Almaniya mediası Azərbaycanın Naxçıvan Muxtar Respublikasına İran tərəfindən həyata keçirilən pilotsuz uçuş aparatı (PUA) hücumlarına geniş yer verib.
AZƏRTAC xəbər verir ki, Almaniyanın “Spiegel”, “Zeit”, “Handelsblatt”, “Tagesspiegel”, “Bild”, “Berliner Zeitung” qəzet və jurnalları, “Tagesschau” və “Welt” telekanalları, eləcə də digər media qurumları bu barədə silsilə xəbərlər yayımlayıb.
Xəbərlərdə Azərbaycanın Naxçıvan Muxtar Respublikasında aeroportun, məktəb binasının və digər mülki obyektlərin dron hücuma məruz qaldığı vurğulanaraq, bu hücumun Azərbaycan tərəfindən sərt şəkildə pisləndiyi, İran səfirinin Azərbaycan Xarici İşlər Nazirliyinə çağırıldığı bildirilib. Məsələ ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclasının keçirildiyi, dövlətimizin başçısının göstərişi ilə Azərbaycan Silahlı Qüvvələrinin yüksək döyüş hazırlığına gətirildiyi bildirilib.
“Spiegel” jurnalının Yaxın Şərqdəki vəziyyətlə bağlı daim yenilənən xəbər bloqunda yer alan məlumatda hücumdan sonra Azərbaycan Silahlı Qüvvələrinin yüksək döyüş hazırlığı vəziyyətinə gətirildiyi qeyd olunub.
“Handelsblatt” qəzeti rəsmi Bakının ölkənin ərazi bütövlüyünü və suverenliyini qorumaq, həmçinin mülki əhalinin və mülki infrastrukturun təhlükəsizliyini təmin etmək üçün zəruri əks tədbirlər hazırladığını qeyd edib.
“Tagesspiegel” qəzeti İran müharibəsinin getdikcə daha çox ölkəyə yayıldığını qeyd edərək, PUA-ların Azərbaycanın Naxçıvan Muxtar Respublikasının ərazisində hava limanı yaxınlığında və bir məktəbin yaxınlığında düşdüyünü yazıb. Azərbaycanın bu iyrənc terror aktına görə cavab tədbirləri görəcəyini açıqladığı, Prezident İlham Əliyevin göstərişi ilə Silahlı Qüvvələrin döyüş hazırlığı vəziyyətinə gətirildiyi qeyd olunub.
Qəzet Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallasın Brusseldə verdiyi açıqlamada İranın xaos yaratmaq üçün müharibəni mümkün qədər çox ölkəyə yaymağa çalışması barədə fikrini də diqqətə çatdırıb.
“Zeit” nəşrinin yaydığı xəbərdə Azərbaycan Prezidenti İlham Əliyevin pilotsuz uçuş aparatlarının Naxçıvan Muxtar Respublikasına hücumundan sonra ölkənin Silahlı Qüvvələrini döyüş hazırlığı vəziyyətinə gətirdiyini qeyd edərək, Azərbaycan Prezidentinin ordumuzun istənilən əməliyyata hazır olması barədə fikrini diqqətə çatdırıb.
“Tagesschau” xəbər xidmətinin məlumatında Türkiyənin Azərbaycanın hücuma məruz qalmasına dərhal sərt reaksiya verdiyi, qardaş ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında regionda üçüncü ölkələrə qarşı hücumların dayandırılmasının zəruriliyinin vurğulandığı və bu cür hücumların müharibənin eskalasiyası riskini artırdığını bəyan etdiyi vurğulanıb.