Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Tədbirdə Azərbaycan, Türkiyə, Albaniya, Bosniya və Herseqovina, Qaqauziya, Şimali Kipr Türk Respublikası və Monqolustan olan TDBB idarə heyətinin üzvləri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Türkiyənin Bağçılar bələdiyyəsinin ev sahibliyi ilə keçirilən tədbirdə ölkəmizi Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev və Azərbaycan Şəhər Bələdiyyələr Milli Assosiasiyasının məsul əməkdaşı Rövşən Məmmədov təmsil ediblər.
Tədbirdə TDBB-nin prezidenti, Konya Bələdiyyə başçısı Uğur İbrahim Altay, TDBB-nin baş katibi Fəxri Çolak təşkilatın doqquzaylıq fəaliyyətinə toxunaraq türkdilli ölkələrdə formalaşan yerli orqanların qarşılıqlı əlaqələrinin qurulmasında Birliyin mühüm əhəmiyyətindən danışıblar. Çıxışlarda TDBB-nin cari ildə həyata keçirdiyi layihələrə toxunulub, qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb.
Tədbirdə çıxış edən Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri Təmraz Tağıyev bir gün əvvəl Türkiyənin Cümhuriyyət Günü münasibətilə keçirilən tədbirdə iştirakından məmnun qaldığını, habelə Türkiyə-Azərbaycan dostluğunun əsrlər boyu yaşayacağını, tarixi köklərlə bir-birinə bağlı olan bu münasibətlərin qardaşlıq prinsipləri əsasında qurulduğunu bildirib.
T.Tağıyev bildirib ki, idarə heyətinin iclasında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinin ölkəmizə böyük etimadın göstəricisi olduğu xüsusi vurğulanıb.
O, həmçinin diqqətə çatdırıb ki, belə mötəbər tədbirə ev sahibliyi edərək Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə öz töhfəsini verməkdədir.
İdarə heyətinin bir çox üzvləri belə mötəbər tədbirə dəvət aldıqlarını məmnunluqla bildiriblər.
İclasda idarə heyətinin ötən doqquz ay ərzindəki fəaliyyəti təhlil edilib və qarşıdakı aylarda həyata keçiriləcək layihələr müzakirə olunub.
Xatırladaq ki, türkdilli ölkələrdə formalaşan yerli orqanların inkişafında, habelə müəyyən inkişaf səviyyəsinə çatmasında TDBB-nin xüsusi rolu var.