sifarişi ilə Qərb mətbuatında irəli sürülən iftiraların, ikili standartlar siyasətinin dəfələrlə şahidi olub.
Xarici dairələrin ədalətdən və insan hüquqlarından danışmağa mənəvi haqları yoxdur. Çünki onlar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən işğal altında saxlanılması, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, işğal dövründə şəhərlərin və digər yaşayış məntəqələrinin, infrastruktur obyektlərinin tamamilə dağıdılması və xalqımızın milli-mədəni irsinin məhv edilməsi faktlarına bilərəkdən göz yummuşlar. Münaqişənin həlli üçün Azərbaycanla Ermənistan arasında aparılan danışıqlarda yeri gəldikdə ermənilərin mövqeyini müdafiə etmiş, onların işğalçılıq siyasətini davam etdirmələrinə açıq və gizli şəkildə dəstək vermişlər.
Xarici dairələr ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olması faktını qəbul edərək, Ermənistanı beynəlxalq hüquqi norma və prinsiplərin tələblərinə riayət edib Azərbaycanla sülh müqaviləsi imzalamağa çağırmaqdansa, tamamilə fərqli mövqe tuturlar. Onlar Ermənistanda revanşist meyilləri gücləndirməklə regionda yenidən münaqişənin alovlandırılmasına çalışırlar. Bu cür niyyətdə olanların COP29-a siyasi rəng verərək, ölkəmizi müxtəlif bəhanələrlə ittiham etmələri heç bir məntiqə sığmır.
Tarixə nəzər salsaq görərik ki, dünyada geosiyasi gərginlik, siyasi toqquşmalar və iqtisadi böhranların yaranmasının əsas səbəblərindən biri də Qərbin hibrid təhdidləri ilə bağlıdır. Sovet İttifaqının süquta uğraması ilə "soyuq müharibə" başa çatdıqdan sonra güman edilirdi ki, Qərb demokratiya, insan hüquqlarının qorunması adı altında geosiyasi və geoiqtisadi maraqlarını həyata keçirmək, bu prosesdə onun göstərişləri ilə razılaşmayan ölkələrin daxili işlərinə müdaxilə etmək niyyətlərindən əl çəkəcək. Lakin çox keçmədən dünyada baş verən hadisələrdən aydın oldu ki, Qərb müəllifi olduğu "yeni dünya nizamı" çərçivəsində ənənəvi hibrid təhdidlərlə beynəlxalq münasibətləri özü istədiyi kimi formalaşdırmağa və istiqamətləndirməyə çalışır.
Qərbin hibrid təhdidləri çərçivəsində 1990-cı illərdə Balkandakı münaqişələrdə, xüsusilə Bosniya və Kosovo müharibələrində hərbi müdaxilə və iqtisadi sanksiyalardan istifadə edilmişdir. 2010-cu ildə "Ərəb baharı"nın başlaması birbaşa Qərbin hibrid təhdidlərinin nəticəsi olmuş, vətəndaş müharibəsi, iqtisadi böhranlar və siyasi-hərbi toqquşmaların gedişində kütləvi insan tələfatı ilə nəticələnən bu prosesin miqyasının daha genişlənərək digər dövlətlərə yayılmasına çalışılmışdır. Qərbin hibrid təhdidləri nəticəsində alovlandırılan münaqişələrdən biri də Ukrayna ilə Rusiya arasındakı müharibədir.
Cənubi Qafqaz da Qərb dairələrinin hibrid təhdidlərinin regional məkanlarından biridir. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında maraqlı olmayan Qərb dairələri hazırda Gürcüstanı hədəf seçərək cidd-cəhdlə bu ölkədə daxili qarşıdurmalar yaratmağa çalışır. Xüsusilə oktyabrın 26-da Gürcüstanda keçirilmiş parlament seçkilərinin nəticələri Qərbin regionda geosiyasi niyyətlərini iflasa uğratmışdır. Mövcud vəziyyətlə barışmaq istəməyən Qərb dairələri Gürcüstana qarşı iqtisadi təzyiq göstəriləcəyini, siyasi xarakterli problemlərlə üzləşdiriləcəyini açıq şəkildə bəyan edir ki, bu da hibrid təhdidlərin klassik nümunələridir.
