16 Iyul 2021 11:38
472
İQTİSADİYYAT
A- A+

Yeni Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tunellərin inşasına başlanılıb

 

Prezident İlham Əliyevin yanvarın 14-də Füzuli rayonuna səfəri zamanı təməli qoyulan və Füzuli rayonundan başlayaraq Şuşa şəhərinə qədər uzanan I texniki dərəcəli magistral avtomobil yolu boyunca tunellərin inşasına başlanılıb.

AZƏRTAC xəbər verir ki, yeni layihəyə əsasən, çətin relyefə malik olan ərazilərdə, dolaylarda inşa ediləcək körpü və tunellər hesabına yolun uzunluğu 84.6 kilometr təşkil edəcək. Bundan başqa yeni trassa üzrə müxtəlif səviyyəli yol qovşaqlarının inşası da nəzərdə tutulub.

Prezident İlham Əliyev tərəfindən iyunun 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Daşaltı kəndinin ərazisindən keçən hissəsində təməli qoyulan tunel də daxil olmaqla yolboyu ümumilikdə 7 tunel tikilir. İnşasına başlanılan tunellərin ümumi uzunluğu təqribən 6.3 kilometr olacaq.

Tunellər bir istiqamət üzrə 2 hərəkət zolaqlı və 12 metr enində olacaq. Uzunluqları 360-3300 metr arası dəyişəcək tunellərin giriş hissəsində aparılan işlər artıq tamamlanıb. Hazırda qazma, partlatma və qırıcı üsulları ilə tunellərdə qaya qruntlardan ibarət hissələrin kənarlaşdırılması işləri davam edir. Layihə çərçivəsində, həmçinin yolboyu müxtəlif hissələrdə 9 viadukun inşası nəzərdə tutulub ki, artıq bu istiqamətdə də işlərə start verilib. Bundan başqa yolda 59 suötürücü borunun, zəruri yerlərdə isə 10 yeraltı keçidin tikintisi də layihə üzrə nəzərdə tutulmuş işlərdir.

Qeyd edək ki, 4 və 6 hərəkət zolaqlı olmaqla iri yaşayış məntəqələrindən, həmçinin məşhur Topxana meşəliyindən yan keçməklə inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun ilk 48 kilometri 6, 48-84.6 kilometri isə 4 hərəkət zolağından ibarət olacaq. Müvafiq olaraq yol yatağının eni 29.5 və 21.5 metr təşkil edəcək.

Sözügedən avtomobil yolunun inşası 4 hissə üzrə aparılır. Bu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin iki tabeli təşkilatı tərəfindən tikintisi aparılan 0-17 və 17-34-cü kilometrlik hissələri, “AZVİRT” MMC-in inşa etdiyi 34-51-ci kilometrlik hissə və Türkiyənin “Kolin İnşaat” şirkəti tərəfindən inşası aparılan 51-84.6 kilometrlik hissəsidir. Artıq yolun 0-3, 34-37 və 51-53-ci kilometrlik hissələrində torpaq yatağının inşası işləri yekunlaşdırılıb və növbəti kilometrlik ərazilərdə bu istiqamətdə işlər davam etdirilir. Belə ki, hazırda yolun 17-42 və 51-84-cü kilometrlik hissələrində torpaq, qazma işləri aparılır. Bununla yanaşı layihə çərçivəsində yolun 49-cu kilometrlik hissəsində inşası nəzərdə tutulan körpünün də tikintisinə başlanılıb. Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, agentliyin rəhbərliyinin nəzarəti altında həyata keçirilir.

Başlanğıcını M6 Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan ilə dövlət sərhədi avtomobil yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçən yeni Əhmədəyli-Füzuli-Şuşa magistral avtomobil yolunun inşasının 2022-ci il ərzində tamamlanması nəzərdə tutulur. Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar İşçi Qrupu çərçivəsində digər aidiyyəti dövlət qurumları ilə koordinasiyada həyata keçirilən bu yol layihəsi Qarabağın vahid nəqliyyat konsepsiyasının ayrılmaz tərkib hissəsini təşkil edir.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video