26 Noyabr 2021 18:21
273
SİYASƏT
A- A+

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının VI konfransı keçirilib

 

Noyabrın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri Vasif Talıbovun sədrliyi ilə təşkilatın VI konfransı keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konfransın gündəliyinə aşağıdakı məsələlər verilib:

1. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədrinin məruzəsi

2. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının konfranslararası dövrdəki fəaliyyəti haqqında Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı icra katibinin hesabatı

3. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Əsasnaməsinin təsdiq edilməsi

4. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İdarə Heyətinin tərkibinin təsdiq edilməsi

5. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Təftiş Komissiyasının tərkibinin təsdiq edilməsi

6. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Veteranlar Şurasının tərkibinin təsdiq edilməsi

7. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyinin tərkibinin təsdiq edilməsi

Konfransın gündəliyi səsə qoyularaq qəbul olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri Vasif Talıbov konfransda məruzə edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri,
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar
Respublika Təşkilatının Sədri
Vasif Talıbovun
M Ə R U Z Ə S İ


Hörmətli konfrans iştirakçıları!

Bu il Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümü tamam olur.

Əlamətdar dövrdə partiyamızın və müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsinə dərin ehtiramımızı bildiririk.

1969-cu ildə ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ilə dövlətçilik tariximizdə yeni mərhələnin – böyük quruculuq, inkişaf və tərəqqi dövrünün əsası qoyulmuş, müdrik dövlət xadiminin yaratdığı iqtisadi, elmi və milli potensial sonradan müstəqilliyimizin möhkəm təməlinə çevrilmişdi. Əgər Ümummilli Liderimiz Sovetlər Birliyi dövründə Azərbaycanı müstəqilliyə hazırlamışdırsa, 1990-1993-cü illərdə Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi dövrdə isə Yeni Azərbaycan Partiyasını təsis etməklə müstəqilliyimizi və dövlətçiliyimizi qorumuşdur.

1992-ci il oktyabrın 16-da ziyalıların, tanınmış elm və mədəniyyət xadimlərinin Ulu Öndərə xalqın mütləq əksəriyyətinin siyasi iradəsini əks etdirən “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciətinə dahi şəxsiyyət 8 gündən sonra “Yeni, müstəqil Azərbaycan uğrunda” tarixi cavabında Yeni Azərbaycan Partiyasının yaradılmasını obyektiv zərurət kimi əsaslandırmışdır.

1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində təsis konfransı keçirilən Yeni Azərbaycan Partiyası hakimiyyət uğrunda deyil, Azərbaycanın xilası naminə yaradılmışdır. Ümummilli liderimiz Heydər Əliyev də deyirdi ki, “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir. O, bir adamın istəyi ilə yaranan partiya deyildir. Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmış bir partiyadır. Bu partiya yalnız xalqın istəyi ilə, xalqın təşəbbüsü ilə yaranan partiyadır”.

Ötən dövr bir daha göstərdi ki, Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının milli iradəsini əks etdirən dünənin, bu günün və gələcəyin partiyasıdır. Ölkəmiz Yeni Azərbaycan Partiyasının proqramının həyata keçirilməsi nəticəsində yüksək inkişafa nail olmuşdur. Azərbaycanda sosial-iqtisadi islahatların əhatə dairəsi genişlənmiş, quruculuq işlərinin həcmi artmış, əhalinin rifahı yüksəlmişdir. Dahi şəxsiyyətin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası Azərbaycanı parçalanmaq və məhv olmaq təhlükəsindən xilas edərək Milli Qurtuluşa qovuşdurmuş, ölkə Prezidenti tərəfindən isə bu yol davam etdirilərək inkişaf və tərəqqiyə, sabitliyə və yüksək rifaha nail olunmuş, torpaqlarımız işğaldan azad edilmişdir.

Müdriklər deyirlər ki, sağlam ideologiya ordulardan daha qüdrətlidir. Böyük mübarizə yolu keçən Yeni Azərbaycan Partiyasının gücü də sağlam ideologiya və prinsiplərə əsaslanmasındadır.

