16 Oktyabr 2021 01:01
868
İQTİSADİYYAT
A- A+

Zəhmətin “ağ qızıl” bəhəri

 

Biləsuvarda pambıq yığımı sürət götürür

 

Oktyabr ayının ilk günləri havanın buludlu və yağmurlu keçməsi qanını qaraltmışdı. Əkib-becərdiyi sahələrin ancaq 10 faizini əllə yığdırmışdı. Qalan məhsul isə bəmbəyaz dona bürünmüş tarlada idi.

“Allah var, rəhmi də var. Çəkilən zəhmət hədər getməz. Hər şey yaxşı olacaq. Ata-babalarımız oktyabra “ceyranın kölgəyə qaçan ayı” deyiblər. Belə getməz. Havalar çox guman ki, düzələr. Bir də axı zaman o zaman deyil. Xaricdən alınan təzə pambıqyığan maşınlar işə düşsə, bir də görəcəksən ki, beş-üç günə sahələrdə quru çöpdən başqa heç nə qalmayıb” - bu fikirlərlə “Niva”sına oturub kəndə - evinə qayıtdı. Günorta yeməyindən sonra yayın istisinin ağrı-acısını canından çıxarmaq üçün bir qədər yuxulayıb dincəlmək istədi. Axşam da ertədən yerinə uzanmazdan öncə yoldaşına tapşırdı ki, televizora baxıb hava haqqında məlumata qulaq assın.

Gecədən keçmiş - təqribən saat 2-də yuxudan oyananda evdə hamı yatmışdı. Tez eyvana çıxıb pəncərəni açdı. Axşamdan əsən küləkdən əsər-əlamət qalmamışdı. Göydəki ulduzları görcək özü-özünə pıçıldadı: “Şükür sənin böyüklüyünə, İlahi! Səsimizi eşitdin, bizi ümidsiz qoymadın”.  Qayıdıb yenidən yatağına girsə də, gözlərinə yuxu getmədi. 35-40 dərəcə istidə becərmə zamanı keçirdiyi günlər bir-bir gəlib gözləri önündən keçdi. Alaq otlarını vuran qız-gəlinlərlə, suçu kişilərlə işin keyfiyyətinə görə mübahisələri, bəzən onları acıladığı məqamları yadına düşdü. Buna görə özünü qınadı. Ürəyində “Pambıq yığımı qurtarandan sonra gərək hamısını bir yerə yığıb süfrə arxasında könüllərini alım” dedi. Bu haqda fikirləşərkən sabah nə işlər görəcəyini götür-qoy etdi. Odur ki, sübh çağı durub maşınına oturdu, tarlaya getdi. Yol artıq təpimişdi. Günün yavaş-yavaş çıxması ilə dan yerinin aldığı əlvan rənglər əhvalını yaxşılaşdırdı. Sahənin kənarına çatıb maşını saxladı. Ətrafa diqqətlə göz gəzdirdi. Pambıq topalarının üstündə səhərin şehindən gilələnən damcıları görüb fikirləşdi: “Hava istiləşən kimi bunlar da buxarlanıb gedəcək”. Sahənin hər tərəfini gəzib-dolandıqdan sonra saatına baxdı. Artıq 11-ə işləmişdi. Pencəyinin yan cibinə qoyduğu mobil telefonunu götürüb müqavilə bağladığı “P-Aqro” MMC-nin Biləsuvar rayonunda yerləşən filialının sahə aqronomu Bəhruz Quliyevə zəng etdi:

 - Bəhruz, mənəm, Rafiqdir. Sizi sahədən narahat edirəm. Səhər tezdən yuxudan durub bura gəlmişəm. Vəziyyət demək olar ki, düzəlir. Cərgələrin arası da təpiyib. Mənə elə gəlir ki, sabah səhər maşınlar işləyə bilər.

