13 Iyun 2021 00:36
1920
İQTİSADİYYAT
A- A+

Zəli təkcə müalicəvi xüsusiyyəti ilə seçilmir

 

O, bir sıra iqtisadi sahələr üçün də əhəmiyyətlidir

 

Keçmişi dərk etməyən və ya ona etinasız yanaşan istənilən elmin əsası yoxdur. Nə vaxtsa dərk edilmiş həqiqətlər, sirri açılmış elmi yeniliklər öz məzmunu ilə heç zaman köhnəlmir, əksinə, baza adlandırdığımız əsası təşkil edir. Türkəçarə müalicə üsulları da bu sıraya daxildir. Hərçənd ki, onlara bəzən əhəmiyyət verilmir, laqeyd yanaşılır.

Türkəçarə Azərbaycanda xalq təbabətinə verilmiş addır. Bu gün dünyada elə bir mədəni ölkə tapılmaz ki, orada xalq təbabəti öyrənilməsin. Bir çox yerlərdə xalq təbabətini araşdıran institutlar, elmi mərkəzlər var. Xalq təbabəti Azərbaycanda da diqqətdən kənarda qalmamışdır.

Türkəçarə adlanan üsullardan biri də zəli ilə müalicədir. Bu müalicənin kökləri təbabətin öz tarixi qədər qədimdir. Zəli ilə müalicədən (hirudoterapiya və ya bdelloterapiya) eramızdan bir neçə il əvvəl Çində, sonradan isə Hindistanda və Misirdə istifadə olunmuşdur.

Zəli əsasən göldən ovlanaraq apteklərdə satılır. Bəzən bu, əhalinin tələbatını ödəmir. Bununla əlaqədar olaraq Moskva mütəxəssisləri təbiətdən ovlanmış zəlilərin tez bir zamanda laboratoriya şəraitində artırılması üçün metodika işləyib hazırlamışlar. 1983-cü ildə amerikalı zooloq, doktor Roy Soyer İngiltərədə zəlilərin süni şəkildə çoxaldılması üçün “Biofarm” firması təşkil etmişdir. Firma Qərbi Avropaya zəli ixracı ilə məşğul olmaqla yanaşı, elmi-tədqiqat işlərinin aparılması üçün Hirudin preparatları da istehsal etmişdir.

Tibbi zəli tədarükü Azərbaycan sularında 1876-1928-ci illərdə Fransa və Finlandiya mütəxəssisləri tərəfindən aparılmışdır. Hazırda ölkəmizdə zəli ovu böyük vüsət almışdır. Zəlilər geniş coğrafi areala malikdir. Belə ki, Naxçıvan, Cəlilabad, Masallı, Lerik, Yardımlı, Astara, İsmayıllı, Zaqatala, Balakən, İmişli, Zərdab, Goranboy, Şabran, Ağcabədi, Quba və digər rayonların ərazilərində zəli populyasiyalarına rast gəlinir.

Zəlilərin dünyada 400-ə yaxın, Azərbaycanda isə 15-dən çox növü məlumdur. Bunlardan xüsusi əhəmiyyətə malik olanı tibbi zəlilərdir. Tibbi zəlilərin insan orqanizmi üçün faydalı olan 3 forması müəyyən edilib: adi tibb zəlisi, aptek tibb zəlisi, Şərq tibb zəlisi. Aparılan müşahidələr onu deməyə əsas verır ki, Şərq tibb zəlisi digər zəlilərdən fərqli olaraq daha fəal yırtıcı həyat tərzi keçirir. Belə ki, 2-2,5 qram çəkiyə malik olan orta örçülü bu zəlilər öz çəkisindən 4-5 dəfə çox qan sormağa qadirdirlər. Tibbi zəlilər su bitkiləri (qamış, yosun və s.) ilə zəngin olan sirin sututarlarda, əsasən göl və gölməçə tipli bataqlıqlarda, sucuq yerlərdə, sakit axan dayaz çaylarda, bəzi bulaqlarda, bol qida mənbəyi olan sututarlarda mövcuddur. Onlar əsasən litofil onurğasız heyvanlardır.

Təbabət zəlisinin ölkəmiz üçün geniş iqtisadi və müalicəvi əhəmiyyəti var. Çünki təbabət zəlisindən tibdə və alternativ təbabətdə bir sıra xəstəliklərin müalicəsində geniş istifadə edilir. Ona görə də hazırda həkimlərin, farmakoloqların, kosmetoloqların və digər ixtisas sahiblərinin tibb zəlisinə olan maraqları artmaqdadır. Tibb zəlisi müalicə vasitəsi olmaqla yanaşı, həm də yüksək rentabelli kommersiya obyektidir. Əhali arasında tibb zəlisinə durmadan artan tələbatın olmasına baxmayaraq, ölkəmizdə hələ də ixtisaslaşdırılmış zəliçilik təsərrüfatları və ya zəli artırılan biofabriklər yoxdur. Zəlilərin kortəbii ovlanması və ekoloji faktorların mənfi təsirləri isə onların təbii resurslarının tükənməsinə gətirib çıxara bilər. Hazırda ölkəmizin su hövzələrində minlərlə zəli brakonyerlər tərəfindən kortəbii surətdə ovlanılır və qara bazarda satılır.

Təbabət zəlisi əczaçılıq sənayesi üçün qiymətli tibbi xammaldır, müxtəlif xəstəliklərə qarşı müalicəvi və profilaktik dərman preparatlarının istehsalında, habelə müasir plastik cərrahi əməliyyatlarda və kosmetologiyada geniş istifadə olunur.

