08 Oktyabr 2026 15:44
485
SİYASƏT
A- A+
 Xəzərin iki sahilini birləşdirən strateji tərəfdaşlıq  

 Xəzərin iki sahilini birləşdirən strateji tərəfdaşlıq  


Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə dərinləşən çoxşaxəli əməkdaşlığı Avrasiyanın geoiqtisadi xəritəsini yenidən formalaşdırır 


Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə tarixi bağlara söykənən münasibətləri və strateji tərəfdaşlığı mövcud reallıqlar fonunda daha genişmiqyaslı xarakter alır. Oktyabrın 8-də Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü bu prosesin bariz təzahürü olmaqla yanaşı, Xəzər dənizinin hər iki sahilini vahid məkanda birləşdirən mühüm tarixi hadisə kimi qiymətləndirilir. Prezident İlham Əliyevin Türkmənistana oktyabrın 8-də işgüzar səfəri və bu tədbirdə iştirakı iki ölkə arasındakı müttəfiqlik ruhunu nümayiş etdirməklə bərabər, Bakının regiondakı aparıcı rolunu bir daha təsdiqləyir. 

Bakı-Aşqabad münasibətləri son illərdə dostluq və qarşılıqlı etimad üzərində inkişaf edir. Prezident İlham Əliyevin Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxışı zamanı qeyd etdiyi kimi ikitərəfli dialoqun intensivliyi strateji tərəfdaşlığa verilən xüsusi dəyərin göstəricisidir. Azərbaycan-Türkmənistan münasibətlərinin son illərdə dinamik şəkildə inkişaf etdiyini deyən dövlətimizin başçısı ötən ildən bəri 5 yüksək səviyyəli səfərin həyata keçirildiyini vurğulayıb: “Bu, siyasi dialoqumuzun intensivliyini və ikitərəfli əlaqələrimizi daha da gücləndirmək üçün qarşılıqlı niyyətimizi əks etdirir” .

Bu yaxınlığın təcəssümü kimi Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə işğaldan azad edilmiş Füzuli şəhərində inşa olunan məscid xüsusi yer tutur. Dövlətimizin başçısı həm bu məqamı, həm də digər qardaş ölkələrin Azərbaycana töhfələrini nitqində xüsusi vurğulayıb: “Hörmətli Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində məscidin tikintisini xüsusi qeyd etmək istərdim. Keçən il onun təməlinin qoyulmasında birlikdə iştirak etdik. Qardaş Türkmənistanın ölkəmizə bu hədiyyəsi xalqlarımız arasındakı dostluğun və mənəvi yaxınlığın daha bir təzahürüdür. Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında qardaş dəstəyi bizim üçün xüsusi əhəmiyyətə malikdir. Özbəkistan artıq Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi və Qırğızıstan Ağdamda Manas adına məktəb inşa edib. Biz bu yardımı çox yüksək qiymətləndiririk”. 

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında ikitərəfli müstəvidə formalaşan möhkəm təməl öz növbəsində, Azərbaycanın region ilə genişmiqyaslı inteqrasiyasına və çoxtərəfli platformalarda tamhüquqlu təmsilçiliyinə yol açıb. 2018-ci ildə Astanada təməli qoyulan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü formatı zaman keçdikcə regional əməkdaşlığın əsas sütununa çevrilib. Azərbaycan Prezidentinin 2023-cü və 2024-cü illərdə fəxri qonaq qismində qatıldığı sammitlər 2025-ci il noyabrın 16-da Daşkənddə keçirilmiş 7-ci Məşvərət görüşündə tarixi qərarla nəticələnib. Azərbaycanın formata tamhüquqlu iştirakçı kimi qəbul edilməsi ilə əvvəllər “C5” kimi tanınan platforma faktiki olaraq “C6” formatına yüksəlib. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun bəyan etdiyi kimi Azərbaycanın bu formata qoşulması dəyişən geosiyasi reallıqlar fonunda son dərəcə mühüm nəticədir və Avropa ilə Asiya arasında tərəfdaşlığın strateji üfüqlərini genişləndirir. 

 Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında strateji tərəfdaşlığın dinamikası Prezident İlham Əliyevin çıxışında da əksini tapıb: “Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib. Siyasi əlaqələr yüksək səviyyədədir və qarşılıqlı yüksəksəviyyəli səfərlər müntəzəm xarakter alıb. İqtisadi-ticari əməkdaşlıq güclənir, qarşılıqlı investisiyalar artır və birgə layihələr həyata keçirilir”. Dövlətimizin başçısının ifadələri Azərbaycanın regional xarici siyasətində Mərkəzi Asiya istiqamətinin prioritet tərəfdaşlıq xəttinə çevrildiyini açıq şəkildə nümayiş etdirir. Siyasi dialoqun müntəzəm xarakter alması tərəflər arasında yüksək səviyyəli qarşılıqlı etimadın formalaşdığını təsdiqləyir. 

Türkmənbaşı sammitində imzalanmış “Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün Birgə Bəyanatı” və “Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünün tənzimləyici sənədləri haqqında Qərar”ı tərəfdaşlığın hüquqi-institusional çərçivəsini tam müəyyənləşdirdi. Bu inkişafın mərkəzində isə nəqliyyat-logistika imkanlarının birgə əlaqələndirilməsi və Orta dəhlizin effektivliyinin artırılması dayanır. Azərbaycanın müasir infrastrukturu - Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və genişlənən nəqliyyat şəbəkəsi Mərkəzi Asiya dövlətlərinin dünya bazarlarına çıxışı üçün etibarlı mərkəz rolunu oynayır. Prezident İlham Əliyev də çıxışında vurğulayıb ki, nəqliyyat Mərkəzi Asiya və Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir. Dövlətimizin başçısı qeyd edib ki, Xəzər dənizi ölkələrimiz arasında qarşılıqlı nəqliyyat əlaqələrində getdikcə daha vacib rol oynayır: “Xəzərin hər iki sahilindəki nəqliyyat infrastrukturu Mərkəzi Asiyanı Azərbaycanla və daha sonra beynəlxalq bazarlarla birləşdirmək üçün çox vacibdir”. 

Bu yanaşma Xəzər dənizini Avrasiyanın əsas tranzit arteriyasına çevirərək, Transxəzər marşrutunun geoiqtisadi çəkisini əhəmiyyətli dərəcədə artırır. Marşrut boyunca gömrük və logistika prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması yükdaşımaların vaxtını və xərclərini minimuma endirməklə, regionun qlobal təchizat zəncirindəki rəqabət qabiliyyətini köklü şəkildə möhkəmləndirir. Vahid tarifi və inteqrasiya olunmuş infrastrukturu hədəfləyən ortaq platforma bütövlükdə Şərq-Qərb dəhlizinin dayanıqlı təhlükəsizlik arxitekturasını formalaşdırır. 

Qarşılıqlı və strateji dialoq iqtisadi göstəricilərdə də öz əksini tapır. Son illərdə ticarət dövriyyəsinin kəskin artması və birgə maliyyə mexanizmlərinin yaradılması Bakı ilə Mərkəzi Asiya regionu arasında tərəfdaşlığın real dividendlər verdiyini göstərir. Sənaye kooperasiyası, birgə istehsal müəssisələrinin qurulması və üçüncü ölkələrin bazarlarına birgə çıxış strategiyaları bu iqtisadi modelin əsas prioritetlərindəndir. İqtisadi tərəfdaşlığın miqyasını və real nəticələrini əks etdirən mənzərəni Prezident İlham Əliyev öz nitqində konkret rəqəmlərlə belə ifadə edib: “Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb. Bu gün ölkəmizdə Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkət aktiv şəkildə fəaliyyət göstərir. Son illərdə Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb. Bu fondların hər birinin kapitalı yüz milyonlarla dollar məbləğindədir”. Bu addımlar Azərbaycanın Mərkəzi Asiya regionu ilə çoxşaxəli münasibətlərinin ardıcıl və məqsədyönlü xarici siyasət kursunun məntiqi nəticəsi olduğunu sübut edir. 

Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 9-cu Məşvərət görüşü isə 2027-ci ildə Azərbaycanda keçiriləcək. Bu qərar regionun geosiyasi xəritəsində mühüm tarixi hadisə olmaqla yanaşı, Bakının Mərkəzi Asiya ölkələri ilə strateji tərəfdaşlıq əlaqələrinin keyfiyyətcə yeni və yüksək səviyyəyə yüksəldiyini aydın göstərir. Ölkəmizin gələn il keçiriləcək Zirvə görüşünə evsahibliyi etməsi Azərbaycanın regional inteqrasiyada, xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində artan siyasi nüfuzunu bir daha təsdiqləyir. Bu addım Orta dəhliz daxil olmaqla, logistika, enerji və ticarət layihələrinin reallaşmasını daha da sürətləndirəcək. Eyni zamanda, Mərkəzi Asiya liderlərinin görüşünün ilk dəfə bu formata daxil olan regiondankənar ölkədə keçirilməsi tərəflər arasında yüksək etimadın göstəricisidir. 2027-ci il sammiti Cənubi Qafqaz ilə Mərkəzi Asiyanı vahid iqtisadi və təhlükəsizlik məkanı kimi birləşdirən mühüm körpü rolunu oynayacaq.

Nəticə etibarilə Türkmənbaşıda keçirilən 8-ci Məşvərət görüşü Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasındakı qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin sarsılmazlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Birlikdə atılan addımlar təkcə iştirakçı ölkələrin milli maraqlarına xidmət etmir, həm də geniş Avrasiya coğrafiyasında sülhün, sabitliyin, nəqliyyat və enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna rol oynayır. Azərbaycanın bu platformada tamhüquqlu və fəal iştirakı Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının vahid, güclü və rəqabətə davamlı geoiqtisadi məkana çevrilməsi prosesini daha da sürətləndirəcək.


İsmayıl QOCAYEV, 

“Azərbaycan”










Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Sosial sığorta haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:01
23 Oktyabr

"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə -"Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə

00:58
23 Oktyabr

E.M.Yusubovun Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi vəzifəsindən azad edilməsi haqqında

00:57
23 Oktyabr

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, "Sosial sığorta haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 30 sentyabr tarixli 476-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

00:56
23 Oktyabr

Azərbaycanın Avropa siyasətində ən etibarlı tərəfdaşı   

22:30
22 Oktyabr

Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır  

22:09
22 Oktyabr

Türkiyə Prezidenti: Ankara ilə Ottava arasında dialoq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib  

20:39
22 Oktyabr

“Meta”nın gəliri artıb

20:31
22 Oktyabr

SOCAR-la İtaliyanın “Eni” şirkəti arasında əməkdaşlığın inkişafı müzakirə edilib  

19:51
22 Oktyabr

Yaponiya polisinin yarısının şəxsi məlumatları kiberhücum nəticəsində sızıb  

19:42
22 Oktyabr

İqtisadiyyat nazirinin müavini Ağdamda vətəndaşların müraciətlərini dinləyib

19:32
22 Oktyabr

Jenşenin təzyiqi salma xüsusiyyəti üzə çıxıb 

19:26
22 Oktyabr

Bitki mənşəli yeni nəsil ağrıkəsici hazırlanıb  

19:09
22 Oktyabr

“METROTIME”ın sentyabr buraxılışı oxucularla görüşə hazırdır

18:48
22 Oktyabr

Böyük Sfinksin tikildiyi süxurlarda qədim timsah növü aşkarlanıb

18:34
22 Oktyabr

Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb

18:29
22 Oktyabr

Microsoft: Hakerlər süni intellektdən istifadə edərək yüzlərlə təşkilatı hədəf alıb

18:16
22 Oktyabr

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin inkişafı nəzərdən keçirilib  

17:59
22 Oktyabr

ABŞ və Avropa banklarda süni intellektə nəzarəti nə üçün sərtləşdirir?

17:23
22 Oktyabr

Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub  

17:01
22 Oktyabr

Ukrayna Rusiyadan 252 nəfərin meyitini geri alıb  

16:43
22 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!