27 Oktyabr 2024 09:00
443
SİYASƏT
A- A+
İlham ƏLİYEV: "İşğalçılara döyüş meydanında layiqli cavab veriləcək"

İlham ƏLİYEV: "İşğalçılara döyüş meydanında layiqli cavab veriləcək"


27 oktyabr


Yeni humanitar atəşkəs rejiminə riayət etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 26-sı gün ərzində və 27-nə keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və cəbhəboyu zonaya yaxın yaşayış məntəqələrimizi müxtəlif silahlardan atəşə tutub.

Döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib. Hücum etmək cəhdlərinin qarşısı alınan düşmən itki verərək geri oturdulub.

Azərbaycan Ordusunun keçirdiyi fəaliyyətlər nəticəsində Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının ön idarəetmə məntəqəsi məhv edilib. Ölənlər arasında diviziyanın qərargah rəisi polkovnik Sergey Şakaryan da olub.

Cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 1 ədəd T-72 tankı, 4 ədəd D-30 və 3 ədəd D-20 topu, 1 ədəd "Osa-AKM" ZRK, 1 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 1 ədəd radiolokasiya stansiyası və 6 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.


Ermənistan təxribat xarakterli məlumat yayıb


Ermənistan yalan məlumat yayaraq sərhəd zastavasının vurulduğunu iddia edib. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilib ki, Ermənistanın guya Azərbaycana məxsus PUA və raket-artilleriya sistemlərindən istifadə etməklə onların  ərazisinin atəşə tutulması barədə yaydığı məlumat yalandır və təxribat xarakteri daşıyır: "Bildiririk ki, Azərbaycan yeni humanitar atəşkəs rejiminə tam riayət edir. Əksinə, oktyabrın 27-də saat 09:30-dan başlayaraq Ermənistan tərəfi Zəngilan rayonunun Ağbənd kəndi istiqamətində ərazilərimizi minaatanlardan intensiv atəşə tutub".


Bərdəyə "Smerç" atılıb, 4 nəfər dünyasını dəyişib, 7 nəfər yaralanıb


Yeni humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri Tərtər şəhəri və rayonun kəndlərini, eləcə də Goranboy və Bərdə rayonlarının ərazilərini raket atəşinə tutub.

Saat 16:00 radələrində Ermənistan silahlı qüvvələri Bərdə rayonu ərazisini "Smerç" yaylım atəşli reaktiv sistemləri ilə atəşə tutub. Nəticədə 4 nəfər dünyasını dəyişib, 7 nəfər yaralanıb. Ermənistanın siyasi-hərbi rəhbərliyinin bu müharibə cinayəti nəticəsində mülki şəxslər, o cümlədən azyaşlı uşaq həyatını itirib və aralarında uşaqlar və qadınlar olmaqla xeyli sayda mülki şəxs xəsarət alıb.


Birinci vitse-prezident Mehriban Əliyeva dünya birliyinə səslənib


"Bərdə ərazisinin "Smerç" yaylım atəşli reaktiv sistemləri ilə atəşə tutulması, insan tələfatı hər kəsi kədərləndirir". 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstaqram" hesabında paylaşım edərək yazıb: "Bu gün Ermənistan silahlı qüvvələri döyüş əməliyyatları zonasından kənarda yerləşən Bərdə şəhərini raket atəşinə məruz qoyaraq humanitar atəşkəs rejiminin şərtlərini növbəti dəfə kobud şəkildə pozublar. "Smerç" qurğusundan buraxılmış kasetli raketlərlə atəş nəticəsində dörd mülki şəxs, o cümlədən yeddi yaşlı qız həlak olub. Dördü uşaq olmaqla on dörd nəfər ciddi xəsarət alıb.

Silahlı münaqişələr zamanı mülki şəxslərin qətlə yetirilməsi 1949-cu il Cenevrə konvensiyalarının və bütövlükdə beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulması deməkdir. Erməni təcavüzkarlarının əli ilə daha neçə günahsız insan həlak olmalıdır ki, dünya birliyi bu cinayətləri dinməzcə seyr etməyə son qoysun? Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm, yaralananların tezliklə sağalmalarını arzulayıram. Biz öz torpağımızı təcavüzkarlardan azad edəcəyik və bu cinayətlərə son qoyacağıq.

Uca Tanrı Vətənimizi qorusun!"


Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yayıb


Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yayıb. Qeyd edilib ki, yeni humanitar atəşkəs rejiminə riayət edən Azərbaycan bütün cəbhəboyu düşmənin törətdiyi təxribatlara təmkinlə yanaşaraq yalnız adekvat tədbirlər görüb.

Bundan istifadə edən Ermənistan isə cəbhənin müxtəlif istiqamətləri, xüsusilə də bərpa edilmiş dövlət sərhədləri üzrə vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməklə növbəti təxribatlarına zəmin yaradıb: "Ermənistan rəhbərliyi artıq dərk etməli və hesablaşmalıdır ki, bərpa edilmiş dövlət sərhədləri münaqişə zonası deyil və Azərbaycanın tamhüquqlu suveren ərazilərini müəyyən edən beynəlxalq birlik tərəfindən tanınan dövlət sərhədidir. Dövlət sərhədinin toxunulmazlığı təmin edilməlidir. Bu istiqamətdə baş verən istənilən təxribat ərazi bütövlüyümüzə təcavüz kimi dəyərləndirilir.

Bu baxımdan Azərbaycan öz ərazilərinə təhdid təşkil edən istənilən legitim hərbi hədəfləri yerləşdiyi ərazidən asılı olmayaraq məhv etmək hüququna malikdir".


28 oktyabr


Xocavənd, Füzuli, Zəngilan və Qubadlı istiqamətlərində döyüşlər davam edib


Humanitar atəşkəs rejiminə riayət etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 27-si gün ərzində və 28-nə keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və cəbhəboyu zonaya yaxın yaşayış məntəqələrimizi müxtəlif silahlardan atəşə tutub.

Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Zəngilan və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum cəhdlərinin qarşısı qətiyyətlə alınıb, o, itki verərək geri çəkilib.


İrəvanda hərbi müqaviləlilər və polislər döyüşməkdən imtina ediblər


Ermənistandan toplanan hərbi vəzifəlilərin Azərbaycanın işğal olunmuş ərazilərinə göndərilməsi prosesi davam edib. 

İşğalçı dövlətdə döyüşlərə cəlb etmək məqsədilə 2000 nəfərdən ibarət heyətin toplanması barədə tapşırığın verilməsinə baxmayaraq, cəmi 300 nəfəri toplamaq mümkün olub. Hətta bir çox hərbi müqaviləlilər və polis əməkdaşları cəbhəyə getməkdən imtina ediblər.


Bərdəyə kasetli raket atılıb, 21 nəfər həlak olub, 70-dən çox insan yaralanıb


Ermənistan silahlı qüvvələrinin bölmələri gecə və səhər müxtəlif vaxtlarda Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən yaşayış məntəqələrimizi və bölmələrimizin mövqelərini atıcı silahlardan atəşə tutublar.

Həmçinin səhər saat 07:30, günorta 14:40 radələrində Ermənistan silahlı qüvvələri Tərtər, Bərdə və Goranboy rayonlarının ərazisini atəşə tutublar.

"Bərdə ərazisinin "Smerç" yaylım atəşli reaktiv sistemləri ilə atəşə tutulması nəticəsində 21 nəfər həlak olub, 70-dən çox insan yaralanıb.  

Bununla da erməni silahlı birləşmələri tərəfindən 27-28 oktyabrda Bərdədə dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kasetli bombalardan zərbə endirilməsi nəticəsində həlak olanların sayı 26 nəfərə çatıb.


İlham ƏLİYEV: "Bərdə sakinlərinin qisası yerdə qalmayacaq"


Prezident İlham Əliyev özünün rəsmi "X" səhifəsində paylaşım edib: "Erməni silahlı qüvvələrinin raketlərlə hücumu nəticəsində Bərdədə həlak olanlara Allahdan rəhmət diləyir, ailələrinə başsağlığı verir, yaralıların şəfa tapmasını diləyirəm. Bərdə sakinlərinin qisası yerdə qalmayacaq və döyüş meydanında işğalçılara layiqli cavab veriləcək".


