27 Fevral 2026 09:20
461
Mədəniyyət
A- A+
Qılınc kəsməyəni hiylə kəsdi

Qılınc kəsməyəni hiylə kəsdi


Amma bu, məşhur nəslin "Axırıncı aşırım"ı olmadı


Azərbaycanın hərb tarixində, xüsusən də ötən əsrin əvvəllərində xalqımızın azadlığı, ölkəmizin qərbində gedən milli müstəqillik uğrunda mübarizədə Abbasqulu bəy Şadlinskinin xidmətləri böyük olmuşdur. O, 1886-cı il fevralın 24-də İrəvan qəzası Vedi nahiyəsinin Böyük Vedi kəndində doğulub, kənddəki ikisinifli rus-tatar məktəbini yüksək qiymətlərlə başa vurandan sonra İrəvan gimnaziyasını bitirib. 


"Mübariz dəstə"nin xilaskarlıq missiyası


Çar imperiyası 1917-ci ilin əvvəllərində süquta uğrayanda vaxtilə Azərbaycan ərazisinə köçürülmüş ermənilər, xüsusən vandalçı "Daşnaksütyun" partiyasının silahlı quldur dəstələri Ermənistan adlı dövlət qurmaq məqsədilə işğalçılıq fəaliyyətlərini gündən-günə genişləndirdilər. Quduzlaşan erməni silahlılarının kütləvi qırğınından, terrorundan əhalini xilas etmək mümkün olmurdu. Abbasqulu bəy bu qırğınların qarşısını almaq üçün "Mübariz dəstə" yaratdı. Savadlı və tədbirli ziyalı olan Abbasqulu bəy yığıncaq çağırıb mahalı və ətraf bölgələri idarə etmək, onları erməni təcavüzündən qorumaq üçün Vedibasar Milli Komitəsini, "Mübariz dəstə"nin baş qərargahını təşkil etdi. 

Erməni vandalizmi o vaxt Zaqafqaziya Seyminin 5, 7, 19 və 20 fevral 1918-ci il tarixli iclaslarında böyük hay-küylə müzakirə olunmuş və Seym vəziyyətlə yerindəcə tanış olmaq üçün İrəvana nümayəndə heyəti göndərmişdi. Bu nümayəndə heyəti geri qayıtdıqdan sonra Seymə rəsmi təqdimatlarında yazmışdı: "1918-ci ilin mart ayına qədər İrəvan vilayətində 211 türk (azəri) kəndi erməni təcavüzünə məruz qalmış, həmin kəndlərin 100 min nəfərdən çox müsəlman əhalisi, demək olar ki, bütünlüklə məhv edilmişdir". 

Erməni quldur dəstələrinin hücumuna, qırğınına məruz qalan kəndlər siyahısında İrəvandan 30-35 kilometr məsafədə olan Vedibasarın bir kəndinin də adı gözə dəymir. Çünki bu kəndlərin hər hansı birindən ermənilərin özbaşınalığı barədə məlumat daxil olan kimi Abbasqulu bəyin "Mübariz dəstə"sinin növbədə olan bölük üzvləri dərhal onların başının üstünü kəsirdilər, bu mənfurlara elə dərs verirdilər ki, gəldikləri yol yadlarından çıxırdı. 

Belə hadisələr çox olub. Günlərin birində daşnak silahlı dəstələri Böyük Vedi ilə Millidərə kəndlərinin əlaqəsini kəsib camaatı qırmaq, kəndi talamaq istəyirlər. Bu barədə Abbasqulu bəyə məlumat çatan kimi öz dəstəsini götürüb gecə ilə yollanır ermənilərin üstünə. Şorbulaq dağlarının dolama yolları ilə Yovşanlı düzə qalxıb İlanlı dağın qarşısındakı Sərinbasarla Seyidkotanlı kəndlərinin yaxınlığında səhərə yaxın onların qabağını kəsir. Şiddətli atışma başlanır. Bu vaxt "Mübariz dəstə"nin başqa silahlı bölükləri, o cümlədən Hacı Mirzə tərəfdən Sultan xanın və Mirzə oğlu Həbibin dəstələri köməyə çatır, duruş gətirə bilməyən daşnak qoşunları itki verə-verə geri çəkilirlər. 

