25 Noyabr 2026 08:20
111
İQTİSADİYYAT
A- A+
2027-ci ilin dövlət büdcəsi zərfi: maliyyə təhlükəsizliyindən fiskal dayanıqlığa

2027-ci ilin dövlət büdcəsi zərfi: maliyyə təhlükəsizliyindən fiskal dayanıqlığa


"Öncə hansı büdcəni deyil, hansı dövlətin büdcəsini müzakirə edirik?" sualına cavab verməliyik


2027-ci ilin dövlət büdcəsi zərfinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə təqdim edilməsi ilə parlamentdə sənədin müzakirələrinə başlanılmışdır. 

Büdcə zərfi hər şeydən əvvəl Prezident İlham Əliyevin strateji təşəbbüslərini, sosial-iqtisadi inkişafın əsas hədəflərini, yeni dövrün çağırışlarını əks etdirir və onların reallaşdırılması üçün etibarlı maliyyə təminatı yaradır. 


Dövlət büdcəsinin qiymətləndirilməsi yalnız rəqəmlərin müqayisəsi ilə məhdudlaşmamalıdır


Büdcə müzakirələri çərçivəsində səslənən fikirlərdən biri büdcə gəlir və xərclərinin 1,7 faizlik artımının qənaətbəxş olmaması ilə bağlı idi. Lakin nəzərə almalıyıq ki, büdcənin qiymətləndirilməsi yalnız rəqəmlərin müqayisəsi ilə məhdudlaşa bilməz. Büdcənin strukturu, dayanıqlığı, nəticəliliyi və gələcək üçün yaratdığı imkanlar onun ümumi həcmindən və artım dinamikasından daha vacibdir. Digər bir tərəfdən də növbəti ilin proqnozlarına əsasən, icmal büdcənin xərclərinin 50 milyard manatı, dövlət büdcəsi xərclərinin isə ÜDM-də payının 30 faizi ötməsi dövlətin maliyyə imkanlarının kifayət qədər yüksək olduğunu göstərir. 

Son dövrlər qlobal fiskal siyasət gündəliyinin əsas mövzularından biri "daha çox xərcləmək" deyil, "daha yaxşı xərcləmək"dir. Təsadüfi deyildir ki, Beynəlxalq Valyuta Fondu 2025-ci ilin Fiskal Monitor hesabatını hətta "Spending Smarter" - "Daha ağıllı xərcləmək" mövzusuna həsr etmişdir. Azərbaycan üçün çıxarılan nəticə bundan ibarətdir ki, büdcəni böyütmədən də xərclərin strukturunu və səmərəliliyini yaxşılaşdırmaqla daha yüksək iqtisadi nəticə əldə etmək mümkündür.


Azərbaycan dövləti "Böyük qayıdış" proqramını yalnız özü maliyyələşdirir


Azərbaycan icrası eyni vaxtda üst-üstə düşən çoxsaylı strateji, təxirəsalınmaz və maliyyə tutumlu layihələri öz daxili imkanları hesabına həyata keçirir. 

Postmüharibə dövrünü yaşamış və bərpa prosesini beynəlxalq yardımlar, xarici dəstəklər hesabına icra etmiş bir sıra ölkələrdən fərqli olaraq dövlətimiz "Böyük qayıdış" proqramını yalnız özü maliyyələşdirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ümumi rəhbərliyi ilə işğaldan azad edilmiş bütün Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır.

İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması üçün 2020-2026-cı illərdə dövlət büdcəsindən cəmi 25 milyard manatdan çox vəsait ayrılmışdır. 2027-ci ildə isə 3,4 milyard manat nəzərdə tutulur.


İqtisadi siyasətlə sosial siyasəti uzlaşdıran büdcə zərfi


Büdcə zərfi dövlətin sosial siyasətinin növbəti ildə daha da gücləndiriləcəyindən xəbər verir. Xərclərin 18,7 milyard manatının və ya 44,2 faizinin sosialyönümlü olması bunu bir daha təsdiq edir. Bu məbləğ 2026-cı illə müqayisədə 1,6 milyard manat və ya 9,2 faiz çoxdur. Bu rəqəmlər dövlət siyasətinin mühüm bir prinsipini - iqtisadi siyasətlə sosial siyasətin uzlaşdırılmasını təsdiq edir. 

Digər bir tərəfdən də sosialyönümlü xərclərin büdcə məxaricində yüksək payı dövlət siyasətində sosial öhdəliklərin və insan kapitalının prioritet olduğunu göstərir. Lakin bu göstəricinin fiskal tərəfi də xüsusi əhəmiyyət daşıyır. Sosial xərclərin böyük hissəsi davamlı və təkrarlanan öhdəliklərdən ibarətdir. Bu səbəbdən də onların fasiləsiz icrası etibarlı maliyyə bazası tələb edir.


Təhlükəsizlik və iqtisadi inkişaf xərcləri bir-birinə alternativ deyil


Müstəqil xarici siyasətin, qətiyyətli siyasi iradənin arxasında güc amili dayandığı kimi, uzunmüddətli milli güc də dayanıqlı iqtisadiyyata, mütərəqqi texnologiyaya, rəqabətqabiliyyətli insan kapitalına və müasir infrastruktura əsaslanır. Buna görə büdcədə təhlükəsizlik və iqtisadi inkişaf xərcləri bir-birinə alternativ deyil, biri digərini tamamlayır. 

Təsadüfi deyildir ki, 2027-ci ilin büdcə zərfində müdafiə və təhlükəsizlik xərcləri ilə iqtisadi fəaliyyət xərcləri təxminən eyni məbləğdə və eyni xüsusi çəkidə nəzərdə tutulmuşdur. Belə ki, növbəti ildə müdafiə və milli təhlükəsizlik xərclərinə 8,8 milyard manat, iqtisadi fəaliyyətlə bağlı xərclərə isə 8,9 milyard manat yönəldiləcəkdir. Hər iki xərc maddəsinin büdcə məxaricində payı təxminən 21 faiz təşkil edir. Yeganə fərq ondan ibarətdir ki, 2026-cı illə müqayisədə təhlükəsizlik xərcləri cəmi 99 milyon manat və ya 1,1 faiz, iqtisadi fəaliyyət xərcləri isə 1,1 milyard manat və ya 13,4 faiz artırılır. Xərclərin bu dinamikası 2027-ci ilin maliyyə sənədini hər bir halda rifah və inkişaf büdcəsi olaraq dəyərləndirməyə imkan verir və belə bir qənaət üçün əsaslar yaradır. 


Dövlət maliyyəsinin idarə olunması sistemində institusional islahatlar


Xüsusi olaraq qeyd etməliyik ki, son illərdə dövlət maliyyəsinin idarə olunması sistemində institusional islahatlara başlanılmış, büdcə siyasəti keyfiyyətcə yeni mərhələyə keçmişdir. Hazırda maliyyə intizamının gücləndirilməsi, fiskal dayanıqlığın təmin edilməsi istiqamətində ardıcıl tədbirlər görülməkdədir.

Dövlət maliyyəsi sistemində islahatlar büdcənin tərtibini də təkmilləşdirir. Xüsusilə də "Rəqəmsal dövlət maliyyəsi" informasiya sisteminin yaradılması büdcə, xəzinədarlıq, dövlət borcu, mühasibat uçotu, dövlət maliyyə nəzarəti, dövlət müəssisələrinin monitorinqi və digər maliyyə proseslərinin vahid informasiya mühitində birləşdirilməsinə imkan verir. 

Bu, sadəcə, texnoloji yenilik deyil, dövlət maliyyəsinin idarə edilməsində şəffaflıq, operativlik və nəzarət imkanlarının keyfiyyətcə yeni mərhələyə keçirilməsidir.


Perspektiv dövrdə büdcə siyasətində və planlaşdırılmasında nəyi nəzərə almaq lazımdır


Bununla belə, aparılmış büdcə müzakirələrinin nəticələrini də nəzərə alaraq, perspektiv dövrdə büdcə prosesində və fiskal siyasətin həyata keçirilməsində nəzərə alınmasını vacib hesab etdiyimiz bəzi fikir və təkliflər də bildirmək istərdik.

Büdcə siyasətində əsas hədəf maliyyə dayanıqlığını qorumaqla yanaşı, həm də davamlı iqtisadi inkişafı təmin etməkdir. Müasir iqtisadiyyatda ayrı-ayrı siyasət tədbirlərinin səmərəliliyi onların vahid iqtisadi strategiya çərçivəsində nə dərəcədə uzlaşdırılmasından asılıdır. Dayanıqlı makroiqtisadi sabitliyə yalnız bir-birini dəstəkləyən və tamamlayan fiskal, monetar və iqtisadi artım siyasəti əsasında nail olmaq mümkündür.