Artıq bu bir həqiqətdir ki, Yeni Azərbaycan Partiyasının keçdiyi yol, əldə etdiyi nailiyyətlər Azərbaycanın dövlətçilik salnaməsidir. Ölkə Prezidentinin də dediyi kimi: “Azərbaycan bütün sahələr üzrə uğurlara nail ola bilibdir. Bu uğurların təməli 1992-ci ilin noyabrında qoyulub. O vaxt Yeni Azərbaycan Partiyasının yaradılması nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini qoruya və möhkəmləndirə bilib. Bu gün bütün dünya görür ki, Azərbaycan özünə güvənən, öz daxili resurslarına arxalanan, müasir ənənələrə bağlı olan güclü dünyəvi dövlətə çevrilib”.

Yeni Azərbaycan Partiyasının Naxçıvan Muxtar Respublika Təşkilatı da Ümummilli Liderimizin və ölkə Prezidentinin tövsiyələrini əsas tutaraq böyük inkişaf yolu keçmişdir. Partiyanın Naxçıvan Muxtar Respublika Təşkilatı, eləcə də şəhər və rayon təşkilatları üçün yeni inzibati binalar istifadəyə verilmiş, qəsəbə və kənd mərkəzlərində ərazi ilk partiya təşkilatları ayrıca iş otaqları ilə təmin edilmişdir.

Əgər 1992-ci ildə Naxçıvan Muxtar Respublikasında 1118 Yeni Azərbaycan Partiyası üzvü vardısa, hazırda partiyanın muxtar respublika təşkilatı öz sıralarında 58 minə yaxın üzvü birləşdirmişdir. Partiya üzvlərinin 25 min nəfərdən çoxu qadın, 24 minə yaxını isə gənclərdir. Bu gün partiyanın muxtar respublika təşkilatı üzvlərinin 55 faizini ali və orta ixtisas təhsillilər təşkil edir.

Hesabat dövründə ölkəmizdə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində, eləcə də referendumda Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının üzvləri aktiv iştirak edərək partiyanın siyasi nüfuzunu qoruyub saxlamışlar.

Partiyanın muxtar respublika təşkilatınınn2014-cü ildə keçirilmiş beşinci konfransı ilə onun altıncı konfransı arasında olan müddət ərzində Naxçıvanda əldə olunan nailiyyətlər Ulu Öndərin Yeni Azərbaycan Partiyasının proqramında müəyyənləşdirdiyi vəzifələrin yerinə yetirilməsi nəticəsində mümkün olmuşdur. Ötən dövrdə Naxçıvan Muxtar Respublikasında inkişaf davamlı xarakter almış, bütün iqtisadi göstəricilər üzrə artım dinamikası qorunub saxlanılmışdır. Bu illər ərzində muxtar respublikada ümumi daxili məhsul istehsalı 22 faiz artaraq 2 milyard 900 milyon manata çatmışdır.

Naxçıvan Muxtar Respublikası əvvəlki illərdə olduğu kimi geniş quruculuq meydanına çevrilmiş, 105 elm və təhsil ocağı, 188 mədəniyyət və 15 idman obyekti, 81 səhiyyə müəssisəsi, 131 inzibati bina, 30 körpü tikilərək və ya əsaslı təmir olunaraq istifadəyə verilmiş, 458 kilometrlik yeni avtomobil yolu çəkilmiş, sahibkarlığın inkişafına diqqət artırılmış, 20 minə yaxın iş yeri açılmışdır.

Muxtar respublikada müdafiə, ərzaq və enerji təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlər də ardıcıl şəkildə davam etdirilmiş, 100-dən çox hərbi obyekt, 491 istehsal və xidmət sahəsi, yeni su və günəş elektrik stansiyaları istifadəyə verilmişdir.

Əldə olunmuş nailiyyətlər demoqrafik inkişafa da öz təsirini göstərmiş, ötən dövrdə muxtar respublikanın əhalisi artaraq 461 min nəfərdən çox olmuşdur.

Hörmətli konfrans iştirakçıları!

Ölkə Prezidenti cənab İlham Əliyev demişdir ki, “Yeni Azərbaycan Partiyası ümumxalq partiyasına çevrilibdir. Cəmiyyətimizin bütün təbəqələri partiyamızda birləşib. Buna baxmayaraq, biz həmişə qabağa baxmalıyıq və əldə edilmiş uğurlarla kifayətlənməməliyik”.

