Orta əsr Azərbaycan şəhərləri həm yaşayış məskəni, həm də ticarət və mədəniyyət mərkəzi kimi inkişaf etmişdi. Bu baxımdan, Şamaxı, Gəncə və Beyləqan şəhərləri əsas ticarət yollarının kəsişməsində yerləşərək, iqtisadi və strateji əhəmiyyət qazanmışdı. Buralarda şəhərsalma prinsipləri ticarət yollarının tələbləri ilə sıx bağlı olmuş, şəhər qalaları və yaşayış zonalarının yerləşməsi həm müdafiə, həm də iqtisadi məqsədlər nəzərə alaraq qurulmuşdu. Karvansaralar isə şəhərlərin planlaşdırılmasında mühüm rol oynayaraq ticarətçilər və səyahət edənlər üçün mərkəzi dayanacaqlar kimi fomalaşmışdı.
Həmin dövrdə Azərbaycan şəhərlərinin planlaşdırılmasında ticarət yollarının rolu xüsusi əhəmiyyət daşıyırdı. Ticarət yolları şəhər küçələrinin və bazar sahələrinin yerləşməsini müəyyənləşdirir, karvanların hərəkətini asanlaşdırmaq üçün düz və geniş küçələrin salınmasına təsir edirdi. Məsələn, Şamaxıda bazar sahəsi əsas karvan yoluna yaxın yerləşirdi ki, bu da şəhərin iqtisadi inkişafını sürətləndirirdi. Bu gün də Şamaxının mərkəzi və bazar ərazilərində Orta əsr şəhərsalma prinsiplərinin izləri qalmaqdadır. Bəzi küçələr hələ də düz və geniş uzanaraq keçmişin şəhərsalma izlərini xatırladır, əsas yol kəsişmələri şəhərin tarixi ritmini yaşadır. Amma şəhərin böyük hissəsi yenilənib, bazar sahələri isə dükanlar, marketlər və ticarət mərkəzləri ilə canlandırılıb. Bununla da şəhərin ticarət həyatı yeni ritm və rəng qazanıb. Bununla belə şəhərin planı və yol şəbəkəsi ilə Orta əsr ticarət yollarının xəritəsi arasında oxşarlıqlar hələ də müşahidə edilir.
Eyni fikirləri Gəncə haqqında da söyləmək mümkündür. Gəncənin mərkəzi hissələrində və bazar sahələrində də Orta əsr şəhərsalma prinsiplərinin təsirləri aydın görünür. Şəhərin bəzi küçələri düz və geniş şəkildə qorunmuşdur, əsas yol kəsişmələri şəhərin tarixi xəritəsi ilə uyğun gəlir. Lakin şəhərin böyük hissəsi müasir tikililərlə yenilənib, bazar sahələri isə modern ticarət obyektlərinə çevrilib. Gəncədəki tarixi izlər kimi Beyləqanda da Orta əsr şəhərsalma prinsiplərinin təsirlərini müəyyən dərəcədə görmək mümkündür. Bəzi küçələr və yol kəsişmələri Orta əsrləri xatırladır, lakin şəhər geniş şəkildə yenilənib və müasir yaşayış sahələri ilə əvəz olunub.
