16 Fevral 2012 01:02
497
Təhsil
A- A+

Zamanın özü və sözü

 

Bilikli, bacarıqlı mütəxəssis yetişdirilməsinin ən önəmli yolu

 

Tarixin sınaqlarından uğurla çıxan bir həqiqət bu gün də çox aktualdır. Əgər millət və dövlət öz gələcəyini parlaq, bütün problemlərdən uzaq görmək istəyirsə, mütləq təhsilini ən yüksək səviyyədə qurmalı, bu sahədə şəffaflığa xüsusi önəm verməlidir. Təhsil bazası güclü olan dövlətdə inkişaf xətti düzgün qurulur, təbii ki, ilk növbədə, kifayət qədər kadr potensialı formalaşır. Nəticədə dövlətin bütün struktur bölmələrində özünü lazımi qaydada təmsil edən cox fundamental qüvvələr yaranır.

Azərbaycanda da bu sahəyə xüsusi diqqət ayrılıb. Maddi-texniki baza gücləndirilib, ulu öndər Heydər Əliyevin tapşırığına əsasən respublika Təhsil Nazirliyi tərəfindən dünya standartlarına cavab verən islahatlar həyata keçirilib. Ən önəmlisi ali təhsil müəssisələrinə qəbulda şəffaflığa yol açılıb. Elə bir ağıllı sistem qurulub ki, onu heç nə ilə əvəz etmək olmaz. Söhbət 1992-ci ilin iyul ayının 21-də Prezident tərəfindən imzalanan fərmanla yaradılan Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) gedir. İlk olaraq onu deyim ki, birbaşa ölkə prezidentinə tabe edilən bu qurum təhsilimizin əsaslı inkişafına güclü təkan verir. TQDK respublikanın ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarının təşkili, metodiki təminatı üçün elmi, elmi-metodiki xarakterli işlərlə yanaşı, gənclərin seçilməsi və yerləşdirilməsi qaydalarını müəyyən edir, mütəxəssis və ixtisaslar üzrə ehtiyacları araşdırır, təhsil müəssisələrində test sistemi əsasında dövlət tərəfindən həvalə olunmuş digər attestasiya tədbirlərini həyata keçirir.

Belə bir qurumun yaradılması əslində qəbul imtahanlarında mövcud olan  subyektivizmə qarşı siyasi qərar idi. Ancaq yeni tətbiq edilən kütləvi test imtahanlarının hələ sınaqdan çıxmış metodikaları, texniki, elmi nəzəri bazası olmadığından istənilən nəticəni əldə etmək çətin idi. Bu gün fəxr etdiyimiz uğurlar ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra qazanıldı. Dövlətin qayğı və köməyi sayəsində işin miqyası və məzmunu kifayət qədər genişləndirildi. 1993-cü ildə "Abituriyentin ərizəsi" və "Cavab kartı" formalarının kompyuterə köçürülməsi üçün optik oxuyucu qurğuları alındı. Abituriyentlərin biliklərinin qiymətləndirilməsi və ixtisaslar üzrə yerləşdirilməsi TQDK-da yaradılmış proqram təminatı vasitəsilə həyata keçirilməyə başlanıldı. Beləliklə, imtahan nəticələrinin ölkədən kənarda emalına ehtiyac qalmadı.

1994-cü ilin iyununda Prezident Heydər Əliyevin imzaladığı fərmana əsasən, yeni qəbul qaydaları təsdiq edildi. Özəl ali məktəblərə və xüsusi təyinatlı təhsil müəssisələrinə tələbə qəbulu aparmaq səlahiyyəti də bilavasitə TQDK-ya verildi.

1994-1995-ci illəri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkilatlanma və texnoloji təminatı baxımından xüsusi mərhələ hesab etmək olar. Həmin illərdə komissiyada fənlər üzrə test banklarının yaradılmasının əsası qoyuldu, elmi-metodiki seminarlar və ekspert şuraları fəaliyyətə başladı, ictimaiyyətlə əlaqələr sahəsində yeni addımlar atıldı, qəbul imtahanlarının nəticələri operativ şəkildə emal edildi və bir həftə ərzində ictimaiyyətə çatdırıldı.

