20 May 2021 00:33
911
Səhiyyə
A- A+

Yoluxma və ölüm sayının azalması arxayınlaşmağa əsas vermir

 

Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) bu dəfə ümidverici xəbərlər də gəlir. Məlumata görə, ötən həftə ərzində dünyada koronavirusa yoluxma hallarının sayı azalıb.

Dünyada mayın 10-dan 16-dək 4.809.520 koronavirusa yoluxma və bu təhlükəli virusla bağlı 85.975 ölüm faktı qeydə alınıb. Beləliklə, əvvəlki yeddi günün müvafiq göstəriciləri ilə müqayisədə nəticələr ümidverici olub.

ÜST-ün həftəlik epidemioloji bülletenində bildirilib: “Ötən həftə qlobal miqyasda COVID-19-la bağlı yeni yoluxma və ölüm hallarının sayı azalmaqda davam edib: 4,8 milyondan çox yeni yoluxma və 86 minə yaxın ölüm faktı qeydə alınıb. Bu, əvvəlki həftə ilə müqayisədə müvafiq surətdə 12 faiz və 5 faiz aşağıdır”.

Təəssüf ki, koronavirusa yoluxma və ölüm statistikasında qeydə alınan azalma hələ pandemiyanın sonunun gəldiyini söyləməyə əsas vermir. Bir ildən artıqdır ki, hər birimizin həyatını təhdid edən qorxulu virus yenə də dünyamızı dolaşmaqdadır. O, hər gün müxtəlif ölkələrdə fərqli yaşda minlərlə insanı təhlükəli xəstəliyə yoluxdurmaqda davam edir.

ÜST-ün məlumatına əsasən, koronavirusa ən çox yoluxma halı yenə də ABŞ-da qeydə alınıb. Virusa yoluxma sayına görə ilk beşlikdə olan digər dövlətlər Hindistan, Braziliya, Fransa və Türkiyədir. Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm ardıcıl olaraq Rusiyada, İranda və Türkiyədə qeydə alınıb.

Azərbaycanda koronavirusla bağlı son günlərin statistikasında enmə müşahidə olunur. Həm bu təhlükəli infeksiyaya yoluxanların, həm də COVID-19 səbəbindən həyatını itirənlərin sayı azalmaqda davam edir.

Mayın 17-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda yerləşən ümumi və məktəbdənkənar təhsil müəssisələrində əyani tədris qismən bərpa olunub.

Xatırladaq ki, aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi distant formaya keçirilmişdi.

Vəziyyət bu cür davam edərsə, bir sıra qadağaların da aradan qaldırılacağına ümid etmək olar. Ancaq koronavirusun meydanını yenidən genişləndirməməsi üçün vətəndaş məsuliyyətinin əsas şərt olduğu unudulmamalıdır. Təəssüf ki, hələ də ev şəraitində müalicə təyin olunan aktiv koronavirus xəstələrinin yaşayış yerini tərk etmələri, ictimai yerdə aşkarlanaraq saxlanmaları barədə məlumatlar yayılır.

Artıq havalar isinib. Belə günlərdə maskadan istifadənin xüsusilə çətin olduğu şübhəsizdir. Digər tərəfdən qadağalara kortəbii olaraq əməl etməyin ağır nəticələri də cəmiyyətin təcrübələri sırasındadır. Müşahidələrimizə əsasən, insanların çox olduğu yerlərdə, eləcə də ictimai nəqliyyatda maskadan istifadə etməyənlər də var.

Son günlər dünyanın bir sıra yerlərində koronavirusa yoluxma və ölüm halları azalsa da, bəzi  ölkələrdə vəziyyətin daha da mürəkkəbləşdiyi ilə bağlı məlumatlar yayılır. Belə ki, Argentinada son sutka ərzində koronavirusa yoluxanlar rekord sayda artaraq, pandemiyanın başladığı vaxtdan bu ölkədə qeydə alınan ən yüksək həddə çatıb.