Gecə yarısı başlanan davada ermənilərin başqa bir silahlı ordusu Millidərə kəndinə doğru irəlilədikcə Millidərənin İmirzik, Köppükənd və başqa kəndlərinin əhalisi qırğından can qurtarmaq üçün baş götürüb Gölaysora tərəf qaçır. Cahanbəxş bəyin dəstəsi xeyli itki verdiyindən sağ qalan döyüşçülər müdafiə mövqeyi seçərək vaxt əldə etməklə qadın və uşaqları kənddən çıxarmağa çalışırdılar. Abbasqulu bəy başda olmaqla, "Mübariz dəstə"nin silahlı bölükləri döyüşlərin son saatlarında özlərini Millidərəyə çatdırırlar. Az vaxtda vəziyyət dəyişir və erməni qoşunları itki verərək axşama yaxın Millidərəni (buraya İmirzik, Qaladibi, Körpükənd, Böyük Gilannar, Yerlicə, Bayqurt, Çıraq, Gilayşor və s. kəndlər aiddir) tamamilə tərk edirlər. 


Tarixi sənədlərə əsasən....

 

Şahidlərin dediklərinə və tarixi sənədlərə əsasən, 1918-ci ilin mayında erməni silahlıları Ağdağın Böyük Vedi istiqamətində özlərinə hərbi-döyüş istehkamları düzəldəndə vedibasarlıların narahatlığı daha da artır. Buna görə Abbasqulu bəy hücum güman edilən ərazilərdə silahlı dəstələr yerləşdirir, Daşlı və Gavurqala istiqamətlərində güclü müdafiə istehkamları yaradır. Hadisələrin cərəyan etdiyi Vedibasarda doğulub boya-başa çatan yazıçı Fərman Kərimzadə "Qarlı aşırım" romanında bu barədə yazır: "...Axşamlar kəndin üstündəki qayada Xəlilin pulemyotu "oxuyardı" - kəklik yerinə... Bir neçə saniyə. Sonra susardı. Tək-tük tüfəng səsləri eşidilərdi. "Görəsən, bunun axırı hara gedib çıxacaq? Vadiyə sığınmış bu kəndin köməyinə kim gələcək? Heç kəs! Özümüz!" - deyə Abbasqulu bəy qərar çıxarardı". 

Bir neçə gündən sonra səhərə yaxın Böyük Vedinin şimalından - Ağdağ tərəfdən kəndə top mərmiləri yağdırılır, Qəmərli-Dəvəli stansiyaları arasında hərəkət edən ermənilərə məxsus zirehli qatar Vedibasarın dəmiryolu xətti boyunca yerləşən Qaralar, Şirazlı, Avşar və başqa kəndləri top və pulemyot atəşinə tutur, əhalini qaçmağa məcbur edirlər. 

Baş gərnili daşnak Artuşun quldur dəstəsi Şorbulaq istiqamətindən Böyük Vediyə soxulmağa can atırdı. Lakin güclü müqavimətə rast gələrək çoxlu itki verib geri çəkilirlər. Buna baxmayaraq, erməni silahlıları Vedibasar mahalının içərilərinə irəliləməkdə davam edirlər. Axşama doğru mahalın dəmiryol ətrafı kəndlərinin bəziləri, o cümlədən Şirazlı, Qaralar ermənilər tərəfindən işğal edildikcə əhali Böyük Vediyə axışırdı. Hava qaralhaqaralda Yengicə və Taytan kəndləri ermənilərin əlinə keçir. Bununla da Böyük Vedi üç tərəfdən mühasirəyə alınır.