Hibrid təhdidlər: çoxpilləli strategiyalar və taktikalar
Əvvəlki dövrlərlə müqayisədə hazırda hibrid təhdidlərin miqyası daha da genişlənib. Bunun əsas səbəbləri yeni texnologiyaların, xüsusilə informasiya, kibersistemlər sahəsində inkişafın hibrid təhdidlər üçün yeni imkanlar yaratması, dünyanın geosiyasi mənzərəsində özünü göstərən qeyri-müəyyənliklər, asimmetrik xarakterli münaqişələrin sayının artması, beynəlxalq institutların fəaliyyətində müşahidə edilən zəiflik, bəzən onların praktiki addımlar atmaqdan daha çox heç bir kəsəri olmayan deklarativ bəyanatlar verməklə kifayətlənməsi kimi amillərdir.
Hibrid təhdidlər rəqiblərin xarakterinə, strategiyalarına, metodlarına görə asimmetrik və simmetrik olmaqla bir-birindən fərqlənir. Asimmetrik hibrid təhdidlər adətən tərəflərdən birinin zəif olduğu qeyri-bərabər qüvvələrdən (məsələn, üsyançılar nizami orduya qarşı) istifadəyə əsaslanır. Burada partizan müharibəsi, kiberhücumlar, təbliğat və terror taktikalarına əl atılır. Simmetrik hibrid təhdidlərdə tərəflər güc və imkanlar baxımından bərabər üstünlüyə malikdir. Bu təhdidlər zamanı hərbi əməliyyatlarla müasir texnologiyaların (dronların istifadəsi, kiberhücumlar və s.) birgə kombinasiyası tətbiq olunur, ənənəvi və qeyri-ənənəvi metodlara əsaslanan strateji planlaşdırma hazırlanaraq həyata keçirilir.
Hibrid təhdidlərin metodları özündə müxtəlif strategiya və taktikaları ehtiva edir ki, onların sırasında informasiya müharibəsi, kiberhücumlar, proksi qüvvələrdən istifadə, iqtisadi təzyiq və ənənəvi hərbi əməliyyatlar mühüm yer tutur.
İnformasiya müharibəsində dezinformasiyalar yaymaq yolu ilə vətəndaşların dövlət institutlarına, mediaya inamının sarsıdılmasına, hansısa siyasi qüvvəni dəstəkləmək, yaxud onu sıradan çıxarmaq üçün ictimai rəyin formalaşdırılmasına, sosial münaqişələrə səbəb ola biləcək xaos və qarşıdurmaların yaradılmasına çalışılır. Qeyd edək ki, dezinformasiya yaymaq metoduna xüsusi əhəmiyyət verilməsi daha çox sosial- psixoloji səbəblərdən irəli gəlir. Burada əsas məqsəd dezinformasiya vasitəsilə qarşı tərəfi çaşdırıb onun real vəziyyəti obyektiv qiymətləndirməsinə çətinlik yaratmaqdan ibarədir. Ona görə də hibrid təhdidlərdə dezinformasiyaya əhali arasında narazılıq və çaxnaşma yaratmaq vasitələrindən biri kimi baxılır.
Dezinformasiyadan istifadəyə xüsusi önəm verilməsinin əsas səbəblərindən biri də maliyyə ilə bağlıdır. Belə ki, dezinformasiyanın yayılmasını təşkil etmək hərbi əməliyyatlardan daha az maddi resurs tələb etdiyindən ona sərfəli strateji metod kimi yanaşılır. İnformasiya müharibəsi aparan tərəf özünün maraqlarına cavab verən siyasi qüvvələri dəstəkləyir, rəqib hesab etdiyi ölkələr haqqında isə beynəlxalq aləmdə mənfi imicin formalaşdırılmasına cəhd göstərir. İnformasiya müharibəsində əsas diqqət bilavasitə insanların fikir və davranışlarına təsir etmək məqsədilə məlumat və qavrayışın manipulyasiyasına yönəldilir. Bu məqsədlə mediadan, sosial şəbəkələrdən dezinformasiya və təbliğat platforması olaraq fəal şəkildə istifadə edilir.
