05 Sentyabr 2021 01:02
914
Səhiyyə
A- A+

Yoluxmaya qarşı qaydalara ciddi nəzarət insanlarda məsuliyyəti daha da artırmalıdır

 

Ölkəmizdə qızmar yay günləri bir az səngisə də, insanları səssiz ölümlə hədələyən COVID-19 pandemiyası tüğyan etməkdə davam edir. Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələrinə əsasən ölkəmizin şəhər, rayon və kəndlərində bu amansız infeksiyaya qarşı ciddi mübarizə aparılır.

Vaksinasiyadan, gigiyenik qaydalara əməl etməkdən tutmuş, küçə, prospekt, meydan, park və park tipli istirahət guşələrində mütəmadi olaraq, hər həftənin şənbə və bazar günləri təmizlik və dezinfeksiyaya qədər bütün işlər həyata keçirilir.

Peyvəndləmənin birinci mərhələsinin uğurla başa çatması və həyata keçirilən digər qabaqlayıcı tədbirlər nəticəsində iyulun sonlarında karantin qaydalarında yumşalma müşahidə edildi. Görünən də odur ki, bu ərəfədə COVID-19 infeksiyasına yoluxanların və bu səbəbdən ölənlərin sayı azalmaq əvəzinə çoxaldı. Odur ki, yoluxmanı minimuma endirmək məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qaydaları çərçivəsində respublikamızın bütün bölgələrində şadlıq evlərində, restoran, kafe və iri ticarət mərkəzlərində, nəqliyyatda, bir sözlə insanların daha çox üz tutduqları məkanlarda maskadan istifadədən tutmuş məsafə gözlənilməsinə qədər tövsiyələrə nəzarət gücləndirildi. Eyni zamanda maarifləndirmə işləri aparılır, bəzi ünvanlarda tənbeh, cərimə və cəza növləri tətbiq edilir. Məsələn, rayon icra hakimiyyəti aparatının və müxtəlif ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə Şəmkir Rayon Polis Şöbəsi tərəfindən ictimai yerlərdə sanitar qaydalara riayət edilməsinə baxış keçirilib. Elan edilən xüsusi karantin rejimi qaydaları çərçivəsində rayon ərazisində fəaliyyət göstərən mehmanxanalarda monitorinqlər aparılır. COVID-19 pasportlarını yoxlayan polis əməkdaşları obyekt sahibləri ilə izahedici-profilaktiki söhbətlər edirlər. İaşə obyektlərində aparılan monitorinqlər zamanı 8 obyektdə 17 nəfərin müvafiq pasportu olmadan qapalı məkanlara daxil olması aşkar edilib. Həmin şəxslərə karantin qaydaları xatırladılıb və barələrində qanunamüvafiq tədbirlər görülüb. Tibbi maskalardan istifadə etməyən və əsassız bəhanələr gətirən şəxslərə koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunub. Polis əməkdaşları tərəfindən bu kimi nəzarət-profilaktik tədbirlər Bakı, Sumqayıt, Mingəçevir, Gəncə. Goranboy, Ağdaş, Göyçay, Şirvan və digər şəhər və rayonlarda da keçirilib.

Nazirlər Kabinetinin sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Srategiyası”na uyğun olaraq ölkədə koronavirus əleyhinə vaksinasiyanın birinci mərhələsindən başlayaraq insanlar peyvəndləmə əməliyyatına cəlb olunmuşlar. Artıq vaksinasiyanın ikinci mərhələsi uğurla davam etdirilir. İnsanların bu işə könüllü cəlb olunması və birinci mərhələdə müəyyən səbəblər üzündən yayınanların da iştirakı üzündən bəzi xəstəxana və müəssisələrdə növbəlilik müşahidə olunur. Virusa qarşı immun sistemini gücləndirmək məqsədilə bu aksiyada könüllü iştirak edənlər də çoxdur.