Başqa bir ölkədə - Hindistanda COVID-19 infeksiyası səbəbindən ölənlərin sayı çoxalıb. Belə ki, ötən günə olan ölüm sayı həm Hindistan, həm də dünya üzrə ən pis göstərici olub.

Hindistanın Federal Səhiyyə Nazirliyindən bildirilib ki, son 3 sutka ərzində gündəlik yoluxma sayı 300 mindən az olsa da, ölüm hallarının çoxalması narahatlıq doğurur. Hazırda Hindistanda 3 milyondan çox aktiv xəstə var. Bir neçə ştatda qapanma və komendant saatı tətbiq olunur.

Qeyd edək ki, Hindistan yoluxanların sayına görə, ABŞ-dan sonra 2-ci, ölüm sayına görə, ABŞ və Braziliyadan sonra 3-cü ölkədir.

Yeni növ koronavirusun dayanmadan yoluxma zəncirini genişləndirməsinin qarşısının alınmasında  COVID-19 əleyhinə peyvəndləmə ən effektiv vasitə hesab edilir. Hazırda peyvənd virusa qarşı ən güclü silah sayılır. Mütəxəssislərin də yekdilliklə gəldiyi qənaət budur ki, koronavirus pandemiyasına qarşı ən təsirli qorunma yolu peyvənddir və hər kəs ən qısa zamanda mütləq  vaksinasiyadan keçməlidir.

Beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatlarına əsaslanaraq hesablamalar aparan Con Hopkins Universitetinin dərc etdiyi məlumatda bildirilib ki, bütün dünyada indiyə qədər koronavirus əleyhinə 1,5 milyard dozadan çox peyvənd istifadə olunub. Məlumatda  indiyədək dünyada 1 milyard 507 milyon 616 min peyvənddən istifadə olunduğu açıqlanıb.

Azərbaycanda da yanvarın 18-də başlanan COVID-19 virusuna qarşı vaksinasiya prosesi uğurla davam etdirilir. Ölkəmizdə tətbiq olunan üç müxtəlif peyvəndin istiqamətləri bir-birindən fərqlənir. Almaniyada çalışan azərbaycanlı həkim Ümid Səlimzadə bildirib ki, ağrı, temperatur, halsızlıq kimi yan təsirlərin daha az meydanaçıxma ehtimalı olan vaksin “Sinovac” şirkətinin “CoronoVac” peyvəndidir. Ümumdünya Səhiyyə Təşkilatı bir neçə gün əvvəl “Sinovac” şirkətinin peyvəndinin etibarlı olduğunu bildirib. Onun hospitalizasiya və ağır gedişin qarşısını 90 faizə qədər alma ehtimalı var. İkinci dozadan 14 gün sonra peyvənd olunanların 70 faizində güclü immunitet yaranır.

“AstraZeneca” şirkətinin “Vaxzevria” peyvəndi Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da 60 və daha yuxarı yaşda olan şəxslər üçün nəzərdə tutulub.

Ölkəmizdə istifadəsinə mayın 18-dən başlanılan Rusiya istehsalı olan “Sputnic V” vaksini barədə fevralda “Lanset” jurnalında müsbət rəy verilib. Hazırda həmin peyvəndin üçüncü fazası yoxlanılır. Araşdırmalar nəticəsində müsbət təsirləri olduğu məlum olub.

Ümid Səlimzadə Azərbaycanda əhalinin hər 10 nəfərindən birinin, yəni 10 faizinin birinci dozanı qəbul etdiyini söyləyib: “Hər 10 nəfərdən 0,7-si hər iki dozanı vurdurub. Müsbət dinamika mövcuddur. Həmçinin ötən həftədən etibarən vaksin vurulmasında yaş məhdudiyyəti aradan qalxıb. Bu, yay fəslində Avropa ölkələrinə səyahət etmək istəyən gənclər üçün çox yaxşı şansdır”.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video