15 Sentyabr 2021 00:35
755
CƏMİYYƏT
A- A+

Yaşatmaq uğrunda fədakarlıq

 

21 yaşlı polis İbrahim Əlosmanov dənizdə boğulan 4 nəfəri ölümün əlindən alaraq özü qəhrəmancasına həlak olub

 

Xəzəri çox sevirdi. Uşaqlıqdan az qala bütün yayı dəniz sahilində keçirərdi. Yaşadığı Qala qəsəbəsi də Xəzərə yaxın olduğundan sonralar polisdə xidmətə hazırlaşdığı dönəmdə, xidmət etdiyi ilin ilk yay mövsümündə bütün asudə vaxtını burada keçirirdi. Yaxşı da üzməyi vardı.

Elə o gün də evdə darıxıb Xəzərə üz tutmuşdu. Hava küləkli idi. Xəzər yenə coşmuşdu. Dənizə girmək fikrində də deyildi. Eləcə bir az gəzib-dolaşıb evə, sonra gecə növbəsində xidmətə yollanacaqdı...

Amma qəfildən qulağına gələn çığırtını eşidib cəld səslərin gəldiyi tərəfə, dənizə üz tutdu. Qalxıb-enən dalğaların arasında dörd nəfər əl-qol ataraq görünüb itirdi. Elə paltarlı özünü coşan dənizin qoynuna atdı...

Çox keçmədən ölüm təhlükəsi ilə üz-üzə qalan o dörd nəfərin imdadına çataraq, dəryanın amansız dalğalarının əlindən alıb sahilə çıxartdı. Onlardan halsız olan birini isə elə buradaca özünə gətirdi.

Bu an ətrafdakılardan kimsə bağırdı: “Dənizdə bir nəfər də batır!”

İbrahimin əlləri, ayaqları sözünə baxmırdı, tamam taqətdən düşmüşdü, amma daha bir insanın onun köməyinə ehtiyacı vardı... Elə bu an onun da son ümid yeri İbrahim idi...

Yenidən dənizə baş vuraraq bir göz qırpımında özünü boğulan şəxsə yetirib onu suyun üzünə çıxartdı...

Lakin bu dəfə dalğalar İbrahimdən çox-çox güclüydü...

Vətənin daha bir qəhrəman oğlu gözünü qırpmadan canını el oğulları uğrunda fəda etdi. Birinci Qarabağ savaşında, sonrakı illər ərzində, Vətən müharibəsində qurbanlar vermiş Azərbaycan polisləri daha bir həmkarlarını itirdilər. Atasız bir ailənin ümid işığı söndü.

Deyirlər, oğul var evdən gedər, oğul var eldən gedər. İbrahim Əlosmanov eldən gedən oğul oldu.

Bəzən qəhrəmanları tarixin o üzündə, dastanlarda, salnamələrdə axtarırıq, amma qəhrəmanlar bu gün də bizimlədir, gözümüzün qabağında, polis, əsgər mündirinin içində böyüyüb, yetişir...

DİN Əlahiddə Çevik Polis Alayının Xüsusi Təyinatlı 2-ci Taborunun 1-ci bölüyünün komandiri, polis mayoru Rahib İsmayılov deyir ki, onun tabeliyində xidmət edən İbrahim sakit, mərifətli, işinin öhdəsindən gələn əsl azərbaycanlı balası olub: “O, otuz altı yaşlı atasını ağır xəstəlikdən itirmişdi. Buna görə də çox erkən vaxtdan ailənin bütün yükü İbrahimin çiyninə düşmüş, zəhmətlə böyümüşdü. Kiçik bacısına, on beş yaşlı qardaşına əsl ata, anasına arxa, kömək, həmkarlarına isə əsl örnək idi. İbrahimi əvvəldən tanıyanlar da deyirlər ki, hətta ondan böyüklər, yaşıdları belə onunla məsləhətləşir, fikirləri ilə hesablaşardılar. Biz də onun gələcəyinə böyük ümidlərlə baxırdıq...”

Amma tale İbrahimin alnına gənc yaşda qəhrəmana çevrilərək haqq dünyasına qovuşmağı yazmışdı...

Fədakarlığı, qəhrəmanlığı qəlbində, düşüncəsində, iç dünyasında daşıyaraq böyümüş, zamanı gələndə isə heç düşünmədən bu ali hisslər bir cana yaşam vermək uğrunda heç düşünmədən özünü qurban vermişdi...

Və bir daha sübut etmişdi ki, Vətən, xalq bu cür cəsur övladların sayəsində daim var olur...

 

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video