22:23 04 Avqust 2021
ONLINE XƏBƏR LENTİ
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Zamanın bayraqdarı

ANA SƏHİFƏ / SİYASƏT
00:55 11.04.2021

 

11 aprel 2018-ci il tariximizin növbəti mühüm dönüş nöqtəsinə, yeni parlaq səhifəsinin ilk sətirlərinin yazıldığı günə çevrildi. Xalqımız inandığı, sevdiyi şəxsiyyətə - İlham Əliyevə yenidən möhtəşəm güvəncini nümayiş etdirərək ən ali postu ona həvalə etdi. 

Bu şanlı missiyanın başlanğıc mərhələsi isə 2003-cü ilin 15 oktyabrı idi. Vətəndaşlarımız İlham Əliyevi öz rəhbəri seçərək milli dövlətçilik tarixinin daha bir doğru qərarını verdi, 15 oktyabr gününü tale gününə, əsrə bərabər gününə çevirdi.

Azərbaycan Prezidenti seçilərkən cənab İlham Əliyevin cəmi 42 yaşı vardı və o, bu yaşda dünyanın ən gənc dövlət başçılarından sayılırdı. O gündən keçən 18 il ərzində İlham Əliyev əslində lider böhranının yaşandığı müasir dünyamızda öz şəxsi nümunəsi ilə yeni dövrün əsl liderinin, kamil dövlət adamının mükəmməl obrazını yaratdı.

O, yeni əsrin yeni lideri olaraq Azərbaycanı mətinliklə, inamla irəli aparır. İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərin hər günü bu dövlətə, bu cəmiyyətə qazandırdığı nailiyyətlərlə mahiyyətcə əsrə bərabərdir. Onun hakimiyyət dövrü Azərbaycanın dinamik inkişaf, sürətli modernləşmə mənzərəsidir. Dövlətimizin rəhbəri kifayət qədər gərgin və mürəkkəb coğrafiyada, geopolitik güclərin maraqlarının toqquşma nöqtəsində yerləşən, müstəqilliyini yenicə əldə etmiş kiçik bir ölkəni öz qətiyyətinin, diplomatiyasının gücü ilə bütün dünyada böyük nüfuz və söz sahibinə çevirə bilib.

Beynəlxalq güclər cənab İlham Əliyevin mövqeyi ilə hesablaşırlar. Fərqindədirlər ki, hər hansısa təzyiq üsulları ilə onu Azərbaycanın milli maraqlarından çəkindirmək əsla mümkün deyil. 18 illik tarixi təcrübə bunu təkrar-təkrar sübuta yetirib. İlham Əliyev ölkəmizin milli mənafelərini hər zaman, hər yerdə, bütün səviyyələrdə qətiyyətlə qoruyur, müstəqil xarici siyasət yürüdür. Bütün məsələlərlə bağlı Azərbaycan Prezidentinin öz fikri, öz sözü, öz mövqeyi var! Bu, eyni zamanda Azərbaycan xalqının fikridir, sözüdür, mövqeyidir! Bütün qərarlarında o, xalqın rəyini ifadə edir, vətəndaşlarımızın dəstəyinə güvənir.

İlham Əliyevin düşünülmüş islahatları, müdrik qərarları həyatımıza yeni nəfəs gətirib, cəmiyyətin inkişafında yeni səhifələr açıb, Azərbaycanı dünyanın öncül ölkələrindən birinə çevirib. Bu məqamda türk dünyasının fəxri Çingiz Aytmatovun ruhunu hörmətlə anaraq, onun dəyərli bir fikrini xatırlayıram: “İlham Əliyev qloballaşan dünyanın müasir lider etalonudur”.

Prezident İlham Əliyev Azərbaycanı fərqli mədəniyyətlərin dialoqu məkanına, tolerantlıq, multikulturalizm ünvanına çevirdi. Milli-mənəvi dəyərlərə, müxtəlif dinlərə və sivilizasiyalara hörmət ruhu ilə parlaq bir nümunə yaratdı. Tolerantlığın Azərbaycan modeli dünyada ən mükəmməl örnək kimi qəbul olunmağa başladı.

“Mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam” - Prezident kimi ilk andiçmə mərasimində cənab İlham Əliyevin ölkə vətəndaşları qarşısındakı əsas sözü bu olmuşdu. O, 18 ilin hər günündə bu sözünü tutdu. Nəinki hər bir vətəndaşımızın, özünü Azərbaycana bağlı sanan hər kəsin ümid yerinə çevrildi. İnsanlarımızın təhlükəsizliyi, firavan həyatı, inkişafı məramı ilə gördüyü işlərdən, atdığı ardıcıl addımlardan cəmiyyətimizin hər bir üzvü bəhrələnə bildi və bəhrələnməkdədir.

Prezident İlham Əliyevin rəhbərliyi altında regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan dövlət proqramları şəhərlə kənd arasında fərqi aradan qaldırdı. Azərbaycanın ən ucqar kəndlərinə abad yollar, qaz, içməli su xətləri çəkildi. Sosial infrastruktur sistemi yeniləndi. Vaxtilə bölgələrimizdə olan bir çox problemlər öz həllini tapdı. Bu gün Azərbaycanın regionları bütün zəruri şəraitlə təmin olunub və Avropanın şəhər və kəndlərindən əsla geri qalmır.

İlham Əliyevin 2018-ci ilin 11 aprelində xalqın yekdil dəstəyi ilə yenidən Prezident seçilməsindən ötən üç ildə həyatımızın ən müxtəlif sahələrində islahatların daha da geniş vüsət aldığını görürük. Azərbaycan Prezidentinin həyata keçirdiyi islahatlar kursu həyatımıza şəffaflıq gətirdi, bürokratik maneələri aradan qaldırdı. Ölkəmizdə idarəçilik sistemi də indi xeyli dəyişib, təkmilləşib, dövlət-vətəndaş münasibətləri daha da yaxşılaşıb, dövlət institutları vətəndaşlar üçün onun xidmətində dayanan, dar məqamda köməyinə tələsən, problemlərini anında aradan qaldıran bir dəyərə çevrilib.

Prezidentin siyasi iradəsi ilə həyata keçirilən bu islahatlar nəticəsində cəmiyyət böyük dəyişikliklər ovqatındadır. İnsanlarımızın narahatlığına səbəb olan problemlər aramla həllini tapır. İndiyə qədər inkişafa müxtəlif səviyyələrdə əngəllər törətmiş maneələr ortadan götürülür. Cəmiyyətdə çox mühüm proseslər gedir. Bu proseslərin özəlliyi ondadır ki, onlar bir-birini tamamlayır, hamısı bir arada baş verir və vahid ideyaya, amala xidmət edir.

Cənab İlham Əliyevin qətiyyəti, yüksək siyasi iradəsi sayəsində həyata keçirilən ardıcıl islahatlar dövləti gücləndirir, insanların rifah halını yüksəldir, dövləti, dövlət məmurlarını xalqa daha da yaxınlaşdırıb, doğmalaşdırır. Aparılan bütün bu islahatların mərkəzində həm də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ictimai obrazı dayanır. Dövlət başçısının verdiyi strateji qərarların, islahatların aparılması, müsbətə doğru dəyişikliklərin həyata keçirilməsi niyyəti ilə irəli sürdüyü vəzifələrin uğurla icrasını, öz məqsədinə çatmasını təmin edən başlıca amil də elə məhz Mehriban xanım Əliyeva şəxsiyyətidir. Mehriban xanım bütün cəhətləri ilə xalq adamıdır, vətəndaşlarımızın birmənalı dəstəyini qazanmış dövlət xadimidir, gördüyü işlərlə xalqın istəklərini yerinə yetirən, insanların arzularından gəlmiş uğurlu, parlaq simadır.

