24 Fevral 2026 09:30
442
Mədəniyyət
A- A+
Su çərşənbəsi - mifik təfəkkürdə suyun həyat rəmzi

Su çərşənbəsi - mifik təfəkkürdə suyun həyat rəmzi


Dünya xalqlarının yazın gəlişini, yeni həyatın başlamasını, gecə ilə gündüzün bərabərləşdiyi günü təmtəraqla keçirmək ənənəsi olub. Türk xalqlarının  mifik düşüncə və təsəvvürlərini, inanc, ayin-ritual və  mərasimlərini bu günümüzə yetirən sülhü, ədaləti, humanizmi, həmrəyliyi tərənnüm edən   mənəvi dəyərlər sistemi  Novruzdur. 

Bu mədəni dəyər  xaosdan kosmosa keçidin əsas mərhələlərində  bilavasitə iştirak edən dörd sakral  varlığın adı ilə bağlıdır ki, bunlar Su, Od, Yel və Torpaqdır. Həmin dörd varlıq  çərşənbələrin rəmzinə çevrilmiş, yaradılış və həyatvericilik funksiyasını formalaşdırmışdır. 

"Çərşənbə" sözünün etimologiyası ilə bağlı mənbələrdə fərqli  fikirlər var. Məsələn, bir mənbədə göstərilir ki, "qədim müsəlman təqvimində həftənin "cümə günü" bazar günü hesab olunduğu üçün həftənin V günü "çərşənbə", yəni dörd şənbəyə düşür". Çərşənbə "çaharşənbə" ifadəsinin işlək variantı kimi dilimizə daxil olmuşdur.  Çərşənbə günü yer üzündə həyatın yaranması gününün axşamı, ərəfəsi sayılıb,  həmin gün digər günlərdən daha düşərli olduğu üçün "mübarək gün" hesab edilib. İslam aləmində isə çərşənbə axşamı günü Məhəmməd peyğəmbərin zövcəsi Aişəyə məxsusdur. Başqa bir varianta görə, Şərq alimləri təqvim tərtib etməyə çalışıblar və həmin təqvimin hazırlanıb bitməsi çərşənbə axşamına təsadüf edib. Bəzi xalqlarda isə çərşənbə həftənin ağır günü hesab olunduğuna görə, həmin günün  rahat  keçməsini təmin etmək üçün onun axşamı hazırlıq işləri aparılardı.

 Mifoloji inam və etiqadlara görə, dörd çərşənbənin hər birində bir həyat varlığı "dirilir", oyanır, təzələnir və bununla bağlı olaraq xalq arasında müxtəlif  ayin-rituallar keçirilir. Novruzun müjdəçisinə çevrilən  çərşənbələrin hər biri mifoloji  mənbələrə əsaslanır və hər çərşənbədə mifik obrazlar iştirak edir.

Kiçik çillə bitəndən sonra novruzaqədərki mərhələdə boz ayın dörd çərşənbəsindən birincisi Su çərşənbəsidir. Su çərşənbəsi xalq arasında həm də "Əzəl çərşənbə", "Sular Novruzu", "Gözəl çərşənbə", "Gül çərşənbə", "Zəmzəm çərşənbə", "Sel çərşənbə" və s. adlandırılır.

Su ilkin başlanğıc və həyat mənbəyidir. Təbiətdə  və insan həyatında suyun yeri  müstəsnadır. Susuz həyat ölümə məhkumdur. Odur ki, həm mifoloji, həm də  dini mənbələrin  əksəriyyətində su ilkin həyatın başlanğıcı kimi təsvir olunur. Dünyanın yaranması ilə bağlı kosmoqonik miflərdə və  təbiətdə yaranmış ilk varlıq sudur. Mif mətnində göstərilir ki, "Yer üzünün tamam suya qərq olduğu, sudan başqa heç yerdə heç nəyin görünmədiyi zamanda  Allah- təala  çox da böyük olmayan, ancaq qıvraq, sağlam, ağıllı bir quş  yaratdı... Adını Humay qoydu. Allah-təala Humaya tapşırdı ki, gecə-gündüz ərzi su üzərində qanad çalıb dünyanı dolaşsın. Suyun harada azaldığını, harada artdığını, durulduğunu, harada bulandığını ayda bir dəfə  ona xəbər versin... Allah Humaya üç ləl verib buyurdu ki, onları  dilinin altında gizlədib  hər gün birini  dəryaya atsın... Humay buyrulan kimi etdi, Allahın yanına qayıtdı. Doqquz gün Allahın evində qonaq qalıb, onuncu gün ləlləri atdığı yerlərə qayıdanda  suların düz ortasında, uca bir ağacın ucaldığı böyük bir torpaq gördü..."

Uca Yaradan Qurani-Kərimdə buyurur: "Hər canlı şeyi sudan yaratdıq" ("Ənbiya", 30). İslamda su sədəqəsi  ən üstün sədəqə sayılır. Məkkə ərazisində yerləşən "Zəm-Zəm" bulağı islam inanclarına görə, Allahın izni ilə yaradılıb. Dünya Səhiyyə Təşkilatının raportuna görə, "Zəmzəm" suyu tərkibində heç bir mikroorqanizm  və bakteriya olmayan ən sağlam sulardandır. "Zəmzəm" suyu susuzluğu aradan qaldırmaqla yanaşı, həm də şəfa mənbəyidir.