Kiberhücumlar ənənəvi hərbi münaqişələrin elementləri ilə rəqəmsal strategiyaların birləşməsinə əsaslanır. Hakerlər vasitəsilə ələ keçirilmiş hesablar və saytlarda dezinformasiyanın yayılmasına üstünlük verilir ki, burada əsas niyyət insanları informasiyanın doğru, yaxud yalan olmasını ayırd etməkdə çətinliyə yuvarlamaqdır. Zərərli proqramlardan istifadə etməklə məlumatlar nəinki oğurlanır, hətta onların mahiyyəti bilərəkdən dəyişdirilir. Müxtəlif sektorlara (maliyyə, səhiyyə və s.) kütləvi kiberhücumlar vətəndaşlarda çaxnaşma, narazılıq yaratmaq məqsədi güdür.
Proksi qüvvələrdən istifadə dedikdə, xarici oyunçunun sifarişini yerinə yetirən, lakin müstəqil fəaliyyət görüntüsü ilə pərdələnən marionet qrupların yaradılması və idarə olunması nəzərdə tutulur. Münaqişələr vasitəsilə gərginlik yaratmaq niyyəti güdən, zərərli ideologiyaların yayılması məqsədi daşıyan, xarici oyunçunun mövqeyini gücləndirməyə çalışan bu qruplar cidd-cəhdlə kənar aktorlarla işbirliyini gizlətməyə cəhd edirlər. Xarici aktor da öz növbəsində proksi qüvvələrlə əlaqəsinin olduğunu bildirməkdə həvəsli görünmür ki, beynəlxalq hüquqi normalarla bir araya sığmayan əməllərinə görə (məsələn, ölkələrin daxili işlərinə müdaxilə və s.) məsuliyyətdən yayına bilsin.
İqtisadi təzyiq qarşı tərəfin iqtisadiyyatına və maliyyə sabitliyinə təsir etməklə onu zəiflətməyə yönəlmiş metoddur. Burada iqtisadi sanksiyalar tətbiq etməklə geosiyasi məqsədlərə nail olunması əsas yer tutur. Hədəf seçilmiş ölkədə iqtisadi vəziyyətin ağırlaşmasına çalışılır ki, cəmiyyət siyasi-iqtisadi böhrana sürüklənsin və əhalidə dövlətə qarşı narazılıq yaransın. Maliyyə institutları, bank sistemləri və ödəniş infrastrukturunun fəaliyyətinə maneçilik törətməklə iqtisadi xaosun yaradılması, neft, qaz və digər təbii sərvətlərin ələ keçirilməsi, yaxud onlara çıxışın qarşısının alınması ilə əks tərəfin iqtisadiyyatının zəiflədilməsinə cəhd edilir. Maliyyə bazarlarında valyuta və səhm qiymətlərində kəskin dalğalanmalara səbəb ola biləcək çaxnaşma yaratmaq üçün iqtisadi dezinformasiya üsuluna əl atılır.
Hərbi əməliyyatlardan istifadə olunması hibrid təhdidlərin digər metodlarından fərqlənir. Belə ki, hərbi əməliyyatlarda silahlı qüvvələr və hərbi texnika vasitəsilə hədəf seçilmiş ölkənin ərazisinin ələ keçirilməsi, yaxud hərbi obyektlərinin məhv edilməsi nəzərdə tutulur, hibrid təhdidlərin qeyri-ənənəvi metodları (dezinformasiya, kiberhücumlar və s) isə siyasi-ideoloji xarakter daşıyır.
Hibrid təhdidlərin ideoloji və qlobal təhlükəsizliyə təsiri
Hibrid təhdidlərin ideoloji təhlükəsizliyə təsiri müxtəlif istiqamətlərdə özünü göstərir. Milli kimliklə, adət-ənənələrlə uzlaşmayan yad dəyərlərin, radikal və ekstremist ideologiyaların yayılmasına çalışılır. İdeoloji təxribatlar yolu ilə dövlətin siyasətinə kölgə salınır, ictimai-siyasi sabitliyin zorakı vasitələrlə pozulmasına cəhd edilir. İdeoloji təxribatların həyata keçirilməsində sosial medianın imkanlarından geniş istifadə olunur.
Hədəf götürülmüş ölkəni beynəlxalq aləmdə nüfuzdan salmaq, ideoloji və qlobal təhlükəsizliyə təhdid yaratmaq üçün müxtəlif metodlar tətbiq edilir. Xüsusilə xarici ictimai rəyə hesablanmış siyasi, sosial-iqtisadi xarakterli yanlış məlumatlar yayılır. Dövlət orqanlarının elektron informasiya ehtiyatları sisteminə qanunsuz müdaxilələr yolu ilə əldə edilən məlumatlardan kompromat kimi istifadə olunur, müxtəlif media kanalları, o cümlədən sosial şəbəkələr vasitəsilə dünya birliyində ölkə haqqında mənfi imicin yaradılmasına çalışılır. Hətta vətəndaş müharibəsinin baş verməsi üçün siyasi-iqtisadi metodlara əl atılır. Müxalif siyasi qruplar və etnik-dini icmalar qeyri-şəffaf yollarla maliyyələşdirilərək pozuculuq əməlləri törətməyə sövq edilir.
Bəzən beynəlxalq təşkilatlar da iqtisadi təzyiq vasitəsi kimi hibrid təhdidlərin həyata keçirilməsinə cəlb olunur. Bu təşkilatların xətti ilə maliyyə resurslarına, ticarətə və vacib əhəmiyyət daşıyan texnologiyaların əldə olunmasına çıxış məhdudlaşdırılmaqla ölkələrə qarşı sanksiyaların tətbiqi kampaniyası daha da genişləndirilir. Hətta hədəf seçilmiş tərəfə kollektiv təzyiq göstərilməsi üçün beynəlxalq koalisiyalar formalaşdırılır.
Hibrid təhdidlərin qarşısının alınması yolları
Hibrid təhdidlərin qarşısının alınması kompleks yanaşma, siyasi-iqtisadi vasitələri özündə birləşdirən koordinasiyalı fəaliyyətin göstərilməsini tələb edir. Bu məqsədlə siyasi sahədə:
* şəffaflığın, hesabatlılığın və dövlət orqanlarına etimadın artırılması yolu ilə dezinformasiyalara həssaslığın azaldılması;
* informasiya təhlükəsizliyinin gücləndirilməsi, bu sahədə mütəmadi monitorinqlərin aparılması;
* ictimai rəyin qeyri-obyektiv istiqamətdə formalaşdırılması, idarə olunması niyyətlərinin media və sosial şəbəkələr vasitəsilə ifşa edilməsi;
* hibrid təhdidlərə qarşı mübarizədə digər dövlətlərlə tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi;
* kibercinayətkarlıq, radikalizm və ekstremizm ilə mübarizəyə dair qanunvericiliyin təkmilləşdirilməsi;
* informasiya hücumlarının qarşısının daha səmərəli şəkildə alınması üçün kibermüdafiə sistemlərinin gücləndirilməsi;
* əhalinin siyasi şüur və mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə siyasi-ideoloji təbliğat işinin səmərəli təşkili və s.
İqtisadi sahədə:
* davamlı iqtisadi inkişaf vasitəsilə iqtisadi manipulyasiya və sanksiyalara qarşı həssaslığın azaldılması;
* xarici amillərdən asılılığı azaltmaq üçün davamlı təchizat zəncirinin yaradılması;
* əhalinin həyat səviyyəsinin yüksəldilməsi üçün təsirli iqtisadi-maliyyə tədbirlərinin görülməsi və s.
Yuxarıda göstərilənləri ümumiləşdirsək aydın olur ki, müasir dövrdə yeni texnologiyaların sürətli inkişafı hibrid təhdidlərin həyata keçirilməsi imkanlarını artırır. Bu təhdidlər ölkələrarası və ölkədaxili münaqişələrin yaradılması, eləcə də idarə olunmasının əsas amillərindən biridir. Azərbaycan dövləti də mütəmadi olaraq hibrid təhdidlərlə üzləşir. Lakin onlar Prezident İlham Əliyevin qətiyyətli siyasəti, xalq-iqtidar birliyinin nəticəsində iflasa uğrayır. Müasir dünyada geosiyasi gərginliyin getdikcə güclənməsi xarici müdaxilələrin və hibrid təhdidlərin artacağını göstərir. Bu cür mənfi proseslərin qarşısının alınması üçün dünyanın sülhsevər dövlətləri arasında qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi vacib əhəmiyyət daşıyır.