Müasir dövrdə sağlam həyat tərzinə artan maraq, ekoloji dayanıqlılıq və məsuliyyətli səyahət anlayışının güclənməsi turizm sektorunda yeni yanaşmaların formalaşmasına səbəb olur.
Bu barədə AZƏRTAC-a açıqlaması zamanı türkiyəli jurnalist, turizm üzrə ekspert Soner Kılıç bildirib.
Onun sözlərinə görə, qlobal turizm bazarında yalnız istirahət deyil, eyni zamanda, sağlamlıq, təbiətlə təmas və mədəni dəyərlərlə zəngin təcrübələr ön plana çıxır.
“Bu kontekstdə dayanıqlı turizm və ekoturizm modelləri sürətlə inkişaf edir. Azərbaycan isə öz zəngin təbii ehtiyatları, biomüxtəlifliyi və tarixi-mədəni irsi ilə bu yeni turizm konsepsiyasına uyğun gələn nadir ölkələrdən biridir. Azərbaycan coğrafi mövqeyi baxımından da mühüm üstünlüklərə malikdir. Qafqaz regionunda yerləşən ölkə həm Avropa, həm də Asiya bazarları üçün əlçatan turizm istiqaməti kimi çıxış edir. Bu isə Azərbaycanın beynəlxalq turizm marşrutlarına inteqrasiyasını asanlaşdırır. Azərbaycanda sağlamlıq turizmi və ekoturizm paralel şəkildə inkişaf etdirilə biləcək sahələrdir. Naftalan nefti ilə müalicə mərkəzləri dünyada analoqu az olan sağlamlıq turizmi məhsuludur. Bununla yanaşı, Şahdağ və Göygöl kimi milli parklar, dağlıq və meşəlik ərazilər ekoturizm üçün böyük imkanlar yaradır. Bu potensialın daha səmərəli istifadəsi üçün infrastrukturun inkişafı, beynəlxalq standartların tətbiqi və rəqəmsal tanıtım mexanizmlərinin gücləndirilməsi vacibdir. Xüsusilə regionlarda turizm xidmətlərinin keyfiyyətinin artırılması yerli icmaların sosial-iqtisadi inkişafına da müsbət təsir göstərəcək”, - deyə Soner Kılıç vurğulayıb.
Ekspert əlavə edib ki, müasir turistlər daha çox təbii mühitdə vaxt keçirməyə üstünlük verirlər: “Azərbaycanda trekkinq, dağ yürüşləri, veloturizm, kənd turizmi və orqanik kənd təsərrüfatı təcrübələri turistlər üçün cəlbedici məhsullardır. Bu fəaliyyətlər həm fiziki sağlamlığı gücləndirir, həm də psixoloji rahatlıq təmin edir. Ekoturizm yalnız turizm fəaliyyəti deyil, eyni zamanda, ətraf mühitin qorunması və davamlı inkişaf prinsiplərinin təşviqidir. Türk dünyası ölkələri arasında turizm sahəsində əməkdaşlıq geniş perspektivlər vəd edib. Türk Dövlətləri Təşkilatı və TÜRKSOY kimi beynəlxalq qurumlar ortaq mədəni irsin qorunması və təbliği baxımından mühüm platforma rolunu oynayır. Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə birgə hazırlanacaq turizm layihələri çərçivəsində ortaq marşrutların yaradılması xüsusi əhəmiyyət daşıyır. Məsələn, “Türk dünyası İpək Yolu marşrutu”, yaylaq turizmi xətti və ortaq mədəni festivallar turistlər üçün vahid və cəlbedici turizm məhsulu formalaşdıra bilər”.
Onun sözlərinə görə, bu əməkdaşlıq həm turist axınının artmasına, həm də region ölkələrinin beynəlxalq turizm bazarında rəqabət qabiliyyətinin yüksəlməsinə səbəb olacaq.
Ekspert Azərbaycanın zəngin mətbəxinin də turizmin inkişafında mühüm rol oynadığını bildirib.
“Azərbaycan mətbəxi təbii və yerli məhsullara əsaslanır. Bu isə sağlam qidalanma baxımından müasir turizm trendləri ilə tam uyğunluq təşkil edir. Türk dünyası ölkələri arasında keçiriləcək qastronomiya festivalları və kulinariya tədbirləri həm mədəni inteqrasiyanı gücləndirəcək, həm də regionun turizm cəlbediciliyini artıracaq. Gələcəkdə turizmin inkişafı dayanıqlı yanaşma əsasında qurulmalıdır. Bu isə ekoloji tarazlığın qorunması, yerli icmaların maraqlarının nəzərə alınması və resurslardan səmərəli istifadəni tələb edir. Azərbaycan bu sahədə Türk dünyasında nümunəvi model yarada bilər. Ortaq strategiyalar, bilik və təcrübə mübadiləsi regionda turizmin keyfiyyətini yeni mərhələyə yüksəldəcək”, – deyə o qeyd edib.
Ekspert vurğulayıb ki, sağlam həyat, ekoturizm və Türk dünyası əməkdaşlığı gələcəyin turizm modelini müəyyən edən əsas istiqamətlərdir: “Bu sahələrdə atılacaq addımlar nəticəsində Azərbaycan yalnız regionda deyil, qlobal turizm xəritəsində də mühüm mövqe qazana bilər”.