24 Sentyabr 2019 00:49
4886
SİYASƏT
A- A+

Yollar qısalır, xərc azalır, gəlir artır


Prezident İlham Əliyevin qlobal miqyaslı təşəbbüsləri ilə Azərbaycan regionun mərkəzi qovşağına çevrilib


Əlverişli coğrafi mövqeyindən yararlanaraq mühüm nəqliyyat-tranzit qovşaqlarından birinə çevrilən Azərbaycan Cənubi Qafqazın geoiqtisadi, logistik mərkəzi kimi tanınır. İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan ölkəmiz müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə etibarlı təminat verir.

Əlbəttə ki, müxtəlif ölkələri birləşdirən nəqliyyat layihəsinin təməlində geosiyasət dayanır və bu layihələr siyasi vəziyyətə təsir edir, sabitliyin təminatına töhfə verir. Şərqdən Qərbə və Şimaldan Cənuba uzanan yolun üzərində yerləşən Azərbaycan bu imkanından istifadə etməklə qitələri və ölkələri birləşdirir.

Bütün bunlar onu deməyə əsas verir ki, artıq nəqliyyat-logistika aspektlərində Azərbaycan regionun mərkəzi qovşağına çevrilib. Ölkəmizin ərazisindən keçən "Şərq-Qərb”, "Şimal-Cənub” və "Cənub-Qərb” beynəlxalq nəqliyyat dəhlizləri Azərbaycanın logistik mərkəzə çevrilməsi üçün real imkanlar yaradır.

Azərbaycanın Avrasiyanın əhəmiyyətli nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilməsinə yönəlmiş irimiqyaslı infrastruktur layihələri, ən yeni texnoloji standartlar səviyyəsində Gəmiqayırma Zavodunun istifadəyə verilməsi, 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı və 2018-ci ildə Xəzərdə ən böyük Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi son illər Azərbaycanda bu istiqamətdə məqsədyönlü strateji planın uğurla reallaşdırılmasının bariz nümunələridir.

Azərbaycan Prezidentinin təşəbbüsü və prinsipial mövqeyi sayəsində tikilən və əhəmiyyətinə görə "Dəmir İpək yolu” adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Asiya və Avropa dəmir yollarının inteqrasiyasına öz töhfəsini verməkdədir. Bu gün Çindən Avropaya yüklərin 34 günə deyil, 12-15 gün ərzində çatdırılması bu dəmir yolunun bütün tərəflərə nə qədər iqtisadi dividendlər qazandırdığını bir daha təsdiqləyir.

2017-ci ildə fəaliyyətə başlayan və tarixi İpək yolunun üzərində yerləşən Abşeron Logistika Mərkəzinin sutkalıq yükaşırma gücü 30 min ton təşkil edir. Bu da ildə təqribən 11 milyon ton yükə bərabərdir. Logistika mərkəzi həm Azərbaycanın, həm də Qafqazın coğrafi logistik inkişafına, ölkəmizin iqtisadi tərəqqisinə böyük töhfə verir.

Göründüyü kimi, İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan Azərbaycan müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə də etibarlı təminat verir.

3 il öncə hazırlanan logistika və ticarətin inkişafına dair strateji yol xəritəsində bütün bunların reallaşması üçün hədəflər müəyyənləşdirilib. "Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi” 2020-2025-ci illər və 2025-ci ildən sonrakı dövr üçün qısa, orta və uzunmüddətli perspektiv istiqamətləri müəyyən edir. Sənəddə logistika üzrə inkişaf perspektivini özündə əks etdirən strateji məqsəd və hədəflər konkret ifadəsini tapıb. Eyni zamanda həmin məqsəd və hədəflərə çatmaq üçün prioritetlər də müəyyənləşdirilib. Daha konkret səviyyədə əsas və digər icraçıların, icra müddətlərinin, nəticə indikatorlarının əks olunduğu təfsilatlı tədbirlər planı hazırlanıb.

Nəqliyyat-tranzit imkanlarının genişləndirilməsi qarşıya qoyulan başlıca məqsəddir. Onu da əlavə edək ki, bu gün Azərbaycan tranzit-logistik imkanlarının daha da genişləndirilməsinə, dəmir yolu infrastrukturunun müasirləşdirilməsinə lazımi sərmayə yatırır.

Cənab İlham Əliyev bu istiqamətdə reallaşdırılan layihələri dəyərləndirərkən bildirib: "Coğrafi yerləşməmizdən istifadə edərək biz ölkəmizin infrastruktur və nəqliyyat sektoruna sərmayə yatırdıq və bununla da Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərinin birinə çevirdik. Bizim ölkə tarixi İpək yolu üzərində yerləşir. Müasir infrastrukturun yaradılması bizim əsas hədəflərimizdəndir. Biz əsas sərmayəni yolların, avtomagistralların və hava limanlarının inşasına yönəldirik.

"Şərq-Qərb” və "Şimal-Cənub” nəqliyyat dəhlizləri ölkəmizin ərazisindən keçir. Azərbaycan hər iki layihədə fəal iştirak edir və bu istiqamətdə bir sıra təşəbbüs irəli sürüb”.

Ölkənin tranzit potensialının reallaşdırılması Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətində mühüm yer tutur. Son 16 ildə etibarlı nəqliyyat dəhlizinin yaradılması istiqamətində həyata keçirilən layihələrə nəzər yetirsək bunu aydın şəkildə görərik.

