09 Sentyabr 2021 00:35
2785
SİYASƏT
A- A+

Zəfərin davamı

 

Füzuliyə enən “Qarabağ” təyyarəsi tarixi qələbəmizi bir daha dünyaya nümayiş etdirdi

 

“...Mən demişdim ki, bu il Füzuli Beynəlxalq Hava Limanı istifadəyə veriləcək. Bəlkə də dünyada bu sürətli templərlə heç bir hava limanı tikilməmişdir. Artıq uçuş-enmə zolağı da hazırdır. Burada son tamamlama işləri aparılır. Bir daha qeyd etmək istəyirəm, bu il mən hava limanının təməlini qoydum, indi isə gəlirik inşaat işləri ilə tanış olmağa. Bu aeroport Qarabağın hava qapısıdır...”

Avqustun 29-da Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərə növbəti səfəri zamanı Füzuli Beynəlxalq Hava Limanı barədə danışarkən söyləmişdi bu fikirləri...

Və cəmi bir neçə gündən sonra, sentyabrın 5-də dövlət başçısının söylədiyi bu fikirlər real müstəvidə gerçəkləşdi, Bakıdan qanadlanan fəxarətli “Qarabağ” adlı hava gəmisi Füzuli Beynəlxalq Hava Limanına, “Qarabağın hava qapısı”na eniş etdi.

Bu qürurlu bir an xalqımızın həyatında gerçəkləşən möhtəşəm gün kimi tarixə həkk olundu...

Hələ ötən ilin bu günlərində ağlımıza belə gətirməzdik ki, heç üzərindən bir il keçmədən Füzuliyə, bütövlükdə doğma Qarabağımıza həm quru, həm də hava yolu ilə azad, sərbəst səfərlər edə biləcəyik.

Amma taleyin xoş gərdişi, əvvəl-axır haqqın nahaqqa qalib gəlməsi nəticəsində bir andaca arzularımızın zirvəsində özünə yer alan bu xoşbəxt məqama yetişdik. 30 ildir ki, erməni işğalçılarının tapdağı altında olan ana yurda müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusunun həm havadan, həm də qurudan açdığı zəfər yolları ilə qayıdış etdik...…

Ötən ilin sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində qəhrəman oğullarımız düşməni darmadağın edərək 30 illik erməni işğalına son qoydu və tarixi ədaləti bərpa edərək Qarabağın bütün qapılarını taybatay üzümüzə açdı.

Baş sərkərdə İlham Əliyevin uzaqgörən və taktiki siyasəti ilə Azərbaycanın ərazi bütövlüyünü bərpa edən qəhrəman döyüşçülərimiz milyonlarla didərgin vətəndaşımızın yurd həsrətinə son qoydu. Prezidentin də vurğuladığı kimi, artıq münaqişə bitib, tarixə qovuşub. Azərbaycan hazırda gələcəyə baxır və işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparır. Yeni layihələr icra olunur, müasir infrastruktur qurulur.

Yanaşı olaraq ərazilərin tarixi irsi də bərpa edilir. Birbaşa Prezident İlham Əliyevin rəhbərliyi altında, həm Qarabağda, həm də Şərqi Zəngəzurda aparılan sürətli işlər bölgəni eyni zamanda xarici sərmayələr, turizm üçün cəlbedici məkana çevirir. Elə bu baxımdan da işğaldan azad olunan ərazilərdə dəmir yolu və hava limanlarının inşası aparılır.

Bu ilin yanvarın 14-də dövlət başçısı Füzuli Beynəlxalq Hava Limanının təməlini qoyan zaman onun vacib əhəmiyyətindən danışaraq bildirdi ki, bu, azad edilmiş bölgələrimizin inkişafı üçün çox önəmli bir layihədir. Bu hava limanının əsas məqsədi xarici qonaqların Şuşaya gəlişini təmin etməkdir. Çünki buradan Şuşaya olan məsafə o qədər də böyük deyil.

