25 Fevral 2012 02:02
278
CƏMİYYƏT
A- A+

«YARAT! Müasir İncəsənət Məkanı» «012 Bakı Public Art Festivalı»nın açılış mərasimini keçirmişdir

 

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak etmişdir

 

Fevralın 24-də "ÜNS Yaradıcılıq Səhnəsi"ndə müasir Azərbaycan incəsənətinin inkişafı və təbliği ilə məşğul olan "YARAT!" qeyri-kommersiya təşkilatının birinci "012 Bakı Public Art Festivalı"nın təntənəli açılış mərasimi keçirilmişdir.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak etmişdir.

Festivalın açılış mərasimində layihənin ümumi ideyası, konsepsiyası və eləcə də yaradıcılıq prosesi gedişində toplanmış eskizlər, qeydlər, fotoşəkillər təqdim olunmuşdur.

"012 Bakı Public Art Festivalı"nda həm tanınmış, həm də yeni fəaliyyətə başlayan 21 rəssam iştirak edir. Onlar Bakıda tarixi keçmişi olan bir sıra yerləri öz əsərlərində əks etdirmişlər. Rəssamlar tarixçilərlə bir yerdə məlumat toplayaraq seçdikləri yerlərin - binaların, küçələrin, parkların və hətta ayrı-ayrı eyvanların tarixini ətraflı şəkildə öyrənmişlər.

Layihə martın 9-dan başlayaraq (ilk sənət işinin təqdimi) 21 həftə davam edəcəkdir. Layihə planı çərçivəsində hər cümə günü növbə ilə rəssamlar öz əsərlərini seçdikləri ərazidə yerləşdirib təqdim edəcəklər. Bu, şəhər üzrə keçirilən festivalın bir hissəsi olaraq tamaşaçıya hər bir rəssamın əsərini ayrılıqda qiymətləndirməyə imkan yaradacaqdır.

Beləliklə, rəssamlar öz əsərlərini daha açıq məkanda, geniş şəkildə təqdim edərək qalereyaların və muzeylərin yaratdıqları müəyyən məhdudiyyətdən azad olaraq tam yaradıcılıq sərbəstliyi əldə edəcəklər. Bu, şübhəsiz, şəhər sakinlərinin və qonaqların - geniş auditoriyanın diqqətini cəlb edəcəkdir.

Festivalda iştirak edən rəssamların əksəriyyəti gənc nəslin nümayəndələridir və onlar yaşlı nəsillə birlikdə zəngin mədəni irslə əlaqəni qoruyaraq müasir Azərbaycan incəsənətinin inkişafı üçün çalışırlar. Sərgidə rəssamlar Altay Sadıqzadənin, Ağa Hüseynovun, Fuad Salayevin, Məmməd Mustafayevin, Hüseyn Haqverdinin, Mahmud Rüstəmovun, Teymur Daiminin, Niyaz Nəcəfovun, Mehdi Məmmədovun, Rəşad Ələkbərovun, Əli Həsənovun, Aida Mahmudovanın, Faiq Əhmədin, Leyla Əliyevanın, Fərid Rəsulovun, Sitarə İbrahimovanın, Rəşad Babayevin, Nail Ələkbərovun, Orxan Hüseynovun, Nəzrin Məmmədovanın və Şərqiyyə Rəhmanlının əsərləri nümayiş olunacaqdır.

Tanınmış ictimai-siyasi xadimlərin, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin, incəsənət təmsilçilərinin iştirak etdikləri mərasimi "YARAT müasir incəsənət məkanı" təşkilatının rəhbəri, rəssam Aida Mahmudova açaraq layihənin həyata keçirilməsində əməyi olan hər bir kəsə minnətdarlığını bildirmişdir.

Gənc rəssam demişdir: "Mən Azərbaycan incəsənətinin çoxcəhətliliyini, özünəməxsusluğunu və inkişafını göstərəcək festivalı elan etməyə çox şadam. Bütün bunlar dünyanın ən cəlbedici şəhərlərindən biri olan Bakının səhnəsində təqdim olunur. Azərbaycan mədəniyyətində təsviri incəsənət həmişə mühüm rol oynamış, Bakı isə Azərbaycan rəssamları üçün vacib bir məkan, oriyentir olmuşdur. "012 Bakı Public Art Festivalı" nikbinliyi və gələcəyə inamı ifadə edən, eyni zamanda, şəhərin tarixi ənənələrini və mədəni irsini nəzərə çarpdıran müasir incəsənət nümunələrinin çox maraqlı dəstini təqdim edir".

