15 Oktyabr 2021 01:08
1507
SİYASƏT
A- A+

Zəfərin rəmzi

 

Zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan bu gün dünyada sözünün də imzası qədər dəyəri olan, demokratiya təcrübəsi nümunə göstərilən, dayanıqlı inkişafı təmin edən islahatları dövrün və zamanın tələblərinə uyğun təkmilləşdirən, iqtisadiyyatını düzgün əsaslar üzərində quraraq qarşılaşdığı hər bir çətinlikdən uğurla çıxan, ən əsası, bütün bu reallıqların əsasında dayanan sabitlik diyarı kimi tanınır. 

Azərbaycan dünyaya təkmil inkişaf modelini təqdim edir

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin gələcəyə hesablanmış inkişaf strategiyası, eyni zamanda, düşünülmüş və məqsədyönlü siyasəti bugünkü Azərbaycanın təməlidir. Ölkəmizin bütün sahələrdə qazandığı uğurlar Ümummilli Liderin adı ilə bağlıdır. 


Azərbaycanı müstəqilliyinin yenidən bərpasından sonra ilk illərdə ölkəyə rəhbərlik edən şəxslərin idarəçilik qabiliyyətinin yoxluğu, siyasi savadsızlığı ucbatından yaşadığı faciələrdən, müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas edən Ulu Öndər Heydər Əliyevin hədəfləri açıqlayarkən təqdim etdiyi Azərbaycanın inkişaf modeli məhz hazırkı Azərbaycan idi. Bugünkü müstəqil Azərbaycan hazırda bütün sahələrdə təcrübəsi nümunə göstərilən, ən əsası, inkişaf modeli təqdir edilən Azərbaycandır.
Ümummilli Liderin həyata keçirdiyi dövlət quruculuğu siyasəti və inkişaf strategiyasının sayəsində təkmil siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, siyasi mədəniyyətin əsası qoyulmuş, davamlı siyasi-hüquqi islahatlar reallaşdırılmış, milli həmrəyliyi və birliyi təmin edən ideologiya yaradılmışdır. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, çoxpartiyalı sistemin təşəkkül tapması, ölkədə prezident, parlament, bələdiyyə seçkilərinin, ümumxalq səsverməsinin beynəlxalq standartlara uyğun keçirilməsi üçün Seçki Məcəlləsinin qəbul olunması, demokratik cəmiyyətin və hüquqi dövlətin əsas göstəricilərindən olan mətbuatın azadlığının təmin edilməsi məhz həmin dövrün reallıqları idi.
Ulu Öndər Heydər Əliyevin mudrik dövlətçilik siyasəti, təməlini qoyduğu demokratikləşmə prosesi 2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında dövrün, zamanın tələblərinə uyğun şəkildə təkmil islahatlar yolu ilə davam etdirilir. Cənab İlham Əliyevin 18 illik Prezidentlik dövrünə qısa nəzər salsaq görərik ki, dövlət quruculuğu yolunda ən mühüm amil olan ölkəmizin müasirliyi və qlobal təhlükələrdən qorunması təmin olundu. Azərbaycan sabitləşdirici faktor kimi beynəlxalq arenada mövqeyini möhkəmləndirdi. Belə ki, dünyada tolerant, multikultural dəyərlərin inkişafına böyük töhfələr verən Azərbaycan multikulturalizmi həyat tərzinə çevirərək beynəlxalq ictimaiyyətə birlik, həmrəylik, sülh, əməkdaşlıq mesajlarını ünvanladı. Dövlət başçısı İlham Əliyevin sərəncamları əsasında 2016-cı ilin “Multikulturalizm ili”, 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan edilməsi, 2015-ci ildə Bakıda ilk Avropa Oyunlarının, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının keçirilməsi də bunun bariz nümunəsidir. 
Prezident İlham Əliyev beynəlxalq münasibətləri nəzəri səviyyədə dərindən bildiyi üçün islamofob dairələrin və anti-Azərbaycan mərkəzlərin ölkəmizdə yaratmaq istədikləri “idarə olunan xaos” planını məharətlə alt-üst etdi, xalqımızı etnik, siyasi və ideoloji qarşıdurmalardan qorudu. Dövlət başçısı islamofob qüvvələrin müsəlman Şərqində uğurla reallaşdırdıqları “lidersizləşdirmə, ideologiyasızlaşdırma və dövlətsizləşdirmə” siyasətinin ölkəmizdə həyata keçirilməsinin qarşısını aldı. Bu hücumun qarşısına böyük məharətlə dəqiq və olduqca düşünülmüş milli vətənpərvərlik, milli birlik sipərini çəkdi.
Son 18 ildə dövlət quruculuğu sahəsində həyata keçirilən islahatların tərkib hissəsi kimi Prezident İlham Əliyevin “Neft kapitalını insan kapitalına çevirək!” şüarı ilə kreativ gəncliyin yetişdirilməsini və onların dövlət idarəçiliyində irəli çəkilməsini xüsusi qeyd etməliyik. Bu məsələlərdən bəhs edərkən təkcə son illərdə həyata keçirilən islahatlara diqqət yetirmək kifayətdir. Prezident İlham Əliyev 2018-ci ildə keçirilmiş prezident seçkilərində xalqın etimadını qazanaraq qələbəsini təmin etdikdən sonra andiçmə mərasimində qarşıdakı dövrdə reallaşdırılacaq islahatların anonsunu təqdim etdi. Bildirdi ki, islahatlar labüddür, qaçılmazdır. Çünki zaman dəyişir, qarşıya yeni vəzifələr çıxır və onların uğurla həyata keçirilməsi təkmilləşməni, yeniləşməni, müasirləşməni bir tələb kimi qarşıya qoyur. Dövlət başçısı 
İlham Əliyev kadr islahatlarının prioritetliyini önə çəkərək gənclərin dinamizmi ilə yaşlı nəslin təcrübəsi arasında vəhdətin yaradılmasını qarşıya prioritet vəzifə kimi qoydu. Bununla da Azərbaycanın gələcək inkişafını təmin etdi. Bu gün böyük fəxr və inam hissi ilə qeyd edirik ki, Azərbaycanın inkişaf modeli beynəlxalq səviyyədə təqdir olunmaqla yanaşı, öyrənilməsi vacib tələb kimi irəli sürülür. Bu fikir Azərbaycanın evsahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirlərdə də xüsusi qeyd olunur ki, kasıb deyil, yaxşı idarə olunmayan ölkə var. Bu problemin həlli üçün Azərbaycanın idarəçilik sahəsində qazandığı uğurlar nümunə göstərilir və dünyaya səs salan layihələri tətbiq olunur.