Sahə aqronomu onu dinləyib, günortadan sonra onun və digər fermerlərin həmin ərazidəki pambıq sahələrinə baş çəkəcəyini, vəziyyəti öz gözləri ilə görüb qərar verəcəyini və bu barədə axşam saatlarında ona nəticəsini bildirəcəyini söylədi. Belə də oldu. Həmin gün deyilən vaxtda sahə aqronomu B. Quliyev digər sahələrlə bərabər Rafiq Əzizovun sahəsinə də baş çəkdi. Pambıqyığan maşınların məhsuldar işləyə biləcəyini yəqin etdi. Axşamüstü idarəyə qayıdıb vəziyyətlə əlaqədar filialın direktoru Şakir Soltanova ətraflı məlumat verdi. Filialın direktoru pambıqyığanlarla bərabər, lafetlərin də Rafiqin və digər fermerlərin sahəsinə göndərilməsinə göstəriş verdi. Onu da dedi ki, bu barədə elə indidən onlara məlumat vermək lazımdır.

Deyilən kimi də oldu. Birisi gün səhər tezdən “Conder” markalı pambıqyığan maşın, arxasınca qoşa yedəkli traktor sahəyə yola düşdü. Onlar tarlaya çatanda payız günəşi ilıq şüalarını ətrafa yayırdı. Fermer R.Əzizov sanki qar yağmış ağappaq sahənin kənarında dayanıb gözləyirdi. Onlar salamlaşandan sonra sahəyə girdilər. Rafiq sürücü-mexanizator Xalid Lətifova təcrübəli fermer kimi müraciət edərək  inamla dedi:

- Hə, necədir, yaxşı məhsul yetişdirmişəm? İndi sən də göstər öz məharətini. Elə yığ ki, bir lopa pambıq belə itkiyə getməsin.

Mexanizator X.Lətifov da gülümsəyərək cavab verdi:

- Çalışarıq əlimizdən gələni əsirgəməyək, - dedi.

Bir neçə pambığın nəmliyini yoxladılar, yığıma heç bir təsiri olmasa da, liflərin çiyidlərini saydılar. Bundan sonra mexanizator iti addımlarla kombaynın kabinəsinə qalxıb mühərriki işə saldı. “Tarla gəmisi” cərgələr arası ilə irəliləməyə başladı. Şpindellər vasitəsilə götürülən pambıq sovrularaq bunkerə töküldü. Fürsətdən istifadə edib fermer Rafiq Əzizovla işi-gücü, dolanışığı barədə söhbət etdik.

