07 Mart 2021 01:14
1534
SİYASƏT
A- A+

Yeni Azərbaycan Partiyası yeni siyasi nümunə ortaya qoydu

 

Yeni Azərbaycan Partiyasının hər bir qurultayı respublikamızın siyasi-ictimai həyatında böyük hadisə kimi yadda qalır. Bu da təsadüfi deyil. Çünki 29 il əvvəl Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan YAP ilk gündən cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrilib. 1993-cü ildə Heydər Əliyevin xalqımızın istək və tələbi ilə hakimiyyətə gəlişindən sonra hakim siyasi partiya statusunu alan YAP daim ona göstərilən etimadı doğruldub, hər zaman siyasi proseslərin önündə olub, öz fəaliyyəti ilə dövlətimizin inkişafına, yüksəlişinə layiqli töhfələr verib.

 

Ümumxalq etimadının ünvanı

 

Tarixə ekskurs etsək, bir daha aydın olar ki, Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının siyasi meydana çıxması ölkəmizdə baş verən siyasi-ictimai proseslərin nəticəsi idi. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və xalqın sınanmış lideri Heydər Əliyevin ətrafında sıx birləşməklə YAP-ı təsis etdilər. Partiya ozamankı iqtidara müxalifətdə idi və bu yola qədəm qoyan insanlar hər addımda hakim dairələrin təzyiqləri ilə üzləşirdilər. Lakin əyilmirdilər, heç bir hədə-qorxu, təhdidlər onların əzmini qıra bilmirdi. Beləliklə, Azərbaycanın işıqlı gələcəyini arzulayaraq bu yola qədəm qoyan insanların iradəsinin ifadəsi kimi vətənpərvərlik, əqidə birliyi, dövlət müstəqilliyi və azərbaycançılıq ideyaları üzərində yaranan YAP tezliklə Azərbaycanın siyasi həyatında liderlik mövqeyinə sahib oldu.

Ümummilli Lider Heydər Əliyev 2003-cü il oktyabr ayının 1-də Azərbaycan xalqına müraciətində İlham Əliyevə, həm də YAP-a yüksək önəm verdiyini qeyd etmiş, xalqa ən düzgün seçim ünvanı kimi məhz İlham Əliyevi və Yeni Azərbaycan Partiyasını göstərmişdir. Həmin il Heydər Əliyev siyasi kursunun layiqli davamçısı kimi prezident seçkilərinə qatılan cənab İlham Əliyevin qələbəsi həm də Yeni Azərbaycan Partiyasının nailiyyəti idi. 2003-cü ildən sonra keçirilən bütün seçkilərin qalibi olan İlham Əliyevin qələbəsi həm də YAP-ın zəfəri, uğurudur.  Xüsusilə qeyd etməliyik ki, Ümummilli Lider Heydər Əliyevin qurub-yaratdığı, onun ölməz ideyalarından güc alan YAP-ın bütün seçkilərdə mütləq qələbə qazanaraq cəmiyyətdəki lider statusunu qoruyub saxlaması təbii qanunauyğunluq kimi nəzərdən keçirilməlidir. Hər bir seçki Azərbaycan xalqının Heydər Əliyev ideallarına sədaqətini, Ulu Öndərin müəyyən etdiyi strateji inkişaf kursunu bu gün də əzmlə həyata keçirən Prezident İlham Əliyevin apardığı siyasətin uğurlarına ümumxalq inamını təcəssüm etdirib. Xalqımız bu siyasətin həyatımıza gətirdiyi nailiyyətlərə, uğurlu sabaha doğru inamla irəliləyən Azərbaycana səs verib.

 

YAP islahatlara öz töhfəsini verir

 

YAP-ın VI qurultayı 3 il əvvəl, 2018-ci il fevralın 8-də keçirilib. Qurultay həmin il aprelin 11-də keçirilən prezident seçkilərinə Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin namizədliyini irəli sürmüşdü. Ötən 3 ildə Azərbaycanın siyasi-ictimai, sosial həyatında çox ciddi dəyişikliklər baş verib. Hələ 2018-ci ilin aprel seçkilərindəki qələbədən sonra Prezident İlham Əliyev bildirmişdi ki, əldə edilmiş nailiyyətlərlə kifayətlənməməli və gələcəyə baxmalıyıq. Milli Məclisdə keçirilən andiçmə mərasimində İlham Əliyev Azərbaycanın daha da qüdrətli ölkəyə çevriləcəyini, siyasi-iqtisadi islahatların dərinləşdiriləcəyini bildirmişdi.

