Prezident Rəcəb Tayyib Ərdoğanın Bakıda keçirilən COP29 iqlim konfransında Türkiyənin 2035-ci ilə qədər külək və Günəş enerjisi tutumunu 120 giqavata çatdıracağı barədə verdiyi açıqlama mühüm strategiyanın təqdimatı idi.
AZƏRTAC “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Londonda beynəlxalq sərmayəçilər qarşısında çıxışında bildirib. O əlavə edib ki, Türkiyə böyük bərpaolunan enerji potensialına malikdir və ölkənin quraşdırılmış elektrik tutumunda bərpa olunan mənbələrin payı 62 faizə çatıb.
Nazir əlavə edib: “2035-ci ilə qədər 120 giqavat külək və Günəş enerjisi tutumuna çatmaq üçün hər il bu resurslardan 8-10 giqavat gücü istifadəyə verməliyik. Bu ümumi tutuma 5 giqavat dəniz külək enerjisi tutumu da daxildir. Bu il dəniz külək enerjisi üçün tenderlər keçirməyi hədəfləyirik. 2026-cı il dəniz külək enerjisi sektorumuz üçün dönüş nöqtəsi olacaq. Bundan əlavə, nüvə enerjisi olmadan, karbon neytrallığına nail olmağın mümkün olmadığına inanırıq. Hazırda tikilməkdə olan 4,8 giqavatlıq “Akkuyu” AES-ə əlavə olaraq, Sinop və Trakya bölgələrində planlaşdırdığımız stansiyalarla və 5 giqavatlıq kiçik modul reaktor hədəfimizlə 2050-ci ilə qədər ümumilikdə ən azı 20 giqavat gücə çatmağı hədəfləyirik. Bu çərçivədə, həmçinin elektrik enerjisi istehsalında nüvə enerjisinin payını 15 faizə çatdırmağı hədəfləyirik”.
Bayraktar təqdimatında Türkiyənin beynəlxalq təbii qaz və boru kəməri layihələri barədə də danışıb. O, Ankaranın İraq və Qətərə beynəlxalq boru kəməri layihələri təklif etdiyini və Hörmüz boğazından qaynaqlanan son enerji böhranının bu layihələrin əhəmiyyətini vurğuladığını bildirib.
Nazir dünyanın son 6-7 ildə bir çox böhran yaşadığını izah edərək deyib: “Bu, potensial çətinliklərə hazırlaşmalı olduğumuzu göstərir. Buna görə də Türkiyə daha çox əlaqəli və müxtəlif enerji layihələrinin həyata keçirilməsini təklif edir. Daha müxtəlif enerji təchizatı və nəqliyyat sistemlərinə ehtiyacımız var”.
İraq rəsmilərinə İraq-Türkiyə boru kəmərinin Bəsrəyə qədər uzadılması tövsiyəsini nümunə kimi bölüşən Bayraktar əlavə edib: “Ümid edirik ki, bunun təkcə Türkiyə və ya İraq üçün deyil, həm də qlobal neft bazarları üçün vacib olduğu başa düşüləcək”.
Bayraktar qeyd edib ki, Səudiyyə Ərəbistanı, İordaniya, Suriya və Türkiyəni əhatə edən irimiqyaslı birləşdirici xətt də inşa edilə bilər: “Bədbin düşünmək istəmirəm, amma qarşıdakı illərdə yeni çətinliklər və böhranlarla üzləşə bilərik. Təklif etdiyimiz bir çox həll yolu var. Ümid edirik ki, bu əməkdaşlığı bölgəmizdə və qlobal miqyasda inkişaf etdirəcəyik”.