19 Mart 2026 08:35
177
SİYASƏT
A- A+
Azərbaycan fərqli qütblərin kəsişdiyi etibarlı məkandır

Azərbaycan fərqli qütblərin kəsişdiyi etibarlı məkandır


Bakının çoxvektorlu diplomatiyası ölkəmizin birləşdirici statusunu gücləndirir 


Dünya nizamının yenidən formalaşdığı, qlobal güc mərkəzləri arasında rəqabətin kəskinləşdiyi bir dövrdə Azərbaycan özünün geosiyasi taleyini təkcə coğrafi mövqeyi ilə deyil, həm də çevik və uzaqgörən diplomatiyası ilə müəyyənləşdirir. 

Şərqlə Qərbin, Şimalla Cənubun kəsişməsində yerləşən ölkəmiz iki qitəni birləşdirən körpü rolunu oynamaqla yanaşı, eyni zamanda fərqli siyasi qütblərin ortaq maraqlarını uzlaşdıran strateji qovşaq statusuna sahibdir. Əlverişli coğrafi mövqeyini dünya gücləri arasında rəqabət meydanına çevirməyən Azərbaycan öz ərazisini daim əməkdaşlıq platforması kimi təqdim edib. Məhz Prezident İlham Əliyevin uzaqgörən siyasəti, düşünülmüş addımları və yürütdüyü çoxvektorlu xarici siyasət kursu Azərbaycanı dünyanın ən böyük iqtisadi və siyasi gücləri üçün əhəmiyyətli tərəfdaş statusuna yüksəldib. 

Ölkəmiz bir tərəfdən Avropanın enerji təhlükəsizliyinin qarantı və ABŞ-nin regionda etibarlı müttəfiqi kimi çıxış edir, digər tərəfdən Çinin "Bir kəmər, bir yol" strategiyasının mərkəzi halqasına çevrilərək Şərqin, Mərkəzi Asiyanın iqtisadi intibahında açar rolunu oynayır. Qlobal nəqliyyat dəhlizlərinin mərkəzində yerləşən Azərbaycan regional sabitlik və əməkdaşlığın əsas dayaqlarından biri kimi çıxış edir. Unikal mövqe Azərbaycanı sabitliyin və əməkdaşlığın təhlükəsiz ünvanına çevirir. Bakının yürütdüyü bu siyasət beynəlxalq münasibətlər nəzəriyyəsində balanslaşdırılmış xarici siyasət və ya çoxvektorlu diplomatiya adlanır. 

Təbii ki, sabitlik və inkişaf liderlik faktorundan, effektiv dövlət idarəçiliyindən və təhlükəsizlik təminatlarından çox asılıdır. Qlobal oyunçularla tərəfdaşlıq münasibətlərini eyni müstəvidə qoruyan balanslı strategiya çox vaxt ən düzgün seçim olur. Bu yanaşma nəticələri mərhələli şəkildə toplayır və ölkənin daha firavan, sabit və təhlükəsiz inkişaf yolunda irəliləməsinə şərait yaradır. Azərbaycan birmənalı olaraq Cənubi Qafqazın strateji dinamikasında əsas mərkəzdir. Dövlətimiz qlobal güclər arasında balansı qorumaqla bərabər, texnologiyalar, energetika və infrastruktur sahələrində yeni inkişaf imkanları axtarır və özünəməxsus yolunu formalaşdırır. Ələlxüsus, ABŞ və Avropa İttifaqının Cənubi Qafqaza marağının artması fonunda yüksək texnologiyalar, təhlükəsizlik və "yaşıl iqtisadiyyat" sahələrində əməkdaşlıq məsələləri xüsusi aktuallıq kəsb edir. İkitərəfli və çoxtərəfli layihələrin genişlənməsi regional sabitliyin möhkəmlənməsi və ölkənin qlobal iqtisadi və texnoloji sistemdə rolunun artması üçün imkanlar yaradır. Eyni zamanda strateji təşəbbüslər Cənubi Qafqazın uzunmüddətli inkişafına xidmət edir və Azərbaycanın müasir beynəlxalq dəyər zəncirlərinə inteqrasiyası üçün şərait formalaşdırır.

