2027-ci ildə səyahət etmək üçün dünyanın ən yaxşı yerləri açıqlanıb.
"National Geographic"in dünyanın müxtəlif yerlərindən olan yazıçı, fotoqraf və səyyahlar icması tərəfindən hazırlanan illik "Dünyanın Ən Yaxşıları" siyahısı altı qitədə yerləşən möhtəşəm məkanları təqdim edir.
Vestland, Norveç
Norveçin cənub-qərbində yerləşən Vestland bölgəsi fyordlarla əhatə olunub. Bura səmaya ucalan sıldırım qayalar, firuzəyi sular və şəlalələrlə dolu vəhşi bir məkandır. Burada Folgefonna Milli Parkı yerləşir. Buradan bir az şərqdə “Trolltunga” adlı qaya çıxıntısı mövcuddur. Vestlandın şimalına üz tutsanız sıldırım yamacları olan və uzunluğu təxminən 16 km-dən çox olan “Nærøyfyord” dəniz körfəzini görə bilərsiniz. Bu məkan suitiləri, kiçik balinaları və ağquyruq qartalları müşahidə etməyə gələn xizəkçilər, eləcə də ekoloji təmiz kruiz gəmiləri üçün möhtəşəm bir fon yaradır.
Penanq, Malayziya
Səyahətə Penanq adasından başlayanlar UNESCO-nun mühafizəsi altında olan “George Town” şəhər küçələrindən tropik meşələrlə əhatə olunmuş çimərliklərə doğru irəliləyə, daha sonra Penanq boğazını keçərək materikə — "kampong" adlanan kənd yaşayış məntəqələrinin, manqrov meşələri ilə dolu dolama çayların və müasir sənaye mərkəzlərinin yanaşı mövcud olduğu yerə keçə bilərlər.
Luksor, Misir
Gələn ilin avqustun 2-də tam günəş tutulması müşahidə olunacaq Luksorda gündüz vaxtı altı dəqiqədən çox davam edən alaqaranlıq hökm sürəcək. Bu möhtəşəm təbiət hadisəsi bütün dünyanın diqqətini qədim şəhərə yönəldəcək. Lakin əsl möcüzə burada il boyu mövcuddur: Karnak və Luksor məbədlərindən tutmuş Krallar Vadisinə və Tutanxamonun məzarına qədər uzanan, monumental məbədlər və kral türbələri ilə zəngindir.
Bundan başqa siyahıda Madison (Viskonsin), Puerto Riko, Damfris və Qallovey, (Şotlandiya), Niiqata (Yaponiya), Çendu (Çin), Sakif okeanı sahil yolu (Kaliforniya), Caypur (Hindistan), Qrenada, Salvador (Brazil), Keyp Frovard (Çili), Santander (İspaniya), Normandiya (Fransa), Cənubi Ozarks (Missuri və Arkanzas), Halifax (Yeni Şotlandiya) Melburn (Avstraliya), Leypsiq (Almaniya), Baltimor (Merilend).
Əsmər QARDAŞXANOVA,
“Azərbaycan”