06 Oktyabr 2026 09:25
812
Mədəniyyət
A- A+
Azərbaycan kinosunun ilk qadın rejissoru

Azərbaycan kinosunun ilk qadın rejissoru


Azərbaycan tarixində elə qadınlar var ki, onların həyat yolu zamanın mövcud sərhədləri ilə kifayətlənməyib, yeni yollar açıb, öz istedadları, iradələri və cəsarətləri ilə Azərbaycanın elm, təhsil, mədəniyyət və incəsənət tarixində silinməz izlər qoyublar. Belələrinin adı yalnız gördükləri işlərlə deyil, həm də bir çox sahələrdə ilk cəsarətli addımları atan qadınlar kimi tariximizə düşüb. Bu qadınlardan biri də Azərbaycanın ilk qadın kinorejissoru Qəmər Salamzadədir.

İlk olmaq hər zaman çətin olub. İlk addımı atan insan yalnız öz yolunu açmır, həm də arxasınca gələnlər üçün görünməyən maneələri dəf edir. Qəmər Salamzadənin sənət yolunun əhəmiyyəti də məhz bununla bağlıdır. O, Azərbaycan qadınının cəmiyyət həyatında öz sözünü deməyə, yaradıcılıq meydanında özünü təsdiq etməyə hələ tam imkan tapmadığı bir dövrdə kino kimi yeni və mürəkkəb bir sənət sahəsinə qədəm qoyub. Qəmər Salamzadə ilk səssiz uşaq filmini yaratmaqla, "Natəvan" və "Nizami" kimi qısametrajlı filmlərin ssenarilərini yazmaqla Azərbaycan kino tarixində özünəməxsus iz salıb. Onun adı yalnız bir sənətkarın deyil, Azərbaycan qadınının sənət tariximizdə atdığı cəsarətli ilk addımlardan birinin simvoluna çevrilib. Bacarığı, istedadı ilə tanınan Qəmər Əliqulu qızı Salamzadə 5 may 1908-ci ildə Culfada dünyaya göz açıb. Onun üç yaşı olanda, 1912-ci ildə ailə Tiflisə köçüb. Qəmər Salamzadənin atası görkəmli yazıçı Mirzə Cəlilin yaxın məsləkdaşı, "Molla Nəsrəddin"in ən fəal müəlliflərindən biri olub. Dövrünün qabaqcıl düşüncəli adamlarından olduğuna görə cəmiyyətdə hökm sürən cəhalətə qarşı çıxaraq, insanların gözünü açmaq üçün "Otaylı", "Cüvəllağı", "Cüvəllağı bəy", "Sarsaqqulu bəy", "Qəmküsar" imzaları ilə kəskin tənqidi məqalələr, felyeton və satirik şeirlər yazıb. Təbiidir ki, həmin dövrdə onun yazdıqları heç də hamı tərəfindən müsbət qarşılanmırdı. Cəmiyyətdə dərin kök salmış cəhalətin aradan qaldırılmasına qarşı çıxan fanatik, köhnəfikirli insanlar bu yazıları qəzəblə qarşılayırdılar. Bu mövzuda yazdığı məqalə, felyeton və şeirlər Qəmər xanımın atası Əliqulu Qəmküsarın həyatına son qoyan səbəblərdən biri oldu. 1919-cu ilin baharında işdən çıxıb evə qayıdarkən 38 yaşlı Əliqulu Qəmküsar Tiflisdə cəmiyyətin inkişafına mane olan qüvvələr tərəfindən qətlə yetirildi. Atasının faciəli ölümündən sonra Qəmər əmisi Rzaqulu Nəcəfovun himayəsində qaldı. Dövrünün qabaqcıl ziyalılarından olan əmisinin ailəsində böyüməsi onun təhsilinə və dünyagörüşünün formalaşmasına mühüm təsir göstərdi.

Qəmər xanım hələ atasının sağlığında Naxçıvanda qız məktəbində təhsil almağa başlamış, daha sonra Tiflisdə rus məktəbində oxumuşdu. Atası Əliqulu Qəmküsarın qətlindən bir müddət sonra ailə yenidən Naxçıvana qayıtmış və o, təhsilini burada davam etdirmişdi. Uşaqlıq illərindən evlərində gördüyü "Molla Nəsrəddin" jurnalının səhifələrində çadralı, hüquqsuz qadınların təsvirləri onun yaddaşında silinməz izlər buraxmışdı. Qəmər böyüdükcə cəmiyyətdə fəal qadınlardan biri olmağı qarşısına məqsəd qoymuşdu. Naxçıvan qız məktəbində oxuduğu illərdə ictimai fəallığı ilə seçilən Qəmər Salamzadə səhnəyə də maraq göstərmişdi. O, özünün hazırladığı Üzeyir bəy Hacıbəylinin "Arşın mal alan" musiqili komediyasında dəfələrlə Telli rolunu oynamış, Naxçıvan teatrının rejissoru Kazım Ziyanın dəvəti ilə müxtəlif tamaşalarda iştirak etmişdi. Bu təcrübələr onun gələcək yaradıcılıq yolunun formalaşmasına mühüm təsir göstərmişdi. Naxçıvan və Tiflis ədəbi-mədəni mühitində yetişən Qəmər xanım sonralar kinorejissorluq sənətini seçmişdi. Qarşılaşdığı çətinliklərə baxmayaraq, bu istəyinə çatmaq üçün inamla yoluna davam etmişdi.