Vahimə içində olan əhali kənddən qaçıb Göyqum təpəsinin Həmdəm dərəsinə sığınır. Bütün günü müdafiə döyüşləri aparmasına və bu müddətdə ermənilərin xeyli irəliləməsinə baxmayaraq, hava qaralanda Abbasqulu bəy Sultan xanın, Mirzə oğlu Həbibin və Kərbəlayı Müseyibin ehtiyat bölüklərini mövqelərindən çıxararaq Şorbulaq istiqamətində hücuma keçmələrini tapşırır. Xəbəri eşidən Abbasqulu bəyin yaxın dostu Kərbalayi İsmayıl dərhal öz dəstəsi ilə döyüş yerinə gedir, həmin cəbhədə ermənilərə qarşı hücuma qatılır. Düşmənin Böyük Vedinin içərilərinə irəliləməsinə imkan verməyən Abbasqulu bəy özü isə dəstəsini var gücü ilə ermənilərin üzərinə əks-hücuma aparır. Bir neçə saata Vedibasarı tamam ələ keçirəcəklərini zənn edən ermənilərə qarşı elə bir hücum və şiddətli döyüşlər başlanır ki, gəl görəsən. Sürətlə irəliləyən "Mübariz dəstə"nin ehtiyat hissələri ilə Abbasqulu bəyin kəndin əks istiqamətində ermənilərin mövqelərini darmadağın edən atlı dəstələri ilə dəmiryol xəttinin üstündə birləşirlər. Bununla həm də ermənilərin işğal altında saxladıqları müsəlman kəndləri Vedibasar qüvvələrinin nəzarətinə keçir. Abbasqulu bəyin bir az əvvəl göndərdiyi könüllülər Qəmərli istiqamətindəki dəmiryol körpüsünü partladırlar.

Vedibasarlıların qələbəsi ilə başa çatan bu döyüşlərdə sakinlərinin çoxluğuna görə erməni kəndləri hesab olunan Reyhanlı və Dəvəlinin də taleyi həll olunur. Belə ki, daşnaklar şiddətli müqavimətlə üzləşəndə bu kəndlərin sakinləri gecə ikən arvadlarını, qızlarını evdə qoyub, əmlaklarını götürüb qaçmışdılar. 

Hücumları hər dəfə məğlubiyyətə düçar olan ermənilər növbəti dəfə öz xislətlərinə uyğun hiyləyə əl atırlar: İrəvan qəzasının komissarı, milliyyətcə erməni olan Əmirxanov Vediyə gəlir, inzibati cəhətdən ona tabe olan İrəvan qəzasının dördüncü sahə komissarı Abbasqulu bəy Şadlinski ilə görüşür, ona dövlət adamı olduğunu xatırladaraq Vedibasarda İrəvan erməni hökumətinin maraqlarını həyata keçirməyə borclu olduğunu bildirir. Söhbət zamanı erməni hökumətinin tövsiyələri baxımından Vedibasarın Türkiyə ilə sərhəd kəndlərinin əhalisinin köçürülməsi, camaatdan silahların yığılması tələblərini gündəmə gətirir. Əvəzində isə Abbasqulu bəyə komissar vəzifəsində saxlanılacağını vəd edir. 

Abbasqulu bəydən çox ciddi şəkildə rədd cavabı alan Əmirxanov Qəza mərkəzinə üzüqara qayıdır. Bundan sonra Əmirxanov daşnak komitəsinin daxili işlər nazirinə Abbasqulu bəy Şadlinskinin İrəvan qəzasının dördüncü sahə komissarı vəzifəsindən azad edilməsi barədə raportla müraciət edir. Əmirxanovun xahişinə əsasən, nazirliyin 3 iyul 1918-ci il tarixli 1 nömrəli əmri ilə Abbasqulu bəy tutduğu vəzifədən azad edilir. 

