Azərbaycanın bir çox ərazisində xalqımız tərəfindən böyük ehtiramla anılan türk şəhid məzarlıqları mövcuddur. Salyan şəhər qəbiristanlığında, indiki Neftçalanın - ozamankı Cavad qəzasının Salyan bölgəsinin Seyidlər, Qaralı və Ərəbbəbirxanlı kəndlərində də belə məzarlar var. Xalqımız tərəfindən ziyarətgaha çevrilən, gül-çiçəyə tutulan bu məzarlar bir millət - iki dövlət dediyimiz Azərbaycan-Türkiyə qardaşlığının ölməz rəmzləridir.
Salyandakı hadisələr 1918-ci ilin iyun ayında - isti yay günlərində baş vermişdir. Təpədən-dırnağacan silahlanmış erməni-rus birləşmələri Salyan şəhərinə yaxınlaşırdı. Daşnak-bolşevik dəstələri yerli rus-malakanları da özlərinə qoşaraq gəmilərlə Kür çayının mənsəbindən Salyan ərazisinə daxil olmuşdular. Onlar kəndlərə çatdıqda quruya çıxır, evləri qarət edir, qadın, uşaq, qoca demədən hamını öldürür, sonra da evləri yandırırdılar. Yerli əhalidə silah olmadığından kəndlər müdafiəsiz idi.
Bu yerdə bir məqama diqqət çəkmək lazımdır: 30 mart-3 aprel arası Bakıda qanlı soyqırımı törədəndən sonra Stepan Şaumyanın başçılıq etdiyi, özünü "bolşevik hökuməti" kimi qələmə verən işğalçıların nümayəndələri əvvəl əraziyə gəlib bolşevik (sovet) hakimiyyəti "qurur", sülh tərəfdarı olduqlarını elan edir, əhalidən silahları yığır və bu yolla xalqın başını bir növ qataraq sonradan hücuma keçirdilər. Məsələn, onlar Bankə qəsəbəsində bu oyunu oynamışdılar. Buna qədər erməni-rus birləşmələri Hacıqabulun Meyniman kəndini viran qoymuş, Neftçalanın Uzunbabalı kəndini tamam dağıtmışdılar. Bankə qəsəbəsində, Tataraməhlə kəndində törətdikləri qanlı qırğınların dəhşəti isə yeri-göyü ağladırdı. Babazənan dağına sığınan qadınlara, Dirovdağa pənah aparan Tataraməhlə camaatına son nəfərinə qədər aman verilməmişdi. Qaralı, Astanlı, Ərəbbəbirxanlı, Qarabucaq, Surra camaatı soyqırımına məruz qalmış, yüzlərlə evin ocağı söndürülmüşdü. O zaman Salyanda Mirəşrəf ağa, Ağamirbağır ağa kimi xalqa qahmar çıxan insanlar bu gün də böyük minnətdarlıqla xatırlanırlar. Ağamirbağır ağa xalqa daha yaxın olmuş, türk komandanlığı ilə sıx əlaqə saxlamış, onlar gəlib çıxana qədər könüllüləri bir yerə yığmış, döyüş bacarığı olmayanlara təlim keçmiş, Ballıcalıdan Kəblə Urufa iki top aldırmış, Qaraqaşlı kəndindən cığatayəsilli ovçuları və Əli bəy Ağabəylini bir araya gətirmiş, silahlar əldə etmişdi.
Salyana Türkiyədən Ramazan paşanın rəhbərliyi ilə kiçik bir dəstə gəlmişdi. Qeyrətli kişilər, cəsur gənclər erməniləri Salyana buraxmamaqda qərarlı idilər. Salyandan Kabla Rəşid, qaçaq Usubun dəstəsi, Qaraqaşlıdan cığataylı ovçular, Əli bəy Ağabəyli və qardaşları, Qaralıdan Qoçu Əsgər, Miraslan, Qaranquc Əsəd, Qaragöz Məmmədhüseyn, Ballıcalıdan Uruf, Feyzi, Hacı Səməd oğlu Pilağa, Şamil, Kərbəlayi Cahangir səfərbər oldular. Ramazan paşa da döyüşçüləri təlimatlandırmışdı. Əvvəl bu igidlər kəşfiyyat aparıb ermənilərin müəyyən bir yerə çatmasını gözlədilər. Münasib yerdə səngər qazıb pusqu qurdular. Ermənilər qəfil onların üstünə çıxacaq və yalnız bundan sonra atışma başlanacaqdı.
Daşnak və bolşevikləri daşıyan "Demosfen" gəmisi Kürün Qaraqaşlı kəndindəki sahilində - Salyanın 3 kilometrliyində idi. Ermənilər də kəşfiyyat aparmış, Salyanın özündə sahilə çıxmağı nəzərdə tutmuşdular. Amma salyanlılar onları qabaqladılar və kolların arasından gəmiyə atəş açmağa başladılar. Ermənilər gəmidən sahilə töküldülər və pusquya düşdülər. Türk komandanı düşmənə göz açmağa aman vermədi. Topla gəmi də məhv edildi. Çoxlu düşmən öldürüldü, silah-sursat, döyüş mətbəxi qənimət götürüldü. Cəlladların sağ qalanları beləcə Salyana girməmiş geri dönməyə məcbur oldular.
Seyran CAVADOV,
"Azərbaycan"