21:53 26 Iyul 2021
ONLINE XƏBƏR LENTİ
18:34 26.07.2021 Hindistanda körpü çökdü
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Yeni çəkilən yollarla üzü Şuşaya...

ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:51 19.06.2021

 

Yağıdan qurtulan Qarabağın torpağı çiçək açır, çeşmələri qaynayır,obaları nura qərq olur     

 

Qarabağın  uzun  illər  yağı tapdağında  qalan  torpağı  artıq azad nəfəs  alaraq  gül-çiçək açır. Qarabağ ellərinə  işıq gəlir, yeni rahat yollar çəkilir, şəhərlər, kəndlər yenidən qurulur.

Prezident İlham Əliyevin işğaldan  azad  edilmiş  bölgələrə hər  səfəri zamanı  bərpa olunmuş, yaxud  təzə qurulmuş bir infrastruktur  istismara  verilir. Eləcə də   yeni layihələrin  təməli qoyulur.

Bu il iyunun 14-də işğaldan azad edilmiş ərazilərə  növbəti   səfəri zamanı  dövlət başçısı  Əhmədbəyli-Füzuli-Şuşa yolunda və “Zəfər” yolunda görülən işlərlə tanış oldu. Prezidentə avtomobil yollarında tikinti işlərinin gedişi barədə məlumat verildi. Xatırladaq ki,  4 və 6 hərəkət zolaqlarından ibarət Əhmədbəyli-Füzuli-Şuşa yolunun uzunluğu 81, “Zəfər” yolunun uzunluğu isə 101 kilometr olacaq. Hər iki yol boyunca tunellər, körpülər inşa ediləcək, bütün zəruri infrastruktur yaradılacaq.

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Daşaltı kəndinin ərazisindən keçən hissəsində tunel inşa ediləcək. Prezident İlham Əliyev   Şuşaya səfəri çərçivəsində  bu  tunelin də  təməlini qoydu. Burada hər biri iki zolaqdan  ibarət  iki tunel tikiləcək. Tunellərin digər texniki göstəriciləri də eyni, yəni  hərəsinin uzunluğu 530, eni  12 metr olacaq.

Elə həmin gün  Prezident “Zəfər” yolunun Xocavənd rayonundan keçən hissəsində inşa edilən körpüdə görülən işlərlə də tanış oldu. İşğaldan azad edilən ərazilərimizdə görülən bütün bərpa və yenidənqurma işləri kimi, burada da tikinti yüksək sürətlə aparılır və yol istismara verilənədək körpü də hazır olacaq. Quruçay üzərindən salınan bu üçaşırımlı körpünün uzunluğu 86 metr təşkil edəcək.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva  Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarında   da  olublar. İşğaldan azad edilmiş ərazilərimizdəki  digər su  mənbələri kimi Köndələnçay su anbarı  da artıq  öz əlimizdədir. Məlum olduğu kimi, 1993-cü ildə Füzuli rayonu erməni qəsbkarları tərəfindən işğal ediləndən sonra  bu su anbarından istifadə etməyimiz  mümkün olmayıb. İşğal zamanı torpaqlarımızda ekoloji terror törədən erməni vandalları  əkin-biçinin  suvarmaya ehtiyacı olduğu zaman suyun qarşısını kəsmiş, daşqınlarda  və təsərrüfatlara  su lazım  olmayan vaxtlarda isə anbarlardan suyu buraxaraq ciddi problemlər yaratmışlar. Bir sözlə, mənfur düşmən bizi sudan bəhrələnməkdən  məhrum etmişdi. Sərsəng və Suqovuşan su anbarları işğalçının əlində olduğundan  100 min hektar torpaq susuz qalmışdı. Nəticədə  bir neçə rayonda su təminatını yaxşılaşdırmaq üçün yüzlərlə subartezian quyusunun qazılması  zərurəti yaranmışdı. Ağdam, Tərtər, Bərdə, Yevlax, Goranboy və digər rayonlar Tərtərçayın suyundan istifadə edə bilmirdi. Vətən müharibəsindəki qələbəmizlə  həmin   sərvətlərimiz də özümüzə qayıtdı.

