20:48 23 Iyul 2021
ONLINE XƏBƏR LENTİ
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Yeni tarixi mərhələ

ANA SƏHİFƏ / SİYASƏT
01:37 18.06.2021

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 15-16-da Azərbaycana etdiyi səfər iki dövlət arasındakı münasibətlərdə yeni səhifə açdı. Səfərin ən mühüm hadisəsi isə Şuşa şəhərində imzalanan Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamə oldu. 

Milli Məclisin deputatları bu barədə fikirlərini qəzetimizlə bölüşdülər.

 

Azərbaycanla Türkiyənin əməkdaşlıq əlaqələri unikal müttəfiqlik nümunəsidir

 

Sevinc FƏTƏLİYEVA,

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini:

 

- Bu gün Azərbaycanla Türkiyənin münasibətləri ən yüksək zirvədədir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri bu reallığı bir daha təsdiqlədi. Səfər zamanı Şuşada tarixi anlar yaşandı. Belə ki, qədim şəhərimiz olan Şuşada iki qardaş ölkə arasında münasibətlərin gələcəyini müəyyən edən müttəfiqlik haqqında Bəyannamə imzalandı. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən müttəfiqlik haqqında imzalanmış Bəyannamə iki ölkə arasında əlaqələrin ən yüksək səviyyədə olduğunu təsdiqlədi. Bəyannamədə göstərilən bütün müddəalar keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır.

Azərbaycanla Türkiyənin əməkdaşlıq əlaqələri unikal müttəfiqlik nümunəsidir. Sənəddə strateji əhəmiyyət kəsb edən bütün əməkdaşlıq istiqamətləri əhatə olunur. Bəyannamədə beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti və s. məqamlar əksini tapır. Həmçinin bəyannamədə enerji təhlükəsizliyi, “Cənub qaz dəhlizi”nin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi göstərilir.

Şuşa Bəyannaməsində hərbi əməkdaşlıq amilinə də xüsusi yer verilir. Bu, tarixi nailiyyətdir və bir daha göstərir ki, biz bundan sonra da hər zaman bir yerdə olacaq, bir-birimizin təhlükəsizliyini təmin edəcəyik. Necə ki bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq.

Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapır. Bu da İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Artıq Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, biz əməli, praktiki işlərlə bu dəhlizi yaradırıq. Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə bütün ölkələrin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaq. Müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır. Müttəfiqliyimizin əhəmiyyətini və ölkələrimizin qüdrətini artıran amillərdən biri də hərbi sənaye sahəsindəki əməkdaşlıq olacaqdır. Bilirsiniz ki, 44 günlük müharibədə pilotsuz uçuş aparatları böyük rol oynayıblar. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaqdır. Azərbaycan bu sahədə də istehsal mərkəzi kimi inkişaf edəcək.

Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. Qədim şəhərimiz olan Şuşadan verilən açıqlamalar bütün dünyaya səs salacaq, bunun böyük əks-sədası olacaq. Bu səfərin tarixi əhəmiyyətindən bundan sonra da uzun illər danışılacaq. Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyini nümayiş etdirir. İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan Türkiyə Prezidenti Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə edib. Müharibənin ilk saatlarından Türkiyə Prezidenti bildirdi ki, Azərbaycan tək deyil. Bu həm bizi ruhlandırdı, həm də müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı. Diplomatik münasibətlərin yeni səviyyəsinə gəlincə, Şuşa şəhərində qardaş Türkiyənin baş konsulluğunun açılmasına dair qəbul olunmuş qərar iki ölkə arasında münasibətləri dərinləşdirməklə yanaşı, Türkiyənin işğaldan azad olunmuş ərazilərdə aparılacaq bərpa-quruculuq işlərində oynayacağı mühüm roldan xəbər verir.

 

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələrini daha da dərinləşdirmək üçün mühüm yol xəritəsidir

 

Rəşad MAHMUDOV,

Milli Məclisin deputatı:

- Şuşa Bəyannaməsi hər şeydən öncə iki qardaş ölkə arasında münasibətlərin gələcəyini müəyyən edən yol xəritəsi kimi diqqət çəkir. Şübhəsiz ki, tarixə əsaslanan bu mühüm sənədin imzalanması ilə Azərbaycan və Türkiyə arasında siyasi, sosial-iqtisadi əməkdaşlıq özünün yeni mərhələsinə daxil olur. Bəyannamədə böyük lider və öndərlər Mustafa Kamal Atatürkün və Heydər Əliyevin “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” ifadələrinin öz əksini tapması isə XXI əsrdə bu qardaşlığın əbədi və dönməz olmasından, strateji müttəfiqlik münasibətlərinə xüsusi əhəmiyyət verilməsindən xəbər verir.

Bu bəyannamə eyni zamanda 44 günlük müharibədən sonra bölgədə yaranan yeni əməkdaşlıq imkanlarını reallaşdırmaq istiqamətində önəmli addımlar atan iki qardaş ölkənin sülhə, əmin-amanlığa sadiq qaldığını göstərir. Başqa sözlə, Azərbaycan və Türkiyə bütün potensial gücünü bəyannamədən irəli gələn vəzifələrin icrasına yönəltməklə, Cənubi Qafqazı sülh regionuna çevirmək məqsədini qarşıya əsas hədəf kimi qoyur.

Türkiyənin qısa vaxtda Şuşada baş konsulluğunu açmaq istəyi də qardaş ölkənin bu bölgədə mövqeyinin və gücünün möhkəmlənməsi kimi dəyərləndirilməlidir. Bu həm də Azərbaycanın güclü, qüdrətli bir dövlət kimi dünyada nüfuzunun daha da artmasını, beynəlxalq aləmdə söz sahiblərindən biri kimi tanınmasını şərtləndirir.

Şuşa Bəyannaməsindən danışarkən bir məqama da xüsusi toxunmaq lazımdır. Vətən müharibəsindəki parlaq Qələbəmizin əsasında bir sıra amillərlə yanaşı, son illərdə ordu quruculuğunun inkişafı istiqamətində gerçəkləşdirilən layihələr də xüsusi yer tutub. Silahlı Qüvvələrimiz inkişaf etmiş texnologiyalardan peşəkar şəkildə istifadə edib. Bununla da Azərbaycan Vətən müharibəsində müasir döyüş tarixinin tamamilə yeni bir parlaq səhifəsini yazıb. Əməliyyatların zirvəsində isə Şuşa savaşı xüsusi yer tutub. Bu sözləri ona görə deyirəm ki, bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapıb. Bu, tarixi nailiyyətdir. Bu, eyni zamanda bir daha göstərir ki, Azərbaycan və Türkiyə indiyədək olduğu kimi, bundan sonra da hər zaman bir-birinin yanında olacaq, bir-birinin təhlükəsizliyini təmin edəcək.

Sənəddə Zəngəzur dəhlizi məsələsinə xüsusi yer ayrılıb. Bəyannamənin imzalanmasından sonra Prezident İlham Əliyev mətbuata bəyanatında bu barədə bəhs edərək bildirib ki, sənəddə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapıb. Bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin məntiqi nəticəsidir. Bu gün Türkiyə ilə Azərbaycanı dəmir yolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışılır, hətta əməli, praktiki işlərlə bu dəhliz yaradılır. Müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır. Zəngəzur dəhlizinin açılması Cənubi Qafqazdan keçən marşrutlar sisteminin fəaliyyətini daha da canlandıracaq. Dəhliz həmçinin Azərbaycan və İran Culfası arasında dəmir yolu xəttinin açılışına və İranın dəmir yollarına çıxış əldə etməyə imkan verəcək. Bununla bərabər, Zəngəzur dəhlizi təkcə dəmir yolları deyil, həm də avtomobil yolları sisteminə malik olacaq. Deməli, bu dəhlizin yaradılması həm də avtomobil əlaqəsinin açılmasına imkan yaradacaq. Hazırda Türkiyədən yüklər Azərbaycana Gürcüstan və İran vasitəsilə tranzit yolu ilə çatdırılır. Bu marşrutun yaradılması Türkiyədən Azərbaycana və əks istiqamətdə malların birbaşa tədarükünü asanlaşdıracaq. Beləliklə, daha bir kommunikasiya xətti türk dünyası coğrafiyasında, eləcə də Asiya və Avropa arasında əlaqələrin daha sürətli və asan olmasına şərait yaradacaq.

Göründüyü kimi, artıq bölgədə yeni nəqliyyat və infrastruktur xəritəsinin formalaşdırılmasına başlanılıb. Təsadüfi deyil ki, Azərbaycan müstəqillik əldə etdikdən indiyədək Asiya və Avropanı birləşdirən yüksək əhəmiyyətli nəqliyyat dəhlizləri yaradıb. Məhz ölkəmizin təşəbbüsü ilə reallaşdırılan “Şimal-Cənub”, “Şərq-Qərb” və “Cənub-Şimal” nəqliyyat dəhlizləri qitələrarası daşınmaların həyata keçirilməsini gerçəkləşdirib. Bu nəqliyyat dəhlizləri istifadəyə verildiyi vaxtdan tarixi İpək yolunun bərpasında mühüm önəm daşıyıb.

 

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM