Ana olmaq qadınlığın bəşəri vəzifəsidir. Bu vəzifə Yaradan tərəfindən qadına verilən ilahi bir möcüzədir, sirdir, cazibədir. Qadın doqquz ay bətnində gəzdirdiyi övladına elə qırılmaz tellərlə bağlanır ki, son nəfəsinə qədər bu, onun yaşamını tənzimləyir, həyatı sevməsinə stimul verir.
Amma elə qadınlar da var ki, analıq hissindən məhrumdurlar. Bu isə Allahın onlara verdiyi ən ağır cəzadır, hansısa günahlarının əvəzini ödəyirlər. Bundan betərini təsəvvür etmək olmaz. Qadın dünyaya gətirdiyi uşağına sahib çıxmırsa, bu, onun insani duyğulardan məhrum olması deməkdir. Bəzi analar və atalar övladından çox asanlıqla imtina edir, küçəyə atır, uşaq evinə verirlər. İki günlük körpəsini zibil qabına atan qadın zalımlıq, vicdansızlıq sərgiləyir.
Nə yaxşı ki imtina edilmiş, atılmış uşaq dövlətin himayəsində böyüyür, təhsil alır, cəmiyyətin bir üzvünə çevrilir. Valideyn himayəsindən məhrum olmuş uşaqların yaşadığı yerlərdən biri Bakının Nizami rayonundakı 1 saylı Uşaq evi sosial xidmət müəssisəsidir. Müəssisə 1950-ci illərdən uşaq bağçası kimi tikilib istifadəyə verilib. 20 il sonra 1970-ci ildə müəssisənin statusu dəyişdirilərək 12 nömrəli Uşaq evi olub. 1990-cı ildən sonra isə 1 saylı Uşaq evi kimi fəaliyyətini davam etdirir. Ötən 53 ildə uşaq evi Bakı şəhər Təhsil İdarəsinin, Təhsli Nazirliyinin və Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində işləyib. 2023-cü ilin dekabrından Nazirlər Kabinetinin qərarı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin tabeliyinə verilib.
Burada "Sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, uşaqlara sosial xidmətin ayrı-ayrı formalarına və növlərinə uyğun, onların sosial adaptasiyasının təmin olunması üçün sosial reabilitasiya tədbirlərinin həyata keçirilməsi və asudə vaxtlarının səmərəli təşkil edilməsi məqsədilə xidmətlər göstərilir. Müəssisədə uşaqlar sosial-məişət, sosial-psixoloji, tibbi-sosial, sosial-pedaqoji və sosial-hüquqi xidmətlər ilə təmin olunurlar. Uşaqlar yaşa və cinsə uyğun olaraq qruplaşdırılırlar.
Uşaq evi... Adından da göründüyü kimi, buranın sakinləri azyaşlılardır. 3-18 yaşlı uşaqlar bu evdə böyüyür, tərbiyə alır, həyata hazırlanırlar. Bu evdə bir neçə gün əvvələ kimi 100 uşaq yaşayırdı, onlardan biri - Ayxan Əhmədli əsgəri xidmətə yollandı. İndi ailədə 99 uşağa 34 nəfər pedaqoji, inzibati-təsərrüfat, tədris-köməkçi və xidmətedici heyət qulluq edir. Məlumdur ki, ailə sağlam cəmiyyətin və güclü dövlətin təməlidir. Əbəs yerə "Ailə dövlətin kiçik modelidir" deyilmir. 1 saylı Uşaq evinin kollektivi də məhz bu dövlətin təməlinin daha möhkəm olmasına çalışır.
Uşaq evinin direktoru Nərminə Zöhrabova deyir ki, uşaqlara yaşadıqları yerə müəssisə kimi yox, öz evləri kimi yanaşmağı təlqin edirik. Tərbiyəçilərimiz onlarla valideynləri kimi davranmağa çalışır, heç bir diqqəti əsirgəmirlər: "Tərbiyəçi, şübhəsiz, uşağa qayğı ilə yanaşmalıdır. Uşaq onun baxışlarında, nəfəsində ana və ya ata hərarəti hiss etməlidir. Amma yetim uşağa "yazıq balam" deyə-deyə oxşamaq, əzizləmək, göz yaşı axıtmaq mənasızdır. Uşağın ətrafında "yetimlik", "yazıqlıq" ovqatı, ab-havası yaratmaq uşağın özü haqqındakı təsəvvürünü dəyişmir. Ona görə də biz əsas diqqəti uşaqların tərbiyəsinə və inkişafına yönəldirik. Uşaqlarda xeyirxah, insani keyfiyyətlər, Vətənə, təbiətə məhəbbət hissi, humanistlik, insanpərvərlik ruhu tərbiyə olunmasına çalışırıq".