Türk xalqlarının mifoloji düşüncəsində su sakral  hesab olunur və su kultu mühüm yer tutur. Su tanrıları  Abanın və Nahidin adı ilə bağlı folklor mətnləri yaranmış və  bu günə qədər qorunub saxlanmışdır: 

Aban abana gəldi,

Aban imana gəldi,

Abana yol verin, 

Abana qol verin. 

Al Aban haylı gəlib,

Al Aban paylı gəlib...

Suyun müqəddəsliyini tərənnüm edən Novruzun başlıca rəmzlərindən olan Su çərşənbəsi şifahi yaddaşda zəngin  etiqadlar, mərasimlər sistemində  təzahür   edilib. Su çərşənbəsi suya inam, suya tapınma ilə bağlıdır. İnsanlar hələ gün doğmamış su üstünə gedər, axar suda yuyunar və bununla da özlərini paklanmış hesab edərdilər. Su çərşənbəsində insanlar axar sudan gətirib evə, həyət-bacaya səpər, bununla da müşküllükdən, çətinlikdən, azar-bezardan azad olmalarına inam bəsləyərdilər. Suyun müqəddəsliyi  folklor mənbələrində, o cümlədən "Kitabi-Dədə Qorqud"da Qazan xanın "Su həq didarın görmüşdür" ("Su Tanrının  üzünü görmüşdür") müraciətində, "Koroğlu"da Qoşabulağın timsalında, Xızırın dirilik çeşməsində içdiyi suda əyan olmuşdur. Türk mifoloji qaynaqlarında  "su əyəsi" obrazına rast gəlmək olar ki,  o bütün əyə-sahiblərdən  güclü hesab olunur. Hətta bəzi mifoloji təsəvvürlərə görə, "su əyəsi", yaxud "su yiyəsi" qadın obrazı kimi səciyyələndirilir. Digər mənbəyə görə,  "suyun altında su əyəsinin  öz səltənəti, öz sarayı var. Həmin su əyəsinin adı İlyasdır". Su üstünə gedərkən  su əyəsinə  salam vermək mütləqdir.

Türk xalqları  bulaqları "qara su" yəni ilahi, müqəddəs hesab etmiş və bulağı yeraltı  dünya ilə yerüstü işıqlı dünya, eləcə də olum və ölüm arasında bir yol bilmişlər. Ona görə də həmin suyu "dirilik suyu" adlandırmış və  müxtəlif adlarla, "Həyat suyu", "Xızır suyu", "Zəmzəm suyu" kimi  ifadə etmişlər. 

Folklorumuzda dirilik suyu ilə bağlı yaranmış əfsanə və rəvayətlərin süjetlərinə  görə, Xızır, yaxud Xıdır "dirilik suyu"nu tapıb içir, əbədi həyat-ölməzlik  qazanır,  ona görə də "Nəbi" peyğəmbərlik statusunu qazanır. Ezoterik görüşlərdə və xalq ənənəsində  qarışıq yuxunu axar suya danışmaqla  yuxunun  mənfi təsirindən qurtulmaq  mənası da var ki,  bu, suyun  həm aydınlığı, həm də  arzuolunmaz enerjini yuyub aparması inamına  söykənir.

Xalq arasında "Sular toyu" və ya "Axar sular Novruzu" kimi tanınan bu çərşənbə axşamında "Dan ulduzu" doğulan zaman yer üzündəki bütün axar sular bir an donub dayanır, hətta bu zaman suya heç nə batmır. Su çərşənbəsi axşamında  Xızır ilə İlyasın görüşü baş tutur. Mifoloji təsəvvürlərə görə, Xızırla İlyas görüşərkən sular ətrafındakı bütün canlılar, o cümlədən  bitkilər, ağaclar Xızırla İlyasa və yuxudan oyanmağa başlayan suya səcdə edir, sonra isə  onlar əvvəlki vəziyyətlərinə qayıdırlar. Əcdadlarımız "kimə bu möcüzəli məqamı görmək nəsib olarsa, onun bütün arzuları həyata keçər" deyiblər. Bu görüşdən sonra  təbiətdə  bütün donmuş sular oyanır, təzələnir, paklanır və aşıb-daşmağa başlayır.

Su  sağlamlıq rəmzidir. Su çərşənbəsində müəyyən ayinlər icra edilərdi ki, onların  mahiyyəti və özəllikləri diqqəti cəlb edir. Məsələn, Su çərşənbəsində  qızlar axar sudan "lal su" gətirər,  suyu evə gətirərkən bir kimsə ilə danışmazdılar. Suyu bir neçə qaba qoyub saxlayar, axşam qızlar bir yerə yığışar, hərə öz üzüyünü  suya salardı. İnama görə, üzük suda neçə dəfə cingildəsə, qız  həmin yaşda  gəlin köçəcək. 