Həmin vaxtdan etibarən qəbul imtahanlarının nəticələrinin geniş elmi-statistik təhlilinin aparılmasına və nəticələrin çap edilib abituriyentlərin, müəllimlərin və təhsili idarəetmə orqanlarının istifadəsinə verilməsinə başlanıldı. Əgər 1992-ci ildə imtahanların nəticələrinin elan olunması bir aydan çox çəkirdisə, kompyuter texnologiyalarının tətbiqi prosesi 1990-cı illərin ortalarından başlayaraq sürətləndi və hazırda ən qısa müddətdə həyata keçirilir. Bu, TQDK-nın uğurlu inkişaf yolu keçdiyini aydın göstərir.

Kompyuter texnologiyasının imtahan prosesinə tətbiqi qayda pozuntularını aşkar etməyə və qüsurları aradan qaldırmağa da imkan yaratdı. Bu texnologiyaların köməyi ilə abituriyentlərə aid məlumatlarda məntiqi yoxlamalar aparıldı və saxta attestatların aşkarlanması üçün avtomatlaşdırılmış sistem yaradıldı.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 1997-ci ildə daha böyük yeniliklərə imza atdı. İlk dəfə təhsili ödənişli və ödənişsiz əsaslarla olan ixtisaslara qəbul işi eyni zamanda, yəni, birgə aparıldı. İmtahan nəzarətçilərinin zallar üzrə paylanması avtomatlaşdırıldı, köçürmə hallarının aşkar edilməsi və qarşısının alınması üçün yeni texnoloji sxem tətbiq edildi. Abituriyentlərin qəbul imtahanlarına hazırlaşmasına kömək məqsədilə "Abituriyent" hazırlıq kursu yaradıldı. Həmin ilin yeniliklərindən biri də abituriyentlərə sınaq imtahanlarının keçirilməsi oldu.

Aylar, illər keçdikcə yeni abituriyentlərin qəbul imtahanlarına hazırlığı və imtahanların daha yüksək səviyyədə təşkili üçün bir sıra mühüm əhəmiyyətli işlər görüldü. Ölkənin bütün rayon və şəhər təhsil şöbələrində sənəd qəbulu komissiyaları yaradıldı. Abituriyentlərin qəbula daha səmərəli hazırlaşmalarına kömək məqsədilə 1992-1998-ci illərdə qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqları ayrıca kitab şəklində çap edildi.

2000-ci il yanvarın 17-də ulu öndər Heydər Əliyev respublikada hakim vəzifəsinə namizədlərin seçilməsi qaydalarının təkmilləşdirilməsi haqqında fərman imzaladı. Həmin fərmana görə, ölkədə hakim vəzifəsinə namizədlərin şəffaf prosedur əsasında, beynəlxalq tələblərə uyğun seçilməsinin təmin edilməsi məqsədilə hakim vəzifəsinə namizədlər test üsulu ilə imtahan verməli və müsahibə qaydasında seçilməli idi. 2001-ci il iyunun 19-da Prezidentin digər bir fərmanı ilə "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərə müsabiqə keçirilməsi haqqında" əsasnamə təsdiq edildi. Həmin əsasnaməyə uyğun olaraq prokurorluq orqanlarına işə girmək istəyən şəxslərin test üsulu ilə imtahanı keçirildi.

Sonralar Prezident İlham Əliyevin 19 yanvar 2005-ci il tarixli 180 nömrəli fərmanı ilə Azərbaycan Respublikası Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradıldı. 2005-2009-cu illərdə dövlət qulluğuna qəbul prosesi bu komissiya ilə TQDK tərəfindən birgə aparılırdı. Bununla belə, bir çox dövlət qurumlarına (Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, Vəkillər Kollegiyası, Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və s.) işə qəbul üçün test imtahanları yenə də TQDK tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikası Prezidentinin 6 aprel 2005-ci il tarixli, 219 nömrəli fərmanı ilə təsdiq edilmiş "Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasamə"yə uyğun olaraq təşkilati-hüquqi və mülkiyyəti formasından asılı olmayaraq bütün ali məktəblərin magistratura səviyyəsinə mərkəzləşmiş qaydada qəbul keçirmək səlahiyyəti də TQDK-ya verildi.