 - Əsgərabad kəndində doğulub böyümüşəm. Hələ orta məktəbdə oxuyarkən başqa yoldaşlarım kimi, mən də yay aylarında kəndimizdəki “Araz” kolxozunda pambığın becərilməsində yaxından iştirak edirdim. Əsasən alaq otlarını təmizləyirdik. Sentyabr ayında dərslər başlayan kimi məktəbi bağlayardılar. Oktyabrın sonunadək pambıq yığardıq. Bəlkə buna görə də aqronom olmaq arzusuna düşdüm. Orta məktəbi bitirib Salyan Kənd Təsərrüfatı Texnikumunun Aqronomluq fakültəsinə daxil oldum. 1992-ci ildə oranı bitirib kəndimizdəki kolxozda pambıqçılıq-taxılçılıq briqadiri kimi fəaliyyətə başladım. 1996-cı ildə kolxozlar ləğv edildi. Torpaqlar əhaliyə paylandı. Bizim də ailəyə 2,8 hektar torpaq payı verildi. Bir neçə il rayondakı Suvarma Sistemləri İdarəsində, “MKT- İK” ASC-nin Biləsuvar filialında işlədim. 2019-cu ildən indiyə kimi “P-Aqro” MMC-də mütəxəssis kimi çalışıram. Harada işləməyimdən asılı olmayaraq fermerlik fəaliyyətimi unutmuram. Son illər işimiz xeyli yaxşılaşıb. Sağ olsun dövlətimiz, subsidiya verir. Müqavilə bağladığımız şirkətlər bizə hər cür köməklik göstərirlər. Məsələn, mən “P-Aqro” MMC-nin filialı ilə hələ ilin əvvəlindən müqavilə bağlamışdım. Şumdan, əkindən başlamış son mərhələyədək mənə hər cür kömək göstərilmişdir. Belə iş prinsipi fermeri ürəkli edir. Becərmə zamanı heç bir çətinlik olmur. Bunun hesabına mən vegetasiya dövründə 6 dəfə kompleks becərmə aparmışam. Filialın mütəxəssisləri tez-tez sahəmə baş çəkərək öz göstərişlərini veriblər. Elə bilirəm ki, keçənilki qədər də olmasa, məhsulumuz son nəticədə bizi qane edəcək. Ötən il 17 hektarın hər hektarından 45 sentner məhsul götürdüm. Allahın evi abad olsun, yaxşı nəticədir. Qazancım da yaxşı oldu. Evimi əsaslı şəkildə təmir etdirdim, xarici markalı minik maşını aldım. Ailəmiz geninə-boluna dolanır. Qoca atam və anam mənimlə qalırlar. Bir oğlum, iki qızım var. Qızlarımı köçürmüşəm. Dörd nəvəm var. Oğlum İnqilab Fövqəladə Hallar Nazirliyində işləyir. Bir neçə gün bundan öncə Qubadlıya göndərdilər. Nişanlıdır. İnşallah, gələn il toyunu edəcəyik.

O, sözünü yenidən işinin üstünə gətirdi:

- Keçən ilin nəticələri yaxşı olduğundan bu il icarəyə əlavə torpaq sahəsi götürdüm. 26 hektar mənim üçün o qədər də çox deyil. Başqa fermerlərimiz kimi, mən də sudan əziyyət çəkdim. Mən biləni, bu hal pambıq əkilən digər rayonlarda da olmuşdur. Neyləmək olar?! Təbiətin işidir. Vəziyyətin təkrarlanmaması üçün rayonda əlavə tədbirlər görülür. Mövcud olan su anbarına su yığılsa, 10 min hektar sahəni öz axını ilə, yəni elektrik enerjisi, yanacaq sərf etmədən suvarmaq olar. Yeri gəlmişkən onu da qeyd etmək istəyirəm ki, son vaxtlar pambıqçılıqda bütün xərclərin dəyəri, bütövlükdə pambığın maya dəyəri yüksəlmişdir. Bunun əvəzində pambığın bir kiloqramının satınalma qiyməti isə vur-tut 5 qəpik artırılmışdır. Pambıq əkən fermerlər istəyirlər bu iş ədalətlə, insafla həll olunsun. Axı pambıq ağır zəhmət, çoxlu xərc tələb edən bitkidir.

Müsahibim onu da vurğuladı ki, havaların hazırda rütubətli keçməsi ilə bağlı  kolların yarpağını tökmək üçün hər hektara 600 qram əvəzinə 800 qram, 1 litr dərman vurub. Bu isə əlavə xərc deməkdir.

Bütün bunlara baxmayaraq, torpağın dilini, xüsusiyyətlərini yaxşı bilən biləsuvarlı əkinçilər pambıqçılığa həmişə olduğu kimi, bu gün də maraq  göstərirlər. Bilirlər ki, bütün hallarda gəlirli sahədir. Əməktutumlu olmaqla bərabər, ixracyönümlüdür. Onu da qeyd edək ki, keçən mövsümdən etibarən Biləsuvarda, habelə Salyan və Neftçala rayonlarında yetişdirilən pambıq burada - Biləsuvardakı Pambıq zavodunda emal olunur. “P-Aqro”nun bu müəssisəsində 100 nəfərdən çox adam çalışır.

 

Seyran CAVADOV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video