Azərbaycanın unikal mövqeyi həm də ondan irəli gəlir ki, ölkəmiz heç bir hərbi bloka üzv deyil və Qoşulmama Hərəkatında aparıcı rol oynayır. Bu, Bakıya həm Vaşinqton və Brüssellə, həm də Moskva və Pekinlə eyni dərəcədə münasibət saxlamaq imkanı verir. Ölkəmiz bütün gərgin şəraitlərdə, fors-major hallarda dünya gücləri arasındakı qarşıdurmalarda tərəf tutmaqdan imtina edərək neytral statusunu qoruyur. Bu mənada NATO və Rusiya generallarının, habelə ABŞ və Rusiya rəsmilərinin ən gərgin vaxtlarda məhz Bakıda görüşmələri təsadüfi deyil. Elə bu neytrallıq Azərbaycanı bloklararası soyuq müharibələrin hədəfi olmaqdan xilas edib. Üstəlik, Sülh Şurasında fəal iştirakçılıq və birləşdirici rol Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırıb. 

Azərbaycan və Avropa İttifaqı arasındakı münasibətlər son illər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Avropa İttifaqı Şurasının prezidenti Antonio Koştanın Bakıya səfəri də Azərbaycanın geosiyasi və iqtisadi proseslərdə artan rolunun göstəricisidir. Bu səfər Rusiya-Ukrayna müharibəsinin davam etdiyi, Yaxın Şərqdə və İran ətrafında gərginliyin artdığı bir dövrdə baş verdi. Belə şəraitdə Avropa İttifaqının ali rəhbərinin Azərbaycana səfəri ölkəmizin Avropa üçün strateji əhəmiyyətini bir daha sərgilədi. Eyni zamanda Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Azərbaycana səfəri zamanı enerji sahəsində strateji tərəfdaşlıq haqqında memorandumun imzalanması da Avropa İttifaqı üçün Azərbaycanın nə qədər əhəmiyyətli tərəfdaş olduğunu göstərən amillərdən biridir. 

Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan qaz alır və ümumilikdə Azərbaycan qazının çatdırıldığı ölkələrin sayı 16-ya çatır. Eyni zamanda Avropa İttifaqının 27 üzv ölkəsinin üçdəbiri Azərbaycanla strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb. Bu isə o deməkdir ki, Avropa İttifaqı ölkələrinin təxminən yarıya yaxını Azərbaycanın rəsmi strateji tərəfdaşıdır. Birmənalı şəkildə demək olar ki, Avropa İttifaqının Mərkəzi Asiyaya və Çinə açılan qapılarından biri məhz Azərbaycandır. Bu baxımdan Çindən və Mərkəzi Asiyadan Avropaya çıxış üçün ən etibarlı və təhlükəsiz marşrutlardan biri Zəngəzur dəhlizi (TRIPP) və Azərbaycandan keçən, son illər istifadəsi daha da genişlənən nəqliyyat xətləridir. 

Azərbaycan-ABŞ əlaqələri də strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Xüsusilə 2025-ci ilin avqustunda keçirilən Vaşinqton Sülh Sammitindən sonra Bakı-Vaşinqton əlaqələri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. 2026-cı ilin fevralında ABŞ vitse-prezidenti Ceyms Devid Vensin Bakıya tarixi səfəri zamanı imzalanan Strateji Tərəfdaşlıq haqqında Xartiya münasibətləri ən yüksək səviyyəyə qaldırıb. ABŞ Bakını Avropanın enerji müstəqilliyinin əsas qarantı və antiterror əməliyyatlarında etibarlı müttəfiq kimi görür. Azərbaycan NATO-nun 11 üzvünün enerji təhlükəsizliyini təmin edir. Hazırda rəqəmsal platformaların yaradılması və ABŞ investisiyalarının qeyri-neft sektoruna cəlbi də prioritetdir.

İkitərəfli münasibətlərin inkişaf mərhələsini yaşadığımız əsas tərəfdaşlardan biri də dünyanın nəhənglərindən sayılan Çindir. 2025-ci ilin aprelində Prezident İlham Əliyevin Çinə dövlət səfəri zamanı imzalanmış Birgə Bəyannamə ilə iki ölkə arasında  əlaqələr hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Pekin Bakını "Bir kəmər, bir yol" layihəsinin mərkəzi qovşağı və Avropaya açılan ən təhlükəsiz qapı hesab edir. Azərbaycan Çin yüklərinin Avropaya çatdırılması üçün Orta dəhlizin əsas operatorudur. Bakı limanı və dəmir yolları Çin üçün dar boğazları aradan qaldıran əsas infrastrukturdur. 