Qədimdə insanlar zəlidən baş ağrısını azaldan, qanı duruldan və təzyiqsalıcı vasitə kimi istifadə etmişlər. Zəlidən müalicə vasitəsi kimi Halofanalı Nikandr bizim eradan 200 il əvvəl faydalanmışdır. Zəli ilə müalicə Yunanıstanda, Misirdə, Qərbi Avropada və digər ölkələrdə əvvəllər astma-bronxit, ürək-damar, hipertoniya (qan təzyiqi) xəstəliklərinin müalicəsində istifadə olunmuşdur. İbn Sina zəlini bir çox xəstəliklərin müalicəsində əvəzolunmaz vasitə hesab etmişdir. Zəlinin istifadə köklərinin çox qədim dövrlərə aid olduğunu onların hətta Misir piramidalarındakı təsvirləri təsdiqləyir. Zəli qədim insanlar üçün “aspirin” rolunu oynayır, universal “həb” hesab edilirdi.

Hazırda zəli ilə müalicə tibdə öz təsdiqini tapmış bir müalicə vasitiəsi kimi tanınır və dünyanın bir çox ölkəsində, o cümlədən Çin, Yaponiya, Hindistan, ABŞ, Kanada, Rusiya, Qərbi Avropada geniş tətbiq olunur. Azərbaycanda da zəli ilə müalicə geniş yayılıb.

Tədqiqatlar göstərir ki, tibbi zəlinin bədəni əsl farmaseptik mini fabrikdir. Onun ağız suyundan ifraz olunan fermentlər insan bədəninə cürbəcür mexaniki, bioloji, reflektor və immunoloji təsirlər göstərir. Tədqiqatçılar zəlinin ağız suyunda əvvəl elmə məlum olmayan 100-dən çox bioloji aktiv birləşmələr aşkar ediblər.

Tədqiqatçılar tərəfindən təbabət zəlisinin ağız suyundan ifraz olunan mayenin yeni tətbiq sahələrinin axtarışı davam etdirilir, o cümlədən xərçəng və QİÇS xəstəliyinin müalicəsində istifadə perspektivləri öyrənilir.

Hirudoterapiyanın tətbiqi sferası çox genişdir. Belə ki, bu üsuldan böyrək, prostat, mədəaltı vəzi, şəkər, varikoz, trombofilibitlər, hipertoniya və göz xəstəliklərində istifadə olunur. O, eləcə də klimaksda, gemoroy (babasil), dəmrov (psorioz), qaraciyər, mədə xəstəliklərində, qan dövranı durğunluğunda, stenokardiyada (ürək-damar), baş ağrılarında, oynaq ağrılarında, osteoxondroz, miqren, astmabronxit və s. xəstəliklərin kompleks müalicəsində səmərəli effekt verir.

Zəli ilə müalicə qan azlığından, hemofiliyadan, vərəmdən, aşağı qan təzyiqindən əziyyət çəkənlərə, hamilə qadınlara və yaşı 70-dən yuxarı olan insanlara tətbiq edilə bilməz.

Araşdırmaçılar elm və texnologiyanın inkişafına əsaslanaraq 2030-cu illərdə bəzi xəstəliklərin zəli ilə müalicəsində yüksək nailiyyətlər əldə olunacağını proqnozlaşdırırlar.

Daha bir məsələni xatırlatmaq istərdik. Hazırda ölkəmizdə zəlilər əsasən göllərdən ovlanır. Onları adi əl toru ilə də ovlamaq mümkündür. Bu da olduqca təhlükəlidir. Göldən tutulan zəlilər orada yaşayan canlıların qanını sorur ki, bu da nəticədə infeksiya yayılması baxımından təhlükə törədə bilər. Bunun qarşısını almaq üçün beynəlxalq təcrübədən, xüsusilə də Rusiyada yaradılmış və xüsusi texnologiya ilə işləyən bir biofabrikdə ildə 1 milyona yaxın zəli yetişdirilməsi təcrübəsindən istifadə etmək olar. Həmin texnologiyanı ölkəmizə gətirməklə zəli istehsalını biofabrik səviyyəsində təşkil etməyə nail olmaq mümkündür.

Qeyd edək ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və əzmkarlığı ilə şanlı ordumuzun işğaldan azad etdiyi ərazilər digər təbii resurslarla yanaşı, tibb zəlisi ilə də zəngindir. Bir sözlə, Azərbaycanda zəli yetişdirmək üçün kifayət qədər potensial mövcuddur.

Yeri gəlmişkən, əlverişli təbii şəraitə malik olan dünya ölkələrində müalicə turizminin inkişafına böyük önəm verilir. Ölkəmizdə müalicə turizminin inkişafı üçün geniş imkanlar mövcuddur ki, bunlardan biri də tibbi zəlilərlə bağlıdır. Eləcə də biofabriklərdə yetişdirilmiş zəlilərin daşınmasını, satışını, hətta ixracını mükəmməl səviyyədə təşkil etmək mümkündür. Zəlilərin bir hissəsi daxili tələbatın ödənilməsinə, bir hissəsi isə xarici, əsasən Avropa ölkələrinə ixrac oluna bilər.

Sahibkarlara və iş adamlarına müalicəvi və iqtisadi əhəmiyyətə malik olan zəli ilə bağlı sahələri inkişaf etdirməyə dəstəyin göstərilməsi günümüzün vacib məsələlərindəndir.

 

Şahvələd ƏLİYEV,

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video