Onu aradan qaldırmaq üçün hər birimiz səy göstərək
Son illər planetdə qlobal iqlim dəyişikliyi ilə ekoloji təhlükənin baş verməsi geniş miqyaslı tədbirlərin həyata keçirilməsini məqsəd kimi qarşıya qoymuşdur. Bu baxımdan, Azərbaycanda keçiriləcək COP29 bəşəri əhəmiyyət kəsb edir.
Planetdə qlobal ekoloji təhlükənin qarşısının alınması üçün təbiətə atılan kompleks şəkildə tullantıların miqdarının minimum həddə endirilməsi, hər yanda yaşıllıqların mütəmadi olaraq artırılması əsas amillərdən öncülü sayılır. Dünya alimlərinin bu qərarından hələ xeyli əvvəl Ulu Öndərimiz Heydər Əliyevin "Hərəyə bir ağac əkək", "Kim bir ağac kəssə, elə bil mənim qolumu kəsir, barmaqlarımı sındırır" kimi ibrətamiz kəlamları bu gün dövrün ən aktual təxirəsalınmaz proqramı sayıla bilər.
İnsanlıq üçün əhəmiyyətli olan bu ideyanın həyata keçirilməsində hər birimiz səy və bacarığımızı əsirgəməməliyik. Bu, hər bir vətəndaşın sağlam həyatı üçün mütləqdir, vacibdir, alidir. Müdrik Prezidentimiz İlham Əliyevin "Sağlam ekoloji mühit insanın həyatı üçün ən əhəmiyyətli məsələdir" sözləri hamımız üçün ömürlük bir proqramdır.
Bu gün ekoloji tarazlığın qorunmasında innovasiyayönümlü texnologiyaların, o cümlədən "az tullantılı" və ya "tullantısız" texnoloji proseslərin istehsalata geniş tətbiqi təxirəsalınmaz məsələdir. Bu sahədə hər birimiz səylərimizi artırmalıyıq, eləcə də yaşıllıqları qorumaq, yeni yaşıl zonalar yaratmaq uğrunda calışmalıyıq. Təbii sərvətlərimizdən səmərəli, məqsədyönlü istifadəyə nail olmaq hər birimizin vətəndaşlıq borcudur.
Sirr deyil ki, son dövrlərdə müxtəlif təhlükəli, yoluxucu xəstəliklər yayılmaqdadır. Bu qlobal problemin yaranmasının əsas səbəbi ekoloji tarazlığın pozulması, ətraf mühitin çirklənməsi, planetin hər yerində sənaye-məişət tullantılarının səliqəsiz atılmasıdır. Ətraf mühitə ögey münasibət, biganəlikdir.
Ekoloji problem ümumbəşəri qlobal məsələdir. Bu problemin həlli üçün yekdil, yığcam proqram-yanaşma hələlik məlum deyil. Atmosferdə karbon oksidləri qazlarının qatılığının minimum səviyyəyə endirilməsi ilə təbiəti belə bəlalardan mühafizə etmiş olarıq. Qeyd olunan tədbirlərin həyata keçirilməsi ilə, təbiətin flora və faunasını mühafizə etməklə atmosferin saflığını saxlamaq, toksiki, zərərli kimyəvi birləşmələrin minimum həddə endirilməsi əsas amildir.
Məlumdur ki, ətraf mühitdə qaz, maye və bərk aqreqat halında tullantılar mövcuddur. Hər bir tullantı üçün konkret olaraq fərdi yanaşma, elmi-tədqiqat işlərinin aparılması tələb olunur. Ətraf mühit üçün qaz, maye aqreqat halında tullantılarla yanaşı, əsası bərk halında olan zərərli tullantılar da problem yaradır. Onlar ciddi ekoloji gərginlik yaradırlar. Məhz bu tullantılar gündən-günə çoxalır. Bunlardan ətraf mühitə atılan ən çox polimer tullantılarıdır.
Qeyd edək ki, elmi-texniki tərəqqinin inkişafı ilə əlaqədar plastik kütlə - polimer materiallarına böyük ehtiyac duyulduğundan, onların istehsalı mütəmadi artdığından istehsalatda, məişətdə, o cümlədən tibdə tullantıların yan (aralıq) məhsulların da miqdarları artır. Polimer, plastik kütlə materialları ətraf mühitdə özü-özünə uzun müddət çürümədiyindən, həll olunmadığından qaldıqca ciddi ekoloji gərginlik yaradır. Beləliklə, ekoloji balans pozulur. Aparılan elmi-tədqiqat işlərinin nəticəsi olaraq polimer-plastik kütlə tullantılarının utilləşdirilməsində təkrar emal üsulundan geniş istifadə edilir. Nəticədə alınan məqsədyönlü məhsul fiziki-mexaniki göstəricilərlə yüksək istismar xassələrinə malik polimer kompozitlərin alınması sahəsində əsas yer tutur. Bu üsul ekoloji-iqtisadi baxımdan qənaətbəxş hesab edilir.
Bu məqsədlə Yüksək Təzyiqli Polietilendən (YTPE) qənaətbəxş, istismar xassəyə cavab verə bilən, nəzəri və təcrübi elmi əhəmiyyətli polimer kompozitlər yaradılmışdır. Təcrübi olaraq aparılan tədqiqatın nəticələrinə, fiziki-mexaniki göstəricilərinə əsasən alınmış polimer kompozitlərin sənaye və texnikanın müvafiq sahələrində, məişətdə, tibdə, tikintidə, yüngül sənayedə, kənd təsərrüfatında, o cümlədən suvarmada və digər müvafiq sahələrdə texniki məqsədlər üçün istifadəsi tövsiyə edilir. Təqdim edilən tədqiqat işləmədə, əsasən, ekologiyaya, iqtisadiyyata müsbət təsir etməklə mövcud az və bahalı ilkin xammala qənaət olunur.
Qeyd edilənlərə əsasən, ümidvar olaq ki, yaxın zamanlarda elmi-texniki tərəqqinin inkişafı ilə əlaqədar bu gün tullantı (yan) məhsul sayılan maddələr tezliklə gərəkli, qiymətli, geniş tətbiq imkanlı məhsullara çevriləcək. İqtisadiyyatımız daha da yüksələcək, ekoloji gərginlik problemi aradan qalxacaq.
Valeh CƏFƏROV,
AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor, Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu laureatı