2007-ci ildən etibarən ərizələrin qəbulu və ixtisas seçimi prosesi elektron üsulu ilə həyata keçirilməyə başlanıldı. İxtisas seçimi tələbə qəbulu prosesində abituriyent və bakalavr tərəfindən yerinə yetirilən ən vacib və məsuliyyətli mərhələdir. İxtisas seçiminin internet vasitəsilə aparılması abituriyentlərin əvvəllər bu sahədə yol verdikləri səhvlərin aradan qaldırılmasına lazımi şərait yaratdı.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xüsusi diqqət yetirdiyi sahələrdən biri də imtahanlara fərdi qaydada hazırlaşan abituriyentlərə metodiki kömək göstərməsidir. Təcrübəli ekspertlərin qəbul imtahan fənləri üzrə video mühazirələri hazırlanır və komissiyanın internet saytında yerləşdirilir. Bütün bunlar müstəqil hazırlaşan gənclərə heç bir ödəniş etmədən öz bilik səviyyələrini artırmaq imkanı yaradır.

Prezident İlham Əliyevin 2010-cu il 23 fevral tarixli fərmanı ilə təstiq edilmiş  "Tələbə məzun" dövlət elektron məlumat sisteminin yaradılmasının qəbul komissiyasına tapşırılması da diqqətəlayiq hadisədir. Bu yeni sistem bütövlükdə tələbə kontingenti hərəkətinin dövlət səviyyəsində tənzimlənməsinə xidmət edir. Həmin sistem "Tələbə məzun" elektron məlumat bazasını, bu bazaya məlumatların daxil edilməsini, dəyişdirilməsini, mühafizəsini, axtarışların aparılmasını və digər əməliyyatların həyata keçirilməsini təmin edən texniki proqram kompleksidir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 mart 2009-cu il tarixli qərarı ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan, Gəncə, Şəki, Lənkəran və Quba şəhərlərində regional bölmələri yaradılmışdır. Yeni fəaliyyətə başlayan bu bölmələr sınaq imtahanlarından başlayaraq ən son mərhələyədək işlərin təşkilində xüsusi rol oynayırlar. Bu da o deməkdir ki, abituriyent test imtahanlarına qədər bütün mərhələləri keçir və imtahana texniki və nəzəri baxımdan tam hazır olur.

Qəbul imtahanına hazırlaşan yuxarı sinif şagirdlərinin və abituriyentlərin ehtiyacları nəzərə alınaraq onlar üçün "Abituriyent" jurnalının xüsusi buraxılışı kimi fənlər üzrə qəbul proqramına uyğun olaraq vəsaitlər hazırlanıb nəşr edilir ki, bu da nəticə etibarı ilə özünü doğruldur.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yaranmasından 20 il keçir. Bu, elə böyük bir tarix olmasa da, mahiyyət və məna baxımdan çox dəyərli illərdir. Sirr deyil ki, ali və orta ixtisas təhsilinin birinci mərhələsi qəbul prosesi ilə başlayır. Yəni, ilk addım və ya bünövrə necə qoyulursa, sonrakı mərhələlər də elə davam edir. Ötən 20 il ərzində TQDK qarşıya qoyulan bütün işləri çox dolğun şəkildə yerinə yetirir. Şəffaflıq yüksək səviyyədə qorunur, abituriyentlərə elmi, texniki kömək göstərilir, müasir informasiya texnologiyalarından maksimum səviyyədə istifadə edilir. Qəbul imtahanlarının təşkilində və keçirilməsində bütün məsələlər səriştəli surətdə həllini tapır.

Son olaraq çox böyük əminliklə deyə bilərəm ki, Tələbə Qəbulu üzrə Dövlət  Komissiyası ali və orta ixtisas təhsil bazasının möhkəmlənməsində, bu sahədə işlərin dünya standartları səviyyəsinə qaldırılmasında əhəmiyyətli rol oynayır. Hesab edirəm ki, bu qurum bundan sonra da yüksək məsuliyyət hissi ilə çalışacaq, müstəqil ölkəmiz  üçün bilikli, bacarıqlı mütəxəssislərin yetişdirilməsinə əməli işləri ilə daha sanballı töhfələr verəcəkdir. 

 

Mirdaməd SADIQOV,

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, əməkdar elm xadimi, professor

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video