Əlverişli geostrateji mövqeyə malik olan Azərbaycanın tranzit daşımaları sahəsində potensialından daha geniş və səmərəli istifadə edilməsi məqsədilə Prezident İlham Əliyevin 21 oktyabr 2015-ci il tarixli fərmanı ilə yaradılan Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası tərəfindən ölkəmizin ərazisindən keçən tranzit dəhlizlərin rəqabət qabiliyyətinin və səmərəliliyinin artırılması, yükdaşımaların keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlər həyata keçirilir. Bu gün artıq mövcud nəqliyyat-tranzit imkanları Azərbaycana iqtisadi dividendlər qazandırmaqdadır.

Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının sədri Şahin Mustafayev vurğulayıb ki, bu ilin birinci yarısında da ölkənin nəqliyyat-tranzit imkanlarının genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilib. Bu ilin 6 ayında ölkə ərazisindən 4,1 milyon ton tranzit yük daşınıb. Bu dövr ərzində "Şimal-Cənub nəqliyyat dəhlizi” ilə daşınan yüklərin həcmində 63 faiz artım müşahidə olunub, 131 min ton yük daşınıb.

"Şimal-Qərb” və "Şərq-Qərb” nəqliyyat dəhlizləri üzrə daşınan yüklərin həcmində də əhəmiyyətli dərəcədə artım qeydə alınıb. Belə ki, 6 ayda "Şimal-Qərb nəqliyyat dəhlizi” ilə daşınan ümumi tranzit yükün həcmi 70 faiz artaraq 829 min ton təşkil edib. "Şərq-Qərb nəqliyyat dəhlizi” ilə daşınan qeyri-neft məhsullarının həcmi isə 42,8 faiz artaraq 795 min ton olub.

Bu il aprelin 25-27-də Çin Xalq Respublikasının paytaxtı Pekində keçirilən "Bir kəmər, bir yol” II Beynəlxalq Əməkdaşlıq Forumunda çıxış edən Prezident İlham Əliyev Azərbaycanın nəqliyyat-tranzit imkanları və bu istiqamətdə reallaşdırılan layihələri dəyərləndirərkən vurğulamışdır ki, Azərbaycan dövləti müasir nəqliyyat və logistika infrastrukturu yaratmaqla yalnız ölkəni mühüm nəqliyyat mərkəzinə çevirməyib, eyni zamanda "Şərq-Qərb” və "Şimal-Cənub” dəhlizləri layihələrində iştirak edən dövlətlər arasında əməkdaşlığa töhfə verib: "Beynəlxalq nəqliyyat layihələri ölkələr və xalqlar arasında əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir. "Bir kəmər, bir yol” təşəbbüsü nəqliyyat sahəsində yeni imkanlar açmaqla yanaşı, ticarəti, turizmi, xalqlar arasında təmasları təşviq edir və Avrasiya məkanında sabitliyin, təhlükəsizliyin və sülhün bərqərar olması işinə xidmət göstərir”.

Azərbaycan Çinin "Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biridir. Prezident İlham Əliyev də vurğulayıb ki, bu layihə yalnız nəqliyyat bağlılığını təmin etmir, həmçinin müxtəlif ölkələr arasında əlaqələri gücləndirir, dialoq və əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət edir və beynəlxalq ticarət üçün yeni imkanlar yaradır.

Qeyd edək ki, Azərbaycan və Çin "İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair anlaşma memorandumu imzalayıb və müasir nəqliyyat infrastrukturunun yaradılması ölkəmizin prioritetləri sırasındadır.

Əgər diqqət etsək görərik ki, artıq Azərbaycan nəqliyyat sahəsi ilə bağlı çox yaxşı nəticələr əldə edib. Prezident İlham Əliyevin "Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi”nin uğurlu fəaliyyəti üçün keçirdiyi görüşlər, imzaladığı sazişlər ölkəmizə həm siyasi, həm də iqtisadi dividendlər qazandırır. Ötən il dövlət başçısının Türkmənistana dövlət səfəri çərçivəsində imzalanan 21 sənədin 9-nun məhz nəqliyyat sektoruna aid olması bunu bir daha təsdiqləyir. Onu da əlavə edək ki, Türkmənistanla əldə edilmiş razılaşma digər Orta Asiya ölkələri, Əfqanıstan üçün də real imkanlar yaradacaq. Belə ki, bu ölkələr öz yüklərini Türkmənistandan keçirməklə Azərbaycan ərazisindən "Şərq-Qərb” beynəlxalq dəhlizi ilə dünya bazarlarına çıxarmaq imkanı qazanacaqlar. Artıq Əfqanıstandan yüklər Türkmənistan ərazisindən Azərbaycana, ondan sonra da Qərb istiqamətinə getməyə başlayıb.

Bir sözlə, Prezident İlham Əliyevin qlobal miqyaslı təşəbbüsləri, həyata keçirdiyi siyasət Azərbaycanın qarşıdakı illərdə də dayanıqlı inkişafı üçün möhkəm zəmin yaradır. Əminliklə demək olar ki, dövlət başçısının Azərbaycanın nəqliyyat infrastrukturunun müasir dünya standartlarına uyğunlaşdırılması, tranzit potensialının daha da artırılması ilə bağlı həyata keçirdiyi dövlət siyasəti və qlobal miqyaslı təşəbbüsləri ölkəmizin sosial-iqtisadi inkişafına əsaslı töhfə verir.

Yeni iqtisadi şəraitdə sistemli islahatların böyük əzm və qətiyyətlə həyata keçirilməsi qarşıya qoyulmuş hədəfə - Azərbaycanı dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilmək məqsədinə doğru inamla aparır.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video