İlham Əliyevin müəyyənləşdirdiyi hücum diplomatiyası erməni təbliğatının illərlə yaratdığı mifi havaya uçurdu. Dünya Dağlıq Qarabağ probleminin mahiyyətinə varmağa başladı, Azərbaycan haqqında həqiqətlərə diqqət kəsildi. Beləliklə, beynəlxalq ictimai rəy Azərbaycanın xeyrinə dəyişməyə başladı. İlham Əliyev Azərbaycanda dünyanın 50 ən güclü ordusundan birini qurdu. Və bu ordu işğalçıların təxribatlarına qarşı əks-hücum həmlələri ilə düşmənə öz gücünü layiqincə göstərdi.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Vətən savaşında qazandığı qələbə yeni bir reallıq yaratdı. Tariximizdə tamam başqa bir səhifə açdı, tarixin axarında böyük dönüş nöqtəsinə çevrildi. Azərbaycan Prezidenti tək 30 illik problemi həll etmədi, iki əsrin münaqişəsinə son qoydu! İki keşməkeşli yüzillik boyu bağrımızın başında qövr edən, əcdadlarımızdan üzübəri bu yurdun insanına rahatlıq verməyən yaranı kəsib atdı!

Amma bu da Ali Baş Komandanımızın, Ordumuzun qazandığı parlaq Zəfərin tarixi mahiyyətini tam əhatə etmir. Azərbaycan düz beş əsrdən sonra ilk dəfədir öz torpaqlarını geri qaytara bildi!

İlham Əliyevin xalqımıza bəxş etdiyi bu tarixi qələbə mahiyyət etibarilə Şah İsmayılın qurduğu mərkəzçi dövlətlə, müsəlman Şərqinin ilk demokratik cümhuriyyəti faktı ilə, Heydər Əliyevin uğurla həyata keçirdiyi müstəqil dövlət quruculuğu ilə bir sırada dayanan tarixi nailiyyətdir!

Cənab İlham Əliyev adi bir düşmənə qalib gəlmədi. O, arxasında böyük imperiyaların, dünyanı lərzəyə salan fövqəlgüclərin dayandığı və geopolitik maraqlarını həyata keçirmək üçün onların əlində maşa rolunu oynayan, mənəviyyatsızlığı, həyasızlığı sərhəd tanımayan, comərdlik nədir bilməyən son dərəcə rəzil bir düşmənə zəfər çaldı.

İlham Əliyevin bu qələbəsi Azərbaycan tarixindəki böyük gözləntiləri reallığa çevirməklə möhtəşəmliyinə görə dünya siyasətində, dünya sərkərdəliyində, dünya hərb tarixində özünə daim parlaq yer tutacaq. Çünki bu, ən incə detalına qədər düşünülmüş, hər bir məqamı böyük strateq səbri, müdrikliyi, əzmi və qətiyyəti ilə nəzərə alınmış bir döyüşün zəfəridir.

İlham Əliyev Azərbaycanı demək olar ki, hər gün yeniləyir, qurur, yaradır, ölkə, cəmiyyət həyatına zamanın çağırışlarına uyğun yeniliklər gətirir, effektivliyə şərait yaradan meyilləri daha da inkişaf etdirir, sürəti ləngidən məqamları aradan qaldırır, problemləri imkanlara çevirir. Verdiyi strateji qərarları doğru-dürüst və vaxtında yerinə yetirməyə qabil icraçılar komandası, çevik, səmərəli idarəetmə sistemi formalaşdırır, bunun üçün ciddi kadr islahatları, struktur dəyişiklikləri aparır, eyni zamanda zamanın ruhuna uyğun yeni yanaşmalar, fərqli metodlar, meyarlar formalaşdırır.

Azərbaycan indi tamamilə yeni dövrə qədəm qoyur. Bu dövrün adı inkişafdır, sosial rifahdır, milli barış və vəhdətdir. Hər bir vətəndaşa həssas münasibətdir, hər bir insana bərabər imkanlar mühitinin yaradılmasıdır... Vətəndaşların həllini arzu etdikləri problemlərin aradan qaldırılmasıdır, dövlətin insanlara ən dogma adamları qədər əlçatan olmasıdır...

İlham Əliyev təkcə dövlət idarə etmir, tarix yaradır: Azərbaycanın ən qüdrətli dövrünün tarixini!

 

Hüseynbala MİRƏLƏMOV, 

Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM