Türk dövlətlərinin qüdrətli olmasına aparan yol onların həmrəyliyi və mövqelərinin yaxınlaşmasından keçir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Ersin Tatar Girne şəhərində azərbaycanlı deputatlara müraciət edərkən söyləyib.
Dövlət başçısı diqqəti ŞKTR-in geostrateji mövqeyinə, o cümlədən təbii ehtiyatlar, ticarət və Şərqi Aralıq dənizi regionunda təhlükəsizliyin təmin edilməsi kontekstində əhəmiyyətinə çəkib.
Ersin Tatar Azərbaycan neftinin dünya bazarlarına çıxarıldığı Ceyhan limanının Kiprdən cəmi 60 kilometr aralıda yerləşdiyini qeyd edib.
Prezident bildirib ki, Kiprin türk xalqı onilliklər ərzində embarqolara və təcrid vəziyyətinə müqavimət göstərir. “Düşmənlərimiz ŞKTR xalqının iradəsini qırmağa çalışır, lakin müstəqilliyə doğru istiqamət dəyişməz qalacaq”, -deyə o vurğulayıb.
Onun sözlərinə görə, Kipr türkləri türk dövlətləri ilə yaxınlaşma və dialoq ümidlərini heç vaxt itirməyiblər. “Bu gün arzularımız tədricən gerçəkləşir. Lefkoşada yaxşı bilirlər ki, ŞKTR bütün Türk dünyasının cənub sərhədidir”, - deyə Kipr türklərinin lideri bildirib.
Ersin Tatar Azərbaycan Milli Məclisinin ŞKTR ilə parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun yaradılması barədə qərarını tarixi adlandırıb, həmçinin azərbaycanlı parlamentarilərin Lefkoşaya hazırkı səfərini yüksək qiymətləndirib.
“Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti mövqeyi və siyasi iradəsi sayəsində bu gün ölkələrimiz arasında yaxınlaşma prosesi gedir. Ölkəmiz üçün belə əlamətdar hadisələrə görə Azərbaycanın rəhbərinə minnətdaram. Lefkoşa Bakı ilə Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq platformalar çərçivəsində də əməkdaşlığa hazırdır”, -deyə siyasətçi qeyd edib.
O, ümidvar olduğunu bildirib ki, bu istiqamətdə növbəti addımlar Bakı ilə Lefkoşa arasında birbaşa aviareyslərin açılması, eləcə də ali təhsil sahəsində əlaqələrin inkişafı olacaq.
“ŞKTR hökuməti Azərbaycandan daha çox tələbənin ölkəmizdəki universitetlərə cəlb edilməsinə şərait yaratmaq üçün addımlar atacaq”, - deyə Prezident bildirib.