Martın 31-də ölkəmizin İtaliyanın Rovereto şəhərində yerləşən "Maria Dolens - Müharibə Qurbanları Zəngi” Fondu tərəfindən Azərbaycan Bayrağının İtaliyanın sülhün və dialoqun universal simvolu olan “Miravalle” yüksəkliyində dalğalanması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə gənclərdən ibarət xor sülh mövzusuna həsr olunmuş mahnılar ifa edib, Zəngin önünə əklil qoyulub və nitqlər səsləndirilib.
“Müharibə Qurbanları Zəngi” Fondunun regenti səfir Marko Marsilli bu təşəbbüsdə Azərbaycanın iştirakını alqışladığını və Azərbaycan Bayrağının xalqlar arasında sülhün və dialoqun universal simvolu sayılan “Miravalle” təpəsində dalğalanan 107-ci bayraq olduğunu vurğulayıb.
Sonra Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov ölkəmiz üçün XX əsrin dərin yaralarla yadda qaldığını və bu təşəbbüsə qoşulmaq üçün 31 mart tarixinin təsadüfi seçilmədiyini bildirib. O, 1918-ci ildə torpağımızın böyük faciələrin səhnəsinə çevrildiyini, radikal erməni qruplaşmaları tərəfindən Bakı, Şamaxı, Quba, Qarabağ, Naxçıvanda on minlərlə mülki şəxsin etnik mənsubiyyətinə görə qətlə yetirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. R.Aslanov 1998-ci il martın 26-da Prezident Heydər Əliyev tərəfindən imzalanmış “Azərbaycanlıların Soyqırımı haqqında” Fərmanın həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verdiyini və 31 mart tarixinin “Azərbaycanlıların Soyqırımı Günü” elan edildiyini vurğulayıb.
Trento regionunun nümayəndəsi Filomena Kila və Rovereto şəhərinin meri, memar Culiya Robola Azərbaycanı bu təşəbbüsdə görməyə şad olduqlarını və ölkəmizin beynəlxalq arenadakı aktiv fəaliyyətini, o cümlədən İtaliya ilə qurduğu strateji əməkdaşlığı təqdir ediblər.
Daha sonra səfir R.Aslanov tərəfindən Azərbaycanın Dövlət Bayrağı qarşı tərəfə təqdim edilib və ölkəmizin Dövlət himninin sədaları altında bayrağımız ucaldılıb. Sonda isə “Maria Dolens” Sülh Zəngi çalınıb.
Məlumat üçün bildirək ki, “Maria Dolens” (Müharibə Qurbanlarının Zəngi) İtaliyanın Rovereto şəhərindəki “Colle di Miravalle” küçəsində yerləşən və bütün müharibələrdə həlak olanları yad etmək və sülhü təşviq etməyə həsr olunmuş nəhəng, simvolik bir zəngdir.
1924-cü ildə Birinci Dünya müharibəsindən qalmış topların tuncundan tökülərək hazırlanmış bu zəng dünyanın ən böyük yellənən zəngidir. O, həlak olmuş əsgərlərin xatirəsinə gün batanda çalınır.