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının fəaliyyətində yeni dövr başlayır. Təşkilat öz işini bundan sonra da ümummilli liderimiz Heydər Əliyev tərəfindən partiyanın proqramında irəli sürülmüş və ölkə Prezidentinin Yeni Azərbaycan Partiyasının yeddinci qurultayında müəyyənləşdirdiyi vəzifələrin icrası istiqamətində qurmalıdır.

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı partiya-təşkilat işini daha da gücləndirməli, partiya orqanlarının və yerli təşkilatların fəaliyyəti yeni tələblərə uyğunlaşdırılmalıdır.

Müstəqilliyimizin və dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsi Yeni Azərbaycan Partiyasının əsas fəaliyyət istiqamətidir. Ümummilli Liderimiz deyirdi ki, “Azərbaycanda dövlətin qarşısında duran vəzifələr, Yeni Azərbaycan Partiyasının qarşısında duran vəzifələrdir”. Dahi şəxsiyyətin bu fikirləri Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı tərəfindən bundan sonra da əsas fəaliyyət istiqaməti kimi müəyyənləşdirilməli, partiya üzvləri ictimai-siyasi proseslərdə və həyata keçirilən sosial-iqtisadi islahatlarda yaxından iştirak etməlidirlər.

Milli dövlətçilik təfəkkürünə və zəngin elmi-intellektual potensiala malik olan, vətənpərvər və ictimai cəhətdən fəal gənclər yetişdirmək Yeni Azərbaycan Partiyasının Proqramında əsas vəzifə kimi müəyyənləşdirilmişdir. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyi gənclərlə işi və onların sağlam vətəndaş kimi formalaşmasını, Ulu Öndərin siyasi xəttinə sədaqət ruhunda tərbiyəsini diqqətdə saxlamalı, bu istiqamətdə sistemli və nəticəli tədbirlər həyata keçirilməlidir.

Yeni Azərbaycan Partiyası əqidə partiyasıdır. Ona görə də partiya sıralarına yeni üzvlərin qəbulu zamanı sağlam təfəkkürlü, dövlətçiliyə bağlı və vətənpərvər gənclərə üstünlük verilməlidir.

O partiya güclüdür ki, onun cəmiyyətin hər bir təbəqəsini əhatə edən ideoloji istiqamətləri vardır. Bu səbəbdən də partiyada qadınlarla işə ciddi diqqət yetirilməli, onların muxtar respublikanın ictimai-siyasi həyatında aktiv iştirakı təmin olunmalıdır.

Ümummilli Liderimiz deyirdi ki, “Yeni Azərbaycan Partiyasına xidmət etmək Vətənə, millətə, müstəqil Azərbaycan dövlətinə xidmət etmək deməkdir”. Çalışıb ona nail olmaq lazımdır ki, hər bir üzv öz fəaliyyətində partiyanın prinsiplərini əsas götürsün, onun nüfuzunu qorusun, azərbaycançılıq ideyalarını təbliğ etsin, ictimai-siyasi məsələlərdə aktivlik göstərsin, fəal vətəndaş mövqeyi tutaraq milli dəyərlərimizin, adət-ənənələrimizin qorunması və yaşadılması işində yaxından iştirak etsin.

Partiya işinin təşkilində vacib məsələlərdən biri də düzgün təbliğat mexanizminin müəyyənləşdirilməsidir. Bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında əldə olunan inkişaf, qazanılmış tarixi qələbə məhz Yeni Azərbaycan Partiyasının platformasında nəzərdə tutulmuş vəzifələrin icrası nəticəsində mümkün olmuşdur. Ona görə də Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı yerli təşkilatlarla birlikdə vətəndaşlarla işə üstünlük verməli, həyata keçirilən tədbirlərin mahiyyəti onlara düzgün izah olunmalı, səmərəli təbliğat mexanizmi qurulmalıdır.

Partiyamızın Naxçıvanda yaranaraq təşkilatlanması onun muxtar respublika təşkilatının nümunə gücündə olmasını şərtləndirir. Bu amil daim diqqətdə saxlanmalı, partiya işi daha mütərəqqi formada inkişaf etdirilməli, qarşıya qoyulan tapşırıqların icrasına və nizam-intizama nəzarət gücləndirilməlidir.

