09 Oktyabr 2026 09:20
467
CƏMİYYƏT
A- A+
Vətəni sevməyin nümunəsi

Vətəni sevməyin nümunəsi


Şəhidlik zirvəsinə gedən yol cəsurların, qorxmazların yoludur. Şəhidlik elə bir uca məqamdır ki, özündə qəhrəmanlığın, igidliyin və Vətənə sonsuz sədaqətin mənasını yaşadır. Bu zirvəyə aparan yol insanın dünyaya göz açdığı torpağa məhəbbətindən, doğma yurda sədaqətindən, düşmənə qarşı barışmaz mövqeyindən və Vətən uğrunda qisas hissindən keçir. İkinci Qarabağ müharibəsində də Azərbaycanın mərd və cəsur oğulları torpaqlarımızı erməni işğalından azad etmək, illər boyu Vətən həsrəti ilə yaşayan xalqımızın arzusunu gerçəkləşdirmək və şəhidlərimizin qisasını almaq üçün bu yolu tutub döyüş meydanına atıldılar. Onlar ölümün üzərinə qorxmadan şıxıdılar. Qarabağın azadlığı uğrunda gedən qanlı döyüşlərdə qəhrəman oğullarımızın bir qismi düşmən gülləsinə tuş gəldi. Onlar canlarından da çox sevdikləri Vətən uğrunda həyatlarını fəda edərək şəhidlik zirvəsinə ucaldılar. Bu gün igid oğullarımızın  müqəddəs adı Azərbaycan xalqının yaddaşında qəhrəmanlığın və Vətən sevgisinin əbədi rəmzi kimi yaşayır.

Şəhidlik zirvəsinə ucalan qəhrəmanlardan biri də Fərid Vəlhəd oğlu Məmmədovdur. O, 29 aprel 1990-cı ildə Abşeron rayonunun Xırdalan şəhərində dünyaya göz açmışdı. 1997-2008-ci illərdə şəhərdəki 2 nömrəli orta məktəbdə təhsil almışdı. Orta təhsilini başa vurduqdan sonra, 2008-ci ildə həqiqi hərbi  xidmətə çağırılmışdı. Bununla onun çoxdan arzuladığı Vətənə əsgər olmaq istəyi gerçəkləşmişdi. Hərbi xidmət Fərid Məmmədov üçün sözün həqiqi mənasında həyat və kişilik məktəbinə çevrildi. Əyninə hərbi forma geyinib xidmətə başladığı ilk gündən təlim və məşğələlərdə fəallıq göstərərək hərbi biliklərə yiyələnir, silahların sirlərini öyrənir, ordu həyatına daha çox bağlanırdı. 2010-cu ildə hərbi xidmətdən tərxis olunduqdan sonra Fərid Məmmədov Daxili Qoşunlarda müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi işini davam etdirdi. Ordu sıralarında qazandığı döyüş təcrübəsi və hərbi biliklər sonrakı xidmətində də onun işinə yaradı.

Fərid Məmmədov kiçik yaşlarından mütaliəyə, təhsilə və özünü inkişaf etdirməyə böyük həvəs göstərmişdi. Bu arzusunu 2014-cü ildə həyata keçirə bilmişdi. Həmin il çoxdan arzuladığı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olunmuşdu. Ali təhsil ocağında "Vətənin müdafiəsi" ixtisası üzrə bakalavr təhsili almışdı. 2017-ci ildə Müdafiə Nazirliyinin gizir hazırlığı kursunu uğurla başa vurduqdan sonra Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində xidmətə başlamışdı. Hələ kiçik yaşlarından zabit olmağı arzulayan Fərid Məmmədov gizir kimi doğma ordumuzun sıralarında xidmət etdikdən sonra 2019-cu ilin dekabrında Təlim və Tədris Mərkəzinin ehtiyat zabitlər kursunda təhsil almışdı. Təhsil almağa və uğur qazanmağa daim can atan Fərid bu kursu da yüksək göstəricilərlə başa vurmuşdu. Leytenant rütbəsi aldıqdan sonra "N" saylı hərbi hissədə taqım komandiri kimi xidmətə başlamışdı.

2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayanda leytenant Fərid Məmmədovun xidmət etdiyi bölük də döyüşlərə göndərildi. Onun ilk döyüşü oktyabrın 6-da cəbhənin Füzuli istiqamətində oldu. Xidmət illərində qazandığı təcrübə və səriştə döyüş meydanında özünü göstərdi. Fərid döyüşlərin ilk günlərindən dəqiq atəş zərbələri ilə düşmənin mövqelərinin darmadağın edilməsində fəal iştirak etdi. Güclü hücumlar qarşısında düşmən ağır itkilər verərək geri çəkildi. Torpaqlarımızın addım-addım işğaldan azad olunması gənc zabitin qəlbini qürur və sevinc hissi ilə doldururdu. Bir müddət sonra Fəridin xidmət etdiyi bölük Cəbrayıl rayonuna gətirildi. Həmin günlər də bu istiqamətdə də gərgin döyüşlər gedirdi. Erməni silahlı qüvvələri uzun illər işğal altında saxladıqları ərazilərdən geri çəkilməmək üçün ciddi müqavimət göstərirdilər. Lakin Azərbaycan Ordusunun qarşısında bu müqavimət də davam gətirmədi. Düşmən mövqelərini tərk etməyə, silah-sursatını və digər hərbi vasitələrini atıb geri çəkilməyə məcbur oldu.