Ölkəmizdə ikinci peyvəndləmə əməliyyatının sürətlə və kütləvi şəkildə aparıldığı bir vaxtda bu amansız virusa qarşı digər mübarizə tədbirləri də mütəmadi olaraq davam etdirilir. Sentyabrın 4-də şənbə günü Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Lənkəran, Şirvan, eləcə də respublikamızın digər ərazilərində dezinfeksiya işləri aparılıb. İcra hakimiyyətlərinin aidiyyəti struktur bölmələri səhər saatlarından əsas küçə, prospekt və yollarda, eləcə də ətraf kənd və qəsəbələrdə kommunal təsərrüfat xidmətlərinin texnikası və əməkdaşları tərəfindən xüsusi kimyəvi maddələrlə növbəti dezinfeksiya işləri həyata keçirmişlər. Havaların nisbətən mülayimləşməsi ilə əlaqədar insanların istirahətə gedə biləcəkləri park və yaşıllıq guşələrində təmizlik, səliqə-sahman işlərinə diqqət artırılıb. Bu kimi yerlərdə prospekt və meydançalarda dezinfeksiya işləri davam etdirilib. Sentyabrın 4-də Bakı ŞİH-nin yerli strukturları tərəfindən mərkəzi küçələrlə yanaşı, paytaxtın qəsəbə və kənd yollarında, habelə yaşayış massivlərinin ətrafında və yeni tədris ili ilə əlaqədar orta məktəblərin həndəvərində dezinfeksiya işləri aparılıb. Bu sahədə Bakı şəhəri, Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 59 saylı Mənzil Kommunal İstismar Sahəsinin, eləcə də Bakı şəhəri Mənzil Kommunal Departamenti 1, 2 və 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi işçilərinin, habelə Xətai rayonundakı 135 saylı Mənzil Kommunal İstismar Sahəsi işçilərinin fəallığı diqqətçəkən olmuşdur. Nəsimi rayon 59 saylı MKİS-in rəisi Ramil Süleymanovla paytaxtın Zabitlər parkı kimi tanınan ərazisində iş üstündə görüşdük. O bildirdi ki, MKİS-in işçiləri ötən ayların təcrübəsinə əsasən tapşırılan işə məsuliyyətlə yanaşırlar. Əhalinin daha çox üz tutduğu Zabitlər bağında, eləcə də Bakıxanov (köhnə Sevil) parkında oturacaqlarda, gəzinti xətlərində dezinfeksiya və səliqə-sahman işləri aparırıq. Mühəndis Ağabala Haqverdiyevin rəhbərliyi altında Samir Əhmədov, Rəfail Hüseynov, Həsən Əliyev, Səməd Vurğun, Mərdanov qardaşları, Cəlil Məmmədquluzadə küçələrində növbəti dezinfeksiya işlərini davam etdirmişlər. Sahənin əməkdaşlarından Əlövsət İsmayılov, İlahə Zeynalova, Güləsər Cəfərova, Südabə Məmmədova və digərləri balansımızda olan yaşayış binalarında, liftlərdə, həyət və məhəllələrdə, idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında xüsusi cədvələ uyğun tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri yüksək səviyyədə həyata keçiriblər.

Peyvəndləmə əməliyyatlarının həyata keçirildiyi xəstəxana və müəssisələrdə müşahidə edilən həm də odur ki, insanlar vaksinasiya zamanı “Pfizer”ə daha çox üstünlük verirlər. Bununla əlaqədar Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin kütləvi informasiya vəsitələrinə açıqlamasında bildirilir ki, “Azərbaycan Respublikasında “COVID-19” xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi uğurla davam etdirilir. Yeni növ koronavirus infeksiyasına qarşı peyvəndlənmə məqsədilə insanlar iyun ayının 7-dən “Pfizer” vaksinindən də istifadə edirlər. İndi vətəndaşlarımızın seçim imkanları daha da artıb. Həmin vaksindən istifadə Azadlıq prospekti 112 ünvanında yerləşən Bakı Sağlamlıq Mərkəzində və Parlament Prospekti 76 ünvanında Mərkəzi Klinik Xəstəxanada, habelə digər ünvanlarda davam etdirilir. Yaşı 18-dən yuxarı olan və əks-göstərişləri olmayan hər bir vətəndaş bu peyvənddən istifadə edə bilər. Bunun üçün https: /randevu.its. gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürülməlidir. “COVID-19 vaksin randevu” elektron xidmətində vətəndaş ilk olaraq şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və FİN kodunu daxil edib “Yoxla” düyməsinə basmalıdır. Bundan sonra, vətəndaş təqdim olunan siyahıdan peyvənd məntəqəsini, randevu tarixini və saatını seçib, mobil nömrəsini daxil etməlidir. Qeydiyyat başa çatdıqdan sonra daxil edilən mobil nömrəyə növbənin qeydə alınması ilə bağlı mesaj göndərilir. Mesajda dozanın vurulacağı tarix, saat və məkan qeyd edilir.

Peyvəndin birinci dozası vurulduqdan 28 gün sonra ikinci dozanın vurulması üçün təkrar qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Çünki ilkin müraciət zamanı artıq ikinci doza üçün də eyni saat aralığına və məkana avtomatik elektron növbə verilir.

Bütün bunlarla yanaşı, yoluxmaya qarşı qaydalara ciddi nəzarət insanlarda bu bəşəri bəlaya məsuliyyəti daha da artırmalıdır.

 

Rəhman SALMANLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video