2027-ci il üçün 5,3 faizlik inflyasiya, 2,7 faizlik iqtisadi artım proqnozları fonunda dövlət büdcəsinin parametrləri fiskal siyasətə bir qədər sərt məzmun verir. Növbəti illərdə iqtisadi fəallığın yüksəldilməsi, büdcə gəlir və xərclərinin real olaraq artımının təmin edilməsi baxımından fiskal parametrlərin inflyasiya və iqtisadi artım tempi ilə daha sıx uzlaşdırılmasını vacib hesab edirik.


Xarici borcun ümumi dövlət borcundakı minimal payı bizi arxayınlaşdırmamalıdır


Xarici borcun ümumi dövlət borcundakı payının 32 faiz təşkil etməsinə baxmayaraq, hökumət tərəfindən onun ortamüddətli perspektivdə mərhələli azaldılması və daxili borcla əvəz edilməsi strategiyası davam etdiriləcəkdir. Bu yanaşmanı əsaslı hesab edirik. Çünki xarici borcun büdcəyə yükü təkcə onun nominal həcmi və ÜDM-də payı ilə yox, həm də borcun valyuta tərkibi, faiz yükü, ödəmə müddətləri və borca xidmət xərcləri ilə müəyyən olunur.

Azərbaycanın iqtisadi strukturu və valyuta gəlirlərinin (neft dolları) xarakterinə görə, xarici borcun yüksək səviyyəsi potensial riskdir, çünki valyuta gəlirləri neft qiymətlərindən asılıdır. Bu səbəbdən daxili borcun payının 60-70 faiz, xarici borcun payının 30-40 faiz səviyyəsində saxlanması rasional hesab olunur.


Büdcə daxilində xərclərin yenidən prioritetləşdirilməsi nə üçün zəruridir


Bir mühüm məsələyə də diqqət yetirmək vacibdir. Büdcə imkanlarının məhdud olduğu, eyni zamanda yeni maliyyə ehtiyaclarının yarandığı şəraitdə ilk addım həmişə əlavə maliyyə mənbələri axtarmaq olmamalıdır. Hər yeni prioritet istiqamət mütləq yeni xərc demək deyil. Bəzən daha düzgün yanaşma mövcud büdcə daxilində prioritetlərin yenidən müəyyən edilməsidir. Bu, beynəlxalq təcrübədə xərclərin yenidən prioritetləşdirilməsi adlanır. Çoxsaylı və təxirəsalınmaz maliyyə ehtiyaclarını qarşılamaqda olan və hətta əsas xərc prioritetlərini müəyyən etmiş Azərbaycan üçün bu yanaşmanın nəzərə alınmasının praktiki əhəmiyyəti vardır.


Fiskal konsolidasiya ilə nəticə əsaslı büdcəyə keçid prosesinin sürəti uzlaşdırılmalıdır


Proqram və nəticə əsaslı büdcə mexanizminin tətbiqi dövlət maliyyə sistemində islahatların əsas istiqamətlərindən birini təşkil edir. Bu mexanizmin əhatə etdiyi sektorların sayı səkkizə çatdırılmışdır. 2027-ci ilin büdcə zərfində bu sektorlar üzrə 54 dövlət proqramının maliyyələşdirilməsinə 13,9 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu, müsbət institusional dəyişiklikdir. Lakin hesab edirik ki, sektorların sayının artırılması ilə yanaşı, büdcə vəsaitlərinin nəticə əsaslı idarə olunmasının keyfiyyəti də yüksəldilməlidir.

Bu qənaətdəyik ki, fiskal konsolidasiya siyasəti ilə nəticə əsaslı büdcəyə keçid arasında daha sıx əlaqə yaradılmalıdır. 2025-ci ildə nəticə əsaslı büdcə üzrə maliyyələşmə həcmi 6,1 milyard manata çatmışdır ki, bunun da ümumi büdcə xərclərində payı 15,8 faiz təşkil edir. Konsolidasiya prosesinin sürəti nəticə əsaslı büdcə mexanizminin tətbiqinin də sürətləndirilməsini zəruri edir. Bu iki istiqamətin daha sıx əlaqələndirilməsi büdcə vəsaitlərinin səmərəliliyinin yüksəldilməsinə əlavə imkanlar yarada bilər.

Digər mühüm məsələ büdcənin təsdiq edilmiş parametrləri ilə onun faktiki icrası arasında uyğunluğun təmin edilməsidir. Hesab edirik ki, fiskal konsolidasiya tədbirlərinin əsas istiqamətləri büdcənin planlaşdırılması mərhələsində müəyyən edilməli, icra prosesində isə təsdiq olunmuş xərc proqramlarının ardıcıllığı və proqnozlaşdırıla bilməsi mümkün qədər qorunmalıdır.

Büdcə xərclərinin azaldılması ilə onların səmərəliliyinin artırılması eyni anlayışlar deyil. Xərclərin azaldılması fiskal göstəriciləri yaxşılaşdıra bilər. Lakin bu, avtomatik olaraq dövlət vəsaitlərindən istifadənin səmərəliliyinin yüksəldilməsi demək deyil. 


Xərclərin optimallaşdırılması zamanı dövlət investisiyalarının multiplikativ effektini nəzərə almalıyıq


Büdcə müasir bazar iqtisadiyyatı şəraitində yalnız maliyyə planı deyil, həm də iqtisadiyyatın tənzimlənməsi alətidir. Dövlət investisiyaları, iqtisadi fəaliyyətə yönəldilən xərclər, sahibkarlığa və infra-struktura dəstək vasitəsilə büdcənin iqtisadi artıma, investisiya fəallığına və yeni iqtisadi imkanların formalaşmasına təsirini artırmalıyıq.

Xüsusi olaraq qeyd etməliyik ki, dövlət investisiyaları neft sektoru ilə yanaşı, uzun illər ərzində iqtisadi artımın mühüm hərəkətverici qüvvəsi olmuşdur. Ona görə də büdcə xərclərinin optimallaşdırılması zamanı multiplikativ təsirləri olan xərc maddələrinin iqtisadi artıma, məşğulluğa və özəl sektora təsiri qiymətləndirilməlidir. Nəzərə almalıyıq ki, bütün xərc maddələrinin iqtisadi nəticəsi eyni deyil. Bəzi xərclərin azaldılması qısamüddətli büdcə qənaəti yaratsa da, uzunmüddətli perspektivdə iqtisadi itkilərə səbəb ola bilər.

Beynəlxalq Valyuta Fondu inkişaf etməkdə olan ölkələr üçün xərclərin optimallaşdırılmasını tövsiyə etməklə yanaşı, dövlət investisiyalarının qorunmasını ayrıca vurğulayır. Nəzərə almalıyıq ki, fiskal intizam investisiyadan imtina deyil, aşağı məhsuldar xərclə gələcək artımı yaradan xərc arasında seçim etməkdir. Bu, xüsusilə böyük infrastruktur proqramları həyata keçirən ölkəmiz üçün əhəmiyyətli tezisdir.


Aqrar sahənin maliyyələşdirilməsi nəticə əsaslı büdcə kontekstində


Kənd təsərrüfatının nəticə əsaslı büdcə mexanizminin tətbiq edildiyi 8 sektordan biri olduğunu nəzərə alaraq, aqrar sahənin bu mexanizmlə əlaqələndirilməsini vacib hesab edirik. 2027-ci ilin dövlət büdcəsində kənd təsərrüfatına ayrılan vəsaitlərin həcmi 12,5 faiz və ya 153 milyon manat artaraq təxminən 1 milyard 380 milyon manat təşkil etmişdir. Bu, 2027-ci ildə iqtisadi fəaliyyət xərclərindən sonra ən yüksək artım tempinə malik olan xərc istiqamətidir. 

Prezident İlham Əliyev xüsusi olaraq qeyd edir ki, kənd təsərrüfatı bizim üçün iqtisadi, sosial və təhlükəsizlik məsələsidir və hökumət bu sahəyə dəstəyi bundan sonra da davam etdirəcəkdir. Eyni zamanda dövlətin aqrar sahədən böyük gözləntiləri də var. 

Bu gözləntilər kənd təsərrüfatına dövlət dəstəyinin səmərəli təşkili, məhsuldarlığın və ixracın artırılması, özünütəminetmə göstəricilərinin yaxşılaşdırılması, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı, kəndin inkişafı və rifahı ilə bağlıdır. Bunları nəzərə alaraq növbəti illərdə aqrar sahənin maliyyələşdirilməsinin nəticə əsaslı büdcə prinsipi ilə daha sıx uzlaşdırılmasını vacib hesab edirik.


