27 Noyabr 2011 12:11
355
SİYASƏT
A- A+

Ziyalı saf əqidəli olmalıdır

 

Son vaxtlarda bir qurumun ətrafına toplaşmış bəzi narazı, narahat adamların dövlətə qarşı irəli sürdüyü yersiz iddialar məni də ciddi narahat etdi. Ona görə də fikrimi qəzetinizin oxucuları ilə bölüşməyi lazım bildim.

Bəzilərinin bilərək, yaxud bilmədən hay-küy qopardıqları məsələnin mahiyyəti nədən ibarətdir? Azərbaycan ali məktəblərinin birində bir nəfər kafedra müdirliyindən çıxarılmışdır. Adını ziyalı qoyan kəs fikirləşməlidir, bu işəgötürülənlə, işəgötürən arasında olan əmək mübahisəsidir.

Ölkəmizdə onlarca ali məktəb fəaliyyət göstərir və həmin ali məktəblərdə yüzlərlə kafedra işləyir və kafedra müdirləri çalışır. Təlimata görə hər beş ildən bir kafedra müdiri dəyişdirilir, yenisi ilə əvəzlənir. Bu məsələni böyütmək, şişirtmək, ona siyasi don geyindirmək kimi cəhdlər heç kəsə başucalığı gətirmir. Azərbaycan hüquqi, demokratik dövlətdir. Qanunlarımız yüksək səviyyədə işləyir. Belə sadə bir məsələni siyasi müstəviyə çıxarmaq tamamilə anlaşılmaz məsələdir.

Ziyalılıq müdriklik rəmzidir. Ziyalı cəmiyyətin həqiqət meyarıdır. Ona görə də ziyalı saf əqidəli olmalıdır. Əsl ziyalı ilk öncə, özünə və eləcə də onu əhatə edənlərə tələbkar yanaşmalıdır. Quru şan-şöhrət dalınca qaçmaq, nailiyyətləri şişirdib, mif yaratmaq ziyalılığa yaraşmayan keyfiyyətlərdir.

Xalqımız həmişə öz ziyalıları ilə fəxr edib, indi də edir. Dövlətimiz də ən mürəkkəb məsələlərin həllində ziyalılara arxalanır. Ulu öndər Heydər Əliyev vətəndaş mövqeyi olan ziyalılara həmişə yüksək qiymət verib, onları dinləyib, inanıb, məsləhətləşib. Siyasi-mənəvi məsələlər bir yana, mən şahidəm ki, dövlətimiz ən müxtəlif iqtisadi problemlərdən tutmuş, ən sadə təsərrüfat işlərinin həllinə kimi ziyalı sözünə, mütəxəssislərin rəyinə arxalanıb.

Əlli ilə yaxındır ki, Elmi-Tədqiqat İnstitutuna rəhbərlik edirəm. Dəfələrlə ən yüksək səviyyədən yerlərdəki hər hansı məsələnin araşdırılması məhz bizə həvalə olunub və alimlərimizin rəyinə əsasən qiymət verilib. Ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də istər mərkəzdə,   istərsə də regionlarda ziyalılarla görüşür, onlardan məsləhət alır, ziyalı əməyinə yüksək qiymət verir. Müntəzəm surətdə ziyalılar orden və medallarla təltif olunur, onlara fəxri adlar verilir. Kənd təsərrüfatının problemləri ilə məşğul olan bir ziyalı kimi dövlət tərəfindən mənim də əməyim dəfələrlə ən yüksək orden və medallara layiq görülüb.

Bir sözlə, xalqımız da, dövlətimiz də əsl ziyalının yerini-yurdunu çox gözəl bilir və qədərincə dəyərləndirir.

Alim təvazökarlıq, təmkinlilik meyarları ilə hamıya nümunə olmalıdır. Xırda bir məsələni şişirdib mətbuat səhifələrinə çıxarmaq, bu məsələdən istifadə edərək iqtidarın ünvanına yaraşmaz fikirlər, böhtanlar danışmaq qəbuledilməzdir. Xüsusən, vaxtilə vəzifədə olmuş bəzi insanların bu qaragüruha qoşulması qəbuledilməzdir.

Ölkəmizin beynalxalq miqyasda qazandığı

 uğurlar, dünya əhəmiyyətli layihələrdə iştirakı, vətəndaş cəmiyyəti quruculuğunda qısa müddətdə atılan ciddi addımlar, sosial bərabərlik meyarlarının reallaşdırılması xalqımız və dünya ekspertləri tərəfindən yüksək nailiyyətlər kimi qiymətləndirilir. Bir fikir verin, son iyirmi il ərzində Azərbaycan nə qədər uğurlar əldə etmişdir. İndi bizi bütün dünya tanıyır. Ən nüfuzlu dövlətlər ölkəmizi dəstəkləyir. Dünya miqyaslı layihələrin uğurla reallaşması, o cümlədən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin çəkilməsi, eləcə də müstəqil ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması bədxahlarımızı ciddi narahat edir.

Hər bir Azərbaycan vətəndaşı, xüsusən, özünü ziyalı sayan hər kəs, ölkəmizin inkişaf strategiyasında öz yerini yaxşı görməli və nailiyyətlərimizin davamlı olması üçün layiqli töhfəsini verməlidir.

Elə buna görə də ziyalı adından istifadə edib bir qurumun ətrafına toplaşan narazı insanların yersiz iddialarını qətiyyətlə pisləyir, ölkənin bütün qüvvələrini ən ağır problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəltməyə çağırıram.

 

Siddiqə MƏMMƏDOVA,

Elmi-Tədqiqat Bitki Mühafizəsi İnstitutunun direktoru, Milli Elmlər Akademiyasının müxbir üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video