Düşmən Qubadlıda silahını, texnikasını ataraq qaçıb


Ermənistan ordusu Qubadlı istiqamətində gedən döyüşlər zamanı silah və texnikasını ataraq qaçıb. Azərbaycan Müdafiə Nazirliyi düşmənin atıb qaçdığı hərbi texnika və silah-sursatların fotosunu və videogörüntüsünü yayıb.


Azərbaycan Prezidenti xalqa daha bir müjdəli xəbər verib


Prezident İlham Əliyev özünün rəsmi "X" səhifəsində xalqa müjdəli xəbər verib: "Müzəffər Azərbaycan Ordusu Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzulinin Mandılı, Cəbrayılın Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac, Qubadlının Qiyaslı, Əbilcə, Qılıcan kəndlərini işğaldan azad etmişdir".

Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"


Düşmən uydurma xəbərlər yayıb


Düşmən dezinformasiya yaymaqla törətdiyi hərbi cinayətlərdən diqqəti yayındırmağa çalışıb.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilib ki, Ermənistan mətbuatının Azərbaycan Ordusu tərəfindən Xankəndidə yerləşən doğum evinin guya atəşə tutulması barədə xəbəri məqsədyönlü şəkildə yayılan dezinformasiyadır.

Bu məlumatla düşmən bir qədər əvvəl Bərdə şəhərində törətdiyi çoxsaylı insan tələfatı ilə nəticələnən hərbi cinayətindən diqqəti yayındırmağa çalışıb.


Birinci vitse-prezident Mehriban ƏLİYEVA: "Erməni qəddarlığının həddi yoxdur"


Birinci vitse-prezident Mehriban Əliyeva Ermənistan silahlı qüvvələrinin Bərdəyə növbəti dəfə raket hücumu ilə əlaqədar rəsmi "İnstaqram" səhifəsində paylaşım edib.

Paylaşımda deyilib: "Bu gün Ermənistan silahlı qüvvələri dinc Azərbaycan şəhəri Bərdəyə növbəti dəfə qəddarcasına, qeyri-insani zərbə endiriblər. Zərbə nəticəsində 21 nəfər həlak olub, 70 nəfər ciddi xəsarət alıb. Təəssüf ki, qurbanların sayı artmaqda davam edir.

Bu cür vəhşicəsinə hücumlar onu göstərir ki, ermənilərin qəddarlığının həddi yoxdur. Üstəlik, Azərbaycanın dinc mülki əhalisinə hər bir hücumu Ermənistanın ağlını itirmiş hərbi-siyasi rəhbərliyinin total mənəvi tənəzzülünə dəlalət edir.

Bu hücumların məqsədi aydındır - Azərbaycan xalqını qorxutmaq və bizim ordumuzu Ermənistan ərazisinə cavab zərbəsi endirməyə məcbur etmək. Bu, üçüncü tərəfləri münaqişəyə cəlb etməyə imkan verərdi. Lakin düşmənimiz bilməlidir ki, heç nə bizi haqq yolundan dönməyə məcbur edə bilməz. Hər hücum bizi daha da güclü edir və işğal olunmuş ərazilərimizin erməni təcavüzkarlardan azad edilməsi kimi müqəddəs missiyanı başa çatdırmağın zəruri olmasına inandırır. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmalarını arzulayıram.

Azərbaycan Ordusu düşməni döyüş meydanında sıxışdırdığı bu günlərdə biz həmrəyliyimizi qoruyub saxlamalı və Prezidentimizin ətrafında möhkəm birləşməliyik.

Yalnız möhkəm yumruq kimi birləşməklə ədalətin zəfər çalmasına nail olacağıq, ona görə ki, Qarabağ Azərbaycandır!

Uca Tanrı Vətənimizi və Azərbaycan xalqını qorusun!"


