Ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a hazırlıq işləri yüksək səviyyədə davam edir. Bütün dünyadan çoxsaylı qonağın - dövlət başçıları, siyasətçilər, iqtisadçılar, ekoloqlar, elm xadimləri, ekspertlərin qatılacağı nüfuzlu tədbirlə bağlı yetərincə nəzəri və praktiki bilgilər, yeni sənədlərin imzalanması ilə hüquqi baza formalaşıb.
Əvvəlki COP28 ənənələri və təcrübəsinin öyrənilməsi, müvafiq işlərin görülməsi nəticəsində müvafiq icra qurumları və infrastruktur yaradılıb. Ölkəmiz belə miqyaslı və əhəmiyyətli tədbirə ilk dəfə evsahibliyi etsə də, sözügedən istiqamət üzrə məqsədyönlü siyasət yürütməyə, qəti addımlar atmağa və əməli fəaliyyətə çoxdan başlayıb. 44 günlük Vətən müharibəsindən az sonra - 2021-ci il fevralın 2-də Prezident İlham Əliyevin sərəncamı ilə növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş milli prioritet təsdiqləndi. Bunlardan biri də təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi adlanırdı.
Bu hədəfə çatmaq üçün qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin təmizlənməsinin təşviqi diqqətdə saxlanılır. Ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi nəzərdə tutulub. Təbii ki, bundan ötrü yüksəkkeyfiyyətli ekoloji mühit və "yaşıl enerji" məkanının yaradılması vacibdir.
Təkcə ölkə, region deyil, bütün planetimiz üçün həyati əhəmiyyətli prosesin məntiqi davamı kimi, digər mühüm addım Prezident İlham Əliyev tərəfindən ötən il dekabrın 25-də imzalanmış respublikamızda 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında sərəncam oldu. Sənədə əsasən, Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qaz emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürmüşdür. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası "yaşıl enerji" zonası elan edilir. İşğaldan qurtulub həqiqi sahiblərinə qaytarılmış torpaqlarda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. "Yaşıl enerji" növlərinin yaradılması və "yaşıl enerji"nin dünya bazarlarına nəqli enerji siyasətimizin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa-olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir. Eləcə də dövlətimiz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsini beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə böyük hörmət və etimadın, eləcə də milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfələrimizin təqdirinin bariz nümunəsi sayir.
Atmosferə atılan tullantıların sıfıra endirilməsi, bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, ətraf aləm üçün zərərsiz texnologiyaların tətbiqinin sürətləndirilməsi daha keyfiyyətli yaşayış şəraitinin yaradılmasına təkan verən tədbirlərdəndir. Sözügedən çağırışların müsbət nəticə verməsi üçün dünya ölkələri tərəfindən alternativ enerji mənbələrindən istifadə son bir ildə yüksək həddə çatıb. Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatına əsasən, dünyanın bərpaolunan enerji potensialı 2023-cü ildə 50 faiz çoxalaraq 510 QVt-a çatıb ki, bu da son üç onillikdə ən sürətli artımdır. COP28-də vurğulandığı kimi, 2030-cu ilə qədər bu sahədə qlobal potensialın üç dəfə artımı məqsədinə nail olmaqdan ötrü real şans var. Proqnozlara əsasən, günəş panelləri və külək 95 faizlik artım göstəricisi ilə yaxın vaxtlarda kömürü geridə qoyaraq elektrik enerjisi istehsalının ən böyük mənbəyinə çevriləcək. Bu da qlobal bərpaolunan enerji tutumunun növbəti beş il ərzində 7300 QVt-a yüksələcəyini göstərir.
Əlbəttə, sadalanan nikbin və xoşməramlı fəaliyyətdə ölkəmizin də öz payı var, yaxud "yaşıl dünya"ya xüsusi töhfələr vermək niyyətimiz səmimi və davamlıdır. "Yaşıl enerji" növlərinin yaradılması və "yaşıl enerji"nin dünya bazarlarına nəqli enerji siyasətimizin əsas istiqamətidir. Alternativ enerji ehtiyatlarının həcmi də bu sahədə dönüş yaratmağa və iqlim dəyişikliyi ilə mübarizədə cəhdlərə ciddi əsaslar verir. 2023-cü ilin oktyabrında Xəzər dənizi və Qafqaz regionunda ən böyük günəş-elektrik stansiyası sayılan 230 meqavat gücündə Qaradağ Günəş-Elektrik Stansiyasının açılışı olub. Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidro-elektrik stansiyalar istifadəyə verilib. 2024-cü ilin sonuna qədər bu rəqəmin 270 meqavata çatacağı gözlənilir. Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" və Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkətləri ilə birlikdə günəş və külək enerjisindən istifadəni təmin edəcək layihələr reallaşdırılır. Təmiz ekoloji mühitə dəstək çərçivəsində SOCAR tərəfindən hasilat prosesində məşəldə yandırmaların sıfıra endirilməsi, emissiya intensivliklərinin azaldılması, "Sıfır metan", 2050-ci ilə qədər "Xalis sıfır" (Net Zero) kimi hədəflər müəyyənləşdirilib. Sözügedən sahədə aktivliyimiz beynəlxalq ictimaiyyətin də diqqətindən yayınmır, iqlim dəyişikliyinin təsirinin azaldılması istiqamətində fəaliyyətimiz qlobal səviyyədə təqdir edilir. Xarici ekspertlər Azərbaycanın külək və günəş enerjisinə investisiyalarla "yaşıl gündəliy"ə sadiqliyini, Xəzər dənizindəki külək stansiyalarından əldə edilən "yaşıl enerji"nin Avropaya ötürülməsi üçün Qara dənizin altından elektrik kabelinin çəkilməsi istiqamətində tədbirləri və COP29 barədə yüksək gözləntiləri xüsusi vurğulayırlar. Həmin açıqlamalar respublikamızın ənənəvi enerjidən bərpaolunan enerjiyə keçidi təşviq edən başlıca aktorlardan birinə çevrildiyini təsdiqləyir. Şübhəsiz ki, sürətli tərəqqi, demokratik dəyərlərə sədaqət, ictimai-siyasi sabitlik və digər üstün məziyyətlərlə yanaşı, yuxarıda sadalanan keyfiyyətlər də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının ölkəmizdə keçirilməsi qərarının verilməsinə müsbət təsir göstərib.
Qurban MƏMMƏDOV,
"Azərbaycan"