İstər Göyçə, Dərələyəz və Şərur mahalı olsun, istərsə də Böyük Vedi mahalı və Qəmərli tərəfləri, daşnaklar ölüm və qarətlərlə nəticələnən qırğınlara ara vermirdilər. Bu azmış kimi, 1918-ci il iyun ayının əvvəllərində quldur Andranikin Naxçıvana gəlməsi ilə bu qırğınların sayı və coğrafiyası daha da genişlənir. Böyük Vedi ətrafındakı kəndlərə bir neçə dəfə Dronun, Aramın, Dəli Kazonun başçılıq etdiyi silahlı quldur dəstələri və Bek-Primovun daşnak polku hücumlar edirlər. Onlarca kənd yandırılır və camaat qılıncdan keçirilir. Türkləri qırmaqla və onlara məxsus evləri talamaqla məşğul olan erməni quldur birləşmələri vedibasarlılar tərəfindən darmadağın edildikcə geriyə - əvvəlki mövqelərinə çəkilməyə məcbur olurlar. Həmin döyüşlərdə Abbasqulu bəyin rəhbərliyi altında ölüm-dirim savaşına qatılan Xəlil Mehdioğlu, İbrahim Fərzəliyev, Fərəməz bəy Mahmudbəyov, Yetim Əlioğlu Əkbər, Nəsrulla bəy Şadlinski, Ağa Şadlinski və başqaları çox böyük fədakarlıqlar göstərirlər.


Erməni hiyləsinin qurbanı


Azərbaycanda kolxoz quruculuğu zamanı Abbasqulu bəy Şadlinski Dəvəli sement zavodunun direktoru vəzifəsində çalışırdı. Erməni terrorçuları Abbasqulu bəyi hansı yolla olursa-olsun aradan götürmək üçün ölümünə yüksək məbləğdə pul qoymuşdular. Amma istədiklərinə nail ola bilmirdilər. 1930-cu ilin yanvar ayı idi, Vedinin aran kəndlərinə kolxoz quruculuğunu məcburi qəbul etdirsələr də, dağ kəndlərində sovetləşməyə, kolxoz quruculuğuna qarşı etirazlar gündən-günə güclənirdi. Abbasqulu bəyin yaxın dostu və silahdaşı olmuş Kərbəlayı İsmayıl yeni quruluşla barışa bilmirdi. Kərbəlayı İsmayılla yeni quruluşun tərəfdarları arasında günaşırı silahlı münaqişə baş verirdi.

Bolşeviklərlə işbirliyində böyük fəallıq göstərən ermənilər Abbasqulu bəyi aradan götürmək üçün hiyləyə al atırlar. Siyasi İdarənin xətti ilə Abbasqulu bəydən xahiş edirlər ki, "qolçomaq Kərbəlayı İsmayıl dostundur və sənin xətrini çox istəyir, get onunla söhbət elə, silahı yerə qoysun, camaat çıxıb getsin evinə". Bundan əvvəl də ermənilər bir nəfər hörmətli el ağsaqqalını Kərbalayı ilə görüşə getmək adı ilə özlərilə dağ kəndinə aparmış, yolda güllələyərək, onu əks-inqilabçılar vurdular deyə, istəklərini həyata keçirmişdilər. 

 Bir yanı hörmət, bir yanı da dövlət tapşırığı olduğundan Abbasqulu bəy razılıq verməli olur. Bu "razılaşma"dan istifadə edən ermənilər dərhal gizli yolla Kərbəlayı İsmayıla çatdırırlar ki, dostun Abbasqulu bəy səni axtarır, görüşmək istəyir, görüşən zaman mühasirəyə aldırıb səni bolşeviklərə təhvil verdirəcək.