Cəmiyyət həyatının istənilən sahəsində inkişafın, fəaliyyət dinamizminin və ahəngdarlığın təmin edilməsi yeni yanaşmaların tətbiqini, daha dəqiq ifadə etsək, zamanın nəbzini tutan islahatların həyata keçirilməsini tələb edir. Respublikamızın nail olduğu yüksəliş nümunələri də islahatların labüdlüyünün və uğurlu nəticəsinin ən gözəl nümunələridir. Siyasi, sosial-iqtisadi, mədəni-humanitar nailiyyətlərimizin hər biri məhz ardıcıl və sistemli islahatların nəticəsində mümkün olub.

Son illərdə həyata keçirilən islahatlar idarəetmədə keyfiyyətin və səmərəliliyin daha da artırılmasına, vətəndaş məmnuniyyətinin yüksəldilməsinə xidmət etdi. Bu baxımdan yeni islahatlar dövlət hakimiyyəti idarəetməsini, məhkəmə-hüquq sistemini cəmiyyətdə formalaşan yeni çağırışlara və ölkədə baş verən pozitiv dəyişikliklərə uyğunlaşdırdı, ictimai həyatın bütün sferalarında vətəndaşların məmnunluq səviyyəsinin artırılmasında mühüm əhəmiyyət kəsb etdi. O cümlədən sosial islahatlar Prezident İlham Əliyevin öz vətəndaşına olan diqqət və qayğısının təzahürü idi.

Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyası bu islahatların həyata keçirilməsinə öz töhfəsini verir. Məhz YAP-ı təmsil edən deputatların təşəbbüsü ilə Milli Məclisin buraxılması və yeni parlament seçkilərinin təyin edilməsi üçün Prezidentə müraciətin qəbul edilməsi partiyanın islahatlara verdiyi dəstəyin və töhfənin növbəti nümunəsi idi.

 

VII qurultay partiya fəaliyyətini yeni mərhələyə yüksəldir

 

YAP-ın VII qurultayı cəmiyyətimizdəki yeniliklər və pozitiv dəyişikliklər fonunda keçirildi. Bu qurultaya qədərki dövrün ən böyük hadisəsi isə təbii ki, torpaqlarımızın işğaldan azad olunması idi. Təsadüfi deyil ki, Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev  VII qurultayda giriş nitqinə də məhz Vətən müharibəsində qazanılan Qələbə barədə fikir bildirməklə başladı: “Partiyamızın VI qurultayından üç il ötür. Bu illər ölkəmiz üçün, bölgəmiz üçün həlledici illər olmuşdur. Üç il ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş vermişdir. Təbii ki, onların arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədalət bərpa olundu. Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir”.

Son prezident seçkilərindən sonra İlham Əliyevin qarşıya qoyduğu bütün vəzifələr yerinə yetirilir, islahatlar uğurla davam edir, Azərbaycan ardıcıl və sistemli şəkildə qarşıya qoyulan bütün hədəflərə inamla çatır. Cənab İlham Əliyevin də qeyd etdiyi kimi, YAP-ın VII qurultayının keçirilməsinin zərurəti məhz bu səbəblərdən doğur.

YAP-ın VII qurultayında vacib qərarlar qəbul edildi. Partiyanın yeni Nizamnaməsinin qəbul olunması,  İdarə Heyətinin 40 nəfərdən ibarət tərkibdə seçilməsi partiyanın idarə olunmasının və partiyada fəaliyyətin tənzimlənməsinin yeni, çevik mexanizminin yaradılması baxımından aktuallıq kəsb edir.

Bütövlükdə, YAP-ın VII qurultayı və qəbul olunan qərarlar partiyanın fəaliyyətini yeni mərhələyə yüksəldir. Ən əsası, qəbul olunan qərarlarla YAP həm də yeni siyasi nümunə ortaya qoydu. Ən əsası, VII qurultay göstərdi ki, ölkənin aparıcı siyasi qüvvəsi kimi YAP bundan sonra da qarşısında dayanan vəzifələri layiqincə yerinə yetirəcək.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video