Kimsəsiz, valideyn himayəsindən məhrum uşaqlar olduqca həssas və kövrək olurlar, onlara göstərilən diqqəti, qayğını mənimsəməkdə bəzən çətinlik çəkirlər. Ana şəfqətinin nə olduğunu bilməyən atılmışlar, ata sevgisini görməyən "atalı-analı yetimlər" bu uşaq evində yarı yolda buraxılmırlar. Əksinə, o uşaqları yarıyolda qoyan valideynlərdən küsməməyi, onları günahlandırmadan, mühakimə etmədən birdəfəlik üz çevirməməyi, bütövlükdə insanlara qucaq açmağı öyrədirlər. Bunun üçün, ilk növbədə, onların qəlbindəki sevgi qığılcımını alovlandırmaq, nifrət hissini məhv etmək, şəxsiyyət kimi yetişdirmək yolunda addım atırlar. Nərminə xanım bu məsələdə uşaqlarla çalışmağın çox incə və həssas məqam olduğunu vurğulayaraq bildirdi ki, biz onların təkcə fiziki sağlam olmasına deyil, həm də ruhi sağlamlığına diqqət yetiririk: "Bu, çox vacibdir. Ruhi sağlamlıq dedikdə uşağın psixoloji vəziyyəti nəzərdə tutulur. Onların psixoloji durumu düzgün şəkildə formalaşdırılıb istiqamətləndirilsə və inkişaf etdirilsə, bu zaman ortaya ürəkaçan mənzərə çıxacaq. Bu mənada bizim psixoloq və tərbiyəçilərimiz uşaqlara yetərincə stimul verirlər".
Sosial müəssisənin direktoru bizi uşaqlara stimul verən digər amillərlə də tanış etdi. Sərgilənən əsərlər və eksponatlarla nağıl dünyasına bənzər rəsm və rəqs dərnəkləri, musiqi otağı, idman zalı, xalçatoxuma emalatxanasını məmnuniyyətlə qeyd edirik. Uşaqların tərbiyəsində və inkişafında böyük rolu olan bu işlərlə demək olar ki, uşaqların hamısı məşğul olur. Bu cür məşğuliyyət onların potensialını və istedadını üzə çıxarır. Xarici dillərin öyrənilməsi, kompüter savadı, tikiş, toxuma üzrə dərnəklər də uşaqlara mühüm həyati bacarıq və vərdişlər aşılayır. Nərminə xanım bildirdi ki, emalatxanada təkcə qızlar deyil, oğlanlar da xalça toxuyurlar. Balaca xalçaçıların emalatxanasında divardan çoxlu sayda xalça asılıb, onların da yanında əl işlərini nümayiş etdirdikləri sərgilərdən alınan mükafatlar...
Rəssamlıq otağında da uşaqların rəsm əsərləri nümayiş olunur. İstər kağız üzərində, istərsə də kətan parçada çəkdikləri əsərlər dəfələrlə sərgilərdə nümayiş olunub, balaca rəssamların çoxlu sayda mükafatları otağın bəzək əşyası kimi diqqətləri özünə çəkir. Sadaladığımız bu otaqlar nağılları xatırladır, qapını açıb içəri girəndə sanki nağıl dünyasına düşürsən. Həmin nağıl dünyasının bir sakininin adını çəkməsək olmaz. Bu, 13 yaşlı Adil Həsənovdur. Fiziki məhduduyyətli Adil qabelin sənəti ilə məşğul olur. Onun əl işləri dəfələrlə sərgilərdə nümayiş olunub. Böyüyəndə xalçaçı rəssam olmaq istəyir.
Yeri gəlmişkən, sosial müəssisənin gül-çiçəkli həyəti və bağçası, təmir olunmuş, tərtəmiz, səliqəli otaqları da diqqətimizdən yayınmadı. "Bu gözəlliyi, bu ab-havanı bizə Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyeva bəxş edib", - Nərminə xanım qürurla danışır: "Heydər Əliyev Fondu yarandığı gündən müəssisəmizi diqqətdə saxlayır. Uşaqlarımızın ali təhsil müəssisələrində oxuması, onların işlə təmin edilməsi, peşə vərdişlərinin aşkara çıxarılması istiqamətində mühüm işlər görür. Uşaqlarımız Mehriban xanımı çox sevirlər. Onun hər gəlişi burada toy-bayrama çevrilir. Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunan müəssisəmizin açılışı 2005-ci ildə Mehriban xanımın iştirakı ilə olub. 2017-ci ildə buranın iki sakini ailə həyatı qurub. Onların toyu Heydər Əliyev Fondu tərəfindən təşkil edilib, gənclərə mənzil və avtomobil hədiyyə olunub".
Direktorla söhbətlərimizi və gördüklərimizi yazmaqla bitirmək olmaz. Vurğulamağı unutmayaq ki, sosial müəssisənin sakinləri burada hər cür qayğı və sevgi ilə əhatə olunurlar. Ona görə də uşaq evindən ayrılıb müstəqil həyata başlayandan sonra da buranı unutmurlar. Vaxtaşırı gəlib kollektivlə görüşür, həyatda qazandıqlarını, sevinc və uğurlarını bölüşür, bəzən də problemlərini həll etməkdə yardım istəyirlər. Axı uşaq evi onları 18 il öz qoynunda saxlayıb.
Heç bir uşaq valideynini seçmir. Qadın hamilə olarkən sabahı düşünməlidir, dünyaya gətirəcəyi körpəsinin taleyi ilə bağlı uğurlu planlar qurmalıdır. Övladının uşaq evində böyüməsini ağlının ucundan belə keçirməməlidir. Əgər onu zibilliyə atacaq, xəstəxanadaca imtina edəcək, başqasına verəcək, uşaq evinə göndərəcəksə, əmin olsun ki, mütləq və mütləq həmin körpənin ahı bir gün onun yaxasından yapışacaq, özü də çox pis…
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"