Aida Mahmudova əminliklə vurğulamışdır ki, fevralın 25-dən sentyabrın 1-dək Bakıda davam edəcək bu festival bütün iştirakçıların ürəyincə olacaqdır və onlara xoş anlar bəxş edəcəkdir.

A.Mahmudova qeyd etmişdir ki, festivalın baş sponsoru "Bank Respublika" və sponsoru isə "Azercell" Telekom MMC-dir.

Festivalda iştirak edən rəssamlar tamaşaçılara əsərləri barədə məlumatlar vermişlər.

Tədbirdə çıxış edən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru professor Nərgiz Paşayeva iştirakçılara təşəkkür edərək sərgi haqqında məlumat vermişdir.

Bildirilmişdir ki, anası, görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın xatirəsinə yaradılmış "ÜNS" teatrı gənc rəssamların ilk dəfə öz tədbirlərini keçirməsinə ürəkdən şaddır. Bugünədək bu məkanda artistlər, yazıçılar, şairlər, ədəbiyyatçılar çıxış etmişlər, lakin rəssamlar olmamışlar. Çox şadam ki, bu gün rəssamlar pleadası bizim sevimli məkanımız "ÜNS" teatrının ənənəsini davam etdirirlər. Bizim ilk layihəmiz "Bakı" adlanırdı. Bugünkü layihəmiz də "012 Bakı Public Art Festivalı" adlanır. "012" öz adını Bakının ərazi kodundan götürür və festivalın mövzusunu göstərir. Təsadüfən, yoxsa reallıqdan iştirakçıların da sayı 21-dir, yəni 12 rəqəminin güzgüdə əksi kimi. Bu sərgidəki işlər rəssamların təkcə spesifik mühitini, vizual interpretasiyasını deyil, həmçinin 21 yaşdan  69 yaşa qədər olan nəslin nümayəndələrinin fikirlərini, sosial, sosioloji və mədəni dəyişiklikləri əks etdirir.

Layihənin əsas məqsədi yaddaşdır,  insanlığın, millətin, şəhərin yaddaşı. Yalnız yaddaş bizi böyük ideallara, cəhdlərə istiqamətləndirir. Festival özündə çoxlu tarixi faktları əhatə edir ki, bu da geniş ictimaiyyətə indiyədək məlum deyildir. Bakı qədim şəhərdir, biz onun bütün mədəni qatlarını, bizi böyük xalqa çevirən, millətimizlə bağlı dəyərli tarixi faktları qoruyub saxlamalıyıq. Əgər biz keçmişi unutsaq, gözəl gələcəyimiz olmayacaqdır. Biz əcdadlarımızın qoyub getdiyi hər bir şeyi xatırlamalıyıq. Yaddaş hər şeyə aiddir, insan münasibətinə də, mədəni münasibətlərə də. Mən çox istərdim ki, bu layihə bizim keçmişimizlə bağlı hər bir şeyi işıqlandırsın.

Qonaqlar unudulmaz təsir bağışlayan əsərlərlə böyük maraqla tanış olmuşlar.

Tamaşaçılar "ÜNS" teatrındakı bütün eksponatları fevralın 25-dən martın 1-dək seyr edə biləcəklər.

Bildirilmişdir ki, "012 Bakı Public Art Festivalı" çərçivəsində bir sıra mükafatlara layiq görülmüş gənc kinorejissor Rüfət Həsənov layihənin daxili həyatı və inkişafı haqqında sənədli film çəkəcəkdir. Müəlliflərlə ünsiyyət nəticəsində rejissor layihəyə hazırlıq prosesini lentə alacaq və hər həftə sənət əsərlərinin sərgisinin açılması filmin kulminasiyasını təşkil edəcəkdir.

Film "012 Bakı Public Art Festivalı"nın sentyabrda keçiriləcək bağlanış mərasimində göstəriləcəkdir.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video