Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə Parisdə “La Tour Eiffel” teatrında Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı ötən əsrin insanlıq əleyhinə ən dəhşətli cinayətlərindən biri olan Xocalı soyqırımının törədildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, həmin gecə 613 mülki şəxs, o cümlədən qadın, uşaq və yaşlı insanlar amansızlıqla qətlə yetirilib, yüzlərlə insan girov götürülüb, 150-dən çox şəxsin taleyi isə hələ də naməlum qalır.
Səfir qeyd edib ki, Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası faciənin dünya ictimaiyyətinə çatdırılmasına xidmət edir. Kampaniyanın məqsədi Xocalı hadisələrinə beynəlxalq hüquqi-siyasi qiymət verilməsi, məsul şəxslərin ədalət qarşısına çıxarılması və qurbanların xatirəsinin yaşadılmasıdır.
Vurğulanıb ki, Xocalı faciəsi Azərbaycan cəmiyyətində dərin iz buraxıb və hər il 26 fevral — Xocalı Soyqırımı Günündə ölkəmizdə və xaricdə anım mərasimləri keçirilir. Bildirilib ki, bəzi ölkələr və beynəlxalq təşkilatlar bu hadisəni soyqırımı və insanlıq əleyhinə cinayət kimi tanıyıblar.
Səfir, həmçinin Azərbaycanın regionda sülh gündəliyini irəli apardığını qeyd edərək, xalqımıza qarşı törədilmiş cinayətlərin unudulmayacağını və qurbanların xatirəsinin daim əziz tutulacağını bildirib.
Tədbirdə Fransanın siyasi və ictimai xadimləri, yerli ictimaiyyətin və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.
Anım mərasimi klassik musiqi proqramı ilə davam edib. Violonçel ifaçısı Camal Əliyev və pianoçu Ece Dağıstan beynəlxalq bəstəkarların əsərlərini, eləcə də Azərbaycan folklor musiqilərini səsləndiriblər.