Hörmətli konfrans iştirakçıları!

Yeni Azərbaycan Partiyasının məramnaməsi müstəqil Azərbaycan dövlətinin milli ideologiyasıdır. Ulu öndər Heydər Əliyevin yolu dünən və bu gün olduğu kimi, gələcəkdə də dövlətçiliyimizin və müstəqilliyimizin təminatıdır. Ölkə Prezidentinin də dediyi kimi: “Bizim siyasətimiz Heydər Əliyev siyasətidir. Heydər Əliyevin qoyduğu yoldur. Bizim dayağımız Azərbaycan xalqıdır və iqtidarın mənbəyi xalqdır. Biz bütün təşəbbüslərdə Azərbaycan xalqının dəstəyinə arxalanırıq. Bizim ideologiyamız azərbaycançılıq, dövlətçilik, müstəqillik ideologiyasıdır. Bu da bütün cəmiyyəti birləşdirir və biz bu yolla uğurla addımlayırıq”.

Bu yolda hamınıza uğurlar arzulayıram.

Sağ olun!

X X X

Gündəlikdə duran ikinci məsələ ilə bağlı Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra katibi Anar İbrahimov hesabat verərək deyib ki, konfranslararası dövrdə partiyanın say tərkibinin artımında müsbət irəliləyişlər əldə edilib. V Konfransda partiya üzvlərinin sayı 51025 nəfər olmuşdursa, hazırda üzvlərin sayı 57915 nəfərdir. Onlardan 25666-ı qadınlar, 23594-ü gənclərdir. Bu gün partiya üzvləri bütövlükdə Yeni Azərbaycan Partiyası üzvlərinin 7,5 faizini təşkil edir. Ötən dövr ərzində partiya sıralarına 8665 üzv qəbul olunub. Bu gün partiya uçotunda duranların 30-u elmlər, 176-sı fəlsəfə doktorlarıdır. Bununla yanaşı, üzvlərin 18,8 faizi təhsil, 6,8 faizi səhiyyə, 4,8 faizi elm, mədəniyyət və incəsənət sahəsində, 5,5 faizi idarəetmə strukturlarında, 47,5 faizi digər sahələrdə çalışanlardan, 3,8 faizi təqaüdçülərdən, 5,1 faizi tələbələrdən ibarətdir. Hazırda muxtar respublikanın rayon (şəhər) təşkilatlarının 506 ərazi ilk partiya təşkilatları mövcuddur. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı, şəhər və rayon partiya təşkilatlarının xətti ilə ötən dövrdə 587 müxtəlif tədbir keçirilib, 552 İdarə Heyəti, 185 Şura yığıncağı olub. Konfranslararası dövrdə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı 6 seçki kampaniyasında iştirak edib və qələbə qazanaraq siyasi nüfuzunu və sosial dəstəyini bir daha nümayiş etdirib.

Gündəlikdə duran üçüncü məsələ ilə bağlı bildirilib ki, Yeni Azərbaycan Partiyasının 2021-ci il martın 5-də keçirilən VII növbədənkənar Qurultayında partiyanın yeni Nizamnaməsi qəbul olunub və partiyanın strukturunda dəyişikliklər edilib. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Əsasnaməsini də həmin dəyişikliklərə uyğunlaşdırmaq məqsədilə yeni Əsasnamə hazırlanıb.

Əsasnamədə edilən dəyişikliklər barədə Təşkilatın icra katibi Anar İbrahimov məlumat verib, Əsasnamə səsə qoyularaq qəbul olunub.

Konfransda Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İdarə Heyətinin, Təftiş Komissiyasının, Veteranlar Şurasının və Gənclər Birliyinin tərkibi təsdiq edilib.

Ali Məclisin Sədri hesabat dövrü ərzində birgə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının üzvlərinə, partiyanın təəssübkeşlərinə, ümummilli liderimiz Heydər Əliyevin dövlətçilik xəttinə sədaqət göstərənlərin hamısına bir daha təşəkkür edib, şəhidlərimizin əziz xatirəsinə ehtiramını bildirib və konfransı bağlı elan edib.

Sonda tədbir iştirakçıları Naxçıvan Televiziyasının Yeni Azərbaycan Partiyası ilə bağlı hazırladığı filmə baxıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video