Prezident İlham ƏLİYEV: "Ordumuz döyüş meydanında üstünlüyünü sübut etdi"


Prezident İlham Əliyev Rusiyanın "İnterfaks" Agentliyinə müsahibə verib. Azərbaycan Ordusunun uğurlu əməliyyatlarından danışan dövlət başçısı deyib ki, ordumuz döyüş meydanında özünün üstünlüyünü sübut etdi. İşğal edilmiş ərazilərin xeyli hissəsi bu bir ay ərzində azad olundu. Bu göstərir ki, Azərbaycan Ordusunun dünyada ən yaxşı döyüş qabiliyyətinə malik ordulardan biri hesab edilməsi əbəs deyildi.

Prezident bir daha əməliyyatların dayandırılması məsələsinə toxunub: "Biz Ermənistan tərəfindən onların yüksək rəhbərliyinin şəxsində öhdəlik almalıyıq ki, qoşunları işğal olunmuş ərazilərdən çıxaracaqlar. Hələlik biz bunu eşitməmişik. Erməni rəhbərliyindən bu cür öhdəlik alınandan və bu, ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən təsdiq ediləndən dərhal sonra biz hərbi əməliyyatları dayandırmağa hazırıq".


Düşmən bütün istiqamətlərdəki döyüş meydanından qaçıb


Gün ərzində mülki infrastrukturu və dinc əhalini atəşə tutan düşmənin canlı qüvvəsi bölmələrimizin sərrast atəşi ilə məhv edilib. Bölmələrimizin dəqiq atəş zərbələrinə tab gətirə bilməyən düşmən döyüş meydanından qaçıb.

Humanitar atəşkəs rejimini kobudcasına pozaraq şəhər və rayonlarımıza atəş açan düşmənin qüvvə və vasitələrini Azərbaycan Ordusunun bölmələri darmadağın ediblər.

 

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BMT Ukraynaya görə toplanır

16:03
28 Oktyabr

ANAMA: Ötən həftə1157 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

15:51
28 Oktyabr

Özbəkistanda parlament seçkilərinin ilkin nəticələri açıqlanıb

15:50
28 Oktyabr

Ukraynadan açıqlama: seçkilər ancaq bu halda keçirilə bilər

15:45
28 Oktyabr

Sosial demokratlar qalib gəldilər

15:34
28 Oktyabr

Tramp seçilsə, baş nazirə "müharibə" elan edəcək

15:32
28 Oktyabr

Pakistanın İslamabad şəhərində PreCOP29 Dialoqu keçirilir

15:30
28 Oktyabr

Saymon Stil: COP29 iqlim maliyyələşdirilməsi üzrə konkret nəticələr əldə olunmasını təmin etməlidir

15:29
28 Oktyabr

“Azərişıq” paytaxtda və regionlarda enerji doldurma məntəqələri quraşdırır

15:12
28 Oktyabr

Respublikanın bəzi çaylarında sululuq artıb

15:11
28 Oktyabr

Narkotik vasitənin Azərbaycana keçirilməsinin qarşısı alınıb

15:10
28 Oktyabr

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

15:00
28 Oktyabr

Hərbi Prokurorluq və Daxili Qoşunlar birgə tədbir keçiriblər

14:55
28 Oktyabr

Agentlik: COP29-la bağlı ölkəmizə gələcək qonaqlar üçün 25 tur proqramı hazırlanaraq aidiyyəti üzrə təqdim olunub

14:53
28 Oktyabr

ABŞ nümayəndə heyətinə Azərbaycandakı tolerantlıq ənənələri barədə məlumat verilib

14:51
28 Oktyabr

Dövlət sərhədini qanunsuz olaraq keçmək cəhdinin qarşısı alınıb

14:45
28 Oktyabr

Saymon Stil: Milli iqlim planları qlobal istiləşmənin verdiyi zərərin qarşısını almaqda son dərəcədə yetərsizdir  

14:36
28 Oktyabr

Sabah hava əsasən yağmursuz olacaq

14:18
28 Oktyabr

Günün birinci yarısında Bakıya və Abşeron yarımadasına düşən yağıntı aylıq normanın 30 faizini təşkil edib  

14:14
28 Oktyabr

Leysan yağışlarla əlaqədar su basmış ərazilərə FHN-in qüvvələri cəlb olunub

14:02
28 Oktyabr

Gələn ay 2024-cü ilin ən güclü maqnit qasırğaları gözlənilir

13:52
28 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!