Gələcəyin ilk qadın kinorejissoru Qəmər Salamzadə 1923-cü ildə Bakıda Ali Pedaqoji İnstitutun qadınlar şöbəsinə qəbul olmuşdu. Tələbəlik illərinin ilk günlərindən ədəbiyyat və dram dərnəklərinə maraq göstərmişdi. Dərnək iştirakçıları tərəfindən hazırlanan tamaşaların birində böyük dramaturq Cəfər Cabbarlı ilə tanış olmuşdu. Onu yaxından görmək və tanımaq arzusu gerçəkləşmişdi. Bu tanışlıq Qəmər xanımın teatr və kino sənətinə marağını daha da artırmışdı. Ali təhsilini başa vurduqdan sonra Tiflisdə bir il müəllimlik etmişdi. Lakin kinoya olan sevgisi onu yenidən Bakıya gətirmişdi. Kinorejissorluq sənətinin sirlərinə daha dərindən yiyələnmək üçün Qəmər Salamzadə 1929-cu ildə Moskvaya getmiş və Dövlət Kinematoqrafiya Texnikumuna qəbul olmuşdu. Burada kino sənətinin sirlərini öyrənmiş, məşhur kinorejissor Aleksandr Dovjenkonun yanında təcrübə keçmişdi. Təhsilini başa vurduqdan sonra Bakıya qayıdan Qəmər xanım 1931-1932-ci illərdə rejissor Rza Təhmasib, rəssamlar Salam Salamzadə və Rüstəm Mustafayevlə birlikdə aspiranturada təhsil almışdı. Həmin illərdə "Natəvan" və "Nizami" qısametrajlı filmlərinin ssenarilərini yazıb. Sonrakı illərdə Qəmər xanım dövrünün görkəmli sənət adamlarının dəstəyi ilə sənət yolunda daha inamlı addımlar atıb. Onun ünsiyyət dairəsinin genişlənməsi, dövrünün tanınmış şair, yazıçı və dramaturqları Hüseyn Cavid, Atababa Musaxanlı, Nazim Hikmət, Rza Təhmasib və Cəfər Cabbarlı ilə görüşləri sənət dünyagörüşünün formalaşmasına öz təsirini göstərib. Qəmər Salamzadə 1935-ci ildə Abdulla Şaiqin "Oyunçu bağa" hekayəsi əsasında çəkilən "Rəqs edən bağalar" səssiz filmində ikinci rejissor kimi çalışıb. 1937-ci ildə isə rejissor Aleksandr Popovla birlikdə "Dəcəl dəstə" filminə quruluş verib. Film Bakının beynəlmiləl orta məktəblərindən birinin şagirdlərinin gündəlik həyatından və qayğılarından bəhs edir. 

Elə həmin illərdə Qəmər xanım "Qızıl kol" bədii filmində rejissor köməkçisi, "Əlsiz adamlar" filmində rejissor assistenti, "Rəqs edən bağalar"da ikinci rejissor, "Dəcəl dəstə"də isə quruluşçu rejissor kimi sənət yolunda bir-birindən uğurlu addımlar atır. Sonrakı illərdə "Səbuhi" və "Bir ailə" filmlərində də rejissor assistenti kimi çalışır.

Qəmər Salamzadənin "Azərbaycanfilm" Kinostudiyasındakı fəaliyyəti görkəmli yazıçı Mehdi Hüseynin bu təşkilata rəhbərlik etdiyi dövrdə daha da genişlənir. "Səhər" romanının motivləri əsasında çəkilən filmdə o, öz bacarığını və istedadını nümayiş etdirir. Nəhayət, Qəmər xanıma müstəqil iş tapşırılır. O, həkim Hüsniyyə Diyarova haqqında "Şəfa nəğməsi" sənədli filminin ssenarisini yazır və filmin rejissoru olur. Kinostudiyadakı fəaliyyəti ilə yanaşı, Qəmər xanım elmi-pedaqoji sahədə də çalışır. 1931-1932-ci illərdə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun Sənətşünaslıq şöbəsində, 1932-1933-cü illərdə Moskvada Elmi-Tədqiqat Özfəaliyyət İncəsənət İnstitutunun aspiranturasında, 1934-cü ildə isə teatr bölməsində elmi işçi kimi fəaliyyət göstərir. İncəsənət üzrə aspiranturada təhsil aldığı illərdə rəssam Salam Salamzadə ilə tanış olur. Bu tanışlıq sonralar onları bir-birinə bağlayan möhkəm bir münasibətə çevrilir. Ailə qurduqdan sonra Qəmər xanımın üzərinə yeni qayğılar düşür. Bununla yanaşı, bəzən ona qarşı laqeyd münasibət, kinostudiya rəhbərlərinin onu uzun müddət arxa planda saxlaması və istedadından lazımınca istifadə etməməsi onun sənət fəaliyyətinə mənfi təsir göstərir. Bütün bunların nəticəsində Qəmər Salamzadə kinodan uzaqlaşır və bir daha kinostudiyaya qayıtmır.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb YENİLƏNİB

21:58
14 Oktyabr

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

19:37
14 Oktyabr

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

19:36
14 Oktyabr

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib

19:35
14 Oktyabr

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib  

19:34
14 Oktyabr

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb

19:32
14 Oktyabr

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib  

19:31
14 Oktyabr

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər  

19:30
14 Oktyabr

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir  

18:48
14 Oktyabr

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

18:45
14 Oktyabr

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

18:44
14 Oktyabr

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib 

17:52
14 Oktyabr

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib  

17:51
14 Oktyabr

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

17:50
14 Oktyabr

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib  

17:48
14 Oktyabr

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

17:37
14 Oktyabr

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

17:36
14 Oktyabr

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır 

17:34
14 Oktyabr

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

17:33
14 Oktyabr

Azərbaycanın enerjisində “yaşıl dönüş”

17:31
14 Oktyabr

Albaniyada tələbə etirazları iğtişaşlara çevrildi  

17:18
14 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!