Abbasqulu bəy yanında Siyasi İdarənin nümayəndəsi Talıbov, NKVD rəsmiləri və digər nümayəndələr olmaqla dağ kəndinə Kərbəlayı İsmayılla söhbətə gedir. Ermənilərin kələyi ilə Kərbalayı bu görüşdən yayınır. Beləliklə, erməni bolşeviklər həm iki dost və el ağsaqqalının ürəyinə şübhə toxumu səpir, həm də baş tutmayan görüşdən qayıdanda Abbasqulu bəyi, dostu Xəlil ağanı və adı məlum olmayan digər silahdaşını arxadan vururlar. Bu hadisədən bərk narahatlıq keçirən Vedibasar camaatı xalq qəhrəmanı Abbasqulu bəyi və silahdaşlarını 1930-cu il yanvar ayının qarlı-şaxtalı günlərində böyük ehtiramla Böyük Vedi kənd orta məktəbinin qarşısında dəfn edirlər.

Amma ailənin faciəsi bununla da bitmir. 6 uşaq atası (qızları Mafərə, Tacirə, Laçın, oğlanları Məhəmməd, İsgəndər, İsfəndiyar) Abbasqulu bəy Şadlinskinin ailəsi 1948-ci ilin qızmar yay aylarında deportasiyaya məruz qalır. Böyük oğlu Məhəmmədin taleyi məlum olmasa da, ikinci oğlu İsgəndər Böyük Vətən müharibəsində həlak olur, sonbeşik övladı İsfəndiyar isə İmişlidə məskunlaşaraq orta məktəbdə müəllim işləyir. Hazırda onun nəsil davamçıları İmişlidə və ölkəmizin digər bölgələrində yaşayırlar. Təsəlliləri odur ki, 140 illik yubileyi qeyd edilən, xalqımızın yaşam hüququ və torpaqlarımızın azadlığı uğrunda mübarizədə silinməz izlər qoymuş Abbasqulu bəy Şadlinskinin millət qarşısındakı xidmətləri unudulmur. 


Rəhman SALMANLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zelenski: Ukrayna 2026-2027-ci illər üçün Rusiyanın planlarını ehtiva edən sənədləri əldə edib  

01:28
03 Mart

"Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:49
03 Mart

Gəncə şəhərində yerləşən Cümə məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında

00:49
03 Mart

"Büdcə sistemi haqqında", "Mühasibat uçotu haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

00:48
03 Mart

"Minatəmizləmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə

00:47
03 Mart

"Büdcə sistemi haqqında", "Mühasibat uçotu haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 359-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

00:46
03 Mart

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında

00:45
03 Mart

“Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid elektron informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə 

00:43
03 Mart

Azərbaycan qazaxıstanlıların İrandan evakuasiyasına kömək edir

23:44
02 Mart

Avropa çempionatı: Azərbaycan seçmə mərhələdə Şimali Makedoniyaya uduzub  

22:41
02 Mart

Ramin Məmmədov: Türkiyə-Azərbaycan birliyi dünyada strateji güc kimi tanınır

22:23
02 Mart

Türkiyənin hakim partiyası: İrana zərbələr beynəlxalq hüququn normalarına ziddir  

21:01
02 Mart

Azərbaycan və İordaniya XİN başçılarının telefon danışığında Yaxın Şərqdə artan gərginlik əsas mövzu olub  

20:49
02 Mart

Ukrayna ordusu bir sıra yaşayış məntəqələrini azad edib  

20:41
02 Mart

Nazir: Ankara enerji bazarlarında sabitliyin qorunmasına çalışır

20:31
02 Mart

Azərbaycanın kosmik sənayesi ilk dəfə Barselonada keçirilən sərgidə təmsil olunur  

19:53
02 Mart

İrandan təxliyə: 100-dən çox xarici vətəndaş Azərbaycan sərhədindən keçib 

19:08
02 Mart

“Əmək bazarı” İşçi qrupu aktiv əmək bazarı proqramlarının genişləndirilməsini araşdırıb  

19:06
02 Mart

Pit Heqset: Hazırda İran ərazisində Amerika ordusu yoxdur

18:43
02 Mart

Zelenski: Rusiya Ukraynaya qarşı yeni hücum dalğası hazırlayır

18:37
02 Mart

Dmitri Peskov: Moskva İran ətrafındakı gərginlikdən məyusdur

18:28
02 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!