Su çərşənbəsində insanlar sübh tezdən axar suyun üstünə gedər, "ağırlığım suya, azar-bezarım suya" deyib su üstündə dərdlərini danışar və sanki öz çətinliklərini "təzə su" üstündə qoyub gedərdilər. Beləliklə, Su çərşənbəsi mərasimi icra olunardı. Astronomik məlumatlara görə, Su çərşənbəsi ərəfəsində Günəş zodiak qurşağında "Dolça" bürcündən "Balıqlar" bürcünə keçir və Müştəri - Yupiter planetinin himayəsinə daxil olur. Ona görə də  çərşənbə  süfrəsində ağzına qızıl keçirilmiş balığın və dolçada  suyun olması vacibdir.

Şifahi xalq yaradıcılığında mifik təfəkkürü,  milli həyatı, mənəvi əxlaqi dəyərləri tərənnüm edən və artıq  qətiləşən bədii mətnlər toplusunda suya inam və tapınma ilə bağlı saysız nümunələrə rast gəlmək olar. Onlar ibrətamizlik rəmzi olan atalar sözü və məsəllərdə, bayatılarda, inanclarda, türkəçarələrdə, tapmacalarda və digər mətnlərdə  bu günümüzlə səsləşməkdədir. Həmin nümunələrdən bir qisminə nəzər salaq:

Su səni,

Su göyərtmiş süsəni,

Keçmə namərd körpüsündən,

Qoy aparsın su səni...

***

Su axır samanlıqdan,

Yol keçir qaranlıqdan.

Çalış yaxşılıq elə,

Nə çıxar yamanlıqdan?...


Su olan yerdə dirilik olar.

Su axdığı yerdən bir də axar.

Sulu el - abadan, susuz el - viran olar.

Su axarında salınan el-oba barlı-bərəkətli olar.

Su dolu qabla qabağına çıxsalar işin avand olar.

Su kiçiyindir, yol böyüyün.

Lal axan sudan keçməzlər.

Səfərə çıxan adamın arxasınca su atarlar.

Yuxuda su görmək aydınlıqdır... 


Su çərşənbəsi  suya inamın mifoloji-dini  və tarixi köklərindən xəbər verdiyi üçün çağdaş dövrümüzdə də öz aktuallığını itirməmiş, milli-mənəvi dəyərlərin qorunması və təbliği baxımından əhəmiyyəti daha da artmışdır.

                                                 

Ülkər NƏBİYEVA, 

Bakı Dövlət Universitetinin professoru,  filologiya elmləri doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması ilə bağlı əldə edilən nəticələr ardıcıl siyasətin bəhrəsidir   

17:39
25 Fevral

Xocalı şəhidlərinin qanı yerdə qalmadı

16:10
25 Fevral

Sabah gündüzdən başlayaraq bəzi yerlərdə hava arabir yağıntılı olacaq  

14:24
25 Fevral

Rusiyanın neft və qaz gəlirləri azalır

14:23
25 Fevral

ABŞ Yaxın Şərqdə hərbi gücünü artırır

14:21
25 Fevral

Akkan Suver: Xocalı faciəsi insanlığın üz qarasıdır və gənc nəsillərə unutdurulmamalıdır  

14:19
25 Fevral

Azərbaycandakı dini konfessiyalar Xocalı soyqırımının ildönümü ilə əlaqədar birgə bəyanat yayıblar  

14:14
25 Fevral

Ötən ay sosial sahə üzrə elektron xidmətlərə 626 min müraciət edilib  

14:00
25 Fevral

Ankarada Xocalı faciəsindən bəhs edən “Haradasınız 13-lər?” kitabının türk dilində nəşrinin təqdimatı olub  

13:57
25 Fevral

Moskvada “Ramazan çadırı” layihəsi çərçivəsində Azərbaycan Respublikası axşamı keçirilib  

13:55
25 Fevral

Kanar adaları yaxınlığında ələ keçirilən kokainlə bağlı Türkiyədə istintaq davam edir  

13:53
25 Fevral

İKTA sədri: Azərbaycanda internetin orta sürəti 150–200 Mbit/s-ə çatıb 

13:43
25 Fevral

Ukrayna Silahlı Qüvvələri Odessa vilayətini dairəvi müdafiəyə hazırlayır  

13:20
25 Fevral

Xanyurdu öz sakinlərini qarşılayır

12:33
25 Fevral

Polşa Prezidentinin ofisindən 140 min dollardan çox pul oğurlanıb  

12:23
25 Fevral

Pakistanda terror aktı: 4 polis həlak olub

12:18
25 Fevral

Prezident İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib  

12:15
25 Fevral

Bakıda NATO heyəti ilə “Məsləhətçi görüşü” keçirilir

12:03
25 Fevral

Sabah Xocalı prospekti ilə kəsişən, birləşən və paralel olan küçələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq  

11:18
25 Fevral

AMEA: Ramiz Mehdiyevin həqiqi üzvlükdən xaric edilməsi məsələsi qanunvericiliyin tələblərinə riayət olunmaqla həll ediləcək  

11:16
25 Fevral

Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Məşəl əl-Əhməd əl-Cabir əl-Sabaha

11:09
25 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!