Büdcə zərfinin iqtisadi "fəlsəfəsi" ictimaiyyətə aydın izah edilməlidir


Vacib hesab etdiyimiz məsələlərdən biri büdcə zərfinin iqtisadi fəlsəfəsinin, onun əsas prinsiplərinin geniş izah edilməsi ilə bağlıdır. Vətəndaş fiskal dayanıqlıq, büdcə konsolidasiyası kimi anlayışların mahiyyətini bilməlidir. Vətəndaş bilməlidir ki, fiskal dayanıqlıq büdcə siyasətinin məqsədi, yəni dövlətin orta və uzun müddətdə öz maliyyə öhdəliklərini yerinə yetirə bilmək qabiliyyəti, fiskal konsolidasiya isə həmin məqsədə çatmaq üçün vasitələrdən və ya alətlərdən biridir.


Strateji vəzifələrin icrası üçün etibarlı maliyyə təminatı yaradan büdcə zərfi


Aparılmış müzakirələrin nəticələrini nəzərə almaqla bildiririk ki, "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi büdcə qanunvericiliyinin tələblərinə və ölkəmizin strateji inkişaf hədəflərinə cavab verir. 

Əsas prinsipləri dayanıqlıq, səmərəlilik və keyfiyyət dəyişiklikləri olan büdcə zərfi növbəti ildə dövlətin prioritet funksiyalarının icrası, milli təhlükəsizlik, iqtisadi inkişaf və sosial rifah üçün etibarlı maliyyə təminatı yaradır. 


Azər ƏMİRASLANOV,

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İrəvan tarixi seçim qarşısında

08:35
25 Noyabr

Türkmənistandakı konfransda Azərbaycanın logistika və tranzit imkanlarından danışılıb

08:30
25 Noyabr

Azərbaycan və Rumıniya "Yaşıl Enerji Dəhlizi" layihəsinin icrasını dəyərləndirib

08:25
25 Noyabr

2027-ci ilin dövlət büdcəsi zərfi: maliyyə təhlükəsizliyindən fiskal dayanıqlığa

08:20
25 Noyabr

TRIPP layihəsi reallığa çevrilir

08:15
25 Noyabr

Azərbaycançılıq - keçmişimizin mənəvi irsi, bu günümüzün birləşdirici gücü 

08:10
25 Noyabr

"Maraqlar toqquşması haqqında" qanun layihəsi müzakirəyə çıxarıldı 

08:05
25 Noyabr

Kəlbəcər Zəfərin işığında yenidən qurulur

08:00
25 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 22 sentyabr tarixli 280 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın fəaliyyət Qaydası”nda dəyişiklik edilməsi haqqında

00:38
25 Noyabr

“Gənclərin çağırışaqədərki hazırlığı haqqında Əsasnamə”nin təsdiq edilməsi və “Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 29 may tarixli 119 nömrəli Qərarının ləğv edilməsi barədə 

00:37
25 Noyabr

Azərbaycan müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

22:49
24 Noyabr

Türkiyədə qəzaya uğrayan helikopterdə beş hərbçi həlak olub 

22:38
24 Noyabr

İngiltərədə 3,8 milyon nəfər ifrat yoxsulluq şəraitində yaşayır

21:39
24 Noyabr

“Fitch Ratings” 2027-ci il üçün qlobal kredit reytinqləri üzrə proqnozunu “neytral” müəyyənləşdirib

21:25
24 Noyabr

Azərbaycan-Monteneqro iqtisadi əlaqələrinin genişləndirilməsi müzakirə edilib  

20:48
24 Noyabr

Ceyhun Bayramov: TRIPP layihəsi ilə bağlı Azərbaycanın mövqeyi nəzərə alınmalıdır 

19:41
24 Noyabr

Gürcüstanın Baş nazirinin müavini: Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi layihələr Avropa üçün strateji əhəmiyyət daşıyır

19:31
24 Noyabr

Gürcüstanın xarici işlər nazirinə Ermənistanla sülh prosesinin gedişi barədə məlumat verilib  

19:23
24 Noyabr

Maka Boçorişvili: 2026-cı il Azərbaycan-Gürcüstan əməkdaşlığının inkişafında mühüm mərhələ olub 

19:09
24 Noyabr

Nazir: Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir

19:01
24 Noyabr

İspaniyada Roma dövrünə aid yaxşı qorunmuş divar rəsmləri aşkarlanıb  

18:51
24 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!