Azərbaycan Mərkəzi Asiya ölkələrinin də Qərbə çıxış qapısıdır. Mərkəzi Asiyanın enerji resursları Azərbaycan vasitəsilə dünya bazarına yol tapır. Ölkəmiz Türk Dövlətləri Təşkilatının ideoloji və logistik mərkəzi statusundadır. Bakı mütəmadi olaraq türk dövlətləri arasındakı inteqrasiya proseslərinin təşəbbüskarı kimi çıxış edir. Bu, regionun xarici təsirlərdən qorunması üçün vahid təhlükəsizlik qurşağı yaradır. Mərkəzi Asiyanın zəngin karbohidrogen ehtiyatlarının dünya bazarına çıxışı üçün Azərbaycan ən təhlükəsiz və qısa marşrutun üzərində olan ölkədir. Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli artıq reallıqdır. Bu, Mərkəzi Asiya dövlətlərinə öz resurslarını diversifikasiya etmək imkanı verir. Türkmənistan qazının Azərbaycan üzərindən "Cənub qaz dəhlizi"nə qoşulması perspektivləri Avropanın enerji xəritəsində Bakını mərkəzi qovşaq halına gətirir. 

Bütün bunlar Azərbaycanın geosiyasi arxitekturadakı vazkeçilməz birləşdirici rolunu tam ifadə edir. Ölkəmizin obyektiv, ədalətli və neytral mövqeyi onu həm Şərq, həm də Qərb üçün strateji tərəfdaş statusunda saxlayır və Bakının beynəlxalq arenada manevr imkanlarını artırır. 


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Belarus gender bərabərliyi sahəsində əməkdaşlıq edəcək  

10:45
19 Mart

Azərbaycan neftinin qiyməti 117 dolları ötüb 

10:34
19 Mart

Minlərlə dənizçi Fars körfəzi bölgəsini tərk edə bilmir

09:41
19 Mart

Xocavənd sakini: Yurdumu yenidən görmək böyük sevincdir  

09:40
19 Mart

Azərbaycanla Pakistan arasında ikitərəfli əlaqələr müzakirə olunub  

09:36
19 Mart

Xocalı rayonu sakini: İllərlə qəlbimizdə yaşatdığımız yurd həsrəti geridə qaldı  

09:35
19 Mart

Çempionlar Liqasında 1/4 finalın daha dörd iştirakçısı bəlli olub  

09:30
19 Mart

Rusiya İrana yardım etməyə davam edəcək

09:27
19 Mart

Xocavənd şəhərinə və Xocalı rayonunun Xanabad kəndinə növbəti köç karvanları yola salınıb  

09:27
19 Mart

Ceyhun Bayramov Azərbaycan-Türkiyə müttəfiqliyinin regional sülh üçün əhəmiyyətini vurğulayıb  

09:25
19 Mart

Koçaryan köhnə ssenari ilə Ermənistanı hara aparır

09:15
19 Mart

Novruz bərəkətli xeyirxahlıq ünvanı

09:10
19 Mart

Azərbaycanın taleyini yaşadı

09:05
19 Mart

Ədəbiyyatşünaslığın filosofu

09:00
19 Mart

Soyuq rənglərdən yaranan isti tablolar

08:55
19 Mart

Azərbaycan xalqının qətiyyəti, Vətən sevgisinin gücü

08:50
19 Mart

Xidmət sektoru iqtisadi inkişafın lokomotivinə çevrilir

08:45
19 Mart

Bakı "neft akademiyası" olduğunu bu gün də sübut edir

08:40
19 Mart

Azərbaycan fərqli qütblərin kəsişdiyi etibarlı məkandır

08:35
19 Mart

Humanizm prinsipləri rəsmi Bakı üçün keçici siyasi gərginliklərdən üstündür

08:30
19 Mart

Yerin təkindən istifadə ilə bağlı qanunvericilik təkmilləşdirilir

08:25
19 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!