Paytaxtın Nərimanov rayonunda salınan park COP29-a növbəti töhfədir
Respublikanın bütün bölgələrində yaşıllıq ərazilərin qorunmasına, yeni parkların, bağların salınmasına xüsusi önəm verilir. Xüsusən iqlim dəyişikliyinin yaratdığı fəsadların qarşısının alınması, təsirlərinin azaldılması üçün bu istiqamətdə işlərin görülməsi böyük əhəmiyyətə malikdir. Bu baxımdan, paytaxt Bakıda son illərdə görülən işlər təqdirəlayiqdir.
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, ölkəmizin bütün şəhər və rayonlarında, xüsusilə Bakıda yeni yaşıllıqlar, meşə massivləri, istirahət parkları salınır, mövcud yaşıllıq sahələri daha da genişləndirilir. Yeni parklar şəhərsalma standartlarına və müasir tələblərə tam uyğun şəkildə salınır. Şəhərlərin qədimliyi qorunaraq, əvvəlki görkəminə xələl gətirmədən modernizmlə vəhdəti qurulur.
"Yaşıl dünya" naminə görülən işlər
Bakıda bu istiqamətdə görülən genişmiqyaslı tədbirlər - yaşıllıqların salınması, sağlam mühitin formalaşdırılması, yaşayış massivləri yaxınlığında istirahət guşələrinin yaradılması - bütün abadlıq işləri əhalinin istirahətinə, asudə vaxtını səmərəli, rahat keçirməsinə hesablanıb.
Xüsusi vurğulamaq lazımdır ki, son illərdə şəhərsalmada insanların asudə vaxtlarını keçirməsi üçün meşə massivləri, bağlar, yaşıllıq sahələri, yaşayış massivlərinin yaxınlığında sakinlər üçün istirahət parklarının salınması prioritetlərdəndir.
Ümumiyyətlə, müasir şəhərsalma, tikinti layihələrində parklar, istirahət yerləri mütləq nəzərə alınır. Bununla yanaşı, parkların, yaşıllıqların salınması zamanı təbii landşaftın qorunmasına da xüsusi önəm verilir.
Son dövrdə Bakı şəhərinin müxtəlif rayonlarında belə istirahət parklarının salındığını və yenidən əsaslı təmir-bərpadan sonra istifadəyə verildiyinin şahidi oluruq. Həmin istirahət məkanlarının açılışında dövlət başçısının şəxsən iştirakı da göstərir ki, Prezident İlham Əliyev Bakının "yaşıl şəhər"ə çevrilməsinə, ölkəmizin iqlim dəyişiklikləri ilə mübarizədə bütün səylərini birləşdirməsinə, ümumilikdə yaşıllaşdırma sahəsində görülən işlərə xüsusi diqqət ayırır. COP29 kimi mötəbər tədbirin Azərbaycana həvalə edilməsi də ölkəmizin qlobal istiləşmə fonunda, sağlam gələcək naminə gördüyü işlərə verilən yüksək dəyərdən xəbər verir. Dövlət başçısının sərəncamı ilə 2024-ün "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması isə bu xüsusda çox önəmlidir.
İyulun 15-də dövlət başçısının Nərimanov rayonunda əsaslı şəkildə yenidən qurulan parkın açılışında iştirakı da bunu bir daha təsdiq edir.
Ərazisi 4,1 hektar olan park XX əsrin 50-ci illərində salınıb. Şəhərin müasir inkişaf səviyyəsinə və memarlıq üslubuna uyğun olmayan park nadir dizaynda yenidən qurulub. Burada müxtəlif istirahət guşələri, əyləncə qurğuları yaradılıb, o cümlədən uzun müddət yararsız vəziyyətdə olan fəvvarə meydanının yenidən qurulması işləri həyata keçirilib. Parkın ərazisində yeni yaşıllıq sahələri yaradılıb, istismara yararsız, parkın ümumi görkəminə xələl gətirən tikili və qurğular ərazidən götürülüb. Mövcud ictimai-iaşə obyektlərinin fasadları müasir üslubda, parkın yeni layihəsinə uyğun təmir edilib, o cümlədən yeni işıq dirəkləri, eləcə də idman qurğuları və uşaq əyləncə meydançası yaradılıb.
Məhəllələrarası parklar, yenilənən istirahət guşələri
Ümumiyyətlə, son dövr-lərdə Nərimanov rayonunda sakinlərin rahatlığı, asudə vaxtlarını səmərəli keçirmələri üçün yaşayış massivlərinin yaxınlığında, ümumilikdə yaşıllıq ərazilərində ardıcıl olaraq abadlıq işləri görülür. Müasirləşən paytaxtımızla rayonun inkişafının uyğunlaşması istiqamətində bütün lazımi tədbirlər görülür.
Eyni zamanda Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla xanım Əliyeva tərəfindən də məhəllələrarası parklar yaradılması formatı tətbiq olunur. "Bizim həyət" layihəsi çərçivəsində ərazilərdəki onlarla binanın fasadları, dam örtükləri, blokları təmir olunur, bütün yaş kateqoriyaları üçün həm istirahət etmək, həm idmanla məşğul olmaq, həm də asudə vaxt keçirmək üçün şərait yaradılır.
Ümumilikdə "Yaşıl dünya naminə həmrəylik ili"ndə yeni parkların və yaşıllıq zolaqlarının salınması, əhaliyə xidmət göstərən müasir infrastrukturun yaradılması Bakının dünyanın ən gözəl, şəhərlərindən birinə çevrilməsi istiqamətində əhəmiyyətli işlər görülür. 2022-ci ilin statistikasına əsasən, ölkəmizdə parkların ümumi sayı 453-dür ki, onların da 164-ü paytaxtın payına düşür.
Elə son illərdə salınan Mərkəzi Park, Yasamalda meşə tipli park, "Gənclik", "Çəmbərəkənd", Nizami Gəncəvi parkları bu istiqamətdə görülən işlərin bir hissəsidir. Eyni zamanda gündən-günə gözəlləşən, müasirləşən, "yaşıl şəhər"ə çevrilən, BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı kimi mühüm beynəlxalq tədbirə hazırlaşan Bakıda bu istiqamətdə görülən işlərin hamısı COP29-a mühüm töhfə verir.
Əsmər QARDAŞXANOVA,
İlham BABAYEV( foto),
"Azərbaycan"