Müdafiə məsələsi də Orta əsr şəhərsalmasının əsas tələblərindən idi. Şəhər qalaları strateji yüksəkliklərdə yerləşir, ətrafında yaşayış zonaları, emalatxanalar və məhəllələr uzanırdı. Qalalar ticarətçiləri və səyahətçiləri qorumaqla yanaşı, şəhərin müdafiəsini də təmin edirdi. Onların yaxınlığında yaşayan insanlar həm müdafiədə iştirak edir, həm də şəhərin ticarət və sənət fəaliyyətinə dəstək verirdilər. Bu ümumi müdafiə prinsipləri Gəncə şəhərində özünü aydın şəkildə göstərib. Gəncə çayının sol sahilində yerləşən Gəncə qalası həmin dövrün mühüm hərbi və memarlıq nümunələrindəndir. Qala Qafqaz hərb tarixinin ən mühüm istehkamlarından hesab olunur. XVI əsrdə Osmanlı - Səfəvi müharibələrinin qızğın dövründə sərkərdə Fərhad Paşa tərəfindən tikilən bu müdafiə qurğusu sadəcə hərbi-siyasi gücün simvolu kimi diqqət çəkmir. O, regionda memarlıq ənənələrinə yenilik gətirib. Səkkizbucaqlı poliqonal plana malik qala qısa müddətdə ucaldılıb. Bura 6-12 metr hündürlüyündə və təxminən iki metr qalınlığında kərpic-daş divarlarla əhatə olunub, bürclərarası məsafə o dövr üçün ideal atəş açmağa imkan verirdi. İnşaatda Arran memarlıq məktəbinə xas bişmiş qırmızı kərpic, çınqıllı gil məhlulu və bazalt bünövrə materiallarından istifadə edilib.
Şamaxıda da qala və ətraf yaşayış məhəllələri oxşar şəkildə təşkil olunub. Şəhər qalası strateji yüksəklikdə yerləşərək ticarət yollarını və bazar sahələrini qoruyub, yaxınlıqda yaşayan sakinlər isə müdafiə işlərində fəal iştirak ediblər. Bu, Şamaxının həm iqtisadi, həm də hərbi cəhətdən sabitliyini təmin edirdi. Beyləqanda isə qalaların və ətraf məhəllələrin rolu bir qədər fərqli olsa da, əsas məqsəd eyni idi: müdafiə ilə yanaşı, şəhərin ticarət və sənət fəaliyyətinə dəstək vermək. Karvansaraların və bazar sahələrinin qala yaxınlığında yerləşməsi ticarətçilərin təhlükəsizliyini təmin edir, eyni zamanda şəhərin iqtisadi həyatını canlandırırdı. Qeyd etdiyimiz bu qarşılıqlı əlaqə şəhərsalmanın strateji və iqtisadi aspektlərini birləşdirir, Orta əsr şəhərlərinin həm müdafiə, həm də ticarət funksiyalarını harmonik şəkildə həyata keçirməsinə imkan verirdi.
İndi də bu şəhərlərin şəhərsalmada oxşar və fərqli tərəflərini nəzərdən keçirək. Orta əsrlərdə Gəncə, Şamaxı və Beyləqanı əsasən ticarət yollarının kəsişməsi və strateji mövqeləri birləşdirirdi. Hər üç şəhər Qafqaz regionunda ticarət karvanları üçün mühüm dayanacaq olmuş, bazar və karvansaralar vasitəsilə iqtisadi həyatın mərkəzi kimi diqqət çəkirdi. Ümumi faktorlar sırasında şəhər qalaları, ətraf məhəllələr və karvansaraların şəhərsalma prinsiplərində rolu önəmli yer tuturdu. Fərqlər isə əsasən coğrafi mövqe və müdafiə strategiyası ilə bağlı idi. Gəncə şəhəri çayın sahilində yerləşdiyindən qala və inzibati quruluş daha çox strateji və hərbi yönümlü idi. Şamaxı ticarət mərkəzi kimi iqtisadi fəallığı ilə seçilirdi, Beyləqan isə karvan yolları boyunca kiçik ticarət və sənət mərkəzi kimi önəm daşıyırdı.
Göründüyü kimi, Orta əsr Azərbaycan şəhərləri olan Gəncə, Şamaxı və Beyləqan şəhərsalma prinsiplərinə görə, iqtisadi, müdafiə və mədəniyyət mərkəzi kimi strateji əhəmiyyət daşıyıb. Bu şəhərlərin inkişafında ticarət yolları, karvansaralar və şəhər qalaları bir-biri ilə sıx bağlı olub ki, bu da şəhərsalmanın bütün sahələrinə təsir göstərib.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"