Köndələnçay su anbarında olarkən dövlət başçısı bu barədə demişdir: “Azad edilmiş bütün torpaqların su mənbələrinin xəritəsi hazırlanır. Bizim bütün su ehtiyatlarımız, çaylarımız, göllərimiz, su anbarlarımız - bu sərvətimiz indi bizim əlimizdədir. Bu sudan səmərəli şəkildə istifadə etmək üçün yeni kanalların çəkilməsi və köhnə kanalların bərpası məqsədilə artıq vəsait də ayrılıb, müvafiq göstərişlər verildi və geniş proqram icra edilməyə başlanmışdır. Köndələnçay su anbarına mən bir müddət bundan əvvəl bir heyət göndərmişdim. Bu anbarın vəziyyəti araşdırıldı və həyat bu bölgəyə qayıdandan sonra əlbəttə ki, biz bu sudan istifadə edəcəyik... Mənə bu yaxınlarda verilən məlumata görə, Vətən müharibəsindən sonra 30 min hektardan çox sahəyə Suqovuşan su anbarından su verilməyə başlanmışdır. Eyni zamanda Ağdam rayonunda Xaçınçay su anbarı da bizim nəzarətimizdədir, işğaldan azad edilib və o su anbarı bu su anbarından həcm baxımından daha böyükdür. Bir daha demək istəyirəm ki, bizim bütün su ehtiyatlarımız araşdırılır, təhlil edilir və gələcəkdə bizə böyük üstünlük verəcəkdir”.

Xatırladaq ki, Köndələnçay su anbarı Ulu Öndər Heydər Əliyevin göstərişi və təşəbbüsü ilə 1980-ci illərin əvvəllərində inşa edilmişdi. Onun istifadəyə verilməsinin əsas məqsədi Füzuli rayonunda kənd təsərrüfatının inkişaf etdirilməsi idi. Ümumi tutumu 9,5 milyon kubmetr olan bu su mənbəyi 6200 hektar sahəni suvarmağa imkan verirdi. Vətən müharibəsindən sonra  Köndələnçay su anbarı nəzarətimizdədir və Prezident artıq onun gələcək istismarı ilə bağlı müvafiq göstərişlər verib.

Bəli, yeni salınan yollarla üzümüz  Qarabağadır. Düşmən əlindən qurtulan su çeşmələrimiz də  qaynayır. İşğaldan azad edilmiş bölgələrin işığı da getdikcə daha gur yanır. Burada  qısa müddətdə  artıq neçə elektrik yarımstansiyası istifadəyə verilib.  İyunun 14-də isə  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva  yeni tikilən “Füzuli” yarımstansiyasının açılışında iştirak etdilər. Prezident  yarımstansiyanı işə saldı.

110/35/10 kilovoltluq bu yarımstansiya dövlət başçısının işğaldan azad edilən ərazilərin ən az  vaxtda elektrik enerjisi ilə təchiz edilməsinə dair tapşırığına uyğun olaraq tikilib. İnşa edilən yeni aeroportun və Şuşa yolunun yaxınlığında yerləşən  yarımstansiya hava limanı da daxil olmaqla, Füzuli şəhəri və ətraf kəndlərdə inşa ediləcək bütün infrastrukturu elektrik enerjisi ilə təchiz edəcək.

Bu enerji obyekti, o cümlədən yeni İdarəetmə Mərkəzi ən müasir tələblərə cavab verən avadanlıqla təchiz olunub və komplektləşdirilib. İdarəetmə Mərkəzində texniki imkanlarla yanaşı, əməkdaşlar üçün  hərtərəfli iş və istirahət şəraiti yaradılıb. Yarımstansiyanın işinə real vaxt rejimində nəzarət olunması və göstəricilərin “Azərenerji”yə ötürülməsi məqsədilə yerli mikro-SCADA dispetçer idarəetmə sistemi qurulub.

İşğaldan azad edilən ərazilərin böyük hissəsinin Azərbaycanın ümumi enerji sisteminə qoşulması üçün “Şükürbəyli” yarımstansiyası da genişləndirilərək  yenidən qurulub.  Burada yeni avadanlıqla komplektləşdirilmiş mühafizə və avtomatika sistemləri ilə təchiz edilən İdarəetmə Mərkəzi yaradılıb və lokal mikro-SCADA sistemi qurularaq yarımstansiyanın idarə olunması tam rəqəmsallaşdırılıb. Yenidən qurulan 110/35/10 kilovoltluq bu yarımstansiyanın da məsafədən idarə olunan SCADA dispetçer sistemi vasitəsilə açılışını  Prezident İlham Əliyev  etdi.

İşğaldan azad edilən digər rayonlarda tikiləcək yarımstansiyaların Azərbaycanın ümumi enerji sisteminə qoşulması üçün  “Şükürbəyli” yarımstansiyasına İmişli yarımstansiyasından 51 kilometr məsafədə 110 kilovoltluq xətt çəkilib.  “Şükürbəyli” yarımstansiyasından isə Şuşaya 75 kilometrlik ikidövrəli 110 kilovoltluq xətt çəkilib və bu xətt Füzuli şəhərində yeni tikilən 110 kilovoltluq yarımstansiya ilə əlaqələndirilib. Paralel olaraq hazırda “Şükürbəyli” yarımstansiyasından Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında yeni tikilən yarımstansiyalara  yüksək gərginlikli elektrik veriliş xətti çəkilir.  Bu bölgələrin  yurd həsrətliləri   yeni  tikilən ev-eşiklərinə işıqlı yollarla dönəcəklər.

 

Flora SADIQLI,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM