26 Iyun 2021 01:12
890
SİYASƏT
A- A+

Yaranma tarixini ilk dəfə qalib kimi qeyd edən Azərbaycan Ordusu

 

Azərbaycan Ordusu ilk dəfə öz yaranma tarixini qalib formada qeyd edir. 103 illik tarixində çox çətin və şərəfli bir inkişaf yolu keçən ordumuz öz Şanlı Qələbəsi ilə  nəinki ölkəmizin,  eləcə də, dünyanın hərb tarixində xüsusi yer tutur.  Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla bütün zabit və əsgər heyətini bu gün münasibətilə təbrik edərək Azərbaycan dövlətçiliyinin inkişafına, müdafiəsinə yönəlmiş müqəddəs  fəaliyyətlərində onlara  sonsuz  uğurlar  arzulayıram. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə  şəfa diləyirəm.

Qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan hər zaman özünün görkəmli sərkərdələri, hərbi xadimləri ilə tanınmışdır. Xalqımız onlarla fəxr edə bilər. 1918-ci il iyun ayının 26-da Milli Ordunun yaradılması hələ ötən əsrin əvvəllərində əldə olunan müstəqilliyimizin bəhrəsi idi. Azərbaycanın ordu quruculuğu sahəsində əldə etdiyi nailiyyətlər böyük tarixi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Sovet hakimiyyəti dövründə azərbaycanlı gənclər hərbi xidmətə çağrılsalar da,  onlar döyüş üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən tikinti batalyonlarında xidmət edirdilər. Əlbəttə ki, burada əsas məqsədi azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnən, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin yetişdirilməsinə maneə olmaq idi. Bu siyasətin mahiyyətini yaxşı başa düşən Ulu Öndər Heydər Əliyev XX əsrin 70-ci illərində Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılmasına, azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də keçmiş SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbuluna nail olmuşdu.

1991-ci ildə yenidən müstəqilliyimiz bərpa olunsa da, ölkə daxilində hakimiyyətsizlik, xaos, siyasi çəkişmələr, ordunun iflic vəziyyətində olması, ərazilərin işğalı, ölkənin parçalanması və müstəqilliyin itirilməsi təhlükəsi yaranmışdı. Yalnız Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gəlməsi və Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkədə həyatın bütün sahələrində islahatlar aparılmağa başlanıldı, vəziyyət getdikcə stabilləşməyə başladı. O, ölkə rəhbərliyinə yenidən qayıdışından sonra Silahlı Qüvvələr quruculuğu istiqamətində  aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır. Ali Baş Komandan, Prezident cənab  İlham Əliyev bu siyasəti daha da gücləndirərək qısa vaxtda Azərbaycan Ordusunu Cənubi Qafqazın ən güclü ordusuna çevirdi. Dövlətimizin siyasi və iqtisadi baxımdan davamlı inkişafı ordumuzun gələcəkdə də öz inkişaf tempini saxlamaq üçün əsaslı bir təminat oldu. Ötən müddət ərzində  büdcə xərclərinin böyük bir hissəsi hərbi xərclərə yönəldilmişdir. Azərbaycan bir çox ölkələrdən hərbi silah və sursatlar, hərbi-texniki maşınlar almışdı. Lakin biz təkcə bu silahları ixrac etmədik, eyni zamanda özümüz də istehsal etməyə başladıq. Dövlət başçısının sərəncamı ilə 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyinin yaranması da strateji əhəmiyyət daşıyırdı. Ölkəmizdə  hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və əldə olunan  nailiyyətlər dünya miqyasında da qəbul edilir. Bu günlərdə imzalanmış Şuşa Bəyannaməsindən sonra hərbi sahədəki mövcud əməkdaşlıq daha da möhkəmlənəcəkdir.  Bu isə dünyanın aparıcı dövlətlərinin Silahlı Qüvvələri ilə rəqabət aparmaq gücündə olan ordumuzun daha da  güclənməsinə təkan verəcəkdir.   

44 günlük Vətən müharibəsi Azərbaycan Silahlı Qüvvələrinin gücünü, hərbi qabiliyyətini, hazırlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Ordumuz  XXI əsrin müharibəsini apardı. Artıq dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki əməliyyatlarımız, bizim uğurlarımız, Qələbəmiz öyrənilir. Dünyanın aparıcı ölkələri, o cümlədən Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya və inkişaf etmiş digər ölkələr İkinci Qarabağ müharibəsinin bütün aspektlərini öyrənirlər. Rəşadətli ordumuz çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında  elm, peşəkarlıq,  hərbi məharət göstərərək, erməni işğalçılarını məhv edərək, torpaqlarımızı azadlığa çıxartdı.

Müharibə zamanı 5-ci nəsil müharibəsini aparan ordumuz  tərəfindən  hərbi əməliyyatlar zamanı silah və sursatların ehtiyaclılıq səviyyəsi  bir daha təcrübədən keçirildi ki, bu da gələcəkdə  hərbi xərclərin və hərbi təyinatlı məhsulların istehsalında daha düzgün və real qərarların qəbul edilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Bu məsələyə xüsusi münasibət bildirən cənab İlham Əliyev  qeyd edir ki, “Bu döyüşlər bizim üçün böyük təcrübədir. Biz gördük ki, hərbi arsenalımızda olan bəzi silahlar bəzi hallarda müasir döyüşlərdə o qədər də lazım olmur. Əksinə, biz bu gün yüksək texnoloji mərhələyə qədəm qoymuşuq və əlbəttə ki, texnologiyalar, peşəkarlıq böyük dərəcədə hər bir ordunun uğurunu təmin edir”.

Ancaq bununla yanaşı, bu müharibənin qalibi var. O da  torpaqlarımızı işğalçılardan azad edən, sərhədlərimizi qoruyan, hər bir vətəndaşımızın əmin-amanlığının, sakit həyatının keşiyində dayanan bizim mərd, cəsarətli əsgərlər və zabitlərimizdir. Onlar bu Vətən üçün, üçrəngli bayrağımız üçün canlarını, sağlamlıqlarını fəda edirlər.  Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman hərbçilərin, müharibə veteranlarının və qazilərinin, eyni zamanda, şəhid ailələrinin rifahı və sosial müdafiəsi üçün bütün imkanları yaradırlar. “YAŞAT” Fondu, Heydər Əliyev Fondu və digər qeyri-hökumət təşkilatları da bu prosesdə fəal iştirak edirlər.  Hər birimiz dərk edirik ki, biz Qarabağın azad edilməsinə, torpaqlarımızın erməni faşizmindən təmizlənməsinə və ərazi bütövlüyümüzün təmin olunmasına görə şəhidlərimizə, qazilərimizə, Azərbaycan əsgəri və zabitinə borcluyuq! Qalib xalqın vətəndaşı, qalib ordunun əsgəri olmaq böyük şərəf və məsuliyyətdir. Bir daha Ali Baş Komandan, Prezident cənab İlham Əliyev başda olmaqla, Azərbaycan xalqının qüdrətli ordusunun mərd zabit və əsgərlərini təbrik edirəm.

 

Hicran HÜSEYNOVA, 

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video