İkinci Qarabağ müharibəsində iştirak etməsi, işğalçı qüvvələrə qarşı döyüşməsi və torpaqlarımızın azadlığı uğrunda mübarizə aparması Fərid üçün böyük qürur idi. Oktyabrın 6-dan etibarən iştirak etdiyi bütün döyüşlərdə yüksək hünər və cəsarətlə vuruşurdu. Gərgin döyüş əməliyyatları zamanı dəfələrlə tabeliyində olan əsgərlərin həyatını təhlükədən xilas etmiş, çevik qərarları və cəld manevrləri ilə onların düşmən pusqusuna düşməsinin qarşısını almışdı. O, komandir kimi yalnız özünü deyil, tabeliyindəki əsgərlərin həyatını da düşünür, döyüşün ən ağır anlarında onların yanında olurdu.

Çox keçmədən Fəridin xidmət etdiyi bölük Cəbrayıldan Xocavənd rayonuna istiqamətləndirildi. Buradan isə yol Şuşaya doğru uzanırdı. Bu istiqamət böyük strateji əhəmiyyət daşıdığından düşmən əsas qüvvələrindən bir hissəsini burada cəmləşdirərək ciddi müqavimət göstərirdi. Hər qarış torpaq uğrunda ağır və gərgin döyüşlər gedirdi. Gənc zabit Fərid Məmmədov döyüşlərin ön sıralarında vuruşurdu. Oktyabrın 25-də Xocavənd istiqamətində gedən əməliyyatlar daha da şiddətləndi. Düşmən ehtiyat qüvvələrini döyüşə cəlb edərək müqaviməti gücləndirməyə çalışırdı. Leytenant Fərid Məmmədov həmin döyüşdə üzərinə düşən döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid oldu.

Həmin gün Fəridin doğulub boya-başa çatdığı evin qapısını acı xəbər döydü. Fərid Məmmədov oktyabrın 26-da doğmalarının, əzizlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Hərbi Memorial Məzarlığında torpağa tapşırıldı.

Ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda gedən döyüş əməliyyatlarında üzərinə düşən döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidlik və qəhrəmanlığa görə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Fərid Vəlhəd oğlu Məmmədov ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edildi. Qəhrəman unudulmur, adı əbədiləşdirilir. Xırdalan şəhərində şəhid Fərid Məmmədovun da xatirəsinə bulaq inşa edilib, şəhərin küçələrindən birinə onun adı verilib. Bunlar dövlətimizin şəhidlərə və onların ailələrinə göstərdiyi diqqət və qayğının ifadəsidir. 

Şəhid Fərid Məmmədov ailəli idi. Onun doğmalarına Fuad adlı bir oğlu yadigar qalıb. Fuad hələ balacadır, həyat yolunun başlanğıcındadır. Zaman keçəcək, o böyüyəcək, yaşa dolacaq və atasının necə cəsur, mərd bir döyüşçü olduğunu daha dərindən anlayacaq. O, hər zaman atası ilə qürur duyacaq, fəxr edəcək. Yəqin ki, gələcək həyatında atasının Vətən sevgisini və mərdliyini özünə örnək götürəcək.


V.MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesabında paylaşım edib VİDEO 

19:31
09 Noyabr

Ukrayna Silahlı Qüvvələri Rusiyaya məxsus “Starlink” peyk rabitə bloklayıcısına zərbələr endirib  

18:57
09 Noyabr

COP31 iştirakçılarına Azərbaycanın su təhlükəsizliyi sahəsində təcrübəsi barədə məlumat verilib  

18:13
09 Noyabr

Dövlət Bayrağı Günündə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib  

17:58
09 Noyabr

Türkiyənin ev sahibliyi etdiyi COP31-də Azərbaycan pavilyonu: “Dialoq Dəhlizi”  

17:58
09 Noyabr

Şəkiyə yağan qar fəsadlara səbəb olub, problemlər aradan qaldırılır 

17:38
09 Noyabr

Ukrayna Ordusunda Kosmik Qüvvələri yaradılır

17:08
09 Noyabr

“Zəfər yalnız keçmişə bağlı qürur mənbəyi deyil, həm də gələcək qarşısında məsuliyyətdir” – Bəyanat  

16:51
09 Noyabr

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib  

16:48
09 Noyabr

Muxtar Babayev: COP-31 həm də Azərbaycanda qəbul olunan qərarların icrası baxımından əhəmiyyət kəsb edir  

16:38
09 Noyabr

COP31-də Azərbaycan pavilyonuna böyük maraq var

16:29
09 Noyabr

Şuşadan dünyaya sarsılmaz müttəfiqlik və əbədi qardaşlıq mesajı

16:20
09 Noyabr

SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb  

16:11
09 Noyabr

Rəcəb Tayyib Ərdoğan: Türkiyə və Azərbaycan bir-birinə qopmaz bağlarla bağlı olan iki qardaş ölkədir  

15:28
09 Noyabr

Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

15:18
09 Noyabr

Sabah hava əsasən yağmursuz keçəcək

15:17
09 Noyabr

Bayrağımız daim zirvələrdə olacaq

14:57
09 Noyabr

Odessaya hava zərbəsi endirilib, 3 nəfər həlak olub

14:39
09 Noyabr

Naxçıvanda qar örtüyünün hündürlüyü 39 santimetrə çatıb

14:03
09 Noyabr

Üçrəngli bayrağımız hər zaman müstəqil Azərbaycanın səmasında dalğalanacaq

13:48
09 Noyabr

Sergey Şoyqu: Cənubi Qafqazda vəziyyət yaxşılaşır

13:33
09 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!