Elə Bakı-Füzuli marşrutu üzrə sərnişin təyyarəsi ilə uçuş müddəti də çox qısa, cəmi 35 dəqiqədir. Belə ki, Füzuli Beynəlxalq Hava Limanının istismara verilməsindən əvvəl Bakıdan uçan “Azərbaycan Hava Yolları”na məxsus ən böyük “Airbus A340-500” tipli sərnişin təyyarəsi sentyabrın 5-də sınaq reysi həyata keçirərək işğaldan azad olunmuş Qarabağın ilk hava limanında eniş icra etdi. Həmin təyyarə “Qarabağ” adını daşıyır.

Bu günlərdə Azərbaycanın ən böyük yük təyyarələrindən biri olan “Boeing 747-400” tipli hava gəmisi də Füzuli hava limanına eniş edib. Bu təyyarə ilə Qarabağa ilk dəfə hava yolu vasitəsilə yüklər çatdırılıb. Füzuli Beynəlxalq Hava limanı 1 saatda 200 sərnişinə xidmət edəcək. Burada uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı istismara verilib, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) bütün tələblərinə uyğun olaraq uçuşların təhlükəsizliyini təmin etmək üçün instrumental enmə və naviqasiya sistemləri, işıqtexniki, ilkin və ikinci radiolakasiya sistemləri quraşdırılıb. Bu, hava limanına istənilən tip təyyarələrin qəbul edilməsinə imkan verəcək. Hava limanında avtomatlaşdırılmış sistemlərlə təchiz olunmuş Hava Hərəkətini İdarəetmə (HHİ) qülləsinin tikintisi başa çatıb. Bunun sayəsində Füzuli Hava Limanına ICAO və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) standartlarına müvafiq qaydada uçuşların başlanması mümkün olacaq. Gələcək aerovağzal kompleksinin elektrik enerjisi ilə təmin edilməsi üçün nəzərdə tutulan əsas transformator yarımstansiyaları və elektrik ötürücü xətləri də hazırdır. Qazanxana və digər köməkçi binaların tikintisi başa çatıb. Sentyabrın sonunda istifadəyə verilməsi planlaşdırılan sərnişin terminalının qarşısında 150 avtomobil üçün nəzərdə tutulan dayanacaq inşa edilib.

Hava limanını “Zəfər yolu” və Şuşa şəhərinə aparan magistral yol ilə birləşdirən avtomobil yolunun tikintisi davam etdirilir. Ərazidə yaşıllaşdırma işləri də aparılır.

İşğaldan azad edilmiş ərazilərimizdə müasir kommunikasiyaların qurulması sahəsində həyata keçirilən, iqtisadi, strateji baxımdan əhəmiyyətli olan Füzuli Hava Limanı ilə yanaşı, dövlət başçısının tapşırığı ilə Zəngilan və Laçın rayonlarında da beynəlxalq hava limanlarının tikintisi sürətlə davam etdirilir. Bu iki hava limanı da Azərbaycanın əzəli torpaqlarına böyük qayıdış üçün vacib olan mühüm strateji layihələrdir.

Ekspertlər vurğulayırlar ki, Füzulidə, Laçında və Zəngilanda aeroportların olması Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunun regionun mərkəzlərindən birinə çevrilməsinə imkan yaradır. Eyni zamanda azad edilmiş ərazilərimizdə aeroportların tikilməsi xarici iş adamlarının bu bölgəyə investisiya yatırmaq imkanlarını, bölgəyə turist axınını da stimullaşdırır.

Azərbaycanın qısa zaman ərzində işğaldan azad etdiyi ərazilərdə həyata keçirdiyi beynəlxalq nəqliyyat layihələri, həm də bu bölgədə əbədi varlığının mənfur düşmənə, eyni zamanda, bütün dünyaya bəyanıdır.

Tezliklə Qarabağa, Şərqi Zəngəzura aparan hava və quru yolları ilə bütün məcburi köçkünlər də öz yurdlarına qayıdacaqlar...

 

Yasəmən MUSAYEVA,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video