 

Ölkəmizdə təkmil siyasi sistem bərqərar olunub

Azərbaycanın siyasi islahatlar sahəsində qazandığı uğurlardan bəhs edərkən demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan nailiyyətlərimiz xüsusi vurğulanmalıdır. Demokratik inkişaf yolunda həyata keçirilən tədbirlərin qanunauyğun nəticəsi kimi Azərbaycanda təkmil siyasi sistem bərqərar olunub. Qanunvericilik bazasının təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində görülən tədbirlər, siyasi plüralizmin dəstəklənməsi, çoxpartiyalı sistemin inkişafı və digər istiqamətlər üzrə prioritet hesab olunan prinsiplər ölkədə davamlı xarakter alan demokratik cəmiyyətin inkişafından xəbər verir. Son 18 ildə milli Konstitusiyamıza əlavə və dəyişikliklərin edilməsi məqsədilə iki dəfə ümumxalq səsverməsinin keçirilməsi, ölkəmizin hərtərəfli inkişafına xidmət edən, cəmiyyətin idarə olunmasında əsas amil kimi dəyərləndirilən qanunlarımızın təkmilləşdirilməsi və yeni qanunların qəbulu istiqamətində atılan addımlar, azad mətbuatın inkişafına xidmət edən fərman və sərəncamlar, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının normal fəaliyyəti üçün şəraitin yaradılması, yeni “Siyasi partiyalar haqqında” qanunun qəbul olunması, seçkilərin demokratikliyini təmin etmək üçün Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi və sair kimi bir-birindən əhəmiyyətli addımlar Azərbaycanın gələcəyinə yönəlmiş addımlardır. İnsan amilinə verilən yüksək dəyərin göstəricisi kimi dövlət başçısı 
İlham Əliyevin sərəncamı əsasında 18 iyun tarixinin Azərbaycanda İnsan Hüquqları Günü kimi təsis edilməsi də bu sıradandır. 
Prezident İlham Əliyev hakimiyyətin hər üç qolunda - icra, qanunvericilik və məhkəmə-hüquq sistemində islahatların aparılmasının prioritetliyini önə çəkərək bu istiqamətdə irəli sürdüyü təşəbbüslər və atdığı praktiki addımlarla ictimaiyyətin dərin rəğbətini qazandı. Ümumilikdə atılan addımlar bu məqsədə xidmət edir ki, Azərbaycanın hərtərəfli inkişafı təmin edilsin, xalqımız yüksək rifah içində yaşasın. 

 

İdarəçilik sistemində təkmilləşmə səmərəliliyi artırır, hədəfləri yeniləri ilə əvəzləyir

Azərbaycanın inkişaf, tərəqqi yolunda inamla irəliləməsində düşünülmüş və məqsədyönlü siyasətin böyük rolu var. İdarəçilik sistemində yeniləşmə hər bir dövrün aktual məsələsidir. 2016-cı ildə keçirilən ümumxalq səsverməsində müzakirəyə çıxarılan məsələlərdən biri vitse-prezidentlik institutunun yaradılması oldu. Milli Konstitusiyamıza edilən bu əlavə ölkə ictimaiyyəti tərəfindən böyük razılıqla qarşılandı. 2017-ci ildə dövlət başçısı 
İlham Əliyevin sərəncamı əsasında Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edildi. Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondunun prezidenti kimi çoxşaxəli fəaliyyətinə verilən bu yüksək dəyər, göstərilən etimad 4 ildən artıq vaxtda gördüyü işlərin miqyasında öz təsdiqini tapıb. 
Dövlət başçısı İlham Əliyev Mehriban xanım Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti kimi təqdim edərkən bildirmişdir: “Bax, bu, çoxşaxəli fəaliyyət və eyni zamanda uğurlu fəaliyyət mənim bu qərarı qəbul etməyimdə əsas rol oynamışdır. Eyni zamanda qeyd etməliyəm ki, Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır. “Prezident İlham Əliyevin bu etimadını yüksək dəyərləndirən Mehriban xanım Əliyeva bildirmişdir ki, ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam.
Mehriban xanım Əliyeva Birinci vitse-prezident kimi ilk müşavirəni bu gün artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurd-yuvalarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin problemlərinə həsr etmişdir. Dövlət başçısı və Azərbaycanın Birinci vitse-prezidenti daim bu əminliyi ifadə edirdilər ki, yaradılan bu şərait müvəqqəti xarakter daşıyır. Tezliklə münaqişə öz həllini tapacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar. Bu gün həmin istəyin, arzunun reallığa çevrilməsinin sevincini yaşayırıq. 

 

Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası islahatlar prosesinə öz töhfələrini verir 

Azərbaycanın uğurlarında öz payı olan, yarandığı gündən dövlətə, xalqa layiqli xidməti fəaliyyətinin önündə saxlayan, sözlə əməl birliyi sayəsində milyonların sevgisini qazanan Yeni Azərbaycan Partiyasının irəli sürdüyü təşəbbüslər, qəbul etdiyi qərarlar daim ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır. Bu təşəbbüslərin arxasında güclü dövlət, yüksək rifah dayanır. Daim təkmilləşməyə, yeniləşməyə can atan Yeni Azərbaycan Partiyasının 2019-cu ilin sonlarında ölkədə həyata keçirilən islahatların qanunverici orqanda da öz əksini tapması üçün Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü də ona xalqın inamını, etimadını artıran addımlardan oldu. Bu təşəbbüs dövlət başçısı İlham Əliyevin sərəncamına uyğun olaraq 2020-ci il fevralın 9-na təyin edilən parlament seçkilərinin keçirilməsi ilə nəticələndi. Yeni formalaşmış parlament çevikliyi, səmərəliliyi artırmaqla dəstəyini qəbul etdiyi yeni qanunlarla, yaxud qanunlara əlavə və dəyişikliklərin edilməsi ilə ifadə edir. Altıncı çağırış Milli Məclisin formalaşmasında diqqət çəkən əsas məqamlardan biri parlamentin rəhbərliyində, eyni zamanda komitələrə sədrlikdə müxalifət nümayəndələrinin təmsil olunmasıdır. Bu faktın özü ölkəmizdə siyasi dialoq mühitinin mövcudluğundan xəbər verir. Prezident İlham Əliyev yeni formalaşmış Milli Məclisin ilk iclasındakı nitqində də bu kimi məsələlərə diqqət yönəldərək perspektivləri açıqlamışdır. 
Reallıq budur ki, aparılan islahatlar və demokratik dəyərlərə sadiqliyin nəticəsində Yeni Azərbaycan Partiyası təkcə Azərbaycanın deyil, regionun ən güclü və nüfuzlu siyasi təsisatına çevrilmişdir. 760 mindən artıq üzvü olan partiyanın fəaliyyəti bütövlüklə ölkənin inkişafı və milli həmrəyliyin təmin olunmasına xidmət edir. YAP VI çağırış Azərbaycan Respublikasının Milli Məclisində 69 deputatla təmsil olunur. 
Yaxın günlərdə birinci ildönümünü qeyd edəcəyimiz Zəfərimizin yaratdığı yeni reallıqlar ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasında da yeniliklərə yol açdı. Bu ilin 5 mart tarixində keçirilmiş YAP-ın VII qurultayında qəbul olunmuş qərarlar partiyanın gələcək inkişaf strategiyasını müəyyən etdi. Qurultayda partiyanın yeni Nizamnaməsi və strukturu təsdiq edildi. Dövlət başçısı İlham Əliyevin yaşlı nəslin təcrübəsi ilə gənclərin dinamizmi arasında vəhdətin yaradılması tapşırığına uyğun olaraq Yeni Azərbaycan Partiyasının tərkibində Veteranlar Şurası yaradıldı. Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev qurultaydakı nitqində qarşıdakı dövrün vəzifələrinə diqqəti yönəltdi. 
Partiyanın VII qurultayının mühüm və gələcək üçün vacib qərarlarından, yeniliklərindən biri olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın YAP sədrinin birinci müavini vəzifəsinə təyin edilməsi hədəflərə yüksək səviyyədə nail olmağa geniş imkanlar yaradır. Bütün fəaliyyəti ilə uğurlara imza atan Mehriban xanım Əliyevanın amalı, fədakarlığı, ictimai-siyasi mövqeyi hər kəsə örnəkdir.

 

Ölkə ictimaiyyəti Prezident İlham Əliyevin milli və siyasi həmrəyliyə xidmət edən təşəbbüslərinin şahididir
 
Ölkəmizdə milli birlik, vətəndaş həmrəyliyi mövcuddur. Azərbaycan hakimiyyəti hər zaman dialoqa açıq olduğunu atdığı addımları ilə təsdiqləyir. Bununla bağlı bircə faktı qeyd etmək kifayətdir. Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılmasında da məqsəd ölkənin siyasi həyatı üçün mühüm olan məsələlərin həllinə, siyasi partiyaların fəaliyyətinə, siyasi mühitin, parlamentarizm ənənələrinin qorunmasına dəstək olmaqdır. Həmçinin qanunvericilik hakimiyyəti ilə icra hakimiyyəti arasında əlaqələrin və qanunvericilik prosesinin tənzimlənməsinə, eləcə də siyasi partiyalar haqqında qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarət edilir. Şöbənin müdiri Ədalət Vəliyevin siyasi partiyaların rəhbərləri ilə görüşləri, aktual məsələlər ətrafında fikir mübadiləsinin aparılması, ümumiyyətlə, siyasi partiyalara lazımi dəstəyin göstərilməsi də deyilənlərin təsdiqidir. Ölkədə siyasi dialoqun daha yüksək nəticələrinin əldə olunması üçün ötən müddət ərzində müxtəlif sahələrin potensialına da müraciət edilmiş, siyasətçilər ilə yanaşı, politoloqlar, müvafiq ixtisaslar üzrə mütəxəssislər, alimlər, media nümayəndələri və ictimai sektorun qadın fəalları ilə müxtəlif səpkili görüşlər təşkil edilmiş və bu istiqamətdə fəaliyyət davam etdirilir. İndiyədək qərargahı olmayan 22 siyasi partiya üçün müvafiq yerlərin ayrılması, habelə vaxtı ötürülmüş qurultaylarının keçirilməsi istiqamətində tədbirlər görülmüşdür. Ötən müddət ərzində 25 siyasi partiya qurultaylarını keçirmiş və nəticələri dövlət qeydiyyatına alınmaqla bu partiyaların fəaliyyətində legitimlik təmin edilmişdir.
Siyasi partiyalarla qurulan konstruktiv əməkdaşlıq, iqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində müzakirələr vasitəsilə inkişaf etdirilməsi ölkədaxili siyasi mühitdə növbəti mərhələnin göstəriciləridir. Atılan bu addımlar milli həmrəyliyə, sağlam əməkdaşlıq ənənələrinin zənginləşməsinə xidmət edir.
Onu da qeyd edək ki, Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 siyasi partiyanın YAP-a qoşulmaq barədə qərarı da sağlam dialoq mühitinin bir daha təsdiqidir.

 

Zəfərimiz uğurlarımızın davamlılığına yol açır

Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşması ilə ölkəmizin həyatında yeni səhifənin açılması bütün sahələrdə, o cümlədən dövlət quruculuğu və siyasi islahatların davamlılığında yeni mərhələnin başlanmasından xəbər verir. Azərbaycanın bu gün öz daxili imkanlarına arxalanaraq, yeganə rəqibinin zaman olduğunu önə çəkərək bərpa və quruculuq istiqamətində atdığı addımlar Böyük Qayıdışın tezliklə gerçəkləşməsinə yönəlib. İşğaldan azad edilmiş ərazilərimizə soydaşlarımızın qayıdışı, orada yeni həyatın başlanması islahatları qaçılmaz edir. Artıq məlumdur ki, bu torpaqlarda təkmil idarəçilik sistemi yaradılıb. Qarabağımız yeni idarəçilik əsasında bərpa edilərək böyük mədəniyyət və turizm məkanına çevriləcək. 

 

Vüqar RƏHİMZADƏ,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri,
siyasi elmlər doktoru

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video