01 Oktyabr 2021 00:36
884
SİYASƏT
A- A+

Zəfər davam edir

 

Bu dəfə işğaldan azad olunmuş ərazilərimizin tikinti-quruculuq meydanlarında

 

Parlaq qələbəmizlə sonuclanan İkinci Qarabağ müharibəsinin başlamasından düz bir il keçir. Aradakı zaman məsafəsi artdıqca şanlı ordumuzun öz zəfər bayrağını  sancdığı zirvə, müdrik xalqımızın bütün  umu-küsülüləri unudaraq qələbəmizi labüd edən sarsılmaz milli həmrəyliyin ən uca nöqtəsinə yüksəlməsi daha aydın görünür, qəlbimizi qürurla doldurur.

Müharibənin  hər günü qələbə ətirli xoş müjdələrlə dolu idi.  Hər gün müzəffər Ali Baş Komandan İlham Əliyevin televiziya kanallarında verdiyi qələbə soraqlı xəbərləri hamı səbirsizliklə gözləyirdi. Bu ali və mötəbər mənbənin düşmən işğalından azad edilən kəndlər, şəhərlər barədə məlumatını dinlədikdən  sonra  qələbə təşnəsi olan insanlar böyük sevinclə bir-birinə zəng  edir, gözaydınlığı verir, “davamı gəlsin” deyirdi. Nə böyük xoşbəxtlik idi, ilahi!

Amma nə edəsən ki, qələbə qurbansız olmur. Vətənimizin  azadlığı, ərazilərimizin  bütövlüyü naminə say-seçmə oğullarımızı, vətən sevdalı qəhrəman  övladlarımızı qurban verdik. “Uf” demədən, cavan ömrünə acımadan vətən naminə sinəsini düşmən gülləsinə sipər edən şəhidlərimizin hər biri qəhrəmandır. Bir evin çırağı, bir ananın oğlu, bir körpənin atası, bir gəlinin əri, bir gözəlin   gözaltısı, bir bacının qardaşı olan yaraşıqlı, boylu-buxunlu, qəhrəman  əsgər balalarımız vətən yaşasın deyə şirin canlarından keçib əbədiyyətə qovuşdular.

Qədirbilən xalqımız zəfər müharibəsinin başladığı 27 sentyabr gününü hər il Anım günü kimi qeyd etməyə qərarlıdır. Bu Anım günündə biz itirdiklərimizə görə göz yaşları axıdıb, şəhidlərimizin  müqəddəs ruhlarını incitmək, rahatsız etmək fikrindən  uzağıq. Başımızın tacına çevrilən şəhidlərimizin adı, nəsillərə örnək olan əməlləri bizim üçün ali məhəbbət və ehtiramın dəyişməz ünvanıdır. İllər ötüb keçəcək, dünyaya yeni  nəsillər gələcək, amma xalqımızın şanlı tarixinə çevrilən İkinci Qarabağ müharibəsinə, bu savaşı parlaq qələbə ilə başa vuran oğullarımızın  dünyanı heyran qoyan qəhrəmanlıqlarına münasibəti dəyişməz qalacaq...

Bu əziz və müqəddəs gündə  biz  o tarixi günlərin qürurverici  məqamlarını yada salıb qələbəyə töhfə verən hər kəsin əməlini minnətdarlıqla xatırlayırıq. Danışılası, söhbət açılası, qürur duyulası o qədər unudulmaz  hadisələr var ki...

Zaman keçdikcə müharibə mövzusunda  yeni-yeni əsərlər  yazılacağı, filmlər çəkiləcəyi, nəğmələr bəstələnəcəyi şübhəsizdir. O dövrün ən böyük  qəhrəmanı sən idin, bığ  yeri yenicə tərləyən balaca əsgər balam. Çətin gündə, dar ayaqda vətən sənə oğul dedi. Dərdlərimizi unudub, bu yurdun daşında, qayasında  mamır olub bitmədin. Ulu bir xalqın, uca bir millətin sinəsində əsrlərdən bəri qövr edən  nisgili bayraq kimi başın üzərinə  qaldırıb döyüşlərə atıldın. Şimşək kimi çaxan baxışlarınla, alovlu ürəyinlə, vulkan kimi kükrəyən  qəzəbinlə dərələrdən sel kimi, təpələrdən  yol kimi keçib düşmənin  minbir məkrlə qurduğu, alınmaz  hesab etdiyi istehkamları mətin addımlarınla  tapdayıb keçdin. Bir tufan kimi, qasırğa kimi keçdin o  yerlərdən. Qədəm qoyduğun hər qarış vətən torpağı sanki toxtadı, rahat nəfəs aldı. Şuşanın başı dumanlı  dağları  ayazıdı elə bil, Murova, Kirsə sarı yenə gün doğdu, Arazın, Həkərinin, Bərgüşadın, Tərtərçayın oxuduğu həsrət nəğmələri sənin hünərinlə azadlıq  şərqilərinə çevrilibdi.

Gözün aydın, Qarabağım, hər  qarışı cənnət aranım, dağım. Gec oldu, güc oldu.  Erməni  faşistlərinin  tökdüyü nahaq qanların qisası artıqlamasıyla alındı. Düşməni iti qovan kimi  qovduq yurdumuzdan. Bir şəhidimizin intiqamı üçün azı  beş erməni silahlısı  gəbərtdik.

Sağ ol, Müzəffər Ali Baş Komandan,  yaşa, qəhrəman Azərbaycan əsgəri, var ol hər zaman, öz ordusuna arxa olan, o çətin günlərdə əsgərlə bir  nəfəs alan qadir xalqım! Cəmi 44 gün ərzində biz bütöv Azərbaycan olaraq  vətən sevgisinin, yurd məhəbbətinin kodlarını açıb bütün dünyaya nümayiş  etdirdik.  Müasir döyüş qaydalarını, yeni hərbi texnologiyaları savaş meydanında  bacarıqla tətbiq edib bütün dünyanı heyran qoyduq. Şanlı tarixə çevrilən 44 günlük Zəfər salnaməsinin  hər günü, hər anı qürurvericidir. Baldan da şirin olan qələbə vətənimizə, hər evə, hər ailəyə yeni ruh, yeni nəfəs, xoş ovqat gətirdi. Artıq tarixə  qızıl hərflərlə  həkk edilmiş o gündən  bir il keçir. Amma hər  sözün, hər söhbətin ana mövzusu  yenə qələbədir. Beş il də, on il də keçəcək, hünər dolu,  qəhrəmanlıq dolu qürurverici  bu söhbətlər hər zaman aktual  olacaqdır.         

Nəyi, necə və nə zaman  etməyi yaxşı bilən müzəffər Ali Baş Komandan, var olun! Var olun ki,  Sizin rəhbərlik etidiyiniz  ordu misli görünməmiş bir qəhrəmanlıqla Qarabağı azad etdi. Bu şərəfli missiya torpaqları 30 ildən bəri düşmən işğalında qalan ulu bir xalqı  dünya qarşısında  xəcalətdən, töhmətdən qurtardı. Siz əyilən  qəddimizi düzəltdiniz, yenən başımızı dikəltdiniz. Siz üç-rəngli bayrağımızı öz əllərinizlə Şuşaya, Ağdama, Laçına, Qubadlıya, Cəbrayıla, Zəngilana, Füzuliyə sancmaqla xalqımızın yenilməz  olduğunu dünyaya nümayiş etdirdiniz. Müzəffər  Ali Baş Komandan  kimi Qarabağı işğaldan azad edən Prezident İlham Əliyev nə xoş ki,  bu gün ölkənin baş memarı kimi düşmənin viran qoyduğu xarabalıqlar üzərində yeni və müasir Qarabağ qurur.

Bir il arxada qaldı. Amma Zəfər yürüşü davam edir. Qarabağda  genişmiqyaslı abadlıq, quruculuq işləri gündən-günə vüsət alır. Dünən əlində silah  düşməni doğma yurd yerlərimizdən qovan  oğullarımız bu gün  daş üstə daş qoyub min bir həvəslə yeni Qarabağ tikib-qurur.  Əlləriniz var olsun, istəyiniz, arzunuz